XÜSUSİ TƏHSİL VƏ ƏLAVƏ TƏHSİL
Əhatə olunan məsələlər:
1.Sağlamlıq imkanları məhdud şəxslərin təhsili .
2.İnklüziv təhsilin əsas xüsusiyyətləri, prinsirləri və xüsusi təhsilə ehtiyacı olan
şagirdlərlə pedaqoji işin təşkili .
3. Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi
(de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı barədə.
4. Əlavə təhsil.
1. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili
(xüsusi təhsil)
1. Xüsusi təhsil haqqında anlayış.
Xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki
çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs sağlamlıq imkanları
məhdud şəxs, xüsusi şərait yaratmaqla sağlamlıq imkanları məhdud şəxslərin
məktəbəqədər, ümumi və peşə-ixtisas təhsili isə xüsusi təhsil adlanır. Xüsusi
şərait dedikdə, sağlamlıq imkanları məhdud şəxslərin pedaqoji-psixoloji, tibbi, so-
sial və digər xidmətləri alması üçün yaradılmış şərait başa düşülür. Xüsusi təhsilin
məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər
aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını, o cümlədən özünəxidmət
vərdişlərinin yaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını
təmin etməkdən ibarətdir.
1.1. Xüsusi təhsil sahəsində dövlətin vəzifələrinə daxildir:
- sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanları nəzərə alınmaqla
dövlət hesabına təhsil almalarına təminat verilməsi;
- xüsusi təhsil sahəsində məqsədli dövlət proqramlarının hazırlanması və
həyata keçirilməsi;
- xüsusi təhsilin dövlət standartlarının müəyyən olunması;
- xüsusi təhsilin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi;
- sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanlarına uyğun peşələr
üzrə hazırlıq almalarına şərait yaradılması;
- sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili almalarına təminat
verilməsi;
- xüsusi təhsil sahəsində kadrların hazırlanması, yenidən hazırlanması və
ixtisaslarının artırılmasına təminat verilməsi;
- xüsusi təhsili həyata keçirən müəssisələrin maddi-texniki bazasının
möhkəmləndirilməsi.
1.2. Sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil sahəsində
hüquqları aşağıdakılardır:
psixoloji-tibbi-pedaqoji komissiyada və tibbi-sosial komissiyada pulsuz
müayinə olunmaq;
psixoloji-tibbi-pedaqoji
komissiyanın rəyinə uyğun olaraq fiziki
çatışmazlığı (insanın fiziki inkişafında və (və ya) bədən üzvünün (üzvlərinin)
fəaliyyətində çatışmazlıqlar, xroniki somatik və yolxucu xəstəliklər nəticəsində
yaranmış müvəqqəti, yaxud daimi çatışmazlıq), əqli və (vəya) psixi ləngimələri
(əqli çatışmazlıq mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində təfəkkürdə və
yaddaşda olan çatışmazlıqdır; psixi ləngimə psixi inkişafın ləngiməsi, o cümlədən
nitq qüsurları, emosional-iradi mühitin pozuntuları və autizm başa düşülür)
olanların pulsuz psixoloji- tibbi- pedaqoji korreksiyası;
psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən xüsusi təhsilin
müvafiq tədris proqramları üzrə məktəbəqədər və ümumi təhsil almaq;
müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada xüsusi
təhsil almaq;
təhsil və peşə hazırlığı başa çatdıqda müvafiq işlə təmin olunmaq.
1.3. Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər
qanuni nümayəndələrinin xüsusi təhsil sahəsində hüquq və vəzifələri
aşağıdakılardır:
psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan müayinədə, müayinə
nəticələrinin
müzakirəsində
və
xüsusi
təhsil
müəssisəsinin
tipinin
müəyyənləşdirilməsində iştirak etmək;
psixoloji-tibbi-pedaqoji komissiyanın qərarından qanunvericiliklə müəyyən
olunmuş qaydada şikayət etmək;
fərdi tədris proqramları ilə tanış olmaq və onların həyata keçirilməsində
iştirak etmək;
xüsusi təhsil müəssisələri ilə bağlı məsləhətlər almaq;
sağlamlıq imkanları məhdud şəxslərin valideynləri və ya digər qanuni
nümayəndələri onların ümumi təyinatlı təhsil müəssisələrində təhsil almaları üçün
qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarına
və təhsil müəssisələrinə müraciət etməyə borcludurlar.
1.4. Sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər təhsil aldıqları
məktəbəqədər, xüsusi təhsil müəssisələrində, internat tipli xüsusi təhsil
müəssisələrində, o cümlədən ümumi tipli internat məktəblərin xüsusi təhsil
bölmələrində tam dövlət təminatındadırlar; karlar və zəif eşidənlər; korlar və zəif
görənlər; ağır nitq qüsurları olanlar; dayaq hərəkət aparatının funksiyaları
pozulanlar; əqli cəhətdən geri qalanlar (debillər, imbisillər); emosional-iradi sahədə
və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar; psixi inkişafın ləngliyi
ilə əlaqədar təlimdə çətinlik çəkənlər; mürəkkəb çatışmazlıqları (fiziki
çatışmazlığın, əqli və (və ya) psixi ləngimələrin məcmusu) olanlar.
2. Xüsusi təhsilin təşkili.
Xüsusi təhsil xüsusi təhsil müəssisələrində, xüsusi təhsil bölmələrində, xüsusi
şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələrində Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən edilmiş formalarda həyata keçirilir.
2.1. Sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrində təhsil almaq imkanı
olmayan şəxslərin təhsili müvafiq təhsil müəssisəsi vasitəsilə evdə təşkil edilir.
Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
2.2. Sağlamlıq imkanları məhdud şəxslər tibb müəssisələrində uzunmüddətli
(21 gündən artıq) stasionar müalicədə olarsa, müvafiq icra hakimiyyəti orqanı
psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında onların müvafiq ümumi
tədris proqramlarına uyğun təhsil almalarını təşkil edir. Stasionar şəraitdə təhsilin
təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
2.3. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq sağlamlıq
imkanları məhdud şəxslərin psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial ekspert
komissiyasının qərarına əsasən xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil
müəssisələrində təhsil almaq hüququ vardır. Təhsil müəssisələrinin rəhbərliyi
sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidmət təşkil
etməlidir.
2.4. Təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks
göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait varsa, həmin müəssisədə
sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiya təlimli təhsil təşkil edilir.
İnteqrasiya təlimli təhsil müəssisəsinin rəhbərliyi şəxslərdə fiziki çatışmazlıq,
yaxud konkret bir peşə (ixtisas) üzrə məhdudiyyət barədə əks göstəriş yoxdursa,
onların qəbuluna etiraz edə bilməz. İnteqrasiya təlimli təhsil müəssisələrində təh-
silin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
2.5. Xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər
üçün yaradıla bilər:
- nitq pozulmaları (ağır nitq qüsurları, nitqin fonetik-fonematik ləngliyi,
kəkələmə və ya ayrı-ayrı səslərin tələffüz pozulmaları) olanlar;
- eşitmə pozulmaları olanlar (karlar, zəif eşidənlər və sonradan karlaşanlar);
- görmə pozulmaları olanlar (korlar, zəif görənlər, çəpgözlər və s.);
- əqli (psixi) pozuntuları (əqli cəhətdən geri qalanlar, psixi inkişaf ləngliyi,
ağır əqli geriliyi) olanlar;
- dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skalioz xəstəliyi
olanlar;
- ağır çatışmazlığı olanlar, o cümlədən kar-korlar;
- emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar;
- xroniki somatik xəstəlikləri olanlar.
Tədris proqramlarının uğurla mənimsənilməsinə maneçilik olmadıqda
müxtəlif fiziki çatışmazlıqları və (və ya) psixi ləngiməsi olanlar üçün təhsil eyni
xüsusi təhsil müəssisəsində həyata keçirilə bilər. Xüsusi təhsil müəssisələri
haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
2.6. Mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin təlimi və (və ya) tərbiyəsi
ilə əlaqədar müxtəlif profilli reabilitasiya mərkəzləri yaradılır. Reabilitasiya
mərkəzlərinin əsas vəzifəsi sağlamlıq imkanları məhdud şəxslərdə ünsiyyət,
özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların
korreksiyasını və fərdi təhsil proqramları üzrə məşğələləri təşkil etməkdir.
Reabilitasiya mərkəzlərində məşğələlər fərdi və qrup təlim proqramlarına əsasən,
hər qrupda 10, mürəkkəb çatışmazlığı olanlar üçün isə 6 nəfərdən çox olmayaraq
təşkil edilir. Reabilitasiya mərkəzləri haqqında əsasnamə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilir.
2.7. Tərbiyəvi xarakterli tədbirlərə ehtiyacı olan 11 yaşdan 14 yaşına qədər
sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq icra hakimiyyəti orqanı
tərəfindən qapalı tipli xüsusi təhsil bölmələri yaradılır. Həmin şəxslər bu təhsil
müəssisələrinə psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi nəzərə alınmaqla
qanunvericilikdə müəyyən olunmuş qaydada göndərilirlər. Azadlıqdan məhrum
etmə yerlərində psixoloji-tibbi-pedaqoji komissiyanın rəyində müəyyən edilmiş
şərtlərə əməl etməklə ictimai təhlükəli əməllər törətmiş sağlamlıq imkanları
məhdud şəxslərin xüsusi təhsili qanunvericilikdə müəyyən olunmuş qaydada təşkil
edilir.
3. Xüsusi təhsilin dövlət standartları.
Fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanlar üçün xüsusi
təhsilin dövlət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir. Xüsusi təhsil dövlət standartları mülkiyyət formasından asılı olmayaraq
xüsusi təhsili həyata keçirən müəssisələr üçün məcburidir.
4.Xüsusi təhsil sisteminin idarə olunması.
Xüsusi təhsil həyata keçirilən dövlət müəssisələri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən idarə olunur. Müvafiq icra hakimiyyəti orqanı xüsusi təhsil üzrə
proqramlar, o cümlədən əlaqəli proqramlar hazırlayır və həyata keçirir, sağlamlıq
imkanları məhdud şəxslərin sağlamlığının mühafizəsinə, onların çatışmazlıqlarının
koreksiyasına, sosial adaptasiyasına, tibbi-sosial reabilitasiyasına, əlilliyin
profilaktikasına yönəlmiş birgə tədbirlər görür.
Mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsil müəssisəsinin
akkreditasiyası, xüsusi təhsil haqqında dövlət nümunəli sənəd almaq üçün təhsil
alanların yekun attestasiyası və xüsusi təhsilin keyfiyyətinə nəzarət
qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
Xüsusi təhsil müəssisəsinin, xüsusi təhsil bölməsinin və inteqrasiya təlimli
təhsil müəssisəsinin maddi-texniki bazasına xüsusi təhsil müəssisəsinin tipindən
asılı olaraq binalar, qurğular, yeməkxanalar, yardımçı binalar, tibb, korreksiya və
reabilitasiya kabinetləri, idman, qurğuları, təlimin texniki vasitələri, kitabxana
fondu daxildir. Xüsusi təhsili həyata keçirən müəssisənin maddi-texniki bazası
müvafiq olaraq dövlət, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən formalaşdırılır.
Xüsusi təhsil üçün dərslik, dərs vəsaitləri və elmi-metodik vasitələrin hazırlanması
müvafiq icra hakimiyyəti orqanı, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən
həyata keçirilir.
Xüsusi təhsil sahəsində pedaqoji və tibbi fəaliyyətə qanunvericiliklə müəyyən
edilmiş tələblərə cavab verən şəxslər buraxılır. Xüsusi təhsil üçün kadrların
hazırlnması orta və ali-peşə-ixtisas təhsili müəssisələrində, pedaqoji işçilərin
ixtisasartırma və yenidənhazırlanma müəssisəsində müvafiq icra hakimiyyəti
orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Xüsusi təhsil müəssisələ-
rində çalışan işçilərin sosial müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilir.
5. Psixoloji-tibbi-pedaqoji komissiya və tibbi-sosial ekspert komissiyasının
vəzifələri.
Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin
diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması
barədə qərar qəbul etmək, valideynlərinə və ya digər nümayəndələrinə müvafiq
məsləhət vermək, mübahisəli məsələlərə baxmaq məqsədi ilə tərkibi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və daimi fəaliyyət göstərən
psixoloji-tibbi-pedaqoji komissiyalar yaradılır. Psixoloji-tibbi-pedaqoji komis-
siyalara elmi-metodik xidmət göstərilməsi, habelə psixoloji-tibbi-pedaqoji
komissiyalarla sağlamlıq imkanları məhdud uşaqların valideynləri və ya digər
qanuni nümayəndələri arasında münasibətlər qanunvericilikdə müəyyən olunmuş
qaydada həll edilir. Psixoloji-tibbi-pedaqoji komissiya aşağıdakı vəzifələri yerinə
yetirir:
- uşaqların erkən, habelə sonrakı yaş hədlərində psixoloji-tibbi-pedaqoji
müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini aşkarlamaqla diaqnozunu
müəyyənləşdirmək;
- sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilə cəlb edilməsi barədə
qərar qəbul etmək;
- sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları üçün xüsusi təhsili
həyata keçirən müəssisənin tipini müəyyənləşdirmək;
- fərdi təlim planına dair tövsiyələr vermək;
- təyin edilmiş diaqnozu dəqiqləşdirməklə təsdiq etmək və ya dəyişdirmək.
2.İnklüziv təhsilin əsas xüsusiyyətləri, prinsirləri və xüsusi təhsilə ehtiyacı olan
şagirdlərlə pedaqoji işin təşkili
Dünyanın bir şox ölkələrində(məsələn,Böyük Bbritaniya, ABŞ,İsveçrə və s.) əlil uşaqlar
adi uşaqlarla birlikdə ümumtəhsil məktəblərində təhsil alır və uşaq bağçalarına gedirlər.Bu,
başqa bir yanaşmadır və bu cür inteqrasiyaya inklüziv təhsil deyilir.İnklüziv(fransızca-
“inclusive”-“özünə daxil edən”,latınca-“includo”- “nəticəyə gəlmək” mənasını verir)termini
xüsusi qayğıya ehtiyacı olan uşaqların tədris, təlim prosesinin təşkili ilə bağlı məsələlərin
həllinə istiqamətləndirilmişdir.İnklüziv təhsilin əsas məqsədini xüsusi qayğıya ehtiyacı olan
uşaqlar üçün maneəsiz təlim mühitinin yaradılması və onların psixoloji hazırlığının təmin
olunması təşkil edir. Başqa sözlə, inklüziv təhsilin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan
uşaqların bacarıqlarının inkişaf etdirilməsi, onların sosial mühitə inteqrasiyasına şərait
yaratmaq , valideynlərin maarifləndirilməsi və onlarla müvəkkillik sahəsində işin aparılmasına
köməklik göstərmək və bu sahədə çalışan müəllimlərin metodik hazırlığını inkişaf etdirməkdir.
Xüsusi qayğıya ehtiyacı olan uşağın inklüziv təhsilin tarixinə nəzər saldıqda məlum olur
ki, cəmiyyətin ayrı-ayrı inkişaf dövründə ona münasibət eyni olmamışdır.Məsələn, bir
mərhələdə cəmiyyət onlara qarşı mərhəmət hissi ilə yanaşmaq səviyyəsinə qədər gəlmişdir
(eramızdan əvvəl XI-XIIəsr və eramızın XII əsri). Bir neçə əsr sonra cəmiyyətin xüsusi
qayğıya ehtiyacı olan uşaqlara mərhəmət hissini onların öyrənmə bacarıqlarını önə çəkmək
addımı əvəz etmişdir. Daha sonra VII əsrin 70-80-cı illəri –XX əsrin əvvəllərində cəmiyyət
xüsusi qayğıya ehtiyacı olan uşaqların öyrənmə bacarıqları ilə yanaşı, onları öyrətmək
zərurətini də dərk etmişdir.Keçən əsrin əvvəlindən həmin əsrin 60-cı illərinədək olan dövrü
tibbi modelə, qayğıya ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssiələrinin yaradılması və
onlara fasiləsiz tibbi xidmətlərin göstərilməsi və müalicələrinin təmin olunması təşkil
edirdi.Bu zaman sosial və inkişaf adaptasiya amilləri bir qədər arxa plana keçirilir.1960-1980 cı
illəri əhatə edən növbəti mərhələ “normallaşdırma modeli” kimi tanınır.Bu proses inteqrasiya
adlanır.Sözügedən model ilk dəfə 1970-ci ildə Skandinaviyada, daha sonra ABŞ və Kanada da
tətbiq edilərək inkişaf etdirilmişdir.
” Normallaşdırma modeli”nin mahiyyətində aşağıdakı amillər təsbit olunmuşdur:
-xüsusi qayğıya ehtiyacı olan uşaqlar yüksək səviyyəli normal həyata yaxın bir mühitdə
yaşamalıdır;
-xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ən əlverişli şərait öz evləridir;
-hakimiyyət orqanları tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların evdə tərbiyə
oiunmasına səy göstərilməlidir;
-xəstəliyin dərəcəsindən asılı olmayaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil
almaları üçün şərait yaradılmalıdır.
Sonuncu üçüncü mərhələ keçən əsrin 80-cı illəridən indiyədək davam etməkdə olan
müddəti əhatə edir və “Sosial model” adlanır.”Sosial model” sağlamlıq imkanlarından, ailə
vəziyyətindən, bacarıqlarından, dinindən, irqindən asılı olmayaraq bütün uşaqların təhsil
prosesində və həyatda bərabərhüquqlu olmasını nəzərdə tutur.Müşahidələr göstərir ki, XIX
əsrin 90-cı illərindən etibarən inklüziv təhsilin məqsəd və mahiyyəti əhəmiyyətli dərəcədə
dəyişmişdir.Yəni o, peşəkar təcrübənin əldə edilməsinə doğru yönəlmişdir.
Azərbaycan Respublikasında təhsil hüququnun konstitusiya təminatı vardır , hansı ki bu,
ölkəmizdə inklüziv təhsilin də təşkilinə əsas yaradır.İnklüziv təhsil ümumi təhsilin inkişafı
prosesidir.Təhsilin bütün uşaqların ehtiyaclarının ödənilməsi baxımından hamı üçün əlçatan
olmasını nəzərdə tutur. Bu da xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almasını təmin
edir.”Məktəblər bütün uşaqları,fiziki, intellektual, sosial, emosional, dil və digər
xüsusiyyətlərinə baxmayaraq, qəbul etməlidir.Bu, əqli və fiziki ləngiməsi olan , xüsusi istedada
malik olan, kimsəsiz, işləyən uşaqlara...etnik və mədəni azlıqlara da aiddir..”.(Salamanka
Bəyənnaməsi,1994-cü il).
Azərbaycan cəmiyyətində baş verən demokratik dəyişikliklər sağlamlıq, inkişaf və digər
problemlərdən asılı olmayaraq, hər bir şəxsin ehtiyaclarının ödənilməsinə yönəldilən prosesləri
ön plana çəkir. Qabaqcıl dünya ölkələrinin təhsil sistemlərində olduğu kimi , respublikamızın
xüsusi təhsil sistemində də interaktiv proseslər həyata keçirilir, inklüziv təlimin təşkilinə şərait
yaradılır. Azərbaycanın təhsil sistemində xüsusi qayğıya ehtiyacı olan uşaqların yaradıcılıq
potensialının inkişafı sahəsində inteqrasiyalı (inklüziv) təlimin keyfiyyətinin yüksəldilməsi
istiqamətində səmərəli işlər məqsədəmüvafiq şəkildə davam etdirilir.
Məlumdur ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil
məktəbinin təlim prosesinə fəal daxil olmasından daha çox kütləvi təhsil prosesinin bir sistem
kimi yenidən qurulmasını və bütün uşaqların təhsil ehtiyaclarının təmin edilməsini nəzərdə
tutur. İnklüziv təhsilin ən üstün cəhətlərindən biri də xüsusi qayğıya ehtiyacı olan uşaqlarla
sağlam uşaqların bir yerdə təhsil almasıdır.Bildiyimiz kimi, bu çox çətin prosesdir. Belə ki,
burada həm pedaqoq, həm həkim, həm də psixoloq olmalıdır.
lnklüziv təhsil alan uşaqların öz yaşıdları olan sağlam uşaqlarla bir yerdə təhsil alması
onların hərtərəfli inkişafına səbəb olur.Həmin uşaqlar öz yoldaşlarının nailiyyətlərini
təkrarlamağa çalışır, onlar kimi hərəkət etməyə, danışmağa, fəaliyyət göstəməyə özlərində güc-
qüvvət axtarırlar. Belə uşaqlar özlərini yararsız hesab etmir, kollektivə adaptasiya olunur,
özlərinin gərəkli olduqlarını hiss edirlər. Belə uşaqların kollektivə, cəmiyyətə adaptasiyasına
müəllim və valideynlər diqqət göstərməlidirlər. Keçirilən tədbirlərdə , yarışlarda belə şagirdləri
müəllimlər diqqətdə saxlamalıdırlar. Bütün bunlar onların hərtərəfli inkişafına stimul yaradır.
Bununla bərabər inklüziv təhsilin inkişafını təkmilləşdirmək üçün müəyyən işlərin görülməsi
və tədbirlərin həyata keçirilməsi xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili üçün faydalı
olar.
Dövlət strategiyasında sağlamlığı məhdud uşaqların təhsilini yaxşılaşdırmaq məqsədilə
görüləcək işlər öz əksini tapmışdır. Bunlar aşağıdakılardır:
-Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf vı inklüziv təlim proqramlarının
hazırlanması;
-Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin
edən inklüziv təlim metodologiyasının yaradılması;
-Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların
təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi;
-Məktəbəqədər və ümumtəhsil müəssisələri təhsil verənlərinin ivklüziv təhsili üzrə
məqsədli əlavə təhsilinin təmin edilməsi.
İnklüziv təhsilin vacib komponentləri aşağıdakılardır: müvafiq inklüziv təcrübəni
dəstəkləyən bir fəlsəfə hazırlamaq; inklüziv təhsildə əməkdaşlıq; qiymətləndirmə; fərdi tədris
proqramı; inklüziv təhsildə reabitasiya xidmətinin təşkili; inklüziv təhsildə pedaqoq və
psixoloqların rolu; inklüziv təhsildə digər xidmətlərin rolu; inklüziv təhsildə valideynlərlə işin
təşkili; peşə təhsili.
İnküliziya haqqında yanlış təsəvvürlər: məktəbdə olmaq hər şey demək deyil; üzməyi
bilməyəni suya atmaq məqsədəuyğun deyil; diqqəti məqsədə deyil, hərəkətə yönəltmək;
proqramin əsas meyarı, hər bir uşağın fərdi təhsil ehtiyaclarının ödənilməsi deyil onun
öyrənilməsidir; sakitcə oturmağı fəal iştirakın alternativi kimi qəbul etmək.
Mövcud maneələr:
-Məktəblərin arxitextura cəhətdən əlçatmazlığı;
-Xüsusi təhsil ehtiyacları olan uşaqların oxumağa qadir olmamalarının qəbul edilməsi;
- Məktəbin pedaqoji kollektivinin əlillik məsələləri haqqında kifayət qədər məlumatının
olmaması; -Sinfin öyrənmə prosesinə sağlamlıq imkanları məhdud olan uşaqların daxil olması;
- Sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri uşaqların təhsil hüquqlarını
mmüdafiə etməyi bacarmırlar, onları təhsilə cəlb etməyə çəkinirlər.
İnkulizv təhsil aşağıdakı prinsiplərə əsaslanır:
-İnsanın dəyəri onun bacarıqları və nailiyyətləri ilə ölçülür;
-Hər bir şəxs hiss etmək və düşünmək qabiliyyətinə malikdir;
-Hər kəs ünsiyyət hüququna malikdir və o dinlənilməlidir;
-Bütün insanlar bir- birinə lazımdır;
-Orijinal təhsil yalnız real münasibətlərin kontekstində mövcud ola bilər;
-Bütün insanlara öz həmyaşıdlarının dəstək və dostluğu lazımdır;
-Bütün şagirdlər üçün tərəqqiyə nail olmaq onların nə biləcəyindən asələdır;
-Müxtəliflik insan həyatının bütün aspektlərini gücləndirir.
Təlim metodikasına müvafiq olaraq inklüziv təhsil şagirdlərə qarşı hər hansı formada
ayrı-seçkilik edilməsinin qarşısını alır və bütün uşaqlara , o cümlədən müxtəlif nevroloji və ya
psixi xəstəlikləri onlara belə mükəmməl şəkildə təhsil almaq və uğurlar qazanmaq imkanı
verir.
İnklüziv təhsilin əsas vəzifələrindən biri məhdud imkanlara malik insanların peşə hazırlığı
üçün sərhəd tanımayan mühit yadılmasıdır.Bununla əlaqədar olaraq təhsil müəssisələrinin
texniki təhcizatına yenidən baxmaq, təkcə təhsil alanlar deyil, həm də müəllimlər üçün xüsusi
qayğıya ehtiyacı olan uşaqları təhsil prosesinə fəal qoşulmasına yönəlmiş yeni xüsusi kurslar
işlənib hazırlanmalıdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilalma səviyyəsi getdikcə
yüksəlir, onların əksəriyyəti təhsilə cəlb edilir.Buna görə də inklüziv təhsilin təşkilinin təlim-
tərbiyə prosesinin səmərəli nəticə verməsi üçün onun müasirləşməsinə qoyulan standartlara
cavab verməsinə nail olmaq əsas tələblərdən biridir.
İnklüziv təhsilin həyata keçirilməsinin aşağıdakı təşkilatı formaları mümkündür:
-ümumtəhsil məktəblərinin adi siniflərində tam inteqrasiya;
-ümumtəhsil məktəblərinin xüsusi siniflərində, sinifdənkənar fəaliyyətdə qismən
inteqrasiya;
-müəyyən vaxt xüsusi məktəbdə təhsil almış və kompensator imkanları lazımınca inkişaf
etmiş uşaqların ümumtəhsil məktəblərinə keçirilməsi;
-peşə təlimi prosesində qayğıya ehtiyacı olan uşaqların tam və ya qismən inteqrasiyası.
İnklüziv kompanentli qruplarda çalışan psixoloqun xüsusi qayğıya ehtiyacı olan uşağın
təhsilə və cəmiyyətə uğurlu inteqrasiyası üçün onun ailəsinin vəziyyəti, dövlət tərəfindən
verilən təminatı, qeyri hökumət təşkilatları tərəfindən təklif olunan dəstəyi, öyrədənlə öyrənən
arasında yaranan qarşılıqlı münasibətləri nəzərə alması çox vacibdir.Bu zaman psixoloq uşağın
sağlamlığı barədə proqnozu müəyyən edib onun “çətin” olub-olmamasından daha çox inkişaf
xüsusiyyətlərinə və onlara təsir göstərən amillərə kompleks şəkildə baxmalı və valideynlərə
dəstək verməlidir.İnklüziv təhsilə keçidin müvəffəqiyyətinə təsir göstərən çoxlu amillər
içərisində təhsil müəssisəsində psixoloji xidmətin müasir tələblərə cavab vermə səviyyədə
təşkil olunması mühüm yerlərdən birini tutur.
İnklüziv komponentli qruplarda psixoloq uşaqlarda aşağıdakı sosial keyfiyyətlərin
inkişaf etdirilməsinə xüsusi fikir verməlidir: emosional sahənin inkişafı; koqnitiv sahənin
inkişafı; stressə qarşı dozümlülüyün inkişafı; özünəinamın inkişafı; real gerçəkliyə müsbət
münasibətin inkişafı; başqalarını qəbul etmə bacarığının inkişafı; müstəqilliyin inkişafı;özünü
inkişafetdirmənin, özünü müəyyənetmənin və həvəsləndirmənin inkişafı və s.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla təlim-tərbiyə prosesində aparılan işlərdə
valideynlərin iştirakı və onların dəstəyinin zəruriliyi həlledici rol oynayır.Valideynlər bu
proseslərdə həm də tərəf müqabil kimi fəal iştirak etməlidirlər.Bu qarşılıqlı münasibətlərin
formalaşmasında valideynlərə və uşaqlara psixoloqun yardım göstərməsi xüsusi əhəmiyyət
daşıyır.
Yardım istiqamətlərinə aşağıdakıları aid etmək olar: sosial və emosional yardım;
informasiya mübadiləsi; valideynlərin uşaqların təlimində iştiraka həvəsləndirilməsi; uşaqlar
və valideynlər arasında qarşılıqlı münasibətlərin yaxşılaşdırılması və səmərəliliyin artırılması
və s.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim –tərbiyə prosesində tərbiyəçi müəllimin rolu
danılmazdır.Tərbiyəçi müəllim qrupda sağlam şəraitin, hər bir uşaq üçün tələbatı ödəyəcək
adaptiv təlim mühitinin yaradılmasına və xüsusi qayğıya ehtiyacı olan uşağın təlim prosesinə
qoşulmasına dəstək olmalıdır.Xüsusi qayğıya ehtiyacı olan uşaqlara effektiv ünsiyyət
mədəniyyətinin formalaşdırılması üçün tərbiyəçi müəllim aşağıdakı problem xarakterli
məsələləri həll etməyə çalışmalıdır:
-onun şəxsi fikir və tövsiyələrinin dərk edilməsi üçün uşaqlara geniş imkanlar
yaratmalıdır;
-təlim-tərbiyə prosesində məlumatların tam və aydın tərzdə qavranılması üçün uşaqlarda
bacarıqlar inkişaf etdirilməlidir;
-uşağın böyüklərin nitqini tam başa düşməsi təmin olunmalıdır;
-verbal və qeyri-verbal nitq arasındakı uyğunluq gözlənilməli və inkişaf etdirilməlidir.
Bütövlükdə inklüziv təhsilin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək olar:
-əqli və fiziki imkanları əhatə edən müxtəlif tələblərin təmin edilməsi və müxtəlifliklərin
hesaba alınma imkanlarının optimal üsullarının axtarışı;
-şagirdin yaradıcı potensialının və məsələləri həlletmə bacarığının müxtəlif yollarla
stimullaşdırılması;
-uşaqların məktəbə getmək, öz fikrini ifadə etmək, keyfiyyətli tədris prosesində iştirak
edərək şəxsi, sosial və etnik xüsusiyyətlərindən asılı olmayaraq, müəyyən nəticələr əldə etmək
hüquqlarının təmin edilməsi;
-sosial uzaqlaşdırılmaya məruz qala bilən, həmçinin davamiyyəti pis olan şagirdlərə
mənəvi dəstəyin göstərilməsi.
İnklüziv təhsil sahəsində çalışan hər bir müəllim , tərbiyəçi aşağıdakılar üzrə
bacarıqlara qdir olmalıdır:
1.Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası;
2.Uşaqların təhsilə cəlb olunması;
3.Əqli inkişafın ,qavrama bacarıqlarının qiymətləndirilməsi və inkişaf etdirilməsi;
4.Kiçik və böyük motor bacarıqlarının qiymətləndirilməsi və onlar üzərində iş;
5.Sosial və özünəxidmət bacarıqlarının aşılanması;
6.Uşaq inkişafı sahəsində müxtılif mövzulu təlimlərin kenirilməsi;
7.Uşağın və ailənin psixoloji problemlərinin araşdırılması, konsultasiya xidmətlərinin
verilməsi; 8.Ünsiyyət və nitq bacarıqlarının qiymətləndirilməsi və inkişaf etdirilməsi;
9.Ailələrə sosial xidmətin ğöstərilməsi, ailələrin maariflədirilməsi.
Dostları ilə paylaş: |