ÖZÜNÜ qoru, xalqim



Yüklə 1,8 Mb.
səhifə7/13
tarix23.02.2017
ölçüsü1,8 Mb.
#9411
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Maralgöl sükutu
Maralgölə qonaq getdim yaz vədəsində,

O qızılı, o almazı, o zəri gördüm.

Saç ağartmış qoca dağlar əhatəsində

Səkkiz yüz il cavan qalmış bir pəri gördüm.


Səkkiz yüz il ömrü sürən sulura baxdım,

Aylar, illər, qərinələr bir ucdan keçib.

Elə bil ki, hər damlası min kərə axıb,

Təmizlənib, təmizlənib süzgəcdən keçib.


Bir də orda bir tapılmaz sükut dinlədim,

Az qaldı ki, haray salım, haray qoparım,

Öz-özümə düşündüm ki, mən necə edim,

O sükutdan özüm ilə necə aparım.


O sükutdan mən apara bmlsəydim əgər,

Körpə kimi hey bəslərdim, hey bələyərdim.

Səsli-küylü dünyamıza mən birər-birər,

O sükutdan paylayapdım, səpələyərdim.


Dayanardım keşiyində hər səhər erkən,

O sükutu qoruyardım, yoxlatdırardım.

O sükutu bir təcili yardım kimi mən,

Evimizin qarşısında saxlatdırardım.


Elə mənəm-mənəm deyən boşboğazların,

Bədəninə o sükutdan yeritdirərdim.

Uzun-uzun nitq eləyən boşboğazların

Bədəninə o sükutdan yeritdirərdim.


Şişirdilmiş, haylı-küylü bəzən adların,

Qaöağına o sükutu qoyardım ancaq.

Bir-biridə dil tapmayan ər-arvadların,

Otağına o sükutu qoyardım ancaq.


Yuxusuzluq azarına tutulanlara

Dərman kimi o sükutdan içirtdirərdim.

Ürəyini, əsəbini mən insanların,

Rentgen kimi o sükutdan keçirtdirərdim.


Doldurardım raketlərin lülələrinə,

Yeridərdim tüfənglərin güllələrinə.

Bütün xırda davalara resept kimi mən,

O sükutun nüsxəsini yazardım hər gün.


Bütün hərbi bazaların başı üstündən,

Topdağıtmaz o sükutu asardım hər gün.

Onu ordu eləyərdim,qoşun edərdim

O sükutun gəmisini mavi edərdim,

O sükutun maşınını yaşıl edərdim.
Maralgölə qonaq getdim yaz vədəsində,

Şəffaf idi, büllur idi, diləkli idi.

Bir tapılmaz sükut vardı əhatəsində

Sykutu da təmiz idi, gərəkli idi.


* * *
Arzuların ən yaxşısını buludda,

Ən ün yetməz, ən əl çatmaz diyarda…

Adamların ən bədbəxti həyatda,

Ən xoşbəxti, ən azadı məzarda…


Obaların ən qədimi viranə,

Şəhərlərin ən gözəli zəhərli,

Səni gördüm kor olasan zamana,

Tanımırsan nə namərdi, nə mərdi…


Bu həyatın ən çəkilməz qəm yükü,

Anlayanınkürəyində, belində…

Vəzifənin ən yağlısı, ən kökü,

Nanəcibin, natəmizin əlində.


Oğulların ən igidi qorxuda,

Zəkaların ən nəhəngi qıfıllı…

Bu dünyanı kimlər saldı qırğına,

Sərhəd-sərhəd parçalandı, qırıldı…


Qadınların ən gözəli maşında,

Zər-zibaya, var-dövlətə sadağa…

Könüllərin ən nurlusu pərişan,

Amalların ən nurlusu qadağan…


Qızılların ən xalisi xəsisdə,

Səxavətin ən alisi kasıbda…

Belə-belə qaydaların əzizlər,

Görən kimlər düzəldiblər, yazıblar…


Böyük xalqlar əbədilik hökmran,

Kiçik xalqlar əbədilik zülümdə…

Həqiqətin ən acısı hər zaman,

Mənim dilim-dilim olmuş dilimdə…


Kifirlərin çoxu qəlbən bir mələk,

Gözəllərin çoxu yüngül,quşbeyin…

Xoşbəxtliyi parlayanda neyləmək,

Şairlərə xudadan pay düşməyib…


Yamanların hamı xoşbəxt, hökmran,

Yaxşıların ömrü,günü zülümdə…

Həqiqətin ən acısı hər zaman,

Mənim dilim-dilim olmuş dilmdə…



Sonetsayağı…
Murdarın da təmiz olan vaxtı olur,

Papağını qabağına qoyur hərdən…

Mənliyin də bir sızıltı, ağrı olur,

Günahını başa düşür, duyur hərdən…

O öz çirkin xislətindən, peşəsindən,

Elə bil ki, uzaqlaşır bir anlığa…

Ürəyinin ən qaranlıq guşəsindən,

Görürsən ki, baş qaldırır insanlığı…

Baş qaldırır bakir qalan duyğuları,

Üsyan edir, tüğyan edir ara-sıra…

Öz-özünə yalqız qalır,tənha qalır,

Deyinir yox vicdanının qarasına…

Sonra hər şey unudulur, çıxır yaddan.

Qalır yenə o əvvəlki kirli cəsəd…

Elə bil ki, adam yoxmuş belə adda,

Yenə məkr, yenə hiylə, riya həsəd…

Uşaqlığı arzulardan yoğrulmuşdu,

Kim sındırdı bəs qolunu, qanadını…

O, anadan mələk kimi doğulmuşdu,

Murdarlığa sövq elədi həyat onu…

Cəlladın da nəcib olan vaxtı olur.

Qılıncını qabağına qoyur hərdən…

Bu özünə onun ölüm aktı olur,

Az qala öz dərisini soyur hərdən…

O öz cəllad peşəsindən, xislətindən,

Elə bil ki,uzaqlaşır bir anlığa…

Ürəyinin ən qaranlıq guşəsindən,

Lap az qala zühr edir insanlığı…

Bir balaca adam olur müvəqqəti…

Öz zərbəsi əzir onu, boğur onu,

O düşünür: özü qatil,qılınc iti,

Öz tişəsi kəsəcəkdir axır onu…

Sonra hər şey yaddan çıxır, unudulur.

Yenə əmr: edam elə, işə başla…

Yenə həmin cəllad haqqı,cəllad pulu,

Yenə qılınc, çiyinlərdən uçan başlar…

Ana onu necə məsum bəsləmişdi,

Necə təmiz doğmuş idi balasını…

Uşaqlıqda qarışqa da əzməmişdi,

Baş kəsməyə sövq elədi həyat onu…

Qafil insan, bu aləmi duy dərindən,

Biz anadan saf, günahsız doğuluruq…

Xəmirləyir həyat bizi əllərində,

İstədiyi kimi əzir, yoğurur o…



Əgər yerdə tapılmasa…
Qənd axtarır, ət axtarır bu gün hamı,

Mənsə çıraq axtarıram çıraq ilə…

Tək onadır son ümidim, ilk inamım,

Harda görsən onu mənə papaq elə…

Gəlim birbaş hüzuruna uça-uça,

Neçə əlli tutum onun ətəyindən.

Çoxdan acam bir təbii insan acı,

Neyləyirəm onsuz suyu,çörəyi mən…

Bəlkə mənim gördüklərim bir yuxudur,

Qoy yaxşılar qalxsın onda məzarından…

Dünyamızda bu gün insan qıtlığıdır,

Bu gün kütlə bolluğudur yer şarında…

Əhalinin milyardlardır say-hesabı,

Amma çoxu cəsəddilər, fiqurdular…

Mənsə insan axtarırım qapı-qapı,

Yoxsa tamam tükəndilər, yox oldular…

Nanəciblər gözə girir tikan kimi,

Nanəciblərin azalmada sayı gündə…

Harda vicdan sahibləri, tükəndimi,

Vay o xalqa, o millətə, vay o gündən…

Əsl insan axtarıram, əsl insan,

Fərq qoymuram millətinə, lisanına…

Eləsini arayıram əmması yox, bəlkəsi yox.

Əsli olsun, nüsxəsi yox, kölgəsi yox…

Dərviş kimi dolaşıram diyar-diyar,

Oba-oba, şəhər-şəhər axtarıram…

Bu həsrətdə olan kəslər məni duyar,

Gündüz, gecə, axşam, səhər axtarıram…

Məzarlara baş çəkirəm, tabutlara göz qoyuram,

Məcnun kimi səhlərələ üz qoyuram,

Hətta durub heyvanların arasında arayıram,

Paralanmış ürəyimin yarasında arayıram,

Dolaşıram qatar ilə, gəmi ilə, ayaq ilə,

Yaşayıram bu heyrətli maraq ilə,

Axtarıram anasını itirən bir körpə kimi,

Torpağını itirən bir millət kimi, ölkə kimi.

Ey yaxşılar, harayıma haray verin,

Gəlin, sizə ürəyimdə bir işıqlı saray verim…

İndi əsl insanlar da naz-nemət tək yoxa çıxıb,

Bəlkə yaxşı heç olmayıb, elə quru adı çıxıb…

Bəlkə ocaq keçib, sönüb,kösövünü, kötüyünü

Axtarıram…

Tapdığımı itirmişəm, itiyimi axtarıram…

Axtarıram ayağımda polad çarıq, əllərimdə

Dəmir əsa,

Allah, göydən göndər mənə əgər yerdə tapılmasa.


1994

Ya təzədən yarat ya da…
Aləm düşdü gözlərimdən,

Mən aləmi dərk edəndən…

Əsir oldum öz əlimdə,

Mən aləmi dərk edəndən…


Gördüm həyat bir oyuncaq,

Gördüm hər şey qurğu imiş…

Qanmaq, bilmək, görmək, duymaq,

Özü böyük qorxu imiş…


Lal sükutu başa düşdüm,

Çox lisanı anlamadım…

Qurdu, iti başa düşdüm,

Tək insanı anlamadım…


Biri yasda, biri gülür,

Qarı dünya, utan dedim…

Bu həyata sürü-sürü,

Adam gəlir, adam gedir…


Bütün dünya qəbristanlıq,

İnsanın da qəbri olar?..

Pozuram Allah yazanı,

Allah, belə əmr olar?..


Onda eşit sözümü sən,

Sən Allahsan, bizsə bəndə,

Bir yol göstər üzünü sən,

Özümə inanım mən də…


Zühur elə bircə kərəm,

Onda mən də zühur edim…

Ömrüm boyu nahaq yerə,

Mən adına Allah dedim…


Gör nə boyda fitnə, kələk,

Yetər daha, əri, usan…

Özün kimi bizi demək,

Əfsanədən yaratmısan…


Aldanmışıq sənə bəsdir,

Yaman Allah, yalan Allah…

Belə dünya yaratmazdı,

Əsl Allah olan, Allah?..


Yetər uddu həyat bizi,

Qadirsənsə cavab ver…

Ya təzədən yarat bizi,

Ya özümə xitam ver…



Nə böyük səadət varmış, dörd divar içində…
Nə ki, gücüm vardı yığdım,

Minlərlə lal-kar içindən…

Axır ki, siyrilib çıxdım,

Pislər, murdarlar içindən…


Gəldim əsl haqqa, yola,

Xilas oldum fitnə-şərdən…

Özüm bəşər ola-ola,

Ayrıldım cinsi-bəşərdən…


Hərəni yaşayır gördüm,

Bir qurd-canavar içində…

Özümü elədim sürgün,

Bu həşəratlar içindən…


Təzədən açdım gözümü,

Elə bil ki, zühur etdim…

Pak elədim üz-gözümü,

Min-bir kərə qüsl etdim…


Baxdım ki, adam adamı,

Satır lap məzar içində…

Mahir alverçiymiş hamı,

Qaçdım bu bazar içindən…


Tamam ayrı insan oldum,

Öz keçmişimdən əl çəkdim…

Təklikdən xaniman qurdum,

Hər yanıma çəpər çəkdim…


Cana gəldim yaza-yaza,

Evim istehkamım oldu.

Bir qələmim, bir də masam,

Bir də ki, ilhamım oldu…


Tənhalıqda nicat varmış,

Yox dərd, intizar içimdə…

Nə böyük səadət varmış,

Allah, dörd divar içində…


Pulu olmayanı saymırlar, oğlum

Əzizim Müşviqə.
Pulla qiymət verir hamı insana,

Pulu olmayanı saymırlar, oğlum.

Eh, saymaq, sayılmaq qalsın bir yana,

Heç adam yerinə qoymurlar, oğlum.


Lap düha olasan, ulu olasan,

Peyğəmbər olasan yoxdur mənası.

Gərəkdir altunun qulu olasan,

Bu xarabə dünya onun dünyası.


Sən mənə hörmətli bir kasıb göstər,

Pulu olmayanı saymırlar, oğlum…

Bu parapərəstlər, dövlətpərəstlər,

Elə hey udurlar, doymurlar, oğlum..


Yoxsulun qanıdır varlının varı,

Yuyunub bu qanda quduzlaşırlar…

İstər dağlar qədər olsun vüqarın,

İmkansız olanda ucuzdaşırsan.


Pul da sahibinə kəsilir qənim,

O heç bir həpəndə qismət olmayır,

Hərə bircə kəfən aparır cəmi,

Kiminə kəfən də qismət olmayır…


Amma yenə hökm onun əlində,

Pulu olmayanı saymırlar, oğlum…

Eh, saymaq, sayılmaq nədir, öləndə,

Az qala qəbirə qoymurlar, oğlum…


Pullu olmaqçın da gərəkdir ki, sən,

Əzazil olasan, cəllad olasan.

Gərəkdir insanı insan eyləyən,

Bütün duyğulardan azad olasan.


Gərək cib kəsəsən, ömür sökəsən,

Lap baş da üzəsən yeri gələndə,

Elə var yığdıqca vəhşiləşəsən,

Canavar xisləti yaşaya səndə…


Bütün möbhtəkirlər quduz olurlar,

Nəciblik, insanlıq bilmirlər, oğlum…

Qəlbi olanlar da pulsuz olurlar,

Pülsüz ürəyi də görmürlər, oğlum…


Bizim də yırtıcı xislətimiz yox,

Biz vardat əsiri olmadıq heç vaxt.

Ulu Tanrıdan da qismətimiz yox,

Biz həmi bədbəxtik, biz həmi xoşbəxt…


Sözü də saldılar qiymətdən daha,

Heç Füzulini də duymurlar, oğlum…

Nifrət belə dövrə, belə dünyaya,

Pulu olmayanı saymırlar, oğlum…


Hara baş götürüb qaçaq, de, hara,

Ki, orda insanlıq hökmran olsun.

Ki, izzət, ləyaqət dönsün meyara,

Düzlük, bərabərlik şərəf, şan olsun…


İnsanlar olmasın altun əsiri,

Hakim kəsilməsin doğruya oğru…

Bəşərin ən iyrənc faciəsidir,

Pulu olmayanı saymırlar, oğlum…


1994

Ay Əbülhəsən…
Qar düşdü yerlərə, soyudu torpaq,

Bayırda şaxtadır, ay Əbülhəsən!..

Gedək canımızı qızdıraq bir az,

Ta xaşın vaxtıdır, ay Əbülhəsən!..


Hər dəmin, məzənin var öz mənası,

Onu başa düşməz hər nadan, naşı,

Aslan dostumuzun yeməkxanası,

Xaşın paytaxtıdır, ay Əbülhəsən!..


Bir vaxt küpə girib araq vuranlar,

İndi yapışıblar hacdan, Qurandan.

Mən elələrinə əsla inanmam,

İçləri saxtadır, ay Əbülhəsən!


Bu gün dindən deyir dünənki dinsiz,

Bu gün «mələk» olub dünənki iblis,

Haqqı ortalığa gəlin qoyaq biz,

Görən kim haqlıdır, ay Əbülhəsən!..


Simasız simalar nə qədər bolmuş,

İnsanda əmmalar nə qədər bolmuş,

Sirrlər, müəmmalar nə qədər bolmuş,

Dünyanın axırıdır, ay Əbülhəsən!..


Çox-çox əqidələr dönüb, dəyişib,

Sənsə bir amalda oldun həmişə,

Bununçun deyirlər o əsl kişi,

O əsl dağlıdır, ay Əbülhəsən!..


Gəzir qayalarda uşaqlığımız,

Ordan əxz elədik bu saflığı biz,

Bizim məsləkimiz, qardaşlığımız,

Dağlara bağlıdır, ay Əbülhəsən!..


1994

Bulaq suyu, dağ havası
İki kəlmə, adi, sadə,

Bulaq suyu, dağ havası.

Uzaq düşdük bu dünyada,

Bulaq suyu, dağ havası…


Uşaqlığım qaynar oldum,

Şirəsini sizdən tutdu…

Siz piyada, mənsə atlı,

Bulaq suyu, dağ havası.


Nəğməm sizdən havalandı,

Şerim sizdən cilalandı.

Qanım sizdən mayalandı,

Bulaq suyu, dağ havası.


Minib polad təkərlərə,

Çıxdıq uzaq səfərlərə.

Tökülmüşük şəhərlərə,

Bulaq suyu, dağ havası.


Dayı getdi, əmi getdi,

Ömrümüzün çəmi getdi,

Ağzımızın təmi getdi,

Bulaq suyu, dağ havası.


Zirvələrin başı qarlı,

Meşələrin içi barlı,

Ay kökünə etibarllı,

Bulaq suyu, dağ havası.


Yoxuş yoran çağım hanı?

Daşdan ağır yuxum hanı?

Həsrətimin qəhrəmanı,

Bulaq suyu, dağ havası.


Şəhər orda, oba burda,

Övlad orda, baba burda,

Ömür çapır iki yolda,

Bulaq suyu, dağ havası.



İlk dəfə

(şer-nağıl)
İlk dəfəydi bu dünyaya gəlirdim,

Dişinə vururdun məni ilk dəfə…

İlk dəfəydi yeri-göyü görürdüm,

Əvvəl çıxdı qabağıma ilk təpə…


Qalxdım onu bir nəfəsə, bir yola,

Sonra dəydi sifətimə ilk külək,

Sonra mənə həyat verdi ilk sual,

Sonra mənə qənim oldu ilk fələk…


Evimizə şivən düşdü ilk dəfə,

Atam bizi tərk elədi bir səhər…

Gördüm onda mən ilk tabut, ilk kəfən,

Bu dünyadan o dünyaya ilk səfər.


Sonra daddım ilk sevginin dadını,

Düşdüm mən ilk məhəbbətin bəndinə…

Duydum onun soyuğunu, odunu,

Ürəyimi etdi həsrət, qəm binə…


Qapımızda bir gün qurban kəsdilər,

Mən qan gördüm gözlərimlə ilk dəfə,

Elə bil ki, ümidimi üzdülər,

O qan çəkdi çox arzuma ilk çəpər…


İnsanları saf, müqəddəs sayırdım,

Hamıya da inanırdım ürəkdən…

Elə bil ki, yuxudaydım ayıldım,

Zərbəsini daddığım ilk kələkdən…


Mən özüm də bəzən çaşdım, tələsdim,

Çıxdı birdən əllərimdən ilk xəta…

Az qalmışdı düşəcəkdim üz üstə,

Tutdu bərk-bərk qolarrımdan bir adam.


Qalxıb durdum, nəfəs aldım dərindən,

Yaxşılığın gücün daddım ilk dəfə…

İlk dəfəydi bu dünyaya gəlirdim,

Dünya məni tutub atdı ilk dəfə.


Min yol çəkdi imtahana, sınağa,

Heyrət etdim bu qəribə nağıla…

Əvvəl onu görməmişdim mən, axı,

Əvvəl insan olmamışdım, axı, mən…


Hər kəs gələr bu həyata bir dəfə,

Hər kəs gedər bu həyatdan bir kərəm…

Qayıtsaydım bu həyata bir də mən,

Günahlarım az olardı bəlkə də…


1994

Allaha yalvarış…
Allah, insan yolun azıb, tamam gedir əldən, Allah,

Qaytar onu bu yaramaz yoldan, Allah,

Öz əliylə qəbir qazır özünə o,

Öz-özünü edib insan özünə ov…

Böyük insan dönüb olub kiçik insan,

İnsan qanı içir insan…

Sənə olum qurban, Allah,

Qaytar onu bu qorxulu yoldan, Allah.

Sən gətirdin hamımızı bu cahana,

Sən həm ata, sən həm ana

Sən etmisən xilqət bizi,

Sən qadirsən bu bəd yoldan döndərməyə əlbət bizi…

Səndən ayrı güman yoxdu,

Səndən ayrı heç qüvvəyə inam yoxdur…

Nəyə gərək say, hesabsız sürü, Allah,

Çox-çox ölü, diri, Allah,

Su tükənir, çörək qıtdır, hava çatmır,

Xəstələrə iynə, dərman, dava çatmır…

Qoyma yesin bir-birini, bəni-adəm vəhşi olsun.

Qoy az olsun, yaxşı olsun…

Qonşumuzda neçə milyon yırtıcı var bəs deyilmi?

Elə onlar dünya üçün az deyildir…

Tələs, sonra gec olacaq,

Yoxsa insan quduzlaşıb, gic olacaq…

Yoxsa tamam gözlərinə qan gələcək,

Axır zaman gələcək…

Səsini kəs xəbislərin, yamanların,

Ələ bütün insanları…

Hamını qıl körpüsündən keçir, Allah,

Çölə çıxar murdarların için, Allah…

Sənin buna ixtiyarın, iqtidarın çatır, Allah.

Ey hər şeyə qadir Allah…

Yalvarıram sənə, Allah,

Yoldan çıxsam hətta susdur məni, Allah…


***
Əsrimizin faciəsi

Nə atomdur, nə də uran,

Əsl dəhşət ondadır ki,

İnsanlıqdan çıxıb insan…

Olub cəllad, olub vəhşi,

Olub dəni…

Kəsilibdir öz-özünə

Düşmən, qənim…

Günah olar insan deyək ona daha,

Mağaradan gəlmiş idi

Dönüb yenə mağaraya…

Öz əli ilə öz başına

Kül ələyir,

Anasını topa basır,

Atasını güllələyir…

Azğınlaşır günü-gündən,

Bu gün insan böhranıdır,

Yer üzündə…

Kütlələrin itib tamam

Say-hesabı,

Mənsə insan axtarıram

Küçə-küçə, qapı-qapı…

O da azdır qızıl kimi

Misqal-misqal, dənə-dənə…

Haray-həşir qoparıram

Dönə-dönə,

Əsrimizin faciəsi

Nə atomdur,

Nə uran,

Atomu da, uranı da yaradıbdır

Özü insan…

Öz-özünü qırmaq üçün

Görün nələr

Kəşf eləyib…

Öz-özünə qəsd eləyən

Bir vəhşiyə

Bəs nə deyim?..
1994


O bütün canlılara müştəridir

İnana bilmirəm
İllərim ötüşür karvanlvr təki,

Gah səhər görürəm, gah da ki, axşam…

İnana bilmirəm ki, gün gələcək ki,

Mən də bu dünyada olmayacağam.

İnana bilmirəm bu həqiqətə,

Ölüm dediyimiz əbədiyyətə.

Onlarla tanışlar ötürmüşəm mən,

Çiynimə tabutlar götürmüşəm mən.

Nə qədər adamı dəfn eləmişəm,

Bacım, atamı dəfn eləmişəm.

Yüz yol alışmışam, odlanmışam mən,

Fəxri qaraulda dayanmışam mən.

Nə qədər ömürlər suala dönüb,

Körpələr yox olub, xəyala dönüb.

Bir göz qırpımında itib adamlar,

Sağımdan, solumdan gedib adamlar.

Hey ürəyim qəmli, hey qanı qara,

Baxmışam sahilsiz qəbioistanlara.

Ulduzlar sanında məzar görmüşəm,

Yenə də özümü ölməz bilmişəm.

Heç inanmamışam gün gələcək ki,

Mən də köçəcəyəm milyonlar təki.

İnana bilmirəm bu həqiqətə,

Ölüm dediyimiz əbədiyyətə.

Sanıram üstümə ölüm gələndə

O mənim köksümü söküb dələndə,

Hər cürə həkimdən, loğmandan əvvəl,

Öz sevgiləriylə, istəkləriylə,

Mənə «Ata, Ata!» deməkləriylə.

Öz baxışlarıyla, öz səsləriylə,

Öz isti,mehriban nəfəsləriylə,

Məni balalarım sağaldacaqlar,

Ölüm zülmətindən çıxardacaqlar.

Sanıram o çətin anımda mənim,

Dostlarım dayansa yanımda mənim.

Sorsalar: «Necəsən?» o əzizlərim,

Təzədən yanacaq sönən gözlərim,

Onlar əllərindən yapışan kimi,

Durub gəzəcəyəm bir cavan kimi,

Mənə elə gəlir ən son nəfəsdə,

O cəllad duranda başımın üstə,

Sözlərim meydana gəlib ər kimi,

Çarpışıb, vuruşub igidlər kimi,

Gücünü, əzmini bildirəcəklər,

O qara kabusu öldürəcəklər.

Mənə elə gəlir ölüm gələndə,

Bir haray düşəcək o doğma kəndə,

Eşidib bilənlər yüyürəcəklər,

Onu boğazlayıb sürüyəcəklər,

Mənim küləklərim tüğyan edəcək,

Mənim çiçəklərim üsyan edəcək.

Mənim qartallarım millənəcəklər,

Mənim laylalarım dillənəcəklər.

Çəpərə dönəcək bənövşələrim,

Qalxacaq ayağa göy meşələrim.

Adamlar, küləklər, qayalar, dağlar,

Məni bu həüata qaytaracaqlar.

Mənə elə gəlir varlığım, canım,

Loğmanlar loğmanı Azərbaycanım.

Ürəyi istəsə diriləcəyəm,

Mənə oğul desə diriləcəyəm…

İllərim ötüşür karvanlar təki,

Gah səhər görürəm, gah da ki, axşam.

İnana bilmirəm gün gələcək ki,

Mən də bu dünyada olmayacağam.

Belə qurulsa da bəşər, kainat,

Gözüm görə-görə hər gün, hər saat,

Min ömür çatsa da sona, insanlar!

İnana bilmirəm bunu, insanlar!

Anam, can vermə, can vermə…
Əziz anam, canım, gözüm,

Anam, can vermə, can vermə.

Qoy laylanı deyim özüm,

Laylam, can vermə, can vermə.


Sənsiz ömrü talan ollam,

Qəm mizrabın çalan ollam,

Can alanın canın allam,

Allam, can vermə, can vermə.


Əl-ayağın buz olsa da,

Bədənin köz-köz olsa da.

Dərdin əlacsız olsa da,

Loğman, can vermə, can vermə.


Quruca nəfəsin, sözün,

Havam, suyum,əzmim gücüm,

Sən dünyasan mənim üçün,

Dünyam, can vermə, can vermə.


Al mənim qalan ömrümü,

Al mənim bala ömrümü,

Ömrünə cala ömrümü,

Cala, can vermə, can vermə.


Odlayır göyləri ahım,

Ümidim, arxam, pənahım,

Mənə can verən allahım

Canım, can vermə, can vermə,

Anam, can vermə, can vermə…
11 yanvar 1987.


Yaxşıların itkisinə dözə bilmirəm…
Zülmət çökdü

Göylərimin asimanında,

Daşa dəydi,

Arzum yenə, inamım yenə…

Yaxşıların

Bu az, öu qıt, yox zamanında,

Bir yaxşı da

Tərk elədi dünyanı yenə…

Nanəciblər

Göbələk tək çoxalır gündə,

Nanəcibləri

Tapmaq olmur gündüz çıraqla…

Ləyaqətin

Qıt vaxtında, qıt vədəsində,

Bir ləyaqət

Sahibi də yox oldu,Allah…

Yaxşıların

İtkisinə dözə bilmirəm,

Bir işıqlı

Ürək yenə torpağın oldu…

Elə bil ki,

Kasıblaşdı bu boyda aləm.

Elə bil ki,

Üfüqlərdə söndü bir ulduz…

Neyləyirəm

Belə dövrü, belə bir əsri,

Hər tərəfi

Bürüyübdü bədlər, yamanlar…

Yaxşıların

Mamont kimi tükənir nəsli,

Ta qırmızı

Kitablara düşürlər onlar,

Yaxşı üçün

Hara gedim, kimə yalvarım,

Həyat durur,

Dünya durur yaxşı durunca…

Ya xudaya,

Özün hifz et xeyirxahları,

Ya xudaya,

Yamanlara özün çək əncam…


Hamıya müştəridir…
Gecə-gündüz qıcıyan üstümüzə,

Azman əzrayılın dişləridir…

Ölüm əfv eyləməyib bircə kəsi,

O bütün canlılara müştəridir…


Zir-zibildən törəyən milçəyə də,

Körpəyə, gəncə, hər ağbirçəyə də,

Yeddi qardaşa, təkə, bircəyə də,

Dəliyə, kara, kora myştəridir…


Sürünənlər, yeriyənlər ona ram,

Göydə cövlan eləyənlər ona ram,

Ulayanlar, mələyənlər ona ram,

Kəkliyə, leyə, sara müştəridir…


Canlı ilə okeanlar doludur,

Can alan canilər hətta quludur,

Hətta o divlər üçün qorxuludur,

İblisə, cadugərə müştəridir…


Ya şir olsun, ya pələng, ya canavar,

Ona can verməli kim ki canı var.

Adicə bir b.cəyin son anı var.

İlanı hətta çalan müştəridir.


Tülkünü hətta salar öz toruna,

Kimdə cürət çatar ondan qoruna.

Həm bu dünya, həm bu dünya qul ona,

Həm ora, həm də bura müştəridir…


Balaca sərçədə bilməm nə günah,

Qanadı zər kəpənək də solur, ah.

Aparır ya gəda olsun, ya da şah,

Xəbisə, fitnəkara müştəridir…


Heyfi gəlməz ən ulu dahilərə,

Can alan, işvə satan ahulara,

Nəfəsindən hamımız vahimədə,

Pislərə, yaxşılıra müştəridir…


Çəkilir ondan hələ şeytan özü,

Əmri ilə yox olur loğman özü,

Analar dəfn eləyər, doğmaz özü,

Həm də övladlara müştəridir…


Əzrayıl hökmləri ondan alar,

Gündə min yol əlinə qandal alar,

Gözü doymaz nə qədər canlar alar,

Sürüyər qəbrə, gora müştəridir…


Məhv olar dünya əgər olməsa l,

Yer uçar, göy mələyər olmasa o,

İnsan insanı yeyər olmasa o,

Nə gözəl canlar alan müştəridir.


Nə vəzifə, nə də altun tanıyar,

Eyni gözlə hamıya baxmağı var,

Tək odur ərzdə ahəng yaradan,

Gör necə ülvi, halal müştəridir…


1994.

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin