4.2.2. Beynəlxalq ticarətin klassik nəzəriyyələri Klassik məktəbin banisi Adam Smit dəqiq olaraq müəyyən etmişdir ki, millətin rifahı onun yığdığı qızılın miqdarından daha çox, onların əmtəə və xidmətlər istehsal etmək qabiliyyətlərindən asılıdır. Buna görə də, əsas vəzifə qızıl yığımından deyil, əmək bölgüsü əsasında istehsalın inkişaf etdirilməsindən ibarət olmalıdır. Bu isə subyektlərin iqtisadi cəhətdən tam azad olduqları, yəzi azad rəqabətin təmin olunduğu şəraitdə daha yaxşı şəkildə əldə edilə bilər.
A.Smitə görə, məcmu dünya sərvəti sabit deyildir. Beynəlxalq əmək bölgüsünə əsaslanan xarici ticarət son nəticədə dünya istehsalının artmasına gətirib çıxarır. Yəni, öz aralarında ticarət edən iki ölkə beynəlxalq əmək bölgüsü nəticəsində daha yüksək istehsal və istehlak səviyyələri əldə edərək həyat standartlarının artımına nail olurlar. Dolayı olaraq, A.Smit merkantilistlərin “xarici ticarətdə bir tərəf qazandığı halda digər tərəf uduzur” fikrini alt-üst edir. Çünki, xarici ticarətdən hər iki tərəf mənfəət əldə edir.
A.Smitin xarici ticarət nəzəriyyəsinin izahına keçməzdən əvvəl qeyd edək ki, ümumiyyətlə klassik xarici ticarət nəzəriyyələri çoxsaylı ehtimallara əsaslanır. Onları aşağıdakı kimi sıralamaq olar:
istehsalın yeganə amili kimi əmək çıxış edir;
mövcud olan əmək resurslarından istehsalda tam istifadə olunur, başqa sözlə tam məşğulluq mövcuddur;
beynəlxalq ticarətdə iki ölkə iştirak edir ki, onlar da bir-birləri ilə yalnız iki əmtəə ilə ticarət edirlər;
istehsal xərcləri dəyişməz olaraq qalır, onun aşağı düşməsi isə əmtəəyə tələbi artırır;
əmtəənin qiyməti digər bir əmtəənin istehsalına sərf edilən əməyin kəmiyyəti ilə ifadə olunur;
tam və azad rəqabət şəraiti bərqərardır;
əmtəələrin bir ölkədən digərinə daşınması zamanı çəkilən xərclər sıfıra bərabərdir;
xarici ticarətdə heç bir məhdudiyyət mövcud deyil.
Qeyd edək ki, klassik iqtisadçıların dəyər barəsindəki mülahizələri əmək-dəyər nəzəriyyəsi olaraq tanınır. Bu yanaşmaya görə, bir əmtəənin dəyəri onun istehsalı üçün sərf edilən əməyin kəmiyyəti ilə ölçülür. Buna görə də, istehsalına daha çox əmək sərf edilən malın dəyəri yüksək, az əmək sərf edilənin dəyəri isə aşağı olur. Bundan çıxış edərək klassik iqtisadşıların dəyəri formalaşdıran digər faktorlardan xəbərdar olmadıqlarını söyləmək düzgün olmazdı. Əslində, onlara görə, təbii amillər Allahın insanlara bir bəxşişidir, yəni cəmiyyət onların əldə olunması üçün heç bir əmək sərf etməmişdir və deməli, təbii amilləri dəyəri formalaşdıran faktorlar kimi qəbul etmək düzgün deyildir.
A.Smitin öz əsərində işlədiyi və mütləq üstünlüklər nəzəriyyəsi adlandırılan konsepsiyaya görə, ölkələr daha az xərclərlə istehsal etdikləri (yəni istehsalında mütləq üstünlüyə malik oduqları) əmtəələri ixrac edir və digər ölkələr tərəfindən daha az xərclərlə istehsal olunan (yəni istehsalında mütləq üstünlüyün tərəfdaş ölkələrə məxsus olduğu) əmtəələri idxal edir.
Yuxarıda deyilən fikri əyani olaraq aşağıdakı kimi göstərmək olar. Bunun üçün Azərbaycan və Gürcüstanda bir işçinin bir iş günündə şərti olaraq aşağıdakı kəmiyyətlərdə A və B əmtəələrini istehsal etdiyini qəbul edək:
Bir işçinin bir gündə istehsal edə bildiyi əmtəə
A əmtəəsi
B əmtəəsi
Azərbaycan
50 vahid
30 vahid
Gürcüstan
20 vahid
80 vahid
Beləcə, verilən nümunəyə görə, Azərbaycan A əmtəəsini, Gürcüstan isə B əmtəəsini daha az xərclə istehsal etdikləri üçün bu əmtəələrin istehsalında ixtisaslaşmalıdırlar. Azərbaycan Gürcüstana A əmtəəsini ixrac etməli, bu ölkədən isə B əmtəəsini idxal etməlidir.
A.Smitin mülahizələrinə görə, hökumətlər xarici ticarətə qarışmamalı və azad ticarət rejimini dəstəkləməlidirlər. Millətlər isə mütləq üstünlüyə malik olduqları əmtəə istehsalında ixtisaslaşmalı və bu əmtəələrin ixracı ilə məşğul olmalıdırlar. Istehsalında digər ölkələrin üstünlüyə malik olduqları əmtəələr isə idxal edilməlidir.
Klassik nəzəriyyənin banisi həmçinin öz əsərində xarici ticarətin əmək məhsuldarlığının inkişafını stimullaşdırdığını sübut etməyə çalışıb. Bu isə, onun fikrincə, xarici ticarətin satış bazarını milli sərhədlər çərçivəsindən kənara genişləndirməsi yolu ilə baş verirdi.
Ona görə, ixrac ölkə iqtisadiyyatı üçün müsbət faktordur, çünki, ixrac daxili bazarda satıla bilməyən məhsul artığının satışını təmin edir. Digər tərəgdən, ixrac subsidiyaları mahiyyətinə görə, əhalinin üzərinə qoyulan vergi olduğundan daxili qiymətləri artımına gətirib çıxarır və buna görə də, onlar ləğv olunmalıdırlar.
Mütləq üstünlüklər nəzəriyyəsinin güclü tərəfi ondan ibarətdir ki, o, əmək-dəyər nəzəriyyəsinə əsaslanır və əmək bölgüsünün üstünlüklərini nəinki milli, həmçinin beynəlxalq səviyyədə əks etdirir. Lakin bununla yanaşı, bu nəzəriyyənin çatışmazlığı da mövcuddur və o “əgər hər hansı bir ölkə heç bir istehsal sahəsində mütləq üstünlüyə malik deyilsə, o zaman digər ölkələr bu ölkə ilə ticarət edəcəkmi?” sualına cavab vermir. İstehsal xərcləri baxımından mütləq üstünlüyə malik olmayan hər hansı bir ölkə, məgər beynəlxalq ticarətdən iqtisadi səmərə əldə edə bilməzmi? Bu suallara A.Smitin davamçıları cavab verməyə çalışmışlar.
A.Smitdən təxminən 40 il sonra klassik məktəbin digər görkəmli nümayəndəsi David Rikardo mütləq üstünlüklər nəzəriyyəsinin müddəalarını inkişaf etdirərək müqayisəli üstünlüklər nəzəriyyəsini işləyib hazırladı. Bu nəzəriyyənin təməli o qədər güclüdür ki, müasir dövrdə də müqayisəli üstünlüklərin beynəlxalq ticarətin əsasını formalaşdırdığı qəbul edilir.
Bu nəzəriyyənin müddəalarını “Siyasi iqtisadın prinsipləri və vergiqoyma” (1817) əsərində əks etdirən D.Rikardonun fikrincə, beynəlxalq ticarəti təkcə mütləq üstünlüklərə əsaslanaraq izah etmək düzgün olmazdı. O, beynəlxalq əmək bölgüsünün əlverişliliyini müqayisəli üstünlük prinsipi əsasında izah etməklə sübut etmişdir ki, iki ölkə arasında ticarət, hətta onlardan biri digəri qarşısında mütləq üstünlüyə sahib olmadıqda belə, onların hər biri üçün sərfəlidir. Müqayisəli üstünlüklər nəzəriyyəsinə görə, əgər ölkələr digər ölkələrlə müqayisədə nisbətən daha az xərclərlə istehsal edə bildikləri əmtəələrin istehsalında ixtisaslaşırlarsa, onda ticarət hər iki tərəf üçün qarşılıqlı faydalı olacaq. Bu zaman, istehsalın onların birində digərinə nisbətən mütləq effektivliyə malik olması əhəmiyyətə malik olmayacaq.
D.Rikardo öz nəzəriyyəsini iki ölkə arasındakı ticarət mübadiləsi misalında izah edirdi. O, beynəlxalq ixtisaslaşmanın meyarını müəyyən edərək, iki ölkə arasında mübadilənin hansı həddə mümkün və arzuolunan olduğunu göstərirdi. Onun fikrincə, hər bir ölkə daha böyük üstünlüyə malik olduğu əmtəə istehsalı üzrə ixtisaslaşsa, bu, həmin ölkə üçün daha faydalı olar. Ona görə, beynəlxalq ticarətin zəruri şərti kimi eyni bir əmtəənin müxtəlif xərclərlə istehsalı çıxış etdiyindən, hər bir ölkənin digər əmtəələrlə müqayisədə daha aşağı xərclərə malik olduğu əmtəə istehsalı üzrə ixtisaslaşması məqsədəuyğun olardı.
Qeyd olunan müddəaları yenə də bir nümunədə əyani surətdə izah etməyə çalışaq. Nümunədə Azərbaycan və Gürcüstanın ipək və şərab istehsal etdikləri və bu ölkələrdə həmin məhsulların istehsal şərtlərinin aşağıdakı kimi olduğu göstərilmişdir:
Bir iş günündə istehsal edilə bilən əmtəə həcmi
İpək
Şərab
(metr)
(litr)
Azərbaycan
80
40
Gürcüstan
10
20
Nümunədən göründüyü kimi, Azərbaycan hər iki əmtəə üzrə mütləq üstünlüyə malikdir. Çünki, Azərbaycanda həm ipək, həm də şərab Gürcüstana nisbətən daha ucuz dəyərlə istehsal edilir. Mütləq üstünlük nəzəriyyəsinə görə, bu halda xarici ticarət həyata keçirilməməli, Azərbaycan hər iki əmtəəni də özü istehsal etməlidir. Müqayisəli üstünlük nəzəriyyəsinə görə isə bu halda da xarici ticarət əlaqələri qurula bilər və hər iki ölkə bu əlaqələrdən mənfəət əldə edə bilər.
Məsələ burasındadır ki, Azərbaycan hər iki əmtəə üzrə mütləq üstünlüyə malik olsa da, bu üstünlüklərin dərəcəsi eyni deyildir. Rəqəmləri şaquli istiqamətdə müqayisə etməklə görərik, Azərbaycan Gürcüstan qarşısında ipək istehsalında 8 dəfə, şərab istehsalında isə 2 dəfə üstünlüyə malikdir. Bu baxımdan, Azərbaycan ipək istehsal etməli, şərabı isə Gürcüstandan idxal etməlidir. Başqa sözlə, Azərbaycan ipək istehsalında müqayisəli üstünlüyə malikdir.
Gürcüstanın vəziyyəti isə tamam tərsinədir. Bu ölkə hər iki əmtəə üzrə Azərbaycana nisbətən əlverişsiz vəziyyətdədir. Lakin, müqayisəli dəyər yüksəkliyi ipək üzrə 8 dəfəyə bərabər olduğu halda, şərab üzrə 2 dəfə təşkil edir. Bu halda Gürcüstanın hər iki əmtəəni birdən istehsal etməkdənsə şərab istehsal etməyi onun faydasında olardı.
Göründüyü kimi, bu halda Azərbaycan ipək istehsalında ixtisaslaşıb, ixrac etdiyi ipək qarşılığında şəraba olan ehtiyacını Gürcüstandan bu əmtəəni idxal etməklə ödəyərsə (və ya əksinə, Gürcüstan şərab istehsalında ixtisaslaşıb, ipəyi Azərbaycandan idxal edərsə), hər iki ölkə xarici ticarətdən mənfəət əldə etmiş olar.
Müqayisəli üstünlük nəzəriyyəsinə görə, ölkələr arasında mənfəətli xarici ticarətin təmin edilməsi üçün ölkələrdə daxili istehsal dəyərləri (daxili qiymətlər) bir-birlərindən fərqli olmalıdır. Yuxarıdaki nümunədən çıxış edərək, ölkələrin daxili müqayisəli qiymətlərini müəyyən etməyə çalışaq. Bunun üçün isə, ipəyi əsas götürək. Rəqəmlər üfuqi istiqamətdə müqayisə edilsə:
Azərbaycanda daxili qiymətlər, 1 vahid ipək: ½ vahid şərab
Gürcüstanda daxili qiymətlər, 1 vahid ipək: 2 vahid şərabdır.
Bu dəyərləndirmə baxımından Azərbaycanda ipəyin, Gürcüstanda isə şərabın daha ucuz olduğunu müəyyən etmək olar. Ölkələrdə qiymətlərin fərqli olması mənfəətli ticarət əlaqələrinin qurulmasına imkan verir. Nümunəyə görə, Azərbaycan ipək, Gürcüstan isə şərab istehsalı üzrə ixtisaslaşmalıdır.
Göründüyü kimi, D.Rikardo öz nəzəriyyəsini iki ölkə - iki əmtəə modeli üzrə qurmuşdur. Bununla belə, daha sonra müqayisəli üstünlüklər nəzəriyyəsinin müddəalarının ikidən artıq ölkə və əmtəə üçün də keçərli olduğu sübut ediləcəkdir.
Sözsüz ki, müqayisəli üstünlüklər nəzəriyyəsi sadələşdirilmiş xarakter daşıyır və buna görə də, beynəlxalq ticarətin inkişafına birbaşa təsir edən bir çox hadisələri nəzərə almır. Onun məhdudluğu bu nəzəriyyənin əsaslandığı ilkin ehtimallarla şərtlənir. Müqayisəli üstünlüklər nəzəriyyəsi nəqliyyat xərclərini nəzərə almır ki, bu xərclər də bəzən əhəmiyyətli dərəcəyə qədər yüksələ və müəyyən əmtəələrlə ticarəti hətta müqayisəli üstünlüklər şəraitində belə qeyri-səmərəli edə bilər. Digər tərəfdən, haqqında söhbət gedən konsepsiya ancaq bir istehsal amilinin (əməyin) mövcudluğundan çıxış edir və ölkələrin istehsal amilləri ilə fərqli surətdə təchiz olunduqları kimi mühüm ilkin şərtləri nəzərə almır. Qeyd olunan konsepsiya tam məşğulluq şərtindən çıxış edir, yəni bir sahəni tərk edən işçi dərhal digər bir sahədə iş yeri tapır və işsizə çevrilmir.
Bu nəzəriyyə həmçinin xarici ticarətin ölkə daxilində gəlirlərin bölgüsünə, qiymət tərəddüdlərinə və əmək haqqına, inflyasiyaya və beynəlxalq kapital hərəkətinə təsirini nəzərə almır və təxminən eyni vəziyyətə malik olan, yəni heç birinin digəri qarşısında müqayisəli üstünlüyü olmadığı ölkələr arasında ticarəti izah etməyə imkan vermir.
Beynəlxalq ticarətdə mübadilənin hansı qiymətdə həyata keçirildiyi sualına ilk dəfə D.Rikardonun davamçısı Con Stüart Mill cavablandırmışdır. O özünün “Siyasi iqtisadın prinsipləri” (1848) əsərinin bir fəslini beynəlxalq dəyər qanununa həsr etməklə göstərirdi ki, mübadilə qiyməti tələb və təklif qanununun elə bir səviyyəsinə görə müəyyənləşir ki, bu qiymətdə hər bir ölkənin ixracı onun idxalını ödəyir. C.S.Mill qeyd edirdi ki, əmtəələrinə xarici tələbin daha yüksək olduğu ölkə xarici ticarətdən daha çox xeyir əldə edir. Ölkənin əmtəələrinə xarici tələb digər ölkələrin əmtəələrinə olan tələbdən nə qədər yüksək olarsa mübadilə şəraiti bir o qədər onun üçün faydalı olar, ölkə müəyyən miqdar əmtəəsi müqabilində daha çox xarici əmtəə əldə edər.
Beynəlxalq dəyər nəzəriyyəsinə görə, əmtəələrin mübadilə dəyəri onlara olan tələbin elastikliyindən asılı olaraq formalaşır. O, müəyyən qiymət dairəsini müəyyənləşdirir ki, bu dairədən də kənarda beynəlxalq mübadilə özünün cəlbediciliyini itirir. Deməli, beynəlxalq dəyər nəzəriyyəsinə görə ölkələr arasındakı əmtəə mübadiləsini optimallaşdıran qiymət mövcuddur və bu qiymət tələb və təklifdən asılı olan bazar qiymətidir.
C.S.Millin xarici ticarət əlaqələrinin mahiyyəti ilə bağlı açıqlamaları qarşılıqlı tələb qanununa əsaslanır. Bu qanuna görə, idxal olunan əmtəənin qiyməti idxalı ödəmək üçün ixrac edilməsi zəruri olan əmtəənin qiyməti vasitəsilə müəyyən edilir. Buna görə də, ticarət zamanı qiymətlərin son nisbəti ticarət edən hər bir ölkədə əmtəəyə olan daxili tələbin həcmi ilə müəyyən edilir.
Beynəlxalq dəyər nəzəriyyəsi qiymətin müəyyən edilməsinin əsası kimi müqayisəli üstünlüklərə nisbətən əhəmiyyətli bir çatışmazlığa malikdir. Bu nəzəriyyənin yalnız hər iki ölkənin ölçülərinə görə təxminən bərabər olduqları halında tətbiq edilməsi mümkündür. Özü da bu zaman birinin daxili tələbinin digərinin daxili qiymətlərinin səviyyəsinə ciddi təsir etmək imkanı mövcud olmalıdır.