Zərifə: Sən dediyin fahişəlikdir.
Nahid: Məgər sən fahişə deyilsən?
Zərifə: Alçaq! (bir şillə çəkir ona, sonra tərs-tərs baxır və ağlayaraq qaçıb çıxır)
Nahid: Getdin? Eh! Getmə də! (arxasıyca qışqırır) Heeeeeeey.... Getmə də... (ağlayır)
Hönkür-hönkür ağlayır. Sonra qalxıb qutulara yığılan kitabları dağıdır... Ağlayaraq onlardan birini götürüb oxumağa başlayır.
Nahid: İnsanlar hər gün yenidən doğulur. Hər gün ölür, hər gün doğulur bir insan. Hər gün arzu edir, xəyal qurur, ümid edir, sevinir, kədərlənir, ağlayır, gülür – bir ömürə sığmayan neçə taleyi bir gün ərzində yaşayır insan.
Hər insan baxa bilir amma hər insan görə bilmir. Hər insan dinləyə bilir amma hər insan eşidə bilmir. Görməyi və eşitməyi öyrətməliyik özümüzə. Yalnız onda insanları görməyi və ağlımızı eşitməyi bacararıq.
10 il əvvəl yazdığım psixologiya kitabıdır. Həmin illərdə ən çox satılan psixologiya kitabı məhz mənim kitabım idi. İnsanlar iki qat düzüldülər otağımın qapısında bu kitabdan sonra. Bir-birinin saçını yolurdular növbə götürmək üstdə. Bir-birlərinə ağızlarından çıxanı deyirdilər... Biri digərindən tez girmək istəyirdi. Ah! Hanı o pərəstiş? Dağıldı getdi! Onda mən itaətə layiq olan canlı bir büt idim, indi isə cansız bir bütə sitayiş edən axmağam. Cansız bir bütə? Nə büt? Hansı büt? Özü də cansız? Bu hansı bütdür? (düşünür və birdən duruxur) Hə! Güzgü! Hanı mənim güzgüm? (ətrafa boylanıb axtarmağa başlayır) Hanı mənim güzgüm? (tapır) Ah! Burdadır! Burdasan mənim əzizim! Mənim Tanrım! (öpür və qucağına sıxır) Mən səni sevirəm... Mən səni sevirəm... (bu vaxt Aytac daxil olur və qapının ağzında durub ona tamaşa edir. Nahid isə “Mən səni sevirəm” –deyə qışqıraraq fırlanır və birdən Aytacı görüb durur sonra isə yıxılır) Yenə gəldin?
Aytac: Neyləyim? Mən də bir cür bədbəxtəm. Sənsiz bacarmıram.
Nahid: Səni sürüyüb gətirirəm bura?
Dostları ilə paylaş: |