Üçölçülü qrafik redaktorlar. Üçölçülü qrafika (3D - 3 Dimensions) kompüter qrafikasının bir bölməsi olmaqla, üçölçülü sahədəki obyektlərlə əməliyyatlar üçün alqoritm və proqram təminatını əhatə edir. Üçölçülü qrafikadan ən çox arxitektur vizuallaşdırmada, kinematoqrafiyada, televiziyada, kompüter oyunlarında, çap məhsullarında və digər sahələrdə təsvirlərin yaradılmasında istifadə olunur. Üçölçülü təsvirin alınması üçün aşağıdakı mərhələlər tələb olunur:
modelləşdirmə - səhnə və onun obyektlərinin riyazi modelinin yaradılması;
renderinq - seçilən fiziki modelə uyğun proyeksiyanın qurulması.
Üçölçülü modelləşdirmənin əsas məsələsi işıq mənbəyinin, kürə, kub, konus və s. formalı, maye, qaz və s. halında olan obyektlərin təsviri və onların səhnədə yerləşdirilməsidir.
İkinci mərhələdə riyazi model müstəvi şəkilə çevrilir. Renderinq verilənlərin üçölçülü vektor strukturunu müstəvi piksellər matrisinə çevirir.
Üçölçülü qrafikanın emalına imkan verən, yəni virtual obyektləri modelləşdirən və onların əsasında təsvirin modelini yaradan proqram vasitələri çox müxtəlifdir. Son zamanlar bu sahədə lider olan kommersiya məqsədli məhsullara Autodesk 3D Studio Max, Maya, Newtek Lightwave, Softimage XSI, Rhinoceros 3D, Cinema 4D və ZBrush-u misal göstərmək olar.
Dostları ilə paylaş: |