Ölkənin ixrac qiymətləri ilə idxal qiymətləri nisbəti və ya xarici ticarət həddləri nə cür formalaşmışdır?


Beynəlxalq ticarətin müasir nəzəriyyələri



Yüklə 117,18 Kb.
səhifə6/7
tarix13.12.2022
ölçüsü117,18 Kb.
#74390
1   2   3   4   5   6   7
Mövzu 2. Beynəlxalq ticarət nəzəriyyələri (1)

4.2.4. Beynəlxalq ticarətin müasir nəzəriyyələri
Yuxarıda göstərilən nəzəriyyələr beynəlxalq ticarətin klassik və neoklassik nəzəriyyələridir. Bu nəzəriyyələrin hamısının ümumi zəif tərəfi ondan ibarətdir ki, onların praktikada təsdiq olunması üçün çoxsaylı məhdudiyyətlərə və ilkin ehtimallara əməl etmək lazımdır. Buna görə XX əsrin ikinci yarısında da iqtisadçılar beynəlxalq ticarətin müxtəlif aspektlərini izah edən yeni nəzəriyyələr axtarışında olmuşlar. Klassik nəzəriyyələrdən kənara çıxmağa çalışan bu konsepsiyalar aşağıdakı inkişaf istiqamətlərindən biri ilə getməyə çalışırlar:
klassik nəzəriyyələrin prinsiplərini inkişaf etdirirlər, onları daha çox sayda əmtəə, ölkə və istehsal amillərinə şamil edirlər və göstərirlər ki, dəyişənlərin kəmiyyət artımına baxmayaraq, bu nəzəriyyələrin əsas müddəaları dəyişməzdir (spesifik istehsal amilləri nəzəriyyəsi);
klassik nəzəriyyələrin düzgünlüyünü ümumilikdə şübhə altına almadan beynəlxalq ticarətin yeni problemlərini klassik mövqedən tədqiq edirlər; müasir iqtisadçılar klassiklər tərəfindən toxunulmayan bir çox məsələləri izah edən yeni modelləri işləmiş və teoremləri sübut etmişlər (beynəlxalq ticarətdən əldə edilən gəlirlərin bölgüsü nəzəriyyəsi, kəsişən tələb nəzəriyyəsi);
nəhayət, bəzi ən yeni nəzəriyyələr sübut etməyə çalışırlar ki, klassik nəzəriyyələr müasir beynəlxalq ticarəti izah etmək iqtidarında deyillər və buna görə də yeni nəzəriyyələrlə əvəz edilməlidirlər (masştab effekti nəzəriyyəsi, sahədaxili beynəlxalq ticarət modeli, beynəlxalq ticarətin dinamik modelləri).
Həm müqayisəli üstünlüklər nəzəriyyəsi, həm də istehsal amillərinin nisbəti nəzəriyyəsi ondan çıxış edirdilər ki, ölkə sahələr arasında (ölkələr arasında deyil) sərbəst hərəkət edən istehsal amilləri ilə təmin olunmuşdur. Müqayisəli üstünlüklər nəzəriyyəsində belə bir amil kimi əmək çıxış edirdi ki, o da daha çox əmək haqqı ödənilən sahələrə məhdudiyyət olmadan axın edə bilərdi. Istehsal amillərinin nisbəti nəzəriyyəsində isə hər iki amil (əmək və kapital) mobil hesab edilirdilər ki, onlar da sahələr arasında hərəkət edə bilərdilər. Lakin, real həyatda amillərin tam sərbəst hərəkəti, hətta qısamüddətli planda belə, çətin təsəvvür olunur. Bu baxımdan ortaya belə bir sual çıxır: əgər istehsal amillərinin bir hissəsi mobil deyilsə və sahələr arasında hərəkət edə bilmirsə, onda beynəlxalq ticarət necə inkişaf edir?
Birinci istiqaməti təmsil edən Pol Samuelson və digər amerikan iqtisadçısı Ronald Cons işləyib hazırladıqları spesifik istehsal amilləri nəzəriyyəsində bu suala cavab verilməyə çalışılmışlar.
Spesifik istehsal amilləri dedikdə isə müəyyən sahə üçün xarakterik olan və sahələr arasında hərəkət edə bilməyən istehsal amilləri nəzərdə tutulur. Mobil amil isə sahələr arasında sərbəst hərəkət edə bilən amildir.
Bu nəzəriyyəyə görə, beynəlxalq ticarətin əsasında əmtəələrin nisbi qiymətlərində olan fərqlər durur. Bu fərqlər isə ölkələrin spesifik istehsal amilləri ilə qeyri-bərabər təmin olunması nəticəsində meydana çıxır. Özü də ixrac üçün spesifik olan istehsal amilləri inkişaf edir, idxalla rəqabətdə olan sektor üçün spesifik olan amillər isə azalır.
Bu nəzəriyyənin sübut edilməsində P.Samuelson və R.Cons əvvəldə qeyd etdiyimiz kimi, fiziokratizm nəzəriyyəsinin nümayəndəsi J.Turqonun “azalan məhsuldarlıq qanunu”ndan istifadə etmişlər. Bu qanuna görə, istehsala sərf olunan hər bir əlavə əmək vahidi onun əvvəlkinə nisbətən daha az artımını təmin edir. Yəni əmək məhsuldarlığının son həddi aşağı düşür: əmək xərcləri daha çox artdıqca onun son həddə məhsuldarlığı azalır.
Beləliklə, spesifik istehsal amilləri modelinə görə, ölkələrin istehsal amilləri ilə fərqli təmini əmtəələrin nisbi təklifində və onların qiymətlərində fərqlərə gətirib çıxarır ki, bu da ölkələri bir-biri ilə ticarət etməyə sövq edir. Nəticədə ixrac sahələri üçün spesifik olan amillərin sahiblərinin gəlirləri artır, idxalla rəqabətdə olan sahələr üçün spesifik olan amillərin sahiblərinin gəlirləri isə aşağı düşür.
Beynəlxalq ticarətin bütün nəzəriyyələri üçün (mütləq və müqayisəli üstünlüklərdən başqa) ticarət nəticəsində ələd olunan gəlirlərin bölgüsü və yenidən bölgüsü məsələsinin tədqiqi mühüm əhəmiyyət kəsb edir. Istehsal amillərinin nisbəti nəzəriyyəsi göstərirdi ki, nisbətən daha artıq istehsal amillərinə sahib olanlar ticarətdən udur, daha az istehsal amillərinə sahib olanlar isə ticarətdən uduzurlar. Buradan belə bir praktiki nəticə çıxır ki, birincilər azad ticarətin tərəfdarı, ikincilər isə onun əleyhdarı olacaqlar.
İstehsal amillərinin qiymətlərinin bərabərləşdirilməsi teoreminə görə isə, ticarət nəticəsində əmtəələrin nisbi qiymətlərinin istehsal amillərinin nisbi qiymətlərinin bərabərləşməsinə gətirib çıxarması son nəticədə istehsal amillərinin sahiblərinin gəlirlərini bərabərləşdirir.
Lakin bu nəzəriyyələr, həmçinin spesifik istehsal amilləri nəzəriyyəsi aşağıdakı iki suala cavab vermirdi:
Əgər əmtəələrin qiymətləri dəyişərsə, onda bu əmtəələrin istehsalında nisbətən daha intensiv istifadə olunan amillərin qiymətləri özlərini necə aparacaq və nəticədə onların sahiblərinin gəlirləri necə dəyişəcək?
Amillərdən birinin təklifinin artması istehsalın həcminə və gəlirlərə necə təsir göstərəcək?
Bu suallara beynəlxalq ticarətin ən yeni nəzəriyyələrinə aid edilən Stolper-Samuelsonun əmtəələrin qiymətinin dəyişməsinin istehsal amillərinin qiymətinə təsiri nəzəriyyəsi və Rıbçinskinin amillərin artımının istehsalın artımına təsiri nəzəriyyəsi cavab vermişdir.
Klassiklərə görə, azad ticarət ölkə əhalisinin rifahını yüksəldir. Onlara görə, sərbəst ticarət ölkəyə bütünlüklə xeyir, müdafiə (proteksionizm) siyasəti isə bütünlüklə ziyandır.
Lakin Pol Samuelson digər amerikan iqtisadçısı Volfqanq F.Stolperlə 1941-ci ildə işlədiyi nəzəriyyə ilə buna qarşı çıxdılar. Çox zaman Stolper-Samuelson teoremi adlandırılan bu nəzəriyyəyə görə, beynəlxalq ticarət nəticəsində qiyməti artan əmtəənin istehsalında nisbətən daha intensiv istifadə olunan amillərin qiyməti artır və əksinə, qiyməti azalan əmtənin istehsalında nisbətən daha intensiv istifadə olunan amillərin qiyməti azalır. Başqa sözlə, müdafisə siyasətindən ölkə iqtisadiyyatı bir vahid olaraq ziyan çəksə də, o, idxaləvəzedici sektor üçün bu siyasət mənfəətlidir.
Yuxarıda deyilənlərin açıqlanmasına keçməzdən əvvəl qeyd edilməlidir ki, bu modelin qurulması zamanı müəlliflər bir sıra ilkin ehtimallara əsaslanmışlar: ölkə iki istehsal amilinin köməyi ilə iki əmtəə istehsal edir; hər iki əmtəə və istehsal amilləri bazarında azad rəqabət mövcuddur; istehsal amilləri təklifi daimidir; əmtəələrin biri əməktutumludur, digərinin istehsalında isə daha çox torpaqdan istifadə olunur; istehsal amilləri mütləq daxili mobilliyə malik olsalar da, xaricvi mobillik yoxdur; əmtəələrin qiyməti onların istehsal qiymətlərinə bərabərdir; ticarətin inkişafı əmtəələrdən birinin nisbi qiymətinin artımına gətirib çıxarır.
Ölkənin proteksionizm siyasəti yeritməsi onun idxaləvəzedici sektorunun rela gəlirlərinin artımına səbəb olur. Bunu açıqlamaq üçün, kapital amilindən zəngin olan, yəni kapitaltutumlu mallar ixrac edən və əməktutumlu mallar idxal edən bir ölkəni nümunə kimi götürək. Bu ölkə əməktutumlu idxal mallarına tarif tətbiq etsə həm daxili istehlakçıların, həm də daxili istehsalçıların nöqteyi-nəzərindən əməktutumlu əmtəələrin daxili qiymətləri kapitaltutumlu əmtəələrin daxili qiymətlərinə nisbətən yüksələcək. Dolayı olaraq isə real əmək haqqı gəlirləri artacaq.
Bu, tamamilə təbii bir nəticədir. Çünki, əməktutumlu idxal əmtəələrinə tarif tətbiq edildikdə bu əmtəələrin daxili əvəzedicilərinin istehsalı genişlənir, kapitaltutumlu ixrac əmtəələrinin daxili istehsalı isə azalır. Bu isə əməyin dəyəri olan əmək haqlarının kapitalın dəyəri olan faizlərə nisbətən daha sürətlə artmasına gətirib çıxarır. Beləliklə də, hər iki sektorda ucuzlaşan kapital bahalaşan əməyin yerinə istifadə edilir. Hər əmək vahidi daha artıq kapital ilə birləşdirildiyi üçün son nəticədə əməyin məhsuldarlığı yüksəlir və dolayı olaraq real əmək haqlarında artım təmin edilir.
Hər iki mal istehsalında əməkdən istifadə artdığından tarif tətbiq edən ölkədə əmək haqları yüksəlir. Ölkədə iş qüvvəsindən tam istifadə edildiyi bir vəziyyətdə həm məcmu əmək gəlirləri, həm də ölkənin gəlir strukturunda əməyin payı artır.
Beləliklə, modelə görə, gömrük tarifləri beynəlxalq inkişafdan əldə edilən səmərəni azaldır və ölkənin məcmu gəlirini aşağı salır. Məcmu gəlirin strukturunda əmək haqqının payı artdığı halda, kapitalın payı azalır. Yəni, ölkə bir vahid olaraq tariflərdən zərər çəksə də, qıt faktor bol faktor əleyhinə bundan mənfəət əldə edir.
Polyak mənşəli ingilis iqtisadçısı T.M.Rıbçinski hələ 1955-ci ildə, tələbə olarkən belə bir fakta diqqət yetirmişdi ki, sənayenin hər hansı sahələrinin sürətli inkişafı çox zaman digərlərinə mənfi təsir göstərir. O özünün teoremində göstərirdi ki, istehsal amillərinin birinin artan təklifi bu amilin nisbətən daha intensiv istifadə edildiyi sahədə istehsalın və gəlirlərin artımına və bu amilin nisbətən az intensiv istifadə edildiyi sahədə isə istehsalın və gəlirlərin azalmasına gətirib çıxarır. Alim özünün nəzəriyyəsi ilə sübut etmişdir ki, sahələrinin birində istehsalın artımı ilə digərlərində depressiya və hətta tənəzzül arasında birbaşa əlaqə var.
T.M.Rıbşinski də öz nəzəriyyəsini sübut edəkən bir sıra ilkin ehtimallara əsaslanıb ki, onlar da Stolper-Samuelson teoreminin ilkin şərtləri ilə demək olar ki eynidir (qiymətlərin dəyişməsi ehtimalından başqa, hansını ki, T.M.Rıbçınski daimi sayırdı).
T.M.Rıbçınskinin teoreminin beynəlxalq ticarət üçün nəticələrini aşağıdakı kimi formalaşdırmaq olar. Hekşer-Olinin istehsal amillərinin nisbəti nəzəriyyəsinə görə, ölkə daha yaxşı təmin olunduğu amillərin istifadə edilməsi ilə istehsal olunmuş əmtəələri ixrac edir. Rıbşinski teoremi isə göstərir ki, nisbətən daha bol olan amilin köməyi ilə ixrac istehsalının genişlənməsi digər sahələrdə istehsalın düşməsinə səbəb olacaq və bu sahələrdə idxal əmtəələrinə ehtiyac artacaq. Əksinə, nisbətən daha qıt olan amildən istifadənin genişləndirilməsi idxaləvəzedici sahələrdə istehsalın artımına və idxala ehtiyacın azalmasına gətirib çıxaracaq.
Bu teoremi əyani surətdə aşağıdakı kimi açıqlamaq olar. Məsələn, Azərbaycan əməkdən bol olan ölkə, parça əməktutumlu, mühərrik də kapitaltutumlu əmtəə olsun. Həm əmək, həm də kapitaldan tam istifadə edildiyini şərt kimi qəbul edək. Bu şərtlər nəzərə alınmaqla, kapital tələbi sabit qalarkən əmək axını artsın. Təbii ki, artan əmək əməktutumlu parça sənayesində istifadə olunmağa başlanacaq və bu sektorda sitehsal artacaq.
Amma parça istehsalı üçün az da olsa kapitala ehtiyac var. Bu amil üzrə artım olmadığından zəruri olan kapitala ehtiyacın təmin olunması məsələsi ortaya çıxır. Bu məsələ isə təbii ki, kapitaltutumlu mühərrik sənayesinin hesabına həll ediləcək. Beləcə, parça istehsalı genişlənərkən mühərrik istehsalı azalacaq. Kapitalın mühərrik sənayesindən parça sənayesinə axını bazar mexanizminin işə düşməsi nəticəsində öz-özünə baş verəcək. Yəni ki, parça sənayesində tələb artdıqca bu sənayedə kapital mənfəəti yüksələcək, bu da həmin faktoru bir sektordan digər sektora yönəldəcəkdir.
1960-cı illərin əvvəllərində inkişaf etmiş ölkələrin bir-biri ilə hər hansı bir sahənin differensiallaşmış əmtəələrlə ticarət etdikləri daha aydın görünməyə başladı. Bu cür ticarətin izahı heç bir nəzəriyyədə özünü tapmırdı. Ilk olaraq bu halı macar mənşəli iqitsadçı Bella Balassa izah etmişdir.
Əmtəə çeşidinin differensiasiyası nöqteyi-nəzərindən beynəlxalq ticarət iki axından – sahədaxili ticarət və sahələrarası ticarətdən ibarətdir. Sahədaxili ticarət ölkələr arasında bir sahənin differensiallaşmış məhsulları ilə mübadiləni nəzərdə tutur. Sahələrarası ticarət isə ölkələr arasında müxtəlif sahələrin homogen məhsulları ilə mübadilə deməkdir.
B.Balassaya görə, differensiallaşmış əmtəələrlə sahədaxili ticarət aşağıdakı səbəblərlə izah olunur:
istehlakçı zövqlərindəki fərqlər – istehlakçılar eyni bir əmtəə qrupu çərçivəsində geniş seçim imkanına malik olmaq istəyirlər;
kəsişən tələb – bu anlayışa görə, ölkələr daxili bazarda artıq yerini tutmuş sənaye əmtəələrini ixrac edirlər. Belə ki, müxtəlif ölkələrin eyni gəlir səviyyəsinə malik olan istehlakçıları təxminən eyni zövqə malik olduqlarından hər bir ölkə üçün daxili bazarda istehsalında və ticarətində böyük təcrübə toplanmış əmtəəni ixrac etmək daha asandır (bu fenomen haqqında aşağıda daha geniş danışılacaqdır);
masştab effekti – sahədaxili ticarət ölkələrə eyni bir əmtəə qrupuna daxil olan müxtəlif əmtəələr üzrə ixtisaslaşmağa imkan verir. Həmin əmtəələrin hər birinə tələb mövcud olduğundan hər bir ölkə ixtisaslaşdığı əmtəə tipini daha çox istehsal edə və bir-birinə sata bilərlər.
Sahədaxili ticarətlə sahələrarası ticarət arasında əhəmiyyətli fərqlər mövcuddur. Sahədaxili ticarət sosial nöqteyi-nəzərdən daha məqbuldur. O, ixracı aşağı düşən sektorlarda məşğul olan işçilərin ixracı inkişaf edən sektorlara axınına səbəb olmur. ən pis halda işçilər həmin sahəyə aid olan digər bir əmtəənin istehsalı ilə məşğul olmağa başlayırlar. Bundan əlavə, qarşısında digər ölkələrin iri bazarları açılan kiçik ölkələr üçün bir məhsul vahidi üçün çəkilən xərcləri aşağı salmaq və hətta müəyyən məhsul üzrə daha iri ölkələrlə aparılan rəqabəti udmaq imkanı yaranır. Sahədaxili ticarət bütün istehsal amillərinin (onların nisbətən daha bol və ya qıt olmasından asılı olmayaraq) sahiblərinin gəlirlərinin masştab effekti hesabına artımına gətirib çıxarır.
Digər tərəfdən, sahələrarası ticarət daha ucuz xarici əmtəələrlə rəqabətə dözməyən bütöv istehsal sahələrinin dağılmasına və müflis olmasına gətirib çıxara bilər. əgər işçi qüvvəsi dar ixtisaslıdırsa və eyni bir sahəyə aid olmayan əmtəələr istehsalına tez uyğunlaşa bilmirsə və ya coğrafi baxımdan qeyri-mobildirsə və işləmək üçün ölkənin ixrac sektirunda iş olan digər regionlarına tez köçə bilmirsə, onda bu, ciddi sosial problemlərlə nəticələnə bilər.
Beləliklə, sahədaxili ticarət analoji əmtəələrin differensiasiyasını əks etdirir və təxminən eyni dərəcədə inkişaf etmiş ölkələr arasında və bir-birinə yaxın sahələr çərçivəsində inkişaf edir. Sahədaxili ticarət modeli çərçivəsində ölkə bir əmtəə və ya onun dar çeşidini istehsal edir və masştab effektinin üstünlüklərindən istifadə edir. Sahədaxili ticarət eynitipli əmtəələrlə beynəlxalq ticarəti izah edir və müqayisəli üstünlüklər nəzəriyyəsini inkar etməyərək onu daha da zənginləşdirir.
Bu nəzəriyyələr beynəlxalq ticarətə istehsal və təklif baxımından yanaşırdılar. Əsası isveş iqtisadçısı Staffan Linder tərədfindən qoyulan kəsişən tələb nəzəriyyəsi beynəlxalq ticarəti tələb tərəfindən izah edən azsaylı nəzəriyyələrdən biridir. Bu nəzəriyyəyə görə, ölkənin ixracının strukturu müəyyən dərəcədə idxalatçı ölkədə mövcud olan tələbdən asılıdır. əmtəələrin çox az bir hissəsi ixrac üçün istehsal edilir və onların əksəriyyəti ölkə daxilində satılır. Əmtəənin ixrac edilməsi üçün ölkə ilk növbədə yerli istehlakçıların tələbinə istiqamətlənərək daxili bazarı təmin etməlidir. Yalnız əmtəə ölkə daxilində istehlakçıların ehtiyaclarının tam ödədiyi halda onun dünya bazarında müvəffəqiyyət qazanacağını güman etmək olar. Bununla yanaşı, xaricdə əmtəə o ölkəlrdə daha yaxşı satılcaq ki, həmin ölkədə tələbin strukturu ixracatşı ölkənin daxili tələbinin strukturu ilə eyni və ya heç olmasa müvafiq olsun.
S.Linderə görə, tələb yalnız o zaman real olur ki, o, gəlirin nisbətən yüksək səviyyəsi ilə dəstəklənir. Gəlirin səviyyəsi nə qədər yüksəkdirsə istehlakçı daha keyfiyyətli əmtəə tələb edir. Buna görə də ixracatçı və idxalatçı ölkələrin yüksək gəlir səviyyəsi ilə dəstəklənən tələblərinin strukturu nə qədər çox kəsişirsə onlar arasında ticarətin səviyyəsi də bir o qədər yüksək olur beləliklə, ölkələr arasında fərqlərlə yanaşı, oxşarlıqlar da onları ticarətə sövq edə bilər.
Yuxarıda deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, müxtəlif ölkələrdə eyni səviyyəli gəlirlərə malik istehlakçılar eyni zövqə malikdirlər və deməli, hər bir ölkə üçün o əmtəələri ixrac etmək asan olar ki, onun istehsalı və ticarətində daxili bazarda böyük təcrübə əldə edilmişdir.
Kəsişən tələb nəzəriyyəsinin empirik sübutu hər bir ölkə daxilində gəlirin bölgüsündən əhəmiyyətli dərəcədə asılıdır. Gəlirlər nə qədər bərabər bölünərsə nəzəriyyə bir o qədər yaxşı işləyər. Lakin əksər dünya ölkələrində gəlirlərin bölgüsü həddən artıq qeyri-bərabərdir və beynəlxalq ticarətin təhlili üçün bu nəzəriyyənin tətbiqini xeyli məhdudlaşdırır.
“Leontyev paradoksu” göstərdi ki, Hekşer-Olinin istehsal amillərinin nisbəti nəzəriyyəsi bir çox hallarda praktikada təsdiq olunmur: əməkdən bol olan ölkələr kapital tutumlu məhsul ixrac etdiyi halda, kapitaldan bol olan ölkələr əməktutumlu əmtəələr ixrac edirlər. Bu ziddiyyətin mümkün izahlarından biri istehsal amillərinin reversi ilə əlaqədardır.
İstehsal amillərinin reversi anlayışının izahını ilk dəfə amerikan iqtisadçısı B.Minxas 1960-cı illərin əvvəllərində vermişdir. Ona görə, eyni bir əmtəə əməkdən bol olan ölkələrdə əməktutumlu, kapitaldan bol olan ölkələrdə isə kapitaltutumlu ola bilər. Bu, istehsal amillərinin qarşılıqlı əvəzedilməsinin elastikliyi şəraitində baş verir. Məsələn, kapitaltutumlu ölkə olan Yaponiyada istehsal edilən düyü kapitaltutumlu əmtəə olacaq, çünki o, qabaqcıl texnologiyanın köməyi ilə istehsal olunacaq. Əməkdən bol olan Laosda istehsal olunan düyü isə əməktutumlu olacaq, çünki bu ölkədə düyü əsasən əl əməyinin köməyi ilə istehsal olunur.
Beləliklə, istehsal amillərinin reversi elə bir vəziyyətdir ki, bu zaman eyni bir əmtəə kapitaldan bol olan ölkədə kapital tutumlu, əməkdən bol olan ölkədə isə əməktutumlu olur. Istehsal amilləri ilə müxtəlif dərəcədə təmin olunmuş ölkələrin eyni bir əmtəə ilə ticarətini də məhz bununla izah etmək olar. Məsələn, həm əməkdən bol Hindistan, həm də kapitaldan bol ABŞ polad ixrac edirlər və Hindistanda polad əməktutumlu əmtəə olduğu halda, ABŞ-da kapitaltutumludur.
Son zamanlar daha çox sayda iqtisadçılar belə bir qənaətə gəlirlər ki, klassik nəzəriyyələr daha beynəlxalq ticarəti izah etmək iqtidarında deyillər. Çünki, əsas ticarət ölkələri istehsal amilləri ilə demək olar ki, eyni nisbətlərdə təmin olunublar, ya da ticarət eyni bir sahə çərçivəsində baş verir. Buna görə də, müqayisəli üstünlüklər nəzəriyyəsi və istehsal amilləri nisbəti nəzəriyyəsi ilə əlaqədar olmayan beynəlxalq ticarətin alternativ nəzəriyyələri, yeni modelləri meydana gəlmişdir ki, onlar da bazarın inhisarlaşmasının müxtəlif səviyyələrini və istehsal amillərindən qeyri-optimal istifadə kimi faktorları nəzərə alırlar.
Bu nəzəriyyələrdən biri ticarəti masştab effekti əsasında izah edir. Ümumi iqtisadi nəzəriyyədən məlumdur ki, istehsalın masştabının artması nəticəsində əmtəə vahidinin istehsal dəyəri azalır. Bu bir neçə səbəbdən baş verir:
ixtisaslaşma artımı – hər bir işçi bir istehsal funksiyasını yerinə yetirməklə onun təkmil surətdə həyata keçirilməsinə nail ola bilər;
istehsalın ayrılmazlığı – istehsalın masştabı artdığı hakda istehsala birbaşa surətdə cəlb olunmayan yardımçı sahələrə çəkilən xərclər nisbi baxımdan azalır;
texnoloji qənaət – yeni keyfiyyətli məhsulun yaradılmasına çəkilən xərclər.
Masştab iqtisadiyyatı dedikdə istehsalın elə bir inkişafı nəzərdə tutulur ki, amil xərclərinin bir vahid artımı istehsalın bir vahiddən artıq artımına gətirib çıxarır. Bu artım isə aşağıdakı struktur dəyişiklikləri hesabına baş verir:
masştabın xarici effekti hesabına, yəni ümumilikdə sahədə istehsal masştabının artımı nəticəsində müəssisə daxilində əmtəə vahidinə çəkilən xərclər azalır;
masştabın daxili effekti hesabına, yəni müəssisənin özünün istehsal masştabının artımı nəticəsində müəssisə çərçivəsində əmtəə vahidinə çəkilən xərclər azalır.
Masştabın xarici effekti bir əmtəənin istehsalı ilə məşğul olan müəssisələrinin sayının artımını nəzərdə tutur. Bu zaman həmin müəssisələrinin ölçüsü dəyişməz qalır. Adətən bu zaman bazarda rəqabət səviyyəsi məqbul həddə olur. Bu isə o deməkdir ki, ixracatçılar təsir edə bilmədikləri cari qiymətlərlə istədikləri qədər əmtəə sata bilərlər. Buna misal kimi kompüter sənayesini göstərmək olar. Sənayenin inkişaf etməsi ixtisaslaşmış əməyin yetişməsinə səbəb olur ki, bu da həmin sənayenin müəssisəsinin xərclərinin aşağı düşməsinə səbəb olur.
Masştabın daxili effekti əmtəə istehsalının əvvəlki səviyyədə qaldığını, lakin həmin əmtəənin istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin sayının azalmasını nəzərdə tutur. Əksər hallarda bu qeyri-təkmil rəqabətə gətirib çıxarır ki, bu zaman da istehsalçılar öz əmtəələrinin qiymətlərinə təsir göstərə bilirlər və qiyməti azaltmaq yolu ilə satış həcminin artımını təmin edirlər. Avtomobil sənayesi bunun tipik bir nümunəsidir. Tədqiqatlar göstərir ki, bir il ərzində az sayda avtomobil istehsal edən kiçik bir firmanın xərcləri iri avtomobil firmalarının xərclərindən çox yüksək olur.
Masştab effekti istehsal amilləri ilə eyni səviyyədə təmin olunan ölkələr arasındakı ticarəti, həmçinin texnologiya cəhətdən yaxın olan ölkələr arasındakı ticarəti izah edir.
Masştab iqtisadiyyatları beynəlxalq ticarət baxımından bir sıra nəticələrə gətirib çıxarır. Ölkə daxili bazarda istehlakçıların ala biləcəyi çox saylı əmtəələrdən az miqdarda istehsal etməkdənsə, masştab iqtisadiyyatına malik bir nemə sənaye üzrə ixitsaslaşır və yerdə qalan əmtəələri xaricdən idxal edir. Beləcə, masştab iqtisadiyyatları xərcləri aşağı salaraq, istehsal və zövqlər baxımından bir-birinə bənzəyən ölkəlrə arasında qarşılıqlı faydalı ticarəti təmin edir.
Masştab iqtisadiyyatları beynəlxalq ticarətdə istehlakşıya müəyyən bir əmtəənin müxtəlif tiplərinin təqdim edilməsinə şərait yaradaraq rıfahın artırılmasına öz töhfəsini verir. Məsələn, avtomobili nümunə kimi götürsək kimsə alman avtomobilini, kimsə də yapon avtomobilini xoşlayır və masştab iqtisadiyyatı onlara bu seçimi etmək imkanı yaradır.
Masştabın daxili effektinin ekstremal halı kimi tam inhisarı, yəni müəssisənin bazarda rəqibi olmadığı situasiyanı göstərmək olar. Lakin, bazarda ancaq bir istehsalçının fəaliyyət göstərdiyi hala çox nadir hallarda rast gəlmək olur. əksinə, eyni bir əmtəənin istehsalı ilə mə.ğul olan az sayda firmaların mövcud olduğu bazara, yəni oliqopoliyaya daha tez-tez rast gəlinir. Bu cür bazarda oliqopoliya şəraitində inhisar rəqabəti inkişaf edir. Bu cür rəqabət hər bir müəssisənin inhisar vəziyyətində olduğunu, lakin onun məhsulunun qiymətinin digər firmaların qiymətlərindən asılı olduğunu nəzərdə tutur.
Beynəlxalq ticarəti inhisar rəqabəti şəraitində izah edən nəzəriyyənin inkişafına yeni nəsil amerikan iqtisadçısı Pol Kruqman böyük töhfə vermişdir.
Inhisar rəqabətinin beynəlxlaq ticarətə təsirini müəyyən etmək üçün ilk növbədə firmaların sayı və onların əmtəələrinin qiymətləri arasındakı əsas qarşılıqlı əlaqələri müəyyən etmək lazımdır:
firmaların sayı ilə tipik firmanın orta xərcləri arasındakı qarşılıqlı əlaqə - müəssisələr nə qədər çox olarsa hər bir müəssisənin istehsal həcmi bir o qədər az və əmtəə vahidinə çəkilən orta xərclər bir o qədər çox olar;
müəssisələri saytı ilə onların hər birinin satış qiymətləri arasındakı qarşılıqlı əlaqə - müəssisələr çox olduqca rəqabət güclənir və qiymətlər aşağı düşür;
firmaların satış qiymətləri ilə onların sayı arasında qarşılıqlı əlaqə - qiymət orta bazar səviyyəsini keçirsə bazarda əlavə sayda müəssisələr meydana gəlir və əksinə, qiymət orta səviyyədən aşağıdırsa təsərrüfat subyektlərinin sayı azalır.
Inhisar rəqabəti modeli üçün birinci iki əlaqə daha vacibdir. Inhisar rəqabəti çərçivəsində ticarət modeli ondan çıxış edir ki, beynəlxalq ticarət satış bazarının həcmini genişləndirir. Iki ölkə bir-birləri ilə ticarət etdikləri halda məcmu bazar iki ölkənin bazarlarının sadə cəmindən daha geniş olur və onların istehsal etdikləri əmtəələrin çeşidi genişlənir, əmtəə vahidinin qiyməti aşağı düşür.
Beynəlxalq ticarəti yeni mövqedən izah edən nəzəriyyələrdən biri də texnoloji fərq teoremidir. Texnoloji fərq hipotezi 1961-ci ildə M.Pozner tərəfindən irəli sürülmüşdür. Bu hipotezə görə, sənaye ölkələri arasındakı ticarətin böyük bir hissəsi yeni əmtəə istehsalına əsaslanır. Bu cür əmtəələr isə müasir sənayeləşmiş ölkələrin yenilikçi (novator) müəssisələri tərəfindən hazırlanır və istehsal edilir. Yeniliklər isə patent və əqli mülkiyyət hüquqları ilə qorunur. Başqa bir sözlə, hər hansı bir yeniliyi ilk kəşf edən müəssisə onun inhisarçısı olur. Başqalarının isə bu yenilikdən icazəsiz istifadə etməsinə qanunla yol verilmir.
Texnoloji fərq teoreminə görə, yeni bir əmtəə kəşf edən sənayeləşmiş ölkə bu əmtəənin ilk ixracatçısı olur. Ancaq vaxt keçdikcə yeni əmtəə təqlid yolu ilə və ya sərbəst bir əmtəə əmtəə vəziyyətinə gələrək digər ölkələrin ixtiyarına keçir. Bu ölkələrdə əməyin ucuzluğu və ya təbii resurs üstünlükləri səbəbi ilə haqqında söhbət gedən əmtəə ilk istehsal ölkəsindən daha ucuz istehsal edilməyə başlanır. Beləcə də əmtəə daha az inkişaf etmiş ölkələr tərəfindən ixrac olunmağa başlayır. əmtəəni ilk icad edən ölkə isə bu ölkələrlə rəqabəti uduzduğundan həmin əmtəəni idxal etməyə başlayır.
Yuxarıda deyilənlərin ən tipik nümunəsi toxuculuq məhsullarıdır. Bir vaxtlar. İngiltərə dünyanın ən böyük mahud ixracatçısı idi. Lakin daha az inkişaf etmiş ölkələrin mahud istehsalına başlaması ilə İngiltərənin istehsalı azalmış və o, bu cür əmtəələri xaricdən idxal etməyə başlamışdır.
Praktikada istehsal texnologiyalarının əsas hissəsi inkişaf etmiş sənaye ölkələrində hazırlanır və qısa bir zamandan sonra daha az inkişaf etmiş ölkələrdə onun kütləvi istehsalı təşkil olunur. Məsələn, ABŞ texnologiya baxımından dünyanın ən inkişaf etmiş ölkəsi olaraq bir çox yüksək texnologiya məhsulu ixrac edir. Lakin digər ölkələr bu texnologiyaları əldə edərək və sahib olduqları ucuz resurslardan, xüsusilə də mək resurslarından istifadə edərək dünya bazarını, hətta ABŞ bazarını ələ keçirirlər. Bu arada isə ABŞ istehsalçıları yeni əmtəə kəşflərini davam etdirdiklərindən prosesin dövriliyi və sonsuzluğu təmin olunur.
Texnoloji fərq teoreminin inkişaf etdirilmiş variantı isə əmtəənin həyat dövrləri nəzəriyyəsidir. Bu nəzəriyyə 1966-cı ildə Raymond Vernon tərəfindən irəli sürülmüşdür. Nəzəriyyədə irəli sürülən fikrə görə, ölkələrin bir qismi mövcud əmtəələr, digər bir qismi isə yeni əmtəələr üzrə ixtisaslaşırlar. Əsas mahiyyət isə bundan ibarətdir ki, bir əmtəə yeni əmtəə vəziyyətindən köhnə əmtəə vəziyyətinə keçdikcə, yəni öz “həyatı”nın müxtəlif dövrlərini yaşadıqca istehsalın coğrafi yeri də dəyişir. R.Vernona görə, texnoloji yeniliklər və yeni malların işlənməsi inkişçaf etmiş sənaye ölkələrində, xüsusilə də ABŞ-da baş verir.
Əmtəənin həyat dövrləri nəzəriyyəsinə görə, yeni mal ilk olaraq kiçik həcmdə istehsal edilir. Istehsal davam etdirildikcə istehsalla bağlı olan problemlər aradan qaldırılır və istehsal genişləndirilir. Ilk mərhələdəki kiçik istehsal ixraca deyil, daxili bazarın tələbini ödəməyə yönəlir. Bundan başqa, başlanğıcda istehsalın istehlakçıya yaxın yerdə həyata keçirilməsi lazımdır. Çünki əmtəənin hansı istiqamətdə inkişaf etdirlməsi məhz istehlakçılardan asılıdır. Burada yalnız yerli firmalar yeni texnologiyaya sahib olduqlarından, istehsal yeniliyi icad edən firmanın ölkəsində həyata keçirilir. Bütün bunlar istehsalın ilk mərhələsinin xüsusiyyətləridir.
Ikinci mərhələdə istehsal demək olar ki, tam surətdə təkmilləşdirilir. Bu mərhələdə istehsal sürətləndirilir, satışlar ilk öncə daxili bazara istiqamətlənir, daha sonra isə əmtəənin ixracına başlanır. Beləcə, əmtəənin daxili istehsalı və istehlakı artır, xaricdə inkişaf edən bir tələb mövcud olduğu üçün istehsalın artım tempi daha da yüksəlir. Istehsalçı firma hələ də yeni texnologiyanı özündə saxlayır.
Getdikcə istehsal sınaq mərhələsindən çıxır və istehsal texnologiyası standartlaşır, bununla da, üçüncü mərhələyə keçilir. Artıq yenilikçi firma daxildə və xaricdə texnoloji lisenziya verməyi mənfəətli hesab edir. Standart istehsalın dəyərini aşağı salmaq üçün istehsal məsələn, əmək haqlarının səviyyəsinin aşağı olduğu digər ölkələrə ötürülür. Əmtəəni icad edən ölkədə iş gücü yüksək dərəcəd ixtisaslı olduğundan istehsal dəyərləri də yüksək olur. Qısacası yüksək ixtisaslı əməyə ehtiyac olmayan bu mərhələdə istehsalın digər ölkələrə ötürülməsi daha məqsədəuyğun olur. Yenilikçi ölkədə hələ bir qədər əmtəə istehsal edilir. Lakin əmtəənin lisenziyasını əldə edən yeni istehsalçıların aşağı xərclərə malik olmaları səbəbindən ixrac bazarlarını ələ keçirmələri ilə yenilikçi ölkənin ixrac tempi azalır.
Yenilikçi ölkənin daxili bazarının ehtiyacının idxalla təmin edilməsi başlayınca dördüncü mərhələyə qədəm qoyulur. Artıq texnologiya bütün dünya dövlətlərinə yayılmış və istehsalı məhdudlaşdıəran lisenziyaların müddəti qurtarmış, yəni texnologiya bir sərbəst mal vəziyyətinə gəlmişdir. Yerli sənaye xarici və daxili bazarları əldən buraxdıqca daxili istehsal sürətlə aşağı düşür.
Nəhayət, yenilikçi ölkə özünün daxili bazarını da tamamilə itirdikdən sonra məhsulun həyat dövrləri tamamlanmış olur. Ölkədə daxili istehlak var, lakin bu istehlak tamamilə idxal hesabına təmin edilir. Növbə artıq yeni texnologiyalarındır. əslində, bir tərəfdən bu dövrlər bir-birini əvəz etdikcə, digər tərəfdən yeni texnologiyalar axtarışı davam edir. Yəni, yeniliklərin ortaya çıxması kəsilməz bir prosesdir.
Əmtəənin həyat dövrlərini tipik olaraq keçən bir çox əmtəə nümunələri vardır. Bunlar arasında məsələn, tekstil, radio, ağ-qara və rəngli televiziya, yarımkeçirici mikroçiplər və xüsusilə də elektron məhsullar yer alır.
Bu nəzəriyyənin klassik bir nümunəsi İkinci Dünya Müharibəsindən sonra ABŞ və Yaponiyanın radio istehsalçıları arasında baş vermişdir. ABŞ istehsalçıları müharibədən sonrakı dövrdə radio bazarında hökmran mövqedə idilər. Bu üstünlük ABŞ-ın malik olduğu havasız radio texnologiyasına əsaslanırdı. Bir neçə ildən sonra Yaponiya ABŞ-ın texnologiyasını təqlid edərək və ucuz iş qüvvəsindən istifadə edərək bazarın əhəmiyyətli bir hissəsini ələ keçirdi. ABŞ tranzistor texnologiyasını inkişaf etdirməklə yenidən üstünlüyü əldə etdi. Lakin Yaponiya yenə texnologiyanı təqlid edərək ABŞ-ı qabaqladı. Daha sonra ABŞ yeni texnologiya əldə edərək Yaponiya ilə bərabər vəziyyətə gəlmişdir.
Son illərdə texnologiyanın yenilikçidən təqlidçiyə keçmə müddəti, yəni əmtəənin həyat dövrlərinin zaman müddəti olduqca qısalmışdır. Bu da ABŞ kimi yenilikçi ölkələri daim rəqabət qabiliyyətli qala bilmələri üçün texnoloji kəşfləri sürətləndirməyə sövq edir.
Beləliklə, bu modelə görə, ticarət ilk olaraq sənayeləşmiş ölkələrdə müqayisəli baxımdan bol olan amil tərəfindən (əsasən də ixtisaslı işçi qüvvəsi) inkişaf etdirilən texnologiyaya əsaslanır. Daha sonra isə daha az inkişaf etmiş ölkələr təqlid və istehsal standartlaşması vasitəsilə nisbətən ucuz əməyə əsaslanan bir müqayisəli üstünlük əldə edirlər.
Beynəlxalq ticarət nəzəriyyələrinin inkişafında XX əsrin 80-ci illərində amerikan iqtisadçısı Maykl Porterin işlədiyi ölkələrin rəqabət üstünlükləri nəzəriyyəsi mühüm əhəmiyyət kəsb etmişdir. O özünün bu nəzəriyyəsində klassik və neoklassik iqtisadçıların baxışları ilə neotexnoloji məktəbin təmsilşilərinin baxışlarını bir araya gətirə bilmişdir. Alim dünya ticarətinin ikidə bir hissəsini özündə cəmləşdirən 10 ən iri sənaye ölkələrinin şirkətlərinin praktiki fəaliyyəti üzrə tədqiqat apararaq belə bir nəticəyə gəlmişdir ki, dünya bazarında ölkənin rəqabət qabiliyyətinin bir-biri ilə qarşılıqlı fəaliyyətdə və əlaqədə olan dörd başlıca parametri mövcuddur:
Amillərin şəraiti. Bu zaman müəyyən sahədə müvəffəqiyyətlə rəqabət aparmaq üçün lazım olan konkret istehsal faktorları nəzərdə tutulur. M.Porter klassik amillər nəzəriyyəsini də qəbul etməklə onların sırasına yenilərini də əlavə edir.
Əmtəə və xidmətlərə tələb şəraiti. Bu, sahə tərəfindən təklif edilən məhsul və xidmətlərə daxili bazarda olan tələbi nəzərdə tutur. Tələb müəssisənin inkişafını müəyyən edən əsas parametrdir. Bu zaman daxili tələbin vəziyyəti xarici bazarın potensial imkanları ilə birlikdə situasiyaya əhəmiyyətli dərəcədə təsir edir. Burada müəssisənin xarici bazarlara çıxışına təsir edən milli xüsusiyyətləri (iqtisadi, mədəni, təhsil, etnik, adət və ənənələr) də nəzərə almaq lazımdır. M.Porterin yanaşması ayrı-ayrı şirkətlərin fəaliyyəti üçün daxili bazarın əsas əhəmiyyət kəsb etdiyini qəbul edir.
Ölkələrin firmalarının strategiyası, onların strukturu və rəqabəti. Bu, ölkədə firmaların yaradılması və idarəedilməsini müəyyən edən şəraiti və daxili baxarda rəqabətin xarakterini nəzərdə tutur. Firma tərəfindən seçilən bazar strategiyası və lazımi çevikliyi təmin edən təşkilati struktur beynəlxalq ticarətə müvəffəqiyyətlə qoşulmanın əsas şərtlərindən biridir.
Ölkədə mövcud olan qohum və yaxın sahələrin xarakteri. Bu zaman ölkədə dünya bazarında rəqabət qabiliyyətli olan qohum və ya yaxın sahələrin mövcudluğu və ya qeyri-mövcudluğu nəzərdə tutulur. Müvafiq avadanlıqla təminat, nəqliyyat, komersiya və maliyyə strukturları ilə sıx əlaqələr rəqabət baxımından mühüm əhəmiyyət kəsb edir.
Sayılan parametrlər özlüyündə milli “romb” əmələ gətirirlər ki, onun da komponentləri bir-birlərini qarşılıqlı surətdə gücləndirir (Sxem 4.2).

Yüklə 117,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin