Dərindən nəfəs alıb mürgüləyir, başını divana qoyub yuxulayır. İşıq sönür.
İşıq yanır. Günəş əlində bir neçə kitabla Universitetə gedir. Səməd masa arxasında nəsə yazmaqla məşğuldur. Gözucu Günəşə baxır, Günəş ona göz vurub çıxır. Züleyxa daxil olur.
Səməd: Gör nə vaxtdır səninlə bərabər gəzmirəm. Mən öz nənəmlə bulvarda, Xəzərin sahilində gəzib dərdləşmək, bol-bol söhbət etmək istəyirəm. Dalğaların səsini, qağayıların qığıltısını, insanların qarışıq səslərini, küləyin həzin vıyıltısını bərabər dinləyib təbiətdən zövq alaq biraz. Beş günlük dünyadır. Ömürə etibar yoxdur.
Züleyxa: Qüdrətdən törəyənin axırı nə olacaq? Mərifəti gözü çıxmış babandan öyrənmisən? Hamınız şair olmusunuz. (gülür) Yaxşı, mən paltarımı dəyişim, çıxaq.