Ah, təmizlik, təmizlik…
Ah, təmizlik, ah, təmizlik, təmizlik,
Sən də bir cür müsibətsən, bəlasan…
Şən həm bütün dövrlərdə əzildin,
Həm də oldun ümidlərin qalası…
Bircə sənsən xilas üzündə,
Sən bəşəri qurtulmusan həmişə…
Yer-göy bolluq dəryasında üzəndə,
Sən təmizlik qıt olmusan həmişə…
Ah, təmizlik, ah, təmizlik, təmizlik,
Təmiz vicdan, təmiz məslək, təmiz ad…
Təmiz olmaq qorxuludur, qəlizdir,
Riyakarlar say-hesabsız, düzlər az…
Min yol səni natəmizlər qalayıb,
Heç bitib-tükənməmisən sən ancaq…
Daim sənin fəna olub taleyin,
Çox vaxt düzdə tək qalmısan işə bax…
Ah, təmizlik, ah, təmizlik, təmizlik,
Bu gün bütün xilqət tutur yasını…
Yeyir səni möhtəkirlik, hərislik,
Murdar əllər sənə qəbir qazıyır.
Lap az qala qeyb olursan, itirsən,
Boğulursan çirkab adlı dənizdə…
Günəş boyda projektor götür sən,
Gündüz axtar tapılarmı, təmizlər…
Ah, təmizlik, ah təmizlik, təmizlik,
Sən bəşəri tərk eləmə, amandır…
Körpələri südün ilə əmizdir,
Cavanlara, qocalara həyan dur…
Halalları o dünyadan al geri,
Haramları bu dünyadan yox elə,
Odla, yandır heç qalmasın külləri,
Nifrətini, nifrətini çox elə…
Ah, təmizlik, ah, təmizlik, təmizlik,
Hamımızın ən başlıca sifəti…
Bir gör neçə qərinədir, əsirdir,
Sənin ilə ad çıxarıb millətim…
Sən həm onun xoşbəxtliyi deməksən,
Həm də onun faciəsi, pənahı…
Həmi ona sən arxasan, köməksən,
Həm də onun bədbəxtliyi, günahı…
Ah, təmizlik, doğulduğum zamandan,
Gecə-gündüz çağlayırsan qanımda…
Bu dünyadan köçəndə də amandır,
Keşikçi ol məzarımın yanında…
1991
Qaçır…
Heyvan insanlardan qaçır,
İnsan heyvanlardan qaçır,
Gözəl fikirdən qaçır,
Yaxşı yamandan qaçır…
Soruşma ki, nə sirrdir,
Çoxu pula əsirdir…
Min ildir, min əsirdir,
Doğru yalandan qaçır…
Qorxaqlar can bəsləyir,
Qəm sevinci izləyir,
Pis yaxşını pisləyir,
Aqil nadandan qaçır…
Bu aləm möcüzədir,
Çox köhnələr təzədir,
Qurd qurdla göz gözədir,
Əqrəb ilandan qaçır…
Yazdır, aləm haydadır,
Dağ selləri çaydadır,
Əsl şair qaydadır,
Allah olandan qaçır…
Nə çoxdur söz deyənlər,
Qızıla mis deyənlər,
Həyatı istəyənlər,
Ölümdən qandan qaçır…
Sizə güvəndiyim dağlar…
Sizə güvəndiyim dağlar,
Sizə də qar yağdı, qar yağdı…
Sizlə öyündüyüm dağlar,
Sizə də qar yağdı, qar yağdı…
Sizə güvəndiyim dostlar,
O dağların tayı olduz…
Söküldü ömrüm üst-üstən,
Çox illərim hayıf oldu…
Sizə güvəndiyim saçlar,
Siz də ağardınız daha,
Bu yollarda qaldım naçar,
Kimə mən yalvarım daha…
Sizə güvəndiyim gözlər,
Siz də nurdan düşürsünüz.
Sizə güvəndiyim sözlər,
Məni başa düşürsünüz…
Sizə güvəndiyim əllər,
Gücünüz tükəndi, getdi…
Məni məst eləyən dilbər,
Xəyal kimi söndü, getdi…
Sənə güvəndiyim anam,
Tək qoydun aləmdə məni…
Başına döndüyüm anam,
Kim oxşar öləndə məni…
Sənə güvəndiyim dünya,
Barı, sən qara bürünmə…
O dağlar kimi soyuma,
O dağlar kimi görünmə…
Bir peyğəmbər yaşayırdı aramızda
Qoy kor olsun ürəyiniz,
Gözləriniz,
Bir peyğəmbər yaşayırdı
Aranızda
Görmədiniz…
Soyu sizin soydan idi.
Qanı sizin
Qandan idi…
O xalqıyla bir nəfəsdə,
Canda idi…
Bir ilahi yrək ilə
Doğulmuşdu…
Xətaidən qopmuş idi,
Füzulidən
Yoğrulmuşdu…
Aman, aman o ürəyi
Görmədiniz…
Qoy kor olsun gözləriniz
Onu niyə
Görmədiniz?..
Bizim millət bərk-bərk yatıb
Ayılmayır..
Peyğəmbərlər öz yurdunda
Sayılmayır…
Öz yaxşımız ola-ola daim
Yada yalmanmışıq…
Öz dilimiz ola-ola yad dillərə
Aldanmışıq…
Yad kitablar olub bizim kitabların
Müqəddəsi…
Yad dillərdə dəf etmişik
Ölümüzü nəsil-nəsil…
İçimizdə öldürmüşük yüz imamı,
Peyğəmbəri,
Yad torpaqda axtarmışıq biz imamı,
Peyğəmbəri…
Pay-piyada aylar ilə çıxıb yola,
Gedib ürək yanğımız qərib yerdə
Soyutmuşuq…
Öz soyumuz, öz suyumuz ola-ola,
Yad yerlərdə pak olmuşuq,
Qayıtmışıq…
Öz dərdimiz, faciəmiz
Başdan aşıb,
Özgələrçin hey döymüşük
Dizimizə…
Vəhşilərdə öz qövlünə
Yaxınlaşıb,
Biz yamanlıq axtarmışıq
Özümüzdə…
Rəmz olubdur bizə yadlar
Zaman-zaman,
Başımızı dumanladıb kənar adlar
Zaman0zaman…
Onunçun da bir-birinə
Doğmalığı
İtirmişik…
Ayrılmışıq, bölünmüşük,
Danılmışıq,
Ütülmüşük…
O tay, bu tay,o xalq, bu xalq,
Cənub, şimal…
Bu millətin allah necə
Tayı olar,
Adı olar?..
O tay çoxdan çıxıb bizim
Əlimizdən,
Bu tayın da yarı gedib,
Yarı durur,
Ta nə qaldı
Elimizdən?...
Əsr-əsr gedən bu ikilik
Beş gün deyil,
On gün deyil…
Lap Xətai dura gələ bu milləti
Birləşdirmək
Mümkün deyil…
BMT-lər, başbilənlər, gəlin görüm,
Mənə belə tolan olmuş
Bir millət
Göstərin görüm…
Zaman-zaman yad imama,
Peyğəmbərə
Qibtə edən
Azərbaycan…
Bədbəxt ölkəm Azərbaycan,
Dünən rusa baş əyirdin,
Bu gün türkə
Azərbaycan…
Peyğəmbərsiz dolanırıq peyğəmbərlər
Dövründə də
Peyğəmbərlər yaşasa da, hamımızın
Böyründəcə…
Bir də,bir də doğmayacaq məni anam…
Bu ağ saçlar bir də qara olmayacaq,
Bir də kimsə görməyəcək məni cavanam…
Ötən günə, ömrə çarə olmayacaq,
Bir də məni doğmayacaq daha anam.
Buna yoxdu zərrə qədər güman belə,
Allah göydən ləl-cəvahir, qızıl səpə.
Bu dünyaya dönməyəcək anam belə,
Barı ana yaşayaydı iki dəfə…
Eşq oduna yanmayacaq bir də sinəm,
İlk görüşə düşməyəcək bir də yolum.
Kim dönüb ki, bu dünyaya mən də dönəm,
Hansı ahıl cavan olub, mən də olum?...
Bu cahanda mənim üçün heç bir zaman,
Nə bir əfsun, nə bir sehr olmayacaq.
Gözlərimə durub yüz min mələk baxa,
Mənim üçün heç bir xeyri olmayacaq.
Fani dünya sənə heyif çox inandım,
Ana südü, ölüm suyu əmə-əmə…
İllər ötdü sonra duydum, sonra qandım,
Yuxu imiş, xəyal imiş hər şey demə…
Kiidir verən, kimdir alan bizi belə,
Bu bəşərin ən əbədi dərdi imiş…
Var olmağın, yox olmağın özü belə,
Yaşamağın özü belə şərti imiş…
Yer üzünün çox Həvvası, Nuhu olub,
İnsanlığın say-hesabsız nəsli gedib.
Demə, əvvəl hər millətin ruhu ölür,
Sonra isə canı gedir, cismi gedir…
Bir də mənim açmayacaq çiçəklərim,
Qıratlarım, düratlarım olmayacaq.
Qovmaq üçün arzularım, istəklərim,
Uçmaq üçün qanadlarım olmayacaq…
Pəncərəmdən nur yerinə ta daş gəlir,
Bu da ömrün möhürləri, surcuqları…
Silə bilməz cərrah gələ, nəqqaş gələ,
Üz-gözümə düşən vaxtsız qırışlarım…
Ağ saçlarım birdə qara olmayacaq,
Birdə kimsə görməyəcək mən cavanam.
Keçən ömrə-günə çarə olmayacaq,
Bir də, bir də doğmayacaq məni anam…
Saymır
Siz hələ dəhşətə, təzada baxın,
Adi pivə satan şairi saymır.
Tamam zəmanən çıxıbdır ağı,
Cüllüdlər, qarğalar şairi saymır.
Çoxalıb namərdlər, ipiqırıqlar,
Sanki ürəklərə qıfıl vurublar,
Şer höccələyən colma-cocuqlar,
Böyük Fizulini, Sabiri saymır…
Bir vaxt bəşər özü bir Allah idi,
Rəiyyət rəiyyət, şah da şah idi,
İndi bir fırıldaq dükan sahibi,
Dükanına gələn dahini saymır…
İnsana nə etsə, məhs insan edir,
Adam var könlü pərişan edir,
Yanında anası ah-fəqan edir,
Doğma anasının ahını saymır…
Əyri qəh-qəh çəkir doğruya, düzə,
Qiymət verən yoxdur yaxşıya, pisə,
Millətlər düşməntək durub üz-üzə,
Bir xalq o birini daimi saymır…
Bir sən sayan vardır, bir fələk sayan,
Şair, ömür keçir, fikirləş, dayan,
Getdi ömür dostun, təkləndin daha,
Ta kimsə bu tənha Cabiri saymır…
Nə biləydim…
Nə biləydim, dünya belə dönəcək,
Fələk cövlan edəcəkdir tərsinə…
Çox şey birdən saralacaq, sönəcək,
İndi keçim bu dəhşətli dərsi mən…
Azərbaycan hamımıza bir evdir,
Hamımıza süd veribdir min illər…
Nə biləydim, axı, necə biləydim,
Vətəni də icmalara bölüblər?!.
Ayırırlar doğmalara, yadlara,
Ayırırlar hər ostanı, oymağı…
Şah İsmayıl eşit, gorun çatlasın,
Min bir yerə parçalanıb torpağın…
Nə biləydim, axı, necə biləydim,
Bəlkə elə bildiklərim nağıldır?!
Nə millətsiz vəkilləri görəydim,
Nə də meydan şəbihinə baxaydım…
Vallah, bunlar bir oyuna oxşadı,
Kim deyərdi gələr elə zəmanə?!.
Pislər birdən dönə bilər yaxşıya,
Yaxşılar da dönə bilər yamana…
Nə biləydim, axı, necə biləydim,
Dəyişəcək çoxlarının sifəti?!.
Gərək onda göz yumaydım, öləydim,
O zamankı bütöv idi millətim…
Gərək onda bir tayfuna dönəydim,
Donduraydım sərhədləri, sədləri…
Nə biləydim, axı, necə biləydim,
Bu məmləkət satqınlar da bəsləyir.
Canilər də doğur bəzən analar,
Vətənsizlə çox imiş bu vətəndə…
Bəlkə yad qan yeridiblər qanıma,
Bəlkə neçə bədən var bir bədəndə…
Nə biləydim, axı, necə biləydim,
Çox dirilər çevriləcək ölüyə…
Deyirlər ki, sən də gərək girəydin,
Bu oyuna qoşulaydın sürüyə…
Gərək onda mənliyimi sataydım,
Sındıraydım qələm tutan əlimi…
Yalan qusub min günaha bataydım,
Aldadaydım millətimi, elimi…
Dəyişəydim daxilimi, üzümü,
Neçə cildə, neçə rəngə girəydim…
Şairlər də, demə, satır özünü,
Nə biləydim, axı, necə biləydim?!.
Nə biləydim dünya birdən dönəcək,
Sular birdən axacaqdır tərsinə…
Hətta sözlər saralacaq, öləcək,
İndi keçdim bu dəhşətli dərsi mən…
1993
Tutur əlimdən
Karvan kimi ötüb keçib
Ömrümdən çox il,
Cavanlığın nə zamandır
Enib atından,
Elədiyim yaxşılıqlar
Qalmır yadımda.
Xeyirxahlıq toxum idi,
Səpdim dünyaya,
Dedim, bitsin ürəyində
Yaxının, yadın…
Kimə harda əl tutdumsa,
Salmadım saya.
O birdimi, o ondumu
Hesablamadım.
Xeyirxahlıq pul ha deyil-
Hesabla, götür,
O əvəzsiz, o tükənməz
Ürək varıdır.
Bir insanın o birinə
Yadigarıdır.
Adamlara ən dözülməz,
Çətin anda da
Mən əl tuta bilməyəndə
Məlal elədim.
Mən etdiyim yaxşılığı
Qanmayana da
Doğma ana südü kimi
Halal elədim.
Bəzən olur, səhv edirəm,
Bəzən çaşıram.
Görürəm ki, belə çətin,
«bəd» günlərimdə
Elədiyim yaxşılıqlar
Çıxır qarşıma,
Elədiyim yaxşılıqlar
Tutur əlimdən…
1986
Sağlığında qiymət verin insanlara…
Bir arzum, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara,
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsl qiymətini bilər onda.
Bu sözlərim düz olmasa, töhmət edin,
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə…
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə,
Aslan deyin aslanlara.
Sağlığında qiymət verin insanlara…
Hər kəs bilsin öz yerini
Necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır
Yaxşıların həyatını uzatmaqdır…
Bu nədəndir ölən kimi, qəlbimizdə
Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da y axşılaşır.
Yamanlar da yaxşılaşır…
Çirkinlər də təmiz olur ölən kimi…
Yadlar belə əziz olur
Ölən kimi…
Xatirələr söyləyirik,
Nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib
O dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək,
Ya ölənmi diriləcək?
Xoşum gəlmir
Bu köhnəlmiş adətlərdən,
Xoşum gəlmir…
Bu sərdabə sevgilərdən,
Hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü qızıl ölüm gələ
Dəyişmərəm…
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm.
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara,
Qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…
1975
Kiçik olmaq istəyirəm…
Kiçiklərlə böyüklərin
Arasında
Pərdə olar…
Kiçiklərdə günah olmaz
Günah böyüklərdə
Olur…
Kiçiklərin qəlbi böyük,
Böyüklərin
Qəlbi kiçik...
Kiçiklərin eyni cürdür
Çölü, içi…
Eyni cürdür beşikləri,
Bəzəkləri…
Gizlənpaçdır ən məkrli
Kələkləri…
Maşınları, kuklaları
Əddərində
Oyuncaqdır,
Ürəkləri yazılmamış
Ağ varaqdır…
Uşaq kimi sadə, kövrək,
Nəcib olmaq
İstəyirəm…
İllərimi geri atıb
Kiçik olmaq
İstəyirəm…
Böyüklərin içi bir cür,
Çölü bir cür…
Sözü bir cür, dili bir cür…
Ürəkləri bir qaranlıq
Meşə kimi…
Bir-birinə bənzəməyir
Heç birisi…
Bir-birinə bənzəməyir
Nə ölüsü,
Nə dirisi…
Nə yaxşısı, nə yamanı…
Oyuncaq tək oynadırlar
Bu dünyanı…
Millətləri bələyirlər
Qana, şərə…
Milyonları sövq edirlər
Ölümlərə…
Yollayırlar vuruşlara
Fağırları,
Kasıbları…
Xırdaların çiynindədir
Yekələrin
Əzabları…
Böyüklərin hər şeyi var,
Ürəyi yox
Kiçiklərin qəlbdən özgə
Heç nəyi yox…
Böyük ayrı, kiçik ayrı,
Böyüklər kiçiyi saymır…
Böyük ayrı, kiçik ayrı,
Çoxu kimi nə padşah, nə şeyx,
Nə də hacı
Olmaq istəyirəm…
İllərimi geri atıb
Kiçik olmaq
İstəyirəm…
Həmişə əli qılınclı təmizliyimi qorudum…
Həmişə əli qılınclı təmizliyimi qorudum,
Bu həyatda ən birinci təmizliyimi qorudum…
Bu döyüşdə gəlib keçdi hər bir ayım, hər bir ilim,
Qorxutmadı əsla məni nə bir hədə, nə bir ölüm,
Balaca bir şər görəndə qaçdım ondan ilim-ilim,
Bu həyatda ən birinci təmizliyimi qorudum,
Həmişə əli qılınclı təmizliyimi qorudum…
Bütün aləm riyakarlıq girdabında dağılarkən,
Körpə məsum günahsızlar haram östə doğularkən,
Bilə-bilə çoxlu girib girdablarda boğularkən,
Natəmizləri görüncə təmizliyimi qorudum,
Həmişə əli qılınclı təmizliyimi qorudum…
Mən bəslədim daim onu ana uşaq bəslər kimi,
Vicdan kimi, namus kimi, qeyrət kimi, məslək kimi.
Sərvaxt durdum keşiyində bir müsəlləh əsgər kimi,
Öz əziz balamdan öncə təmizliyimi qorudum,
Həmişə əli qılınclı təmizliyimi qorudum…
Bu batində gedən işdir, amma yaman çətin işdir,
Bu ölməkdən çətin işdir, yaşamaqdan çətin işdir,
Hətta vətən, hətta torpaq qorumaqdan çətin işdir,
Bunu dərk edib duyunca təmizliyimi qorudum,
Həmişə əli qılınclı təmizliyimi qorudum…
Saf qaldı ürəyim, şerim, sözüm, evim,duyğum, hissim,
Bütün hiylələrə dözdüm, bütün həmlələrə dözdüm,
Murdarlıq görəndə o an başını bədəndən üzdüm,
Ondan kam aldım doyunca təmizliyimi qorudum,
Həmişə əli qılınclı təmizliyimi qorudum…
Qanımı min yol tökərlər, ayrılsa ətim ətimdən,
Məkiri yaxın qoymaram nə qədər can var bədəndə,
Bir gün gözlərimi yumub köçüb dünyadan gedəndə,
Desinlər Cabir ölüncə təmizliyini qorudu,
Həmişə əli qılınclı təmizliyimi qorudum…
Ömür evi qaçhaqaç, qovhaqovdur…
Ömür evi qaçhaqaç, qovhaqovdur,
Qoyulubdur tağı, himi yarımçıq.
Çox erkəklər boy-buxundan bütövdür,
Amma əsl kişi kimi yarımçıq…
Çox təknələr çox xəmirlər yoğurub,
Çox arzular bələyində boğulub,
Hər gün saysız bəşər ölür, doğulur,
İnsan azdır, amma adam olan çox…
Dünyaların əzəlidir bu dünya,
Hamımızın məzarıdır bu dünya,
Nəhəng hərrac bazarıdır bu dünya…
Satan çoxdur, verən çoxdur, alan çox…
Çox nəhənglər kölgədədir, daldadır,
Çox zəkalar çətindədir, dardadır,
Hamı durub bir-birini aldadır,
Doğru tək-tək, dənə-dənə, yalan çox…
Düz adamlar səhradadır, düzdədir,
Natəmizlər daim elə üzdədir,
Cahan rüşvət mərəziylə xəstədir,
Halal tamam itib, batıb, haram çox.
Ta çox şeydən əllərimi üzmüşəm,
Riyalardan cana doyub bezmişəm,
Onunçun da insanlardan bezmişəm,
Onunçun da bu dünyayla aram yox,
Yaşayıram daha ayrı çarəm yox…
Özümə yamanlıq edən adamam…
Bu dövrün adamı deyiləm ki, mən,
Çox köhnə adamam, qədim adamam…
Özgəyə həmişə yaxşılıq edən,
Özünə yamanlıq edən adamam…
Əyilə-əyilə ucalmadım mən,
Kimsəyə tikan da saplamamışam…
Hər kəsin əlindən pay almadım mən,
Heç kəsin haqqını tapdamamışam…
Belə ürəkdə də heç insan olar,
Əsla gəlməmişəm mən öz karıma?!.
Elə ki, əlimdə bir imkan olar,
Zərbə endirərəm imkanlarıma…
Özünə xidməti günah sayıram,
Nəfsimi tuturam, xəbərləyirəm…
Özümü özümdən oğurlayıram,
Xeyrimin yolunu çəpərləyirəm…
Anam deyərdi ki, eynən atamam,
Ona oxşayıram bu xislətimlə…
Özünə yamanlıq edən adamam,
Bacara bilmirəm təbiətimlə…
Çox-çox şansım olub ötürmüşəm mən,
Qibtə eləmişəm düzü özümə…
Seçib bilə-bilə götürmüşəm mən,
Əlanı dostuma, pisi özümə…
Hamı öz xeyrini düşünür əfsus,
Külü qabağına çəkir birinci…
Nə ki dərdlərim var gzümə məxsus,
Yadların sevinci mənim sevincim…
Uyuşa bilmirəm zəmanəyə mən,
Çox köhnə adamam, qədim adamam…
Özgəyə həmişə yaxşılıq edən,
Özünə yamanlıq edən adamam…
Sifətlər görmüşəm, üzlər görmüşəm,
Yenə qorumuşam öz sifətimi…
Nə qədər eqoist kəslər görmüşəm,
Dadmışam çoxunun kin-nifrətini…
Heç xeyirxahlığa məhəl qoymayan,
Kütə, nadana da yaxşı olmuşam…
Məni istəməyən, məni saymayan,
Mənə yamana da yaxşı olmuşam…
Bunun şahididir yadlar, əzizlər,
Bilirlər, tikansız, tıxsız adamam…
Bir özümdən qeyri, özümdən özgə,
Hamıya, hamıya məxsus adamam…
Bu mənim varımdır, mənim yoxumdur,
İstəyim, ümidim, pənahım mənim…
Bu mənim bəlkə də xoşbəxtliyimdir,
Bəlkə bədbəxtliyim, günahım mənim…
Bunu başa düşməz,qanmaz hər yetən,
Babalar yoluyla gedən adamam…
Özgəyə həmişə yaxşılıq edən,
Özünə yamanlıq edən adamam…
1993.
Bir böhtana cavab
Yığışıb neçə
Talantsız, paxıl,
Yalanlar qusub
Kəkələdilər,
Mənə də çirkab
Atdılar axır.
Guya məni də
Ləkələdilər…
Nə cavab verim
Bu gədalara.
Gədaya cavab
Vermək gədalıq.
Məndən uzaq et
Bu «xətaları».
Sən ey həqiqət,
Sən ey ədalət…
Allah, mən hara
O kəslər hara,
Onlar qarşımda
Nəçidir, kimdir?...
Mənim cavabım,
Sözüm onlara,
Aydan da arı
Təmizliyimdir.
Sən özün oxu,
Özün poz, pislə.
Bu «yazarların
Yazılarını»
Yamanlıq edə
Bilmirəm əsla.
Allah, özün ver
Cəzalarını…
1992.
Qoruyun məni
Bir üzü2m sevincdir, bir üzüm kədər,
Siz hər ikisindən qoruyun məni.
Bu günü də yola saldım bir təhər
Siz sabahı gündən qoruyun məni.
Ürək var daima həsrətdə olur,
Yaxşı da, yaman da qismətlə olur.
Bu pisə bir təhər dözmək də olur,
Ondan da pisindən qoruyun məni.
Beləcə yaranıb bəşər qədimdən,
Doğulduq analar məhəbbətindən.
Tək bircə onların kin-nifrətindən,
Onların hirsindən qoruyun məni.
Heç zaman raketlər atılmayacaq,
İnsanlıq tükənib qurtulmayacaq.
Bir paxıl, bədnəzər tanıram ancaq
Onun bəd gözündən qoruyun məni.
Bu sözü bəlkə də bir çoxu deyib,
Yaxşıya, yamanın yüz oxu dəyir
İblis də, şeytan da qorxulu deyil,
İnsan iblisindən qoruyun məni.
Həyat nə deməkdir-əzab, işgəncə,
Yaşamaq hər şeydən çətindir məncə,
Bəlkə də cmrümə çəkildi əncam,
Həyatın özündən qoruyun məni.
Həyatda müyəssər olmayanları…
Uzanıb yatasan göy çəmən
Üstə,
Dünyada bir dərdin,
Qəmin olmaya.
Meh ötə üstündən
Sakit, ahəstə,
Havanın qarğışı,
Təmi olmaya…
Hey ondan çəkçsçn
Ciyərlərinə.
Təbii havayla
Dola ürəyin.
Dalasan göylərin
Sehrlərinə,
Torpağa söykənə
Belin, kürəyin…
Baxasan göylərin
Məsum üzünə,
Görəsən dəstəylə
Uçur durnalar…
Təsəlli verəsən
Özün-özünə,
Ki, hələ dünyada
Müvazinət var…
Var hələ bakirə
Neçə meşə, dağ,
İqlim başdan-başa
Zəhərlənməyib…
Yaşayır təbiət hələ
Sağdı, sağ,
Göydə bir raket də
Ta hərlənməyir…
Qəlblərdən qəlblərə
Billur körpülər.
Ellərdən ellərə
Ayrıca yol var
Nə göydə, nə yerdə
Qara kölgələr,
Nə qorxunc Nevada,
Nə Çernobıl var…
Ürəklər, duyğular
İncədən-incə,
Kinə-ədavətə
Nöqtə qoyulub…
Nə bircə bomba var,
Nə bircə xəncər,
Toplar basdırılıb
Üzü quyulu…
Bir şirin, bir rahat
Yuxu yatasan,
Çıxa ürəyindən
Dərdlər,acılar…
Uşaqlıq çağına
Gedib çatasan,
Cavanlıq dövrünə
Qapı açıla…
İtmiş atan gəlşə,
Anan dirilə,
Təzədən canlana
Uçmuş el-oban,
Qayıda həyata
Doğma ölülər,
Qayıda yoldaşın,
Qayıda baban.
Dönə gəncliyinin
Odlu anları,
Arzular qoynunda
Deyib güləsən.
Həyatda müyüssər
Olmayanları,
Barı yuxularda
Görə biləsən…
* * *
Arzum qalxdı zirvələrə quş təki,
Uçub getdi soraqlaya bilmədim…
O yüyürdü, mən yüyürdüm, amma ki,
Bir yol onu mən saxlaya bilmədim,
Heç arzumu qabaqlaya bilmədim.
Dedim dayan, baxıb güldü o mənə.
Dedim-çəkil, o arxamca süründü,
Uzaqlaşdım yaxın gəldi o mənə.
Yaxınlaşdım necə uzaq göründü,
Onu bir yol mən haqlaya bilmədim.
Heç arzumu qabaqlaya bilmədim.
Adı gəzdi ürəyimdə, dilimdə,
Eşqi ilə gecə-gündüz döyüşdüm…
Heç bilmədim haçan mənim əlimdən
Bir sürüşkən balıq kimi sürüşdü.
Qaçdı, qaçdı heç saxlaya bilmədim,
Heç arzumu qabaqlaya bilmədim.
Hərdən qışı, yayı verdi o mənə,
Hərdən sarı, hərdən yaşıl göründü.
Hərdən fərəh payı verdi o mənə,
Üzdən elə bir balaca sevindim.
Su az oldu pardaqlaya bilmədim,
Heç arzumu qabaqlaya bilmədim.
Yoxuş oldu taleyimin yolları,
Yüz-yüz adam əmək qoydu üstümə.
Dedim xoşbəxt eləyərəm onları,
Açdım çətin qayğılara köksümü,
Heç bir quşu mən saxlaya bilmədim,
Heç arzumu qabaqlaya bilmədim.
Çıxdım mavi ümmanların üzünə,
Girdim qalın ümidlərin qatına.
Dünya yaman yaxşı dəydi gözümə,
Mindim kəhər duyğuların atına
Fəqət onu yaraqlaya bilmədim,
Heç arzumu qabaqlaya bilmədim.
Sözlərimdə şəfəq saçmaq arzusu,
Gözlərimdə yaxşı görmək istəyi,
Qollarımda yaxşıqucmaq arzusu
Bu dünyanı qucaqlamaq istədim
Heç təpəni qucaqlaya bilmədim,
Heç arzumu qabaqlaya bilmədim.
* * *
Azalır məni sevənlər,
Məni sevənlər təklənir.
Azalır «qardaş» deyənlər,
Dərindir bunun kökləri…
Azalır yalan hörmətlər,
Azalır yalan «can-canlar».
Qalır əsl məhəbbətlər,
Qalır həqiqi insanlar…
Ələyir hər şeyi bir-bir,
Zaman düzlük xəlbirində.
Mənim də taleyim gedir,
Ömrüm gedir hər biriylə…
Elə bir duman çəkilir,
Dağların sırası qalır.
Qızılın xıltı tökülür,
Qızılın xalisi qalır.
Elə bil yaram soyulur,
Gedir ağrısı-acısı,
Elə bil ruhum durulur,
Elə bil gözüm açılır…
Gərək hər şey aydın ola,
Ömür gedir, yaş da gedir.
Elə bil ki, bala-bala,
Qanımda saflaşma gedir…
Azalır yalan qiymətlər,
Keyfi, ruhu şad oluram.
Süni mehr-məhəbblətlər,
Torundan azad oluram.
Necə glçüm, görən, necə,
Bu sayaq gəlir-çıxarı?...
Belələri azaldıqca,
Həyatda sevgim çoxalır,
İnsana sevgim çoxalır…
Dostları ilə paylaş: |