Ölkənin ixrac qiymətləri ilə idxal qiymətləri nisbəti və ya xarici ticarət həddləri nə cür formalaşmışdır?


Sxem 4.1 Beynəlxalq ticarət nəzəriyyələrinin təkamülü1



Yüklə 117,18 Kb.
səhifə2/7
tarix13.12.2022
ölçüsü117,18 Kb.
#74390
1   2   3   4   5   6   7
Mövzu 2. Beynəlxalq ticarət nəzəriyyələri (1)

Sxem 4.1
Beynəlxalq ticarət nəzəriyyələrinin təkamülü1


Merkantilistlər hesab edirdilər ki, ölkənin iqtisadi gücü onun qızıl və qiymətli metallar ehtiyatları ilə ölçülməlidir. Qızıl ehtiyatlarının artımı dövlətin əsas vəzifəsi olmalı və xarici ticarət də ilk növbədə buna xidmət etməlidir. Buna görə də, dövlət öz mövqelərini gücləndirmək üçün aşağıdakılara əməl etməlidir:


-müsbət ticarət balansı dəstəklənməli, yəni daha çox əmtəə ixrac edilməlidir; bu, qızıl axınını təmin etməklə, daxili istehsalı və məşğulluğu artırmağa imkan verir;
-ticarət siyasəti alətlərinin köməyi ilə ixrac stimullaşdırılmalı və idxal məhdudlaşdırılmalıdır; son nəticədə yenə müsbət ticarət saldosu təmin edilir;
-xammal ixracını qadağan etmək və ya ciddi şəkildə məhdudlaşdırmaq və eyni zamanda, ölkə daxilində hasil edilməyən xammalın rüsumsuz idxalına şərait yaratmaq; --bu, qızıl ehtiyatları toplamağa və hazır məhsulun aşağı ixrac qiymətlərini təmin etməyə şərait yaradardı;
-koloniyaların metropoliyalardan başqa digər ölkələrlə ticarət etməyi və hazır məhsul istehsalını qadağan etmək.
Göründüyü kimi, merkantilistlər qızıl və digər qiymətli metalları ölkə sərvətinin qaynağı hesab edir, dövlət xəzinəsinə ölkənin iqtisadi və siyasi gücünün təməli kimi baxırdılar.
Merkantilistlərin beynəlxalq ticarət nəzəriyyəsinə verdikləri töhfə danılmazdır, ən azı ona görə ki, onlar ilk dəfə xarici ticarətin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini qeyd etmiş və müasir iqtisadiyyatda tədiyə balansı adlanan anlayışı təsvir etmişlər. Onların fikirləri həmçinin klassik məktəbin inkişafına təkan vermişdir. Onların baxışlarının məhdudluğu isə ondan ibarət idi ki, bu nəzəriyyənin nümayəndələri bir ölkənin varlanmasının ancaq hansısa digər bir ölkənin yoxsullaşması halında mümkün olduğunu düşünürdülər.
Merkantilizm nəzəriyyəsini əsaslı surətdə tənqid edən ilk iqtisadçılardan biri ingilis Devid Xyum olub. O, “qiymət-qızıl-axın”qarşılıqlı fəaliyyət mexanizmini işləməklə merkantilistlərin “ölkə sonsuzluğa qədər qızıl ehtiyatlarını artıra bilər və bu, onun beynəlxalq rəqabət qabiliyyətliliyinə təsir etməyəcək” fikrini şübhə altına qoydu. Onun fikrincə, ölkəyə qızıl axınını təmin etməklə ticarət balansının müsbət saldosunun dəstəklənməsi ölkə daxilində pul təklifini artıracaq və əmək haqqlarının və qiymətlərin artımına gətirib çıxaracaq. Qiymətlərin artımı nəticəsində isə ölkənin rəqabət qabiliyyətliliyi aşağı düşəcək. Ölkədən qızıl axını isə əksinə, qiymətlərin və əmək haqqlarının aşağı düşməsinə və rəqabət qabiliyyətinin artmasına səbəb olacaq. Deməli, ölkə daxili iqtisadi faktorların işə düçməsi səbəbindən daim ticarət balansının müsbət saldosunu saxlaya bilməz.
Merkantilizm məktəbi təxminən 150 il müddətində hökmran mövqedə olmuş və bu müddət ərzində beynəlxalq ticarət bütün mümkün məhdudiyyətlərlə əhatə olunmuşdu. Bu cür məhdudiyyətlər beynəlxalq ticarətin inkişafını xeyli mürəkkəbləşdirirdi ki, bu da kapitalizm münasibətlərinin inkişafı üçün ciddi maneə idi. Belə bir vəziyyətdə merkantilist yanaşma öz mövqelərini itirərək yerini azad ticarət tərəfdarlarına verməyə başladı.
Merkantilizmdən az sonra yaranan fiziokratizm nəzəriyyəsi xarici ticarətə elə böyük əhəmiyyət verməsə də iqtisadi elmin inkişafında mühüm rol oynamışdır. Bu nəzəriyyənin nümayəndələri kimi Fransua Keneni, Jak Turqonu, Viktor Mirabonu göstərmək olar. Onlar merkantilistlərdən fərqli olaraq ölkənin sərvətinin əsasını ticarətdə deyil, istehsalda, daha doğrusu kənd təsərrüfatı istehsalında görürdülər və belə fikirləşirdilər ki, dövlət iqtisadi həyatın təbii axarına qarışmamalıdır. Bu təlimin yaradıcılarından olan F.Kene belə hesab edirdi ki, dövlət ictimai həyatda gedən proseslərə müvafiq qanunlar qəbul etməklə öz missiyasını başa çatdırmalıdır. Bütün bunlarda azad ticarət siyasətinin ilk işartıları görünürdü.
Bu nəzəriyyənin nümayəndələri tərəfindən irəli sürülən müddəaların qeyd etdiyimiz kimi, xarici ticarətlə birbaşa əlaqəsi olmasa da, onların fikirləri ticarət nəzəriyyələrinin sonrakı inkişafında müəyyən rol oynamışdır. Xüsusilə J.Turqonun “azalan məhsuldarlıq qanunu” beynəlxalq ticarətin əsas nəzəriyyələrindən biri olan spesifik amillər nəzəriyyəsinin əsaslandırılmasında mühüm rol oynamışdır.
Bununla belə, onların sərvətin yeganə mənbəyi haqqındakı nəzəri görüşləri məhdud idi. Çünki, maddi nemətlərin məcmusundan ibarət olan sərvət yalnız kənd təsərrüfatında deyil, iqtisadiyyatın bütün sahələrində yaradılır. Lakin, bütövlükdə iqtisadiyyatı bir sistem kimi götürüb tədqiq etmədən sərvətin mənbələri barədə suallara cavab tapmaq mümkün deyildi. Bu vəzifə isə klassik məktəbi öhdəsinə düşürdü.



Yüklə 117,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin