Microsoft Excel cədvəl prosessorunun bir neçə versiyası mövcuddur.
Excel, cədvəllərlə işləyən zaman istifadəçiyə aşağıdakı imkanları verir:
cədvəlin xanalarında müxtəlif funksiyalardan (riyazi, maliyyə, statistik, mühəndis və s.) təşkil olunmuş mürəkkəb düsturlardan istifadə etmək. Cədvəlin digər xanalarındakı qiymətlərdən asılı olaraq, düsturlarla nəticənin qiyməti hesablanır;
bir neçə cədvəlin əlaqəsini təşkil etmək. Bu zaman bir cədvəlin xanalarının qiyməti digər cədvəlin verilənləri əsasında təşkil olunur. Bu halda ilkin cədvəlin verilənlərinin dəyişməsi əsas cədvəldəki son nəticənin avtomatik dəyişməsinə təsir edir;
verilənlərdən təşkil olunmuş böyük massivlərin analizini asanlaşdırmaq üçün interaktiv olaraq cədvəlləri yaratmaq;
verilənlərin siyahılar şəklində (verilənlər bazası) tərtibatını, çeşidləmə əməliyyatını, aralıq nəticələrin hesablanmasını və filtrləməni cədvəllərə tətbiq etmək;
verilənlərin birləşməsini (konsalidasiyasını) həyata keçirmək (bir neçə cədvəlin verilənlərini bir cədvəldə birləşdirmək);
verilənlərin eyni adlı massivlərindən – ssenaridən istifadə etməklə, eyni cədvəldə son nəticənin qiymətini tərtib etmək. Verilənlərin bir neçə massivindən, son nəticənin bir neçə variantını tez almaq mümkündür;
düsturlar üzrə hesablamalardakı səhvlərin axtarışını avtomatik yerinə yetirmək. İstifadəçi səhvlər haqqındakı məlumatın kodlarının analizindən başqa, xanalar arası asılılığı izləmək imkanına malikdir. Bu zaman ilkin xanalarla asılı xanalar müxtəlif rəngli xətlərlə birləşir;
verilənlərin digər şəxslər tərəfindən dəyişdirilmədən mühafizə etmək. bir və ya bir neçə xananı, cədvəlin özünü və ya işçi kitabı mühafizə etmək olar. Bu zaman mümkün mühafizə dərəcələrinin kombinasiyasından istifadə etmək mümkündür;
cədvəlin təyin olunmuş hissəsini gizlətməyə və ya əks etdirməyə imkan verən strukturlaşmış verilənlərdən istifadə etmək. Bu, informasiyanın seçilməsi prosesini və işçi vərəqdəki verilənlərə nəzarəti asanlaşdırır;
əvvəldən hazırlanmış və yadda saxlanılmış sıra şəklindəki verilənlərin eyni və ya müxtəlif qiymətlərini cədvəlin bir neçə xanalarına sürətli daxil etmək üçün avtodoldurma mexanizmini tətbiq etmək. Sıranın hər bir həddi cədvəlin bir xanasına daxil edilir. Verilənlərin xanalara ardıcıl daxil edilməsini sıranın istənilən həddindən başlayaraq düz və ya əks istiqamətdə həyata keçirmək olar;
ixtiyari sayda qiyməti olan bir və ya iki dəyişəndən təşkil olunmuş əvəzetmə cədvəlindən istifadə etmək. Dəyişənlərin bu qiymətlərindən eyni düsturun nəticəsinin hesablanmasında istifadə olunur və nəticələr verilənlər massivi şəklində əks etdirilir.
Excel cədvəl prosessoru bu deyilənlərdən əlavə mətn prosessorunun ümumi funksional imkanlarına da malikdir. Bunlar, makroslardan istifadə, diaqramların quraşdırılması, avtomatik əvəz etmə və orfoqrafiyanın yoxlanılması, üslub və şablonlardan istifadə, verilənlərin avtomatik formatlaşdırılması, digər tətbiqi proqramlarla verlənlərin mübadiləsi və s. servis imkanlarından ibarətdir.
Excel cədvəl prosessorundan mürəkkəb hesabatlarda, çeşidləmə, filtrləmə, massivlərin statistik analizi və bunlar əsasında diaqramların quraşdırılmasında istifadə etmək məqsədəuyğundur.
Dostları ilə paylaş: |