Excel ilə işləyərkən aşağıdakı element və anlayışlardan istifadə olunur.
Excel-in əsas sənədi işçi kitabdır. Bu sənəd genişlənməsi .xls və ya .xlsx olan fayl şəklində yadda saxlanılır. İşçi kitabı yaratdıqda və ya açdıqda o ayrıca bir pəncərə şəklində təsvir olunur. Hər bir kitab işçi vərəqlərdən təşkil olunur.
Vərəq cədvəl, diaqram və makrosların yaradılması və yadda saxlanılması üçün nəzərdə tutulub. Hər bir vərəq sətir və sütunlardan təşkil olunur. Sətirlər 1, 2, 3,….. və sütunlar A, B, C,….. kimi işarələnir. Excel-də verilənlərin təsvir formalarından asılı olaraq vərəqlərin aşağıdakı tipləri mövcuddur:
cədvəllərin yaradılması və emalı üçün cədvəl vərəqi;
diaqramların yerləşməsi üçün nəzərdə tutulan diaqram vərəqi;
cədvəllərin emalı prosesini avtomatlaşdıran makroəmrlərin saxlanması üçün makroslar vərəqi.
Excel kitabdakı vərəqlərin sayını artırmağa və azaltmağa imkan verir. Bir qayda olaraq bir vərəqdə bir cədvəl yaradılır.
Xana verilənləri işçi vərəqin daxilində yerləşdirmək üçün ən kiçik struktur vahididir. Hər bir xana verilənləri mətn, ədədi qiymət, düstur və ya formatlaşdırma parametrləri şəklində saxlayır. Verilənlərin daxil edilməsi ilə Excel verilənlərin tipini müəyyən edir və bunlarla bağlı əməliyyatlar sıyahısını təyin edir. Xanalar öz tərkibinə görə ilkin və asılı olmaqla iki hissəyə bölünür. Asılı xanalarda düsturlar yazılır ki, bunlar da cədvəlin digər xanalarına istinad edir. Asılı xanaların qiymətləri cədvəlin ilkin xanalarının tərkibindən təyin olunur. Göstəricinin köməyi ilə seçilən xana aktiv və ya cari xana adlanır. Cədvəldəki hər hansı bir xananın hündürlüyünü və ya enini dəyişmək üçün, buna uyğun sətrin hündürlüyünü və ya sütunun enini dəyişmək lazımdır.
Xananın ünvanı xananın cədvəldə yerləşdiyi yeri təyin etmək üçün nəzərdə tutulub. Xananın ünvanının yazılmasının iki üsulu mövcuddur:
1. Cədvəl sütunun hərfinin və sətrin nömrəsinin qarşısında $ simvolunun yazılması mütləq ünvanlaşdırmanı göstərir. Məsələn: B$2, $K$ və s. Excel-də bu üsul susmaya görə istifadə olunur və “A1” stili adlanır.
2. R və C hərflərindən sonra uyğun olaraq sətir və sütunun nömrəsi göstərilir. Sətir və sütunun nömrəsi kvadrat mötərizələrdə göstəriilə bilər ki, bu da nisbi ünvanlaşdırmanı göstərir. Məsələn: R4C7 - 4-cü sətir ilə 7-ci sütunun kəsişməsində duran xananın ünvanıdır. Bu birinci üsuldakı G4 ünvanına uyğundur. R[3]C4, R5C[6], R[2]C[12] və s. Ünvanların bu üsulla yazılışı “R1C1” stili adlanır.
Düstur cədvəlin verilənləri ilə müəyyən hesablamaların yerinə yetirilməsi üçün riyazi yazıdır. Düstur sabit, operator, istinad, funksiya, diapazon və hesablama ardıcıllığını dəyişmək üçün istifadə olunan mötərizələrdən təşkil olunur. Düstur bərabərlik və ya riyazi operatorla başlayır və cədvəlin xanasına yazılır. Düsturun yerinə yetirilməsinin nəticəsi hesablanmış qiymətdir. Bu qiymət avtomatik olaraq, düsturun yerləşdiyi xanaya yazılır.
Məsələn, =sum(A1:A12)/$C$3 + 400
Burada sum – funksiyanın adı, A1,A12, $C$3 – istinad, A1:A12 – xanalar diapazonu (massiv), 400 – sabitdir.
Düsturlarda +; -; *; /; % (faizin qiymətinin təyini); ^ (qüvvətə yüksəltmə) hesabi operatorlarından, =; <; >; <=; >=; <> (bərabər deyil) müqayisə operatorlarından və mətn verilənlərini birləşdirən & operatorundan istifadə olunur.
Dostları ilə paylaş: |