Marketinqin müəssisədaxili mühitinə bilavasitə müəssisənin istehsal-maliyyə fəaliyyətinə aid olan və marketinq fəaliyyətinin idarə edilməsinə və həyata keçirilməsinə təsir edən amillər daxil edilir.
Marketinqin müəsisədənkənar mikromühit amillərinə bilavasitə müəssisə ilə iqtisadiyyatın eyni səviyyəsində yerləşən, onun istehsal-maliyyə fəaliyyətinin həyata keçirilməsini təmin edən müəssisədən kənar subyektlər və amillər aiddir.
Müəssisənin qeyd edilən makromühit və mikromühit amillərini idarə edə bilmə imkanı, həmçinin həmin amillərə təsir dərəcəsi bir-birindən ciddi surətdə fərqlənir. Bu baxımdan marketinqin ətraf mühit amilləri nəzarət edilən amillərə və nəzarət edilməyən amillərə bölünür.
Qanunvericilik aktlarında nəzərdə tutulan hallar istisna olmaqla, müəssisə tərəfindən müstəqil müəyyən edilən və idarə edilən ətraf mühit amilləri nəzarət edilən amillər adlanır. Bu amillərə marketinqin müəssisədaxili amilləri aiddir.
Müəssisənin təsir, idarə edə bilmədiyi, yaxud təsir səviyyəsi həddən artıq aşağı səviyyədə olan və ona uyğunlaşmağa vadar olduğu ətraf mühit amilləri marketinqin nəzarət edilə bilməyən amillərini təşkil edir. Bu amillərə makromühit amilləri və mikromühitin müəssisədənkənar amilləri aiddir.
Marketinqin makromühiti. Marketinqin sosial-iqtisadi mühiti. Marketinqin sosial-iqtisadi mühiti amillərinə sosial, demoqrafik və iqtisadi amillər aiddir.
Sosial amillər. Sosial amillərə əhalinin sosial vəziyyətini xarakterizə edən və marketinq fəaliyyətinə təsir edən göstəricilər:
Həyatsəviyyəsi. Ölkə əhalisinin həyat səviyyəsi onun konkret vaxt vahidi ərzində (adətən, bir saat götürülür) qazandığı gəlirə nə qədər məhsul ala bilməsi ilə ölçülür.