Zərifə tərs-tərs baxır ona. Ətrafı toplamağa başlayır.
Zərifə: Yenə dağınıqdır hər yer.
Nahid: Zərifə, yadına gəlir, bir dəfə necə içmişdiksə ikimiz də lül pian idik. Gecə yarısı idi, dəniz qırağında öpüşürdük. Sən elə bilirdin ki, mən səni sevirəm. Mən də sənin kimi neçə-neçə qadını özümə aşiq edib kef eləməyimlə fəxr edirdim.
Zərifə:Ay axmaq, indi hanı onlar? Hə? Sənə qalan yenə mən oldum!
Nahid onun bu sözünü eşidib bərk və ürəkdən gülməyə başlayır. Bu Zərifəyə pis təsir edir. Rəngi qızarır. Tərs-tərs baxır Nahidə.
Nahid: Elə bilirsən sən təksən? Bu uçuq daxma qadın əlindən bezib e. Yazıq divarlar burda lüt qadın görə-görə əriyib uçurlar. Siz hamınız elə bilirsiz ki, sizdən başqası yoxdur. Amma sənə bir etiraf edim? (Zərifə cavab vermədən nifrətlə seyr edir) O qadınların içində ən ağıllısı sənsən. Mən də təkcə sənin yanında ağıllı oluram. Uşaq oluram. (yaxınlaşıb Zərifəni yerə oturdur, başını onun dizinə qoyur) Səndən qayğı gözləyirəm. Sən o qadınların ən xoşbəxtisən. (gülür)
Zərifə: Sən alçaqsan! (yaxınlaşıb Nahidin köynəyinin yaxasından tutub onu divara çırpır, ona bir şillə vurur) Sən oğraşsan! Murdarsan! Axı mən sənə necə aşiq olmuşam? Necə? (bir daha çırpır və üzünə tüpürüb onu buraxır)