Ölkənin ixrac qiymətləri ilə idxal qiymətləri nisbəti və ya xarici ticarət həddləri nə cür formalaşmışdır?


Beynəlxalq ticarətin neoklassik nəzəriyyələri



Yüklə 117,18 Kb.
səhifə4/7
tarix13.12.2022
ölçüsü117,18 Kb.
#74390
1   2   3   4   5   6   7
Mövzu 2. Beynəlxalq ticarət nəzəriyyələri (1)

4.2.3. Beynəlxalq ticarətin neoklassik nəzəriyyələri
Üstünlüklər nəzəriyyəsinin digər nəzəriyyə nümayəndələri tərəfindən tənqidi ona əsaslanırdı ki, bu nəzəriyyə istehsal xərclərini ancaq əməklə bağlayır. Həqiqətdə isə bir sıra konsepsiya təmsilçilərinə görə, istehsalın bir neçə amili vardır. Istehsal amilləri nəzəriyyəsinin banisi Jan Batist Sey bu cür amillər kimi əməyi, torpağı və kapitalı göstərirdi. Onun fikrincə, bu amillərin bazar qiymətləri (əmək haqqı, kapital faizi və torpaq rentası) istehsal xərclərini formalaşdırır və istehsal amillərini qiymətləndirməyə imkan verir.
XIX əsrdə istehsal amilləri nəzəriyyəsinin müxtəlif variantlarının əmək-dəyər nəzəriyyəsini sıxışdırması nəticəsində klassiklərin davamçıları olan neoklassik məktəbin nümayəndələri beynəlxalq ticarəti istehsal amilləri nəzəriyyəsi vasitəsilə izah etməyə başladılar. Bu zaman bir çox variantlar irəli sürülürdü. Lakin bu istiqamətdə doğrudan da əhəmiyyətli irəliləyiş XX əsrin 20-ci illərinin ortalarında baş verdi. Isveş neoklassik-iqtisadçıları Eli Hekşer və onun şagirdi Bertil Olin yeni bir konsepsiya işləyib hazırladılar ki, bu da sonradan istehsal amillərinin nisbəti nəzəriyyəsi adını aldı.
Bu nəzəriyyə çox sadə və rasional müddəaya əsaslanır. Nəzəriyyədə müdafiə edilən ana fikri belə formalaşdırmaq olar: bir ölkə hansı istehsal amili ilə zəngindirsə, istehsalı həmin amildən daha çox tələb edən əmtəələr üzrə müqayisəli üstünlük əldə edər, yəni onları daha ucuz istehsal edər və bu sahədə də ixtisaslaşar.
Tutaq ki, hər hansı bir ölkədə əmək amili boldur. Belə bir ölkədə normal olaraq əməktutumlu mallar daha ucuz istehsal olunar. Həmçinin, kapital amili ilə zəngin olan ölkələrdə də kapitaltutumlu əmtəələrin daha ucuz istehsal olunması gözlənməlidir.
Əyani surətdə göstərmək üçün Azərbaycan və Yaponiya kimi iki ölkə və parça və mühərrik kimi iki əmtəə götürək. Azərbaycanda əmək, Yaponiyada isə kapital bol olsun, parça əməktutumlu, mühərrik isə kapitaltutumlu əmtəə olsun. Belə bir halda, nəzəriyyənin ana fikrinə görə, Azərbaycan parçada, Yaponiya isə mühərrikdə müqayisəli üstünlüyə malik olmalıdır.
Bəzən Hekşer-Olin nəzəriyyəsi adlandırılan bu nəzəriyyə də mütləq və müqayisəli üstünlüklər nəzəriyyəsi kimi bir sıra ilkin ehtimallara əsaslanır. Bu ilkin ehtimalların əksəriyyəti üstünlüklər nəzəriyyələrinin ilkin ehtimalları ilə üst-üstə düşür. Belə ki, burada da ticarətdə iki ölkənin və iki əmtəənin iştirak etdiyi göstərilir. Lakin əmtəələrdən biri əməktutumlu, digəri isə kapitaltutumludur. Digər tərəfdən, artıq bir deyil, iki istehsal faktoru mövcuddur və hər bir ölkə bu istehsal amilləri ilə müxtəlif dərəcədə təmin olunublar. Əmək dəyər nəzəriyyəsi mahiyyətcə inkar edilmir, sadəcə bu zaman qeyd olunur ki, dəyərin yaradılmasında əməklə yanaşı digər istehsal amilləri də iştirak edirlər. Bu zaman göstərilir ki, ölkələrin hər hansı bir əmtəə istehsalı üzrə tam ixtisaslaşması mümkün deyildir və hər iki ölkədə mövcud olan texnologiya eynidir. Beləliklə, istehsal amillərinin nisbəti nəzəriyyəsinin əsas ilkin ehtimalları kimi ayrı-ayrı əmtəələr üzrə amillərin müxtəlif dərəcədə istifadə intensivliyi (bir əmtəə əməktutumlu, digəri isə kapitaltutumludur) və ayrı-ayrı ölkələrin amillərlə fərqli təmin olunması, və ya amillərindır dolğunluğudur (bir ölkədə kapital daha çoxdur, digərində isə azdır və ya əksinə birində əmək çox, digərində azdır).
Nəzəriyyəyə görə, beynəlxalq mübadilə artıq amillərin nadir amillərlə mübadiləsidir. Yəni ölkə nisbətən daha artıq malik olduğu amillərdən istifadə etməklə istehsal olunan əmtəələri ixrac etməli və əksinə nisbətən daha az malik olduğu və çatışmazlığını hiss etdiyi amillər vasitəsilə istehsal olunan məhsulları idxal etməlidir.
Beləliklə, Hekşer-Olin teoremi müqayisəli üstümlüklər nəzəriyyəsindən də bir addım irəli gedərək ticarətin müqayisəli üstünlüklərə əsaslandığını göstərir və eyni zamanda müqayisəli üstünlüklərin səbəbini müəyyən edir. Bu səbəb isə ölkələrin istehsal amilləri ilə fərqli surətdə təmin olunmasıdır. D.Rikardonun ardıcılları kimi, E.Hekşer və B.Olin də istehsal amillərinin ölkələrarası yerdəyişməsini çətinləşdirən müxtəlif məhdudiyyətlərə mənfi yanaşırdılar.
Ticarətin həyata keçirilməsi nəticəsində mübadilədə iştirak edən əmtəələrin nisbi qiymətləri bərabərləşmə tendensiyasına malikdirlər. Lakin, əmtəənin nisbi qiymətinin ölkənin istehsal amilləri ilə təmin olunma səviyyəsindən və onların nisbi qiymətlərindən asılı olduğu fərz edildiyi halda ortaya belə bir sual çıxır: əmtəə qiymətlərinin tarazlaşmasının istehsal amillərinin qiymətlərinə əks təsiri necədir? Başqa sözlə, əməktutumlu əmtəənin nisbi qiyməti dəyişərsə, bu əmtəəni istehsal edən və deməli əmək amili ilə yaxşı təmin olunan ölkədə əməyin özünün nisbi qiyməti necə dəyişəcək və ya ümumiyyətlə dəyişəcəkmi? Bu suala amerika iqtisadçısı Pol Samuelson cavab vermişdir. Onun tərəfindən isbat olunan və Hekşer-Olin teoreminə əsaslanan bu teorem istehsal amillərinin qiymətlərinin bərabərləşdirilməsi teoremi adını almışdır. Hekşer-Olin-Samuelson teoremi də adlandırılan bu teoremə görə, beynəlxalq ticarət mübadilədə iştirak edən ölkələrdə istehsalın homogen amillərinin mütləq və nisbi qiymətlərinin bərabərləşməsinə gətirib çıxarır.
Daha sadələşdirilmiş şəkildə desək, ticarət nəticəsində əmtəələrin nisbi qiymətinin bərabərləşməsi son nəticədə bu əmtəələrin istehsalında istifadə edilən amillərin də nisbi qiymətlərinin bərabərləşməsnə gətirib çıxarır. Kapitalın homogenliyi dedikdə, eyni məhsuldarlıqlı və riskli kapital, əməyin homogenliyi dedikdə, isə eyni hazırlıq, təhsil və məhsuldarlıq səviyyəsi ilə xarakterizə olunan əmək nəzərdə tutulur.
Dediklərimizi əyani surətdə təsvir etmək üçün yenə də nümunəyə müraciət edək. Hekşer-Olin modelinə görə, hər bir ölkə daha çox malik olduğu amillərdən istifadə edilən əmtəə istehsalında ixtisaslaşmalıdır. Yəni nümunəmizə görə, Azərbaycan mühərrik istehsalından imtina edərək və ya onu maksimum dərəcədə azaldaraq resurslarını parça istehsalına yönəltməlidir. Lakin bu iki istehsal sahəsində amillərdən istifadə xüsusiyyətləri eyni deyildir. Mühərrik kapitaltutumlu, parça isə əmək- tutumludur. Bu baxımdam mühərrik istehsalının azaldılması ilə sərbəst qalan iş gücü parça istehsalında asanlıqla işləyə bildiyi halda, kapital faktorunun bu sektorda istifadə olunma imkanları daha məhduddur. Nəticədə genişlənən parça istehsalı iş qüvvəsinə olan tələbi sürətlə artırarkən, kapitala olan tələb daha məhdud templə artar. Bu isə əmək haqqının, yəni iş gücünün qiymətinin artımına, faizlərin, yəni kapitalın qiymətinin aşağı düşməsinə gətirib çıxarar.
Yaponiyada isə bunun əksi olan proses baş verər. Bu ölkə mühərrik istehsalında ixtisaslaşır. Parça istehsalının azalması ilə ortaya nisbətən bol miqdarda əmək çıxar. Mühərrik istehsalında artım, nəticədə, digər sektorda istifadəsiz qalan kapitalı asanlıqla mühərrik sənayesinə cəlb edər. Lakin iş gücü üçün bu asanlıq müşahidə edilmir, əmək istifadəsiz qalır. Nəticədə kapitala görə iş gücünün qiyməti aşağı düşər.
Bütün bunlar o deməkdir ki, sərbəst ticarət və beynəlxalq ixtisaslaşma ölkələrin daha çox sahib olduqları amillərin qiymətlərini yüksəldərək və qıt faktorların dəyərini aşağı salaraq, ölkələr arasında qiymətlərin bərabərləşməsinə gətirib çıxarır.
Reallıqda isə istehsal amillərinin qiymətləri nəzəriyyədə göstərildiyi kimi, heç də balanslaşdırılmış deyil. Məsələn, ölkələr arasında intensiv ticarətin olmasına baxmayaraq, əməyin qiymətində (əmək haqqı) əhəmiyyətli fərq müşahidə edilməkdədir. Bunun səbəbi isə teoremin əsaslandığı ilkin ehtimallardır. Qeyd edək ki, bu teorem də Hekşer-Olin teoremi barədə yuxarıda sadalanan ilkin ehtimallara əsaslanır (hər iki əmtəə hər iki ölkədə istehsal olunur, ticarətə cəlb olunan hər iki ölkədə texnologiya eynidir, istehsal amillərinin beynəlxalq hərəkəti mövcud deyildir).
İstehsal amillərinin nisbəti nəzəriyyəsi özünün çatışmazlıqlarına baxmayaraq, beynəlxalq ticarətin inkişafını izah edən ən populyar nəzəriyyələrdən biri olaraq qalmaqdadır. Təəccüblü deyil ki, bu nəzəriyyə dəfələrlə geniş statistik bazaya əsaslanan empirik (təcrübi) yoxlamalara məruz qalıb. Bu empirik testlərin nəticələri nəzəriyyənin müddəalarının düzgünlüyünü həm sübut edir, həm də onları inkar edir. Hekşer-Olin nəzəriyyəsinin nəticələrini təsdiq etməyən ən məşhur tədqiqat isə rus mənşəli amerika iqtisadçısı Vasili Leontyev tərəfindən həyata keçirilib. O, Hekşer-Olin teoremini ABŞ iqtisadiyyatının nümunəsində sınaqdan çıxarmış və “Leontyev paradoksu” adlanan bir nəticəyə gəlmişdir. Alim ABŞ-ın bütün xarici dünya ilə ticarət əlaqələrini təhlil etmişdir. İkinci Dünya Müharibəsindən sonra ABŞ ən varlı və kapitalla ən yaxşı təmin edilmiş ölkəlrdən biri sayılırdı. Bu ölkədə əməyin ödənilməsi səviyyəsi, yəni əmək haqqı digər dövlətlərdəkinə nisbətən daha yüksək olduğundan, Hekşer-Olin nəzəriyyəsinə görə, ABŞ kapitaltutumlu əmtəələri ixrac etməli idi. Bu fərziyyəni yoxlamaq üçün V. Leontyev ixrac üçün 1 milyon dollar dəyərində əmtəəni istehsal etmək üçün lazım olan kapital və əməyi, həmçinin birbaşa olaraq idxalla rəqabət aparan əmtəələrin istehsalı üçün (yenə də 1 milyon dollar dəyərində) tələb olunan əmək və kapitalın həcmini hesablamışdı. Sənayenin hər bir sahəsi üçün o, kapital və əmək xərclərini bir vahid əmtəə üçün hesablamış və bu zaman təkcə hazır məhsulla kifayətlənməmiş, aralıq məhsullar üzrə də hesablamalar aparmışdır. Sonra, 1947-ci il üçün ABŞ-ın ixracının strukturundan istifadə etməklə, o 1 milyon dollar dəyərində ixrac əmtəələrinin istehsalı üçün zəruri olan kapital və əmək xərclərinin nisbətini müəyyən etmişdi. Həmin il üçün idxalın strukturndan ölkədə istehsal edilməyən əmtəələri çıxmaqla, V.Leontyev birbaşa olaraq idxalı əvəz edə biləcək əmtəələrin istehsalı üçün tələb olunan kapital və əmək resurslarının nisbətini hesablamışdı.
V.Leontyev gözləyirdi ki, Hekşer-Olin nəzəriyyəsinə uyğun olaraq hesablamalar göstərəcək ki, ixrac əmtəələri idxalı birbaşa əvəz edəcək əmtəələrə nisbətən daha çox kapital tələb edir. Lakin nəticə tam əksinə oldu: idxalın kapitaltutumluluğu ixracınkını təxminən 30% üstələyirdi ki, bu da o demək idi ki, ABŞ heç də kapitaldan bol olan ölkə deyil və əksinə, bu ölkədə əmək resursları daha çoxdur. Bu isə mövcud təsəvvürə heç də uyğun deyildi.
İkinci Dünya Müharibəsinin hesablamalara mümkün təsirini nəzərə alan V.Leontyev hesablamalarını 1951-ci il üçün də apardı. Lakin bu dəfə də ABŞ idxalı ixraca nisbətən daha kapitaltutumlu oldu. Düzdür, bu dəfə üstünlük cəmi 6% təşkil edirdi. V.Leontyevin ardıcılları 1962-ci ildə hesablamaları yenidən təkrar etdilər. nəticə daha da gözlənilməz oldu: ABŞ-ın idxalı ixraca nisbətən 27% daha kapital tutumlu oldu.
Qeyd edək ki, eyni cür hesablamalar digər ölkələr üçün də aparılıb. Yapon iqtisadçıları Tatemoto və İçimuranın 1951-ci ilin göstəricilərinə əsaslanaraq Yaponiyanın nümunəsində apardıqları hesablamalar göstərmişdir ki, bu ölkə kapital tutumlu əmtəələri ixrac edir, əmək tutumlu əmtəələri isə idxal edir. Halbuki, Yaponiya 1950-cim illərdə daha çox əmək resursları ilə bol olan ölkə kimi qəbul edilirdi.
Hindistan iqtisadçısı R.Bharadvayın 1953-1954-cü ilin rəqəmləri əsasında Hindistan üçün apardığı tədqiqatın nəticələri isə göstərmişdir ki, böyük əmək resurslarına malik Hindistanın ixracı ümumilikdə əmək tutumludur. Lakin maraqlı burasındadır ki, onun ABŞ-a ixracı kapital tutumlu olub.
Bütün bu deyilənlər o qədər gözlənilməz idi ki, iqtisadi elm tarixinə “Leontyev paradoksu” adı altında daxil oldu. Bu paradoksa və ya ziddiyyətə görə, Hekşer-Olinin istehsal amillərinin nisbəti nəzəriyyəsi praktikada təsdiq olunmur: əmək resurslarından bol olan ölkələr kapital tutumlu əmtəələr və əksinə, kapitaldan bol olan ölkələr əmək tutumlu əmtəələr ixrac edir.
Mövcud təsəvvürlərin bu cür kəskin inkarı ciddi izah tələb edirdi. Bu zaman aparılan müzakirələr zamanı sübut edilməyə çalışılırdı ki, Hekşer-Olin teoreminin müddəaları özlüyündə düzgündür, sadəcə V.Leontyev tərəfindən alınan nəticələr xətalıdır. V.Leontyevin nəticələrinə qarşı sürülən arqumentlərə keçməzdən əvvəl onun özünün aldığı nəticələrin izahı barədə söylədiklərinə diqqət yetirək. Alim hesab edirdi ki, Amerika cəmiyyəti üstün təşəbbüsçülük, idarəçilik, təhsil və işgüzarlıq mühitinə malikdir ki, bu xüsusiyyətlər səbəbindən də, amerkan işçilər digər ölkələrin işçilərinə nisbətən daha üstün vəziyyətdədirlər (yəni, digər şərtlərin bərabər olduğu şəraitdə onların məhsuldarlığı daha yüksəkdir). Bu nöqteyi-nəzərdən, bir amerikan işçisi üç xarici işçiyə bərabərdir. Dolayısıyla, Amerikanın real iş gücünü müəyyən etmək üçün mövcud iş gücü rəqəmlərinin üçə vurmaq lazımdır. Belə olan halda isə, ABŞ reallıqda kapitaldan deyil, əmək resurslarından bol olan ölkə olacaq. Əslində isə V.Leontyevin hesablamaları bir çox arqumentləri nəzərə almırdı ki, onlardan da əsasları aşağıda göstərilmişdir: İş qüvvəsinin ixtisaslı və qeyri-ixtisaslı olmaqla bölmək və ixrac əmtəələrin istehsalı üçün çəkilən xərcləri hər bir qrup üçün ayrıca hesablamaq lazımdır.
Amerikan iqtisadçısı Donald Kisinq 1966-cı ildə çap etdirdiyi tədqiqatında iş qüvvəsini ixtisas səviyyəsinə görə 8 müxtəlif kateqoriyaya bölmüş və sübut etmişdir ki, ABŞ-da ixtisaslı iş qüvvəsinin bolluğu və qeyri-ixtisaslı iş qüvvəsinin çatışmazlığı mövcuddur. Buna görə də, ABŞ ixtisaslı əmək resurslarından istifadə edən əmtəələri ixrac edir. Bu əmək resurslarının hazırlanmasına və təhsilinə çəkilən xərcləri isə kapital hesab etmək olar. ABŞ böyük həcmdə xammal idxal edir ki, onların da hasil edilməsi iri həcmli kapital xərcləri tələb edir. Bir sıra alimlər, o cümlədən amerikalı Ceyms Hartigen kapitaltutumlu xammal idxalından asılı olan sahələri nəzərə almamaqla V.Leontyevin apardığı hesablamaları elə həmin illər üçün təkrar etmiş və ziddiyyətin aradan qalxdığını sübut etmişlər.
V.Leontyevin hesablmaları idxal tarifi faktorunu nəzərə almırdı. Bu tariflər isə çox zaman ilk növbədə yerli əmək tutumlu istehsal sahələrinin müdafiə edilməsi üçün tətbiq edilirdi ki, bu da öz növbəsində əmək tutumlu idxalın azalmasına səbəb olurdu. Amerikan iqtisadçısı Robert Beldvin tərəfindən aparılan hesablamalar göstərir ki, tarif faktorunun aradan qaldırılması “Leontyev paradoksu”nun effektini 5% azaldır, lakin onu tamamilə aradan qaldırmır.
Lakin yuxarıda irəli sürülən arqumentlərlə yanaşı, “Leontyev paradoksu”nu izah etmək üçün Hekşer-Olin teoremini kökündən inkar edən fikirlər də irəli sürülürdü. Belə bir fikirlərdən biri ondan ibarət idi ki, amerikanlıların zövq və arzuları ənənəvi olaraq kapital tutumlu texnoloji məhsula istiqamətlənib və onlar da xaricdən məhz bu əmtəələri almağa çalışırlar. Bu cür yanaşma faktiki olaraq beynəlxalq ticarəti tamamilə başqa səbəblərlə izah etməyə edilən cəhddir ki, bu barədə də bir qədər sonra daha geniş danışacağıq.
Bütün bu məhdudiyyətlərə və çatışmazlıqlara baxmayaraq, bir daha qeyd edilməlidir ki, Hekşer-Olin və Hekşer-Olin-Samuelson teoremləri beynəlxalq ticarətin izah edilməsində mühüm əhəmiyyət kəsb edirlər.
Neoklassik məktəbin nailiyyəti kimi həmçinin müqayisəli üstülüklər nəzəriyyəsinin ikidən artıq əmtəə və ölkə modelləri üçün də keçərli olduğunu sübut etməsini göstərmək olar. Müqayisəli üstünlüklər nəzəriyyəsinin daha çox miqdarda ölkə və əmtəələrə aid edilməsini öz əsərlərində ilk dəfə əsaslı surətdə əsaslandıran yuxarıda adı çəkilən amerikan iqtisadçısı Pol Samuelson olub. O, müqayisəli üstünlüklər nəzəriyyəsinin müddəalarının iki ölkəli və ikidən artıq əmtəəli modellər, həmçinin iki əmtəəli və ikidən artıq ölkəli modellər üçün də doğru olduğunu sübut edib. Hər iki modeli ardıcıllıqla nəzərdən keçirək.

Yüklə 117,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin