Nəticə: XXX Universitetində təhsil proqramları üzrə hazırlığın keyfiyyəti Dövlət Təhsil Standartlarının tələblərinə uyğundur.
6. Kadr təminatı. 6.1. Kadr potensialının mövcud vəziyyəti və dinamikası. Ali Təhsil Müəssisəsində kadr təminatı Ali Təhsil Müəssisəsinin Nizamnaməsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, AR TN-nin “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na, Azərbaycan Respublikası Prezidentinin 21.02.2003-cü il tarixli 757 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”yə (Əlavə 2-elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında əsasnamə) uyğun olaraq tənzimlənir.
XXX Universitetində professor-müəllim heyətinin dərs yükünün bölgüsü “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” AR NK-nın 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarına uyğun olaraq aparılmışdır
Professor-müəllim heyətinin işinin qiymətləndirilməsi zamanı onların tədrisinin və tədqiqatının keyfiyyəti, o cümlədən tədris və tədqiqat bacarıqlarının inkişaf etdirmələri və beynəlxalq mobillikləri nəzərə alınır.
Universitetdə 273 nəfər əməkdaş çalışır ki, onlardan 159 nəfəri professor müəllim heyəti, (ştatda olanların sayı 137 nəfər, – 86,2%), 63 nəfəri isə tədris-köməkçi heyətdir. 2017-ci ili (01 oktyabr) 2013-cü il ilə (01.10.2013-cü ilə 183 nəfər) müqayisə etdikdə universitetdə əməkdaşların və professor müəllim heyətin (01.10.2013-cü ilə 103 nəfər) sayı 1,5 dəfə artmışdır. Universitetdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiqlənən elmi dərəcəyə malik 61 nəfər (57 nəfər fəlsəfə doktoru (27 nəfər dosent), 4 nəfər elmlər doktoru (3 professor)) müəllim vardır. Hazırda universitet əməkdaşlarındn 2 nəfəri “Əməkdar müəllim”, 8 nəfəri isə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Universitet əməkdaşlarından 14 nəfəri öz dissertasiya işlərini müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi adı almışlar. Universitetin 35 nəfər əməkdaşı, o cümlədən 32 nəfəri fəlsəfə doktoru və 3 nəfəri elmlər doktoru üzrə respublikanın müxtəlif ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının doktorant və dissertantlarıdır.
XXX Universitetində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması müsabiqə yolu ilə həyatə keçirilmişdir. Komissiyanın təqdimatına əsasən rektor, dekan və kafedra müdirlərinin müvafiq vəzifəyə təyin olunması haqqında əmri imzalayaraq onlarla Əmək Məcəlləsinə əlavə edilmiş “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması”na uyğun beş il müddətinə əmək müqaviləsi bağlanmışdır.