Yaşayır…
Vüsalda hicran yaşayır,
Qocada cavan yaşayır…
Heyvanda insan yaşayır,
İnsanda heyvan yaşayır…
Qarışıbdır dama-dama,
Qəm sevincə, sevinc qəmə.
İlan zəhərində demə,
Ən nadir dərman yaşayır…
Ağ var telin qarasında,
Bal var dilin arasında,
Dirilərin arasında
Yüz-yüz ölü can yaşayır…
Haçan ki, yaxşını daddım,
Pisi ürəyimdən atdım.
Çox-çox sirlər, çox-çox adda
Sinəmdə pünhan yaşayır…
Sevgisiz ömür dumanda,
Eşqədir bütün imanlar.
Məhəbbətlə göz yumanlar
Allah ilə tən yaşayır…
Bəşər yaranandan bəri,
Nəsil gedir, nəsil gəlir,
Oğlumda atam göyərir,
Nəvəmdə babam yaşayır…
Xatırlanırlar daima
El yolunda fədailər.
Özü gedib Xətainin
Qılıncında qan yaşayır…
Yoruldum yalan yeməkdən,
Baş açmadım çox kələkdən,
Bu dünyada hər məsləkdə,
Hər dində adam yaşayır.
Nələr etməyir insanlar,
Uçur başlar, axır qanlar.
Görürsən bir cılız canda
Yekə aziman yaşayır…
Ağlım bir şey kəsən gündən,
Dərd daşıdım kürəyimdə.
Yumruq boyda ürəyimdə
Sonsuz asiman yaşayır…
1995
Dəbə düşüb…
Xalqı sevmək indi yaman
Dəbə düşüb,
Xalqım deyir təhə lotu,
Köhnə, düşük…
Ağızları köpüklənir
Danışanda,
Timsah kimi yaş tökürlər
Gildir, gildir,
Ən çox xalqı satanlardır ən çox
Xalqdan danışanlar,
Yazıq xalq da sadəlövhdür,
Sadədildir,
Yazıq xalq da inanandır,
Yazıq xalq da taleyilə
Əl-amanda…
Yazıq xalq da olub rəzil,
Batıb qana…
Heç oğul da anasına yaltaqlanar?..
Əsl oğul öz xalqına
Fəda olar,
Belələri danışanda qəzəb,
Nifrət boğur məni…
Yaltaq adam satqın olur,
Gəda olur…
Belə milli həpəndlərə
Məsləhətim
Budur mənim…
Əvvəl onlar öz qanını
Təmizləsin,
Vicdanları varsa əgər
Vicdanını
Təmizləsin…
Əsl xidmət budur xalqa,
Məmləkətə,
Başı min bir bəla çəkən
Bu millətə…
1994
Danışarsan
Təbrizim, ömrüm, adım,
Sən məni yaşadırsan…
Mən çoxdan susmalıydım,
Əgərçi yaşa dursa…
Sən dadına çatansan,
Sən əlimdən tutansan,
Sən anamsan, atamsan,
Bacımsan, qardaşımsan…
Biz əl-ələ gəzəndə,
Biz səninlə gəzəndə,
Mən sənə, Təbriz, sən də
Babana yaraşırsan…
Sən mənim özüm, eynim,
Əsl möcüzəm, sehrim,
Mənim körpəlik dövrüm,
Mənim gənclik yaşımsan…
Mən susanda bir günü,
Yaşayarsan ömrümü,
Babanın kimliyini,
Xalqına danışarsan…
1994
Xalq
Taci-taxt axtaranlar kəslər əlində,
Daim bir hədəfdi, bir nişandı- XALQ…
Yurdun dar günündə, ağır inində
Çarpışan da xalqdır, əlləşən də –XALQ…
Özgə heç onu saya alan yox,
Nə bir itirən, yox, nə axtaran yox,
Heç böyük balası şəhid olar, yox,
Şəhid olan da XALQ, döyüşəndə-XALQ…
Düşmən qabağında o sədə dönər,
Vicdana, namusa, qeyrətə dönər,
Əlüstü sayılar, hörmətə minər,
Bir savaş düşəndə, qan düşəndə-XALQ…
Yalançı başçılar, vəkillər onu,
İlan tək çox dəmə çəkiblər onu,
Xalqım deyə-deyə söküblər onu,
Aldanan da XALQDIR, xam düşən də-XALQ…
Əsrlər dəyişir, o durur yenə,
O öz kimliyini qoruyur yenə,
Uca ola-ola aşağı yerə,
Layiq olan da-XALQ, əyləşən də-XALQ…
Bütün uluların odur ulusu,
İgid Babəki var, qoç Koroğlusu,
XALQ kimdir, millətin dilsin yavrusu,
Əl-ayaqsız da XALQ, möhtəşəm də XALQ…
Nə şöhrət tanıyar, nə ad, nə mənsəb,
Məhv olar, o qara kütləyə dönsə,
Pərən-pərən olmuş sürüyə bənzər,
Özü ilə çəkişib-didişəndə-XALQ…
Nifrəti üzdədir, eşqi dərində,
Zəhər bir əlində, bal bir əlində,
Mərdlik hifs eyləyir qəm-kədərində,
Faciə yaşadır gülüşündə-XALQ…
Ona bu dünyada tay ola bilməz,
Qılıncı olmasa sayıla bilməz,
Önündə bir qüvvə dayana bilməz,
Əl-ələ verəndə, bğirləşəndə-XALQ…
Hərə özünü düşünür…
Xalqını düşünən hanı,
Hərə özünü düşünür,
Arvadını, uşağını,
Oğul-qızını düşünür…
Hərə qalır öz gününə,
İşıq salır öz gününə,
Hər öz toy-düyününü,
Hərə yasını düşünür…
Allah dadımıza yetsin.
Məhv olarıq belə getsə,
Kim kimə yaxşılıq etsə,
Tez əvəzini düşünür…
O nadanın bax içinə,
Adam olub pul gücünə,
Aləm batsa nə vecinə,
O özgəsini düşünər?..
Tayfalara bölünürük,
Ayaqlarda sürünürük,
Niyə miskin görünürük,
Bir yol siz bunu düşünün…
Yad vaya vay verən kimdir,
Kasıba pay verən kimdir,
Qonşuya hay verən kimdir,
Hamı tərsini düşünür…
Hərə öz-özünə darğa,
Hərə öz-özünə «arxa»,
Bununçün yarımçıq xalqıq,
Gəlin düzünü düşünək…
1993
Aman Allah, mənə qiymət verənə bax…
Aman Allah, aman Allah,
Mənə qiymət verənə bax…
Saxla, cəfəng sözlərini
Yetər, bəsdir.
Mən bilirəm nəyim yaxşı,
Nəyim pisdir…
Düşmənimdir boşboğazlar,
Gəvəzələr…
Mən özümə özüm mizan, tərəziyəm…
Mən bilirəm öz yaxşımı, yamanımı,
Tərifimi, nöqsanımı…
Anam haqla bələyibdir bələyimi,
Məhəbbətlə doldurubdu …
Ağlım bir şey kəsən gündən,
Öz-özümü zərrəbindən keçirirəm
Gündə-gündə…
Çörəyimə haram tikə qatmamışam…
Bir günaha batmamışam…
Hey qaçmışam xeyrimdən,
Bir yad nəfəs görməzsiniz
Şerimdə…
Əlim heç vaxt batmayıbdır
Nahaq qana,
Bir insana, bir heyvana
Bir yamanlıq etməmişəm…
Əyri yola getməmişəm,
Bircə qəlbə dəyməmişəm
Beca yerə,
Mən həqiqi peyğəmbərəm…
Aman Allah, aman Allah,
Səhvlərimi görənə bax…
Bəsdir yetər, kiri, dayan,
Dayan özxüm səhvlərimi sadalayım…
Ən birinci bəlam budur
Şair doğub məni anam,
Hər bir şeyə inananam…
İnananam kim nə desə,
Təmiz sözə, kirli sözə…
Daim elə inanmışam,
Yalançılar tərəfindən talanmışam…
Aldadıbdır ən sevdiyim dostlar maəni,
İynə boyda səmimiyyət ovsunlayıb
Dərhal məni…
Dağlar boyda ümid verib mənə
Xırda bir yaxşılıq…
Bir xoş niyət, bir xoş qılıq…
Nanəciblər ürəyimə bəzən yara vursalarda,
Yenə, yenə, bir nəciblik
Aramışam insanlarda…
Oğrularda bir doğruluq,
Gədalarda bir ululuq,
Yoxsullarda bir zənginlik,
Qorxaqlarda döyüşgənlik,
Dinsizlərdə dindən nişan,
Məzlumlarda bir ehtişam,
Laqeydlərdə sevgi, nifrət,
Vəhşilərdə mədəniyyət,
Zülmətlərdə şölə, işıq,
Kifirlərdə bir yaraşıq,
Gözəllərdə ağıl, kamal,
Məhəbbətdə bir ideal,
Bir kədərə min-min şərik,
Bir baxışda bəşərlik,
İlahilik hər cür dildə,
Bəşərilik hər ölümdə,
Bir qətrədə bütöv ümman,
Aramışam, axtarmışam…
Ürəyimdə zərrə boyda bir qara yox,
Gələrdimmi bu dünyaya dübarə-yox?..
Qədəmimə gül-çiçəklər düzəldilər,
Mənim üçün gecə-gündüz gəzəydilər,
Bütün dünya yığışaydı görüşümə,
Lap heyvanlar sevinəydi gəlişimə,
Aylar boyu, illər boyu,
Pişvazıma çıxaydılar yollar boyu,
Cərgə-cərgə, dəstə-dəstə,
Bir də, bir də dünyaya üz çevirməzdim…
Mənə qiymət verənə bax,
Mənə qiymət verə bilər zaman, Allah…
1994
Kütləyə dönmə, millətim
Kütlənin adı kütlədi,
Kütlə xar edir milləti;
Kütlə qanmayır dost nədir,
Kütlə qanmayır yad nədir;
Kütlə çoxdankı kütlədir,
Kütləyə dönmə, millətim.
Çıxdı alimi söz deyə,
Çıxdı şairi söz deyə,
Kütlə şairi pislədi,
Kütlə onları fitlədi.
İmadəddini qətl edib,
Hadı ölümünə cəhd edib,
Böyük Sabiri rədd edib,
Kütlə çoxdankı kütlədi.
Kütləyə dönmə, millətim.
Nə beyni, nə ürəyi var,
Elə ləbbey deməyi var;
Bağırır niyə bilməyir,
Fikrini deyə bilməyir…
Yalnız kor hisslərin qulu,
Məqsədi, yolu qorxulu
Boş yerə yorur özünü,
Yoxdur məhvəri, özülü,
Çalxanır, qabarır, batır,
Büs-bütün köpükdü qatı…
İşi zorladı, güclədi,
Kütlə çoxdankı kütlədi.
Məskəni çöl, bayır, küçə,
Haqqı ayaqlayıb keçər.
Dost ola, ya ki, yad ola,
Qoyar ayağı altına.
Gözləri qandı kütlənin,
Beyni dumandı kütlənin.
Hərc-mərcliyə müttəfiq,
Kütlə çoxdankı kütlədi.
Qanmaz yaxşı, yaman oldu.
Vəhşiləşir axırda o…
Yox ağlı, gücü, qüdrəti…
Kütlələrin zamanıdır,
Yalvarıram, ağıllı ol,
Kütləyəı dönmə, millətim!
Xilası ancaq…
Yalnız inanıram ağlın gücünə,
Hər işdə irəli o düşə gərək..
Quruluş dəyişməklə dəyişməz heç nə,
Əvvəl təfəkkürlər dəyişə gərək…
Onsuz bütün ərzin gücünü topla,
Nə əsl ədalət, nə də haqq olmaz…
Heç bir ordu ilə, tüfənglə, topla,
Vətəni hifz edib, saxlamaq olmaz.
Amma kalımız bol, nadanımız bol,
Vicdan əzabından azadıq hələ…
Varımız, malımız, imkanımız bol,
Ağlın sərvətindən kasadıq hələ…
Hələ millət kimi yetişməmişik,
Hələ çox şeyimiz ala-yarımçıq…
İçdən bir-biriylə, bitişməmişik,
Üzdən birliyimiz ala-yarımçıq…
Etiraf edəlim olsa da çətin,
Azdı ruhumuzun ziyası hələ…
Hadi doğru deyib yox bu millətin,
Millətlər içində imzası hələ…
Güya Koroğlunun övladlarıyıq,
Amma ki, qeyrətdən yarınmamışıq…
Neçə əsrdir ki, xalq adlanırıq,
Çox-çox ölkələrdə tanınmamışıq.
Böyük zəkaları qurban edirik,
Şəxsi xeyrimizə, nəfsimizə biz…
Öz qızıl qanına qəltən edirik,
Kim yaxşıya yaxşı deyir, pisə pis…
Qurban payı kimi bölüblər bizi,
Öz kal ağlımızın qurbanlarıyıq…
Heç vaxt görməyirik öz səhvimizi,
Dünyanın talesiz insanlarıyıq…
Elə özümüzü tərifləyirik,
Özünü bəyənən ağama vay, vay?..
Tərif eşitdikcə xərifləyirik,
Təriflə evini yıxana vay, vay…
Ura dəlisiyik, şüar ustası,
Sürüylə məddahlar yazanımız var…
Elə qovruluruq yağımızdaca,
Elə qaynayırıq qazanımızda…
Daim böyüklərin kirayəsində,
Dünən onda idik, bu gün bundayıq…
Elə onun-bunun himayəsində,
Elə onun-bunun qoltuğundayıq…
İmkanım olsaydı daş qafaları,
Lap yumurta kimi döyüşdürərdim…
Yarımçıq başları, boş qafaları,
Doluları ilə dəyişdirərdim…
Zəka, kamal payıla bizlərə, Allah,
Qalan söz-söhbətlər nağıldır ancaq,
Bu xalqın ümidi, xilası vallah,
Ağıldır, Ağıldır, Ağıldır ancaq…
1992
Dözmək olmur daha
Bu gəlir aldadır xalqı,
O gəlir aldadır xalqı…
Gör nə yaman günə qalıb,
Gör ki, nə haldadır xalqım…
İlanla da dolanandı,
Əqrəblə də dil tapandı,
İblisə də inanandı,
Bu sadəlövh, fağır xalqım…
Gəmisi var, sükanı yox,
Quranı var, imanı yox,
Vətəni var, baxanı yox,
Kim belə qarğıyıb xalqı…
Binayi-qədimdən qardaş,
Ərzi idarə edir baş,
Biz hisslər əsiriyik-kaş,
Kaş olaydıq ağıl xalqı…
Çox-çox xanı, çox-çox bəyi,
O qaldırıb mərtəbəyə,
Onlar da xalq deyə-deyə,
Gecə-gündüz satıb xalqı…
Mərddən artıqdır namərdi,
Dərdi çox, yoxdur həmdərdi,
Hər gün başına göylərdən,
Öz daşındır yağır, xalqım…
Nə qədər qanlı dişlər var,
Nə qədər çirkin işlər var,
Dünyada dost var, düşmən var,
Bizə durub baxır xalqım…
Nə qədər biqeyrət olar,
Nə qədər xəyanət olar.
Nə qədər müsibət olar,
Dözmək olmur daha, xalqım…
Düşmənimiz özümüzdən,
Ya rəbb, qoru bizi bizdən,
Bu ləkəni üstümüzdən,
Kim siləcək, axır, xalqım?..
1992
Allah
Sən demə xəbərimiz yox,
Bu ölkə satılıb, Allah…
Deməyə təpərimiz yox,
Bu ölkə satılıb, Allah…
Yetər, ta qoydunuz bəsdi,
Başımız altına yastıq,
Şuşa boyda qalamızda,
Yağılar oturub, Allah,
Bu ölkə satılıb, Allah…
Rütbə üçün alçalmalar,
Əmmaməli, ağ çalmalar,
Bu hay-küylər, əl çalmalar,
Naləmi batırır, Allah,
Bu ölkə satılıb, Allah…
Eşitsin Təbriz, Marağa,
Xətai qalxsın ayağa,
Necə dözürük, Qarabağ
Artsaxa qatılır, Allah,
Bu ölkə satılıb, Allah…
Nə zamandı, nə müddətdi,
Vətən seçilmir qürbətdən,
Ayılıb bütün millətlər,
Biz hələ yatırıq, Allah,
Bü ölkə satılıb, Allah…
Çox nahaq, havayı yerə,
Qoymuşuq silahı yerə,
Bəzən də havaya elə,
Boş güllə atırıq, Allah,
Bu ölkə satılıb, Allah…
Söz ilə həmlə qururuq,
Sülh ilə düşmən qırırıq,
Səbr ilə doyuzdururuq,
Xalqı aldadırıq, Allah,
Bü ölkə satılıb, Allah…
Baxan yox haqqa, divana,
Olmuşuq dəli-divanə,
Gəmimiz düşüb tufana,
Kömək et, batırıq, Allah,
Bu ölkə satılıb, Allah…
1992
Yarı-yarı, bütöv-bütöv
Çox şeyimiz bütöv deyil,
Çox şeyimiz yarı-yarı…
Yarı şərik, yarı xeyir,
Sevməyimiz yarı-yarı…
Yarıürək, yarı başıq,
Tamam yarıvətəndaşıq,
Yarı gülləatanlarıq,
Yarı haqqı tutanlarıq,
Yarı qorxaq, yarı igid,
Yarı imam, yarı seyid,
Yarı nəcib, yarı kinli,
Yarı şiə, yarı sünnü,
Vicdanımız yarı-yarı,
İmanımız yarı-yarı…
Yarı ağa, yarı kölə,
Yarı ağlar, yarı gülər.
Yarı bizli, yarı sizli,
Yarı gözsüz, yarı gözlü,
Yuxumuz, bəllimiz yarı,
Səxavət əlimiz yarı…
Yarı ondan, yarı bundan,
Yarıyacan bəni-insan.
Nağıllarda olduğutək,
Yarı balıq, yarımələk…
Hüsnü-cəmalımız yarı,
Ağıl-kamalımız yarı…
Yarı qurduq, yarı sürü,
Yarı sağıq, yarı ölü…
Suyumuz, dənimiz yarı,
Hətta vətənimiz yarı…
Hətta süslüyümüz bütöv,
Nadürüstlümüz bütöv,
Milli korluğumuz bütöv,
Rüşvətxorluğumuz bütöv…
Rütbə savaşımız bütöv,
Əlimiz, başımız bütöv…
Burun-qulağımız bütöv,
İtmiş papağımız bütöv,
Çərənçiliyimiz bütöv,
Mənəmçiliyimiz bütöv,
Yuxu yastığımız bütöv,
Qohumbazlığımız bütöv,
Bölmək ənənəmiz bütöv,
Yerliçi genimiz bütöv,
Bü dərd-mərəzimiz bütöv,
Tayfa-ərazimiz bütöv.
Çox bəd işlərimiz bütöv,
Keçməkeçlərimiz bütöv…
Yarı bütöv, bütöv yarı,
Xəmirimiz belə bişib…
Bu millətin, bu diyarın
Ta Allaha qalıb işi…
Bizə özün çarə elə,
Xilas elə, Tanrı, bizi…
Tamımızı yarı elə,
Tama çatdır yarımızı…
1993
Ölmək hüququndan qeyri…
Ölülər sağ, sağlar ölü,
Bu nə cürə zəmanədir…
Fitrətindən yerin, göyün
Pozulubdur müvazinət…
Dünənimiz sabahımızdır,
Bu günümüz binəsibdir.
Müqəssirlər günahsızdır,
Günahsızlar müqəssirdir.
Heyf, qalanlara, heyf,
Ey yatanlar, ayıq olun.
Bir ləkəsiz bəşər deyin,
Heykəlini qoyaq onun…
Hamı laqeyd biganədir,
Bu nə cürə zəmanədir…
Natəmizlər salıb şərə,
Təmizləri sürdürürlər,
Ölüləri dirildirlər,
Diriləri öldürürlər,-
Xilasımız ağlamaqdır,
Himnimiz də mərsiyədir…
Bütün işlər baş-ayaqdır,
Bütün sözlər tərsinədir…
Biz hürriyyət deyə-deyə
Qayıdırıq köləliyə.
Gələcəyi döyə-döyə
Keçmiş çıxır irəliyə…
Dərd əlindən dağa cumub,
Nə qədər bəlalı qaçır.
Əyrilər qabağa cumur,
Düzlər dalı-dalı qaçır…
Bütün üzlər olub astar,
Bəylik, xanlıq, qoçuluqdur…
Mənəviyyat dünyamızda
Kasıblıq, yolçuluqdur…
Dağılıbdır bütün sədlər,
Qalanıb dərdlər üst-üstə…
Fəlakət də, müsibət də
Bir-biriylə bəhsəbəhsdə…
Qeyrəti, namusu atıb,
Qarabağı verdik yada.
Kişilərə ləçək, yaylıq,
Papaq verin arvadlara…
Tüpürüblər məhəbbətə,
İndi hamı pul axtarır…
Qızlar düşüb məzəndədən,
Bəylər varlı dul axtarır…
Dovşana qaç, ovçuya vur,
Tazıya hür öyrədirlər…
Dilsizləri dilsiz qoyur,
Lallara dil öyrədirlər…
Düz danışan yazarları
Ehtiyacla şərlədirlər.
Bala-bala azarladıb
Bala-bala çərlədirlər…
Millət quruca söz olub,
Ölmək hüququndan qeyri,
Bütün hüquqlar pozulub…
1992
Vətən
Vətən hər kəsə nəfisdir,
O hər uludan uludur.
Vətənə tərif deməzlər,
Tərifdən ucada durur o…
Cavanlar sevişər, vurular,
Düşərlər məhəbbət oduna..
Vətənçün ömürlər kül olar,
Yanarlar çövrünə, oduna…
Üstündə gəzməkdən doymazlar,
Qoynunda yatmaqdan heç zaman…
Heç nəyi ona tay qoymazlar,
Onu tək yaradıb Yaradan…
Ananın südü ilə süzülər,
Bir başa iliyə, qana o…
Kim qulaq asmasa sözünə,
Cəhənnəm odunda yanar o…
Kök atıb qəlbinə hər kəsin,
Bu eşq dərindən dərinə…
Onun milyardla zərrəsi,
Ətimdə, qanımda, dərimdə…
Hamının gözünün odudur o,
Hamının bircəyidir…
Quran tək müqəddəs tutulur,
Hər bir nəsihəti, öyüdü…
Gülün də Vətəndir Allahı,
Quşun da dilində əzbərdir.
Vətəni az sevən, Vallahı,
Bu eşqi car edən kəslərdir…
Bu yarış deyil ki, deyəsən,
Ona kim daha çox vurğundur…
Onun Babəkdir əsl yiyəsi,
Sabirdir, Həcərdir, Qorquddur…
Kim necə istəyir bircəsin,
Bu cavab çox adi, çox asan…
Bununçün gərəkdir hər kəsin,
Yarasan, köksünə baxasan…
Silahı qısa çıxıb…
Vicdanlar cibə çöküb,
Yeni möcüzə çıxıb…
Təmizlər dibə çöküb,
Murdarlar üzə çıxıb…
Yamanlar öz keyfində,
Yaxşılar pisə çıxıb…
Kimin ki, ürəyində
Nə qurd var, üzə çıxıb…
Bir vaxt yalan deyənlər,
Büsbütün düzə çıxıb…
Hələ çox-çox ağsaqqal
Sifətdən kosa çıxıb…
Qaçqınlarla qurd, çaqqal,
Bir qış da yaza çıxıb…
Xalq daha doyub cana,
Astarı üzə çıxıb…
Əvəzində ekrana
Hər cür gəvəzə çıxıb…
Dollar yığır varlılar,
Bu dəb də təzə çıxıb…
Atamızın malına
Yadlar vərəsə çıxır…
Harda qaldı o tayım,
Burda qan dizə çıxıb…
İndi-indi harayım,
Gedib Təbrizə çıxır…
Üzüqara hürriyyət
Nəqd ikən nisyə çıxıb…
Çoxları meydanlara
Sən, demə səs çıxıb…
Haqqı basdalayıblar,
Altından gürzə çıxıb…
Halalları sayıblar,
Siyahı qısa çıxıb…
1995
Davalar… Davalar…
Yer üzündə od qalayan
Davaların çoxdur sayı,
Çoxömürlü müharibə
Çörək, qarın davasıdır…
Çox davalar qalxıb, yatıb
Bu hətta onların tayı,
Əsl dava varlılarla
Kasıbların davasıdır.
Ehtiyacla vuruşdadır,
Döyüşdədir, daim bəşər,
İmkansızlar qarşısında
Baş əyirlər qiblə kimi.
Bir Domakl qılıncı tək
Asılmada o həmişə,
İnsanlığın başı üstdən
Ta beşikdən qəbirə kimi…
Ən əyilməz oğulları
O sındırır, əsir edir,
Savaşların pis savaşı
Toxun, acın davasıdır…
O nə qədər ölkələri,
Millətləri, rəzil edib,
Tükənməyən dava-qırğın
Ehtiyacın davasıdır…
Çəkişmələr, keçməkeşlər
Pul üstündə, var üstündə,
Ata, oğul olur düşmən,
Pul üstündə, var üstündə;
Çox həmlələr, təhlükələr
Pul üstündə, var üstündə;
Dilə gəlib ilk güllələr,
Pul üstündə, var üstündə;
Milyonlarla baş vurulub
Nəfsə görə, xeyrə görə;
Tamahkarın işi-gücü
Gümüş, qızıl davasıdır.
Siz söyləyin, kim o qızıl, gümüşlərdən
Xeyir görüb?
Fəqət qızıl-zər davası
Bəşərin zor davasıdır…
Davanın da adam kimi
Yaşı olur, günü olur,
Bir doğulan günü olur,
Bir yox olan günü olur…
Xalqlar qövlü-qal istəməz,
Dağ yerinə lap dağ üstdə
Başçılardır qanlar tökən
Mənsəb üstdə, maraq üstdə…
Başsızların əmri ilə
Milyonla baş qurban gedib.
Bu davalar nə istiqlal,
Nə hürriyyət davasıdır…
Say-hesabsız həyat sönüb
Dəryalarca al-qan gedib,
Davaların ən qanlısı
Hakimiyyət davasıdır…
Bir səngərdə qədim «İncil»,
Bir səngərdə ulu «Quran»,
Bir səngərdə haqq-ədalət,
Bir səngərdə zülm, talan.
Bir tərəfdən məkr, zülmət,
Bir yandan nur daşıyanlar.
Bir cəbhədə öldürənlər,
Bir cəbhədə yaşadanlar…
Bir qütbdə şeytan durur,
Bir qütbdə Allah, Kəbə,
Bir büsbütün dövrlərin,
Əsrlərin davasıdır…
Dünya qərar tutan gündən,
Ən kəsilməz müharibə,
Vicdanların, məsləklərin,
Xeyrin-şərin davasıdır…
1995
Mərdlik getdi, şərəf getdi, dönməz geri
Quru, yavan çörəklə də
Dolanaram,
Təki heç vaxt söz çörəyim
Tükənməsin…
Köhnə, nimdaş köynəklə də
Dolanaram,
Təki, təki gələcəyim,
Tükənməsin…
Cibimdəki bir manatı
Xəyalımda yüz edərəm.
Paltomun astarını
Çevirərəm üz edərəm…
Təki, təki düşmən dosta
Çevrilməsin,
Ümidlərim böyrü üstə
Çevrilməsin…
Qənd olmasa çay içərəm
Şor-duz ilə,
İllər ilə gündüz, gecə
Çırağım, işığım keçə
Dolanaram günəş ilə, hilal ilə,
Ulduz ilə,
Təki, təki
Millətimiz üzündəki
Nur olmasın
Əsr, yesir…
Təki təmiz vicdanları
Ziyaları əksilməsin…
Lap əbədi zindan hökmü
Kəsdir mənə,
Məzardan da gələcəkdi
Məğrur səsim…
Yaşamaqçün quru hava
Bəsdir mənə,
Təki, təki Təbriz havam
Tükənməsin…
Ömrüm, günüm yalan üstdə
Qurulunca,
Qoy ölümün doğru olsun…
Bu torpaqda min-min bivec
Doğulunca
Yetər elə beş qeyrətli
Oğlu olsun…
Çox dinsizlər indi qatı dindar olub,
Çox lotular hacılaşıb, kəbleyləşir…
Birdən-birə dönüb möminbəndə olur,
Namaz qılır, oruc tutur, əbləhləşir…
Mənəm təkcə bir Allaha kafir bəndə,
Eh, onsuz da bilir bunu xudavəndə,
Neçə ildir mənim üçün orucluqdur,
Çox vaxt iftar tapmayıram,
Dəxli yoxdur,
Şerim olur yağım, ətim,
Südüm, çayım,
Sübh yeməyim, iftar
Payım…
Axı, bəşər tək yeməklə
Dolanmayır,
Siz o qarnı yoğunlara
İnanmayın…
Elələri içdən boşdur,
Ruhdan rəzil,
Amal, məslək üzərində qərar tutur
Yer kürəsi…
Tablaşaram bundan betər
Korluq olsun,
Təki qeyrət meydanında
Bolluq olsun,
Millət üçün belə ağır,
Dar məqamda,
Bir də sərdar axtarmayaq
Əl- amanda…
Lap jımıx dadıb yeyərik,
Sümük qaynadıb, yeyərik,
Təki körpə dövlətimin
Sümükləri
Möhkəm olsun..
Bu diyarda haqq-ədalət
Qanun olsun,
Ehkam olsun…
Təki namus, ar sarıdan
Ac qalmayaq,
Mənəviyyat dünyamızı
Çaş salmayaq…
Alacağıq itirsək də
Çox yerləri,
Namus getdi, şərəf getdi
Dönməz geri…
1995
Dostları ilə paylaş: |