Dərs vəsaiti Azərbaycan Respublikası


GİLYEN  de  KASTRO  /1569-1631/



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə22/27
tarix01.04.2017
ölçüsü2,83 Kb.
#13183
1   ...   19   20   21   22   23   24   25   26   27

GİLYEN  de  KASTRO  /1569-1631/.  Lope  de  Veqa 
dramaturgiyasının  humanist  ənənələri  ilə  bağlı  olan 
dramaturqlar arasında Gilyen de Kastro özünəməxsus şərəfli 
bir  yer  tutur.  O  daha  çox  İspaniyanın  qəhrəmanı  olan  Sid 
haqqında  dramatik  xronikası  ilə  məşhurdur.  Həmin 
xronikanın  "Sidin  gəncliyi"  adlandırılan  birinci  hissəsi 
sonralar  Kornel  tərəfindən  yenidən  işlənmiş  və  fransız 
klassist  janrının  tarixində  yeni  səhifə  açmışdır.  Əlbəttə,  bir 
həqiqəti  heç  vaxt  unutmaq  olmaz  ki,  Kastronun  əsəri  ilə 
Kornelin  "Sid"i  arasında  o  qədər  də  ciddi  yaxınlıq  yoxdur. 
Kornel  ispan  dramaturqunun  əsərindən  faydalansa  da, 
məzmun və formaca yeni bir əsər yaratmışdır. 
Gilyen  de  Kastro  Lope  de  Veqa  məktəbinin  ədəbi 
prinsiplərinə uyğun olaraq milli poetik ənənələrdən qidalanır, 
xalqın  qəhrəmanlığını  tərənnüm  edir.  Dramaturq  hadisə  və 
xarakterləri  realistcəsinə  göstərsə  də,  xalq  rəvayət  və 
dastanlarından  gələn romantikadan da imtina etmir.  Bir  çox 
başqa  əsərlərində  olduğu  kimi,  Kastro  burada  da  əsərlərin 
süjetini  xalq  romanslarından  almışdır.  Dramaturqun 
yaradıcılığında  canlılıq,  əlvanlıq  və  coşqunluq,  dramatik 
vəziyyətlərin,  fantastik  macəraların,  gərgin  hislərin  əks 
etdirilməsinə meyl daha güclüdür. 
Əsərin  qəhrəmanları  ilk  səhnələrdən  sevgi  və  şərəf 
hissləri  arasında  qalır,  dərin  iztirablar  keçirirlər.  İki  kübar 
ailə  arasında  münaqişə,  bir-birini  təhqiretmə,  duel  və  ölüm 
hadisələri gənc qəhrəmanların taleyində də əks olunur. Onlar 
ziddiyyətli  duyğular  arasında  qalırlar.  Dramaturq  hər  bir 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
317 
surəti  fərdi  cizgilərlə  işləmişdir.  Kral  Fernando  tədbirli, 
ehtiyatlı bir hökmdardır. Himenanın atası qraf Losano kobud 
və  təkəbbürlüdür.  Himena  və  Rodriqo  –  hər  ikisi  coşqun, 
ehtiraslı  gənclərdir.  Əsərdə  qəhrəmanların  hər  bir  hərəkəti, 
sözü  təbii,  səmimi  səslənir.  Surətlərin  dilində  müəyyən 
kobudluq hiss olunsa da, bu kobudluqda bir həyatilik vardır. 
Rıtsarlığa  təzəcə  qəbul  edilən  Rodriqo  onun  atasını  təhqir 
edən  Losanonu  duelə  çağıranda  Losano  ona  istehzalı  bir 
mərhəmətlə  yanaşır,  "Sən  hələ  ağzının  südünü  bir  sil!" 
deyərək  ona  saymazyana  bir  münasibət  bəslədiyini  bildirir. 
Rodriqo isə  bu  istehzalı  müraciətə  daha  açıq bir  kobudluqla 
cavab qaytarır: 
 
Bil, intiqam deyil uzaq, 
Dodağının qanı ancaq 
Qarışacaq al qanınla. 
 
Rodriqo  ilə  qraf  Losano  arasındakı  bu  kobud 
sözləşmə Himenanın və İnfantanın gözü qarşısında baş verir. 
Sidin atası Dieqo Laynes oğlunun cəsarətini  yoxlamaq üçün 
onun  əlini  dişləyir,  ondan  sərt,  kobud  cavab  eşitdikdə  isə 
rahat  nəfəs  alır.  Oğlunun  kobudluğu,  sərtliyi,  əli  dişlənəndə 
arvad kimi ağlamaması onu sevindirir. O, indi inanır ki, oğlu 
onun intiqamını ala bilməyə qadir olan igid bir döyüşçüdür. 
Ata da, oğul da belə hesab edirlər ki, şərəf hər şeydən 
üstündür.  Ata  belə  düşünür  ki,  təhqir  edildiyinin  intiqamını 
almadan  yaşamaqdansa,  ölmək  yaxşıdır.  Sid  də  eyni  cür 
düşünür.  O,  döyüşməyə  hazırdır.  Lakin  Sid  belə  düşünür  ki, 
birdən o məğlub olar, intiqamını ala bilməz. Onda o and içir 
ki, əgər ona qalib gəlsələr, o özünü öldürəcək və əcdadlarının 
qılıncını  xar  olmaqdan  öz  sinəsində  gizlədəcəkdir.  Pyesdə 
hadisələr  ildırım  sürətilə  cərəyan  edir.  Qəhrəmanların  psixo-
loji  düşüncələrinə,  şübhə  və  tərəddüdlərinə  vaxt  verilmir.  Bir 
an  içində  hökm  verilir.  Qaynar  ispan  qanı  ləngiməyi, 

Afaq Yusifli İshaqlı 
 
 
318 
gecikməyi  sevmir.  Təsadüfi  deyildir  ki,  hadisələrin  cərəyan 
etdiyi zaman qızmar günorta vaxtına düşür. 
İspan  kralı  II  Filipp  kralların  səhnədə  göstərilməsini 
xoşlamırdı.  Buna  baxmayaraq  Lope  de  Veqa  əsərlərində 
onları dönə-dönə müxtəlif vəziyyətlərdə səhnəyə çıxarmışdır. 
Gilyen  de  Kastro  da  ustadının  yolu  ilə  getmişdir.  Hətta 
üstəlik  kralın  vassallardan  asılı  olduğunu,  onlara  gücü 
çatmadığını  göstərmişdir.  Losano  və  Dieqo  Laynesin  kralın 
yanında  bir-birilə  sözləşməsi,  təhqir  etməsi,  Losanonun 
Dieqo  Laynesə  şillə vurması  özlüyündə təsdiq  edir ki,  onlar 
kralı saymır, onunla hesablaşmırlar, ona hörmət göstərmirlər. 
Fernando  özü  də  bunu  başa  düşür.  Ona  görə  də  təkəbbürlü, 
dikbaş qrafı cəzalandırmaq fikrinə düşür. Saray adamları isə 
krala  belə  bir  iş  görməyi  məsləhət  bilmirlər.  Bunu  krallıq 
üçün qorxulu bir hadisə sayırlar. 
 
Sahib-ixtiyardır Losano, kral! 
Varlıdır, ötkəmdir, azğındır yaman. 
Böyük təhlükə var bu hərəkətdə 
Yetər krallığa bundan hər ziyan. 
 
Bu  məsləhət  ispan  kralının  iri  feodal  qarşısında 
gücsüzlüyünü,  zəifliyini  aydın  göstərir.  Kralın  hakimiyyəti 
ancaq  formal,  rəsmi  səciyyə  daşıyır.  Gilyen  de  Kastronun 
məharəti ondadır ki, kralın ispan siyasi həyatında mövqeyini 
düzgün əks etdirir.  
 
ALARKON  /1581-1639/.  XVII  əsrin  başlanğıcında 
Lope  de  Veqa  məktəbinə  mənsub  olan  dramaturqlardan  biri 
də  Xuan  Ruis  de  Alarkon  idi.  Dramaturq  əsərləri  üzərində 
vasvasılıqla dönə-dönə işlədiyindən başqa həmkarlarından az 
yazmışdır.  Onun  cəmi  iyirmi  altı  pyesi  məlumdur.  XVII-
XVIII əsrlərdə Alarkon az tanınmışdır. Xarici ölkələrdə onun 
irsinə göstərilən maraq Alarkonun yada düşməsinə, maraqla 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
319 
qarşılanmasına səbəb oldu. 
Alarkon Meksikada zadəgan ailəsində anadan olmuş, 
təhsilini  İspaniyada  almışdır.  Ömrü  boyu  yüksək  dövlət 
vəzifəsində çalışmışdır. 
Alarkonun  ən  yaxşı  pyeslirəndən  biri  "Seqoviyalı 
toxucu" pyesidir. İnsan iradəsinə, gücünə himn kimi səslənən 
bu  komediyada  dini  motiv,  mistik  əhval-ruhiyyə  yoxdur. 
Həyatın, şəraitin ağırlığı onu az qalır məhv etsin, lakin əsərin 
qəhrəmanı  Fernandonun  simasında  insan  taleyin  bütün 
oyunlarına, zülmlərinə mətanətlə dözür, ona meydan oxuyur 
və  qalib  gəlir.  Onun  gücü,  cəsarəti,  mərdanə  dözümü,  öz 
məğlubedilməzliyinə  inamı  insanı  heyran  edir.  Don 
Fernando  həyata,  həyatın  müsibətlərinə  meydan  oxuyub 
deyir:  "Mən  hədsiz  dərəcədə  xoşbəxtəm  ki,  hələ  yaşayıram, 
həyat  gücüm  var,  qanım  qaynayır,  əlim  sədaqətlə  mənə 
qulluq göstərir, yox mən möcüzə deyiləm." Pyesin döyüşkən 
romantik ruha,  adamların  hissləri  və  hərəkətləri,  əməlləri  və 
sözlərinin  gerçəkliyi  oxucunu,  tamaşaçını  öz  nikbinliyi  ilə 
heyran edir. 
Pyesin  qəhrəmanı  gənc  Fernandonun  atası  varlı 
zadəganlardandır,  kralın  sevimlisidir.  Həyat,  atasının 
mövqeyi  onun  qarşısında  işıqlı  üfüqlər  açır,  şan-şöhrət  vəd 
edir. Lakin saray adamlarının paxıllığı, məkrli oyunları onun 
atasına  ləkə  yaxır,  böhtan  atır,  nəcib,  şöhrətli  adını  çirkaba 
bulayır.  Fernandonun  atasını  mavrlarla  /ərəblərlə/  əlaqədə 
ittiham  edib  şəhər  meydanında  öldürürlər.  Don  Fernandonu 
da  eyni  şəkildə  edam  olunmaq  təhlükəsi  gözləyir.  Fernando 
məbəddə  gizlənir.  Eşidir  ki,  onun  atasına  böhtan  atan 
adamlar  indi  də  bacısı  donya  Annanın  namusunu  ləkələmək 
istəyirlər.  Bacısının  gücünə,  iradəsinə,  mətanətinə  inana 
bilməyən  Fernando  iztirab  çəkir,  həyəcanlanır,  yeganə  çıxış 
yolunu bacısını zəhərləyib öldürməkdə görür. O belə düşünür 
ki,  alçaq  adamların  əlinə  keçməkdənsə,  onları  bu  yolla 

Afaq Yusifli İshaqlı 
 
 
320 
sevindirməkdənsə,  bacısının  ölməsi  daha  məsləhətlidir. 
Ölüm şərəfsiz, ləkəli yaşamaqdan daha üstündür. 
Bu  çətin  anda  istədiyini  yerinə  yetirən  və  yaxın 
adamını  zəhər  verib  öldürən  Fernando  üçün  dünya  boş  bir 
səhraya  çevrilir.  Heç  kəsi  olmayan,  sevinci  yasa  çevrilən, 
düşmənlərinin təntənəsini görən Fernando ümidsizləşmir, qul 
kimi  taleyə  baş  əymir,  ona  qarşı  döyüşmək,  taleyə  qalib 
gəlmək  qətiyyəti  ilə  yaşayır.  Fernando  bu  məqsədlə 
qəbiristanlığa  gedir,  qəbirüstü  daşı  kənara  itələyib  meyiti 
çıxarır,  onun  kəfənini  çıxarıb  öz  paltarını  ona  geyindirir. 
Bundan  sonra  o,  meyitin  üz-gözünü  tanınmaz  bir  hala  salıb 
şəhərin  küçələrindən  birinə  tullayır.  Səhər  camaat  don 
Fernandonun  paltarını  və  sənədlərini  ölmüş  adamın  üstündə 
tapıb, onun öldüyünü zənn edir, onu sakitcə basdırırlar. 
Don  Fernando  bu  hadisədən  sonra  Pedro  Alonso  adi 
ilə Seqoviyada yoxsul bir toxucu kimi yaşamağa başlayır. O, 
sadə  bir  fəhlə  kimi  işləyir  və  yaşayır,  varlı  bir  zadəgan 
olduğunu  unudur.  Hər  şeyi  dəhşətli  bir  yuxu  kimi  yaddan 
çıxarır.  Yeni  mühitdə,  yeni  tipli  insanlar  arasında  o,  əsl 
səadət tapır.  Bu, gerçəkliklə barışmaq, taleyin hökmünə baş 
əymək  deyildir.  Fernando  cinayət  və  eybəcərliklər  hökm 
sürən  kübarlar  dairəsinə  nifrətlə  baxır,  onlardan  ayrıldığı 
üçün peşman olmur, ruhdan düşmür. Başına gələn əhvalatlar, 
düşdüyü şərait onun iradəsini sındırmır, insani hislərini, şəxsi 
ləyaqət duyğularını öldürmür. O özünü qalib və xoşbəxt hiss 
edir.  Həm  də  o  Teodora  adlı  gözəl  bir  qızla  dost  olmuşdur. 
Bu  yoxsul,  sadə  və  cazibəli  qız  onun  qəlbinə  əsl  səadət  və 
sevinc  gətirmişdir.  Özünün  alçaldığı,  təhlükələrə  məruz 
qaldığı  günlərdə  rastlaşdığı  Teodoranı  o,  dərin  səmimi 
məhəbbətlə  sevir,  onun  saflığına,  səmimiliyinə  heyran  olur. 
Bu, 
müəyyən  mənada  insanın  mənəvi  qələbəsidir, 
çətinliklərə, uğursuzluqlara üstün gəlməsidir. 
İndi  Fernando  kübar  cəmiyyətində  təlatümə  gələn, 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
321 
dalğalanan, qəddar nərlərlə hayqıran şər, eybəcərlik, böhtan, 
xəyanət  dəryasına  uzaqdan  tamaşa  edir,  qorxmur,  narahat 
olmur.  Lakin  bu  şər  dünyası  qəhrəmanı  yenə  də  rahat 
buraxmır, onu yeni-yeni imtahanlara çəkir.  
Onun  atasının  ölümünün  baisi  don  Xuan  saray 
adamları  ilə  birlikdə  Seqoviyaya  gəlib  çıxır.  Don  Xuan 
burada  Fernandonun  sevgilisi  Teodoranı  görür  və  ona 
vurulur. 
Lope de Veqa kimi Alarkon da təsvir etdiyi adamları 
bir  tərəfli  göstərmir.  O  cümlədən  don  Xuan  özü  də  onun 
təqdimində  müəyyən  müsbət  cizgilərə  də  malikdir.  O,  cani 
yox,  bağlı  olduğu  mühitin  pozduğu,  eybəcərləşdirdiyi  bir 
adamdır. Pyesin sonunda baş verən cinayətdə iştirakı atasının 
təhriki ilə əlaqələndirilməsi özü də bu cəhəti aydın göstərir. 
Alarkon  onun  atasının  da  müəyyən  insani  cizgilərə  yad 
olmadığını göstərir. Oğluna nəsihət verəndə onu cəsarətli və 
nəcib qəlbli bir insan olmağa sövq edir. "Kim ki, cəsur və nə-
cib  qəlblidir,  o,  kral  və  şərəf-namus  uğrunda  qılıncını  tez 
qından  çıxarar."  Dramaturq  mənfi  surətləri  ancaq  mənfi 
cizgilərlə  göstərməyin  əleyhinədir.  Realist  prinsiplərə  əməl 
edən ədib yaratdığı surətləri həyatda olduğu kimi mürəkkəb 
və ziddiyyətli səciyyəyə malik adamlar kimi əks etdirir. Qraf 
don  Xuan  bir  tərəfdən  dövlət  işləri  ilə  maraqlanmayan, 
ərəblərin  hücumundan  narahat  olmayan,  borc,  şərəf  işini 
yerinə  yetirməkdənsə,  öz  sevgisi,  eyş-işrəti  haqqında 
düşünən  bir  adamdırsa,  o  biri  tərəfdən  Teodora  və 
Fernandonun yaşadığı daxmanın qarşısında özünü ehtiram və 
cəsarətlə  aparır.  Finlo  onun  bu  davranışını  görüb  təəccüb-
lənir,  qrafın  yoxsul  bir  qıza  bu  qədər  ehtiram  göstərməsini 
ona  yaraşmayan  bir  hərəkət  kimi  pisləyir.  Don  Xuanın 
dostuna verdiyi cavab onun qəlbində nəcib insani duyğuların 
da olduğunu bir daha sübut edir: 
 

Afaq Yusifli İshaqlı 
 
 
322 
Sevgidə, görürəm, sən nabələdsən, 
Elə ki, hislərlə üstələnirik, 
Xəyala, arzuya vuruluruq biz. 
Sevib özümüzə şübhələnirik. 
Finlo, ucqarda bu kiçik koma 
Mənə bir saraydır, o bakir sənəm 
Bir kraliçadır gözümdə hər dəm. 
Qorxuram beləcə toxunmaqla mən, 
Bu təmiz qapını ləkələməkdən. 
 
Lakin  elə  məqamlar  da  olur  ki,  biz  qraf  don  Xuanın 
bu təmiz qapını ləkələmək istədiyinin şahidi oluruq. O, Finlo 
ilə  birlikdə  toxucunun  evinə  soxulanda  məhz  alçaq 
məqsədlər  izləyir,  Teodoraya  sahib  olmaq  niyyətini  yerinə 
yetirmək  istəyirdi.  Toxucu  Pedro  Alonso  adı  ilə  yaşayan 
Fernando  cəsarətlə  özünü  və  sevgilisini  müdafiə  edir.  Ona 
şillə vuranda  o, qeyzə  gələrək ağaların iki nökərini öldürür, 
özlərini  isə  biabırçı  bir  şəkildə  evdən  qovur.  Don  Xuanın 
hərəkəti pyesdə korluq, xalqı qəzəbləndirən bir hərəkət kimi 
qiymətləndirilir.  Toxucunun  hərəkəti,  zadəganlarla  cəsarətlə 
davranması  güclü  siyasi  mahiyyət  alır.  Lakin  Alarkonu 
tamamilə demokratik ruhlu bir yazıçı kimi qiymətləndirmək 
doğru  olmazdı.  O  öz  mühitinin,  sinfinin  oğlu  olaraq  qalır. 
Fernandonun  cəsarəti,  ləyaqəti  xalq  kütlələrinin  yox, 
zadəgan dairələrinin cəsarəti və ləyaqəti kimi nəzər çatdırılır, 
onun zadəgan mənşəyi ilə əlaqələndirilir. 
Pyesin  ən  mühüm  səhnələrindən  biri  Fernandonun 
həbsə alındığı səhnədir. Onu edam gözləyir. Lakin burada da 
ümidini  itirmir,  öz  qələbəsinə  inanır.  Teodoranın  onu  xilas 
etmək  xatirinə  don  Xuanın  yanına  getmək  istəyini  eşidəndə 
isə qısqanclıq və qəzəb alovları ilə alışıb yanır. Özünün xilası 
yox,  əgər  Teodora  onun  düşməninin  yanına  gedərsə,  hətta 
adını belə çəkərsə, onu tikə-tikə doğramaqla hədələyir. 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
323 
Bununla  bərabər  o,  həbsdən  dəhşətli,  cəsarət  və 
mərdlik tələb edən bir üsulla xilas olur. Yoldaşlarından xahiş 
edir ki, qılınc zərbəsilə vurub onun başını yarsınlar, bu yolla 
o,  həbsxana  xəstəxanasına  düşər  və  oradan  qaçar.  Hər  şey 
onun  dediyi  kimi  olur.  Əlindəki  qandalları  açmaq  lazım 
gələndə  isə  o  özünün  iki  barmağını  dişləyib  qoparır.  Onun 
cəsarəti, mərdliyi, əzmi, iradəsi insanı heyran edir. 
Bundan  sonra  biz  Fernandonu  quldurlar  dəstəsində 
görürük, realist bir  yazıçı olan Alarkon onu bir quldur kimi 
idealizə  etmir,  romantikləşdirmir.  Qəddar,  zalım  bir  adam 
kimi  verir.  O,  təhlükə  qarşısında  cəsarət  göstərər  yoldaşına 
belə aman vermir, hər hansı ehtiyatsız bir yolçu görəndə onu 
soymaq imkanını əldən buraxmır. 
Fernandonun  quldurluq  həyatını  təsvir  edərkən  Alar-
kon  yenə  də  real  həyat  faktlarından  çıxış  etmişdir.  Onun 
dövründə  İspaniya  quldur  dəstələri  ilə  dolu  idi.  Dramaturq 
bu  quldurların  həyatını,  hərəkətlərini  doğru  əks  etdirdiyi 
kimi  onların  əmələgəlmə  yolunu  da  doğru  müəyyənləşdirir. 
Ancaq  ədalətsizliyin  insanları  bu  yola  gətirib  çıxardığını 
təsdiq  edir.  Pyesdə  cərəyan  edən  hadisələrdə  də  biz 
Fernandonu  cəsur,  nikbin,  öz  qələbəsinə  inanan  bir  adam 
görürük.  Don  Fernando  həqiqətən  də  öz  düşmənini  onun 
yataq otağında təkbətək döyüşdə öldürür. 
Pyesin ən maraqlı surətlərindən biri təlxək Çiçondur. 
O,  qorxaq,  hiyləgər,  çevik  bir  adamdır.  Kiçik  bir  qazanca 
tamah salıb ən yaxın dostunu sata bilər. Həyat onu o qədər də 
əzizləməmişdir. Lakin ən böyük müsibətlər içərisində olduğu 
vaxtlarda o, şənliyini itirmir, zarafatından qalmır. 
Çiçon  küçədə  böyümüşdür,  həyatın  qəddar  və 
amansız  üzünü  görüb  həqiqətə  inamını  itirmişdir.  Nəcib 
görkəm  arxasında  gizlənən  xudbin  məqsədlər  ona  yaxşı 
tanışdır.  O,  gah  filosofluq  edir,  Kalvinin  sözlərindəki 
səhvlərdən  danışır,  gah  qonqorizm  üslubunda  parlaq,  incə 

Afaq Yusifli İshaqlı 
 
 
324 
bənzətmələr işlədir. Miyançılıq haqqını alanda  bu hadisənin 
nəticəsini  "bağlanmış  qızıl  açar"  adlandırır.  Atasının 
yanından  qaçanda  qışqıraraq  ona  "həbsxana  darağacının 
yanında  görüş"  vəd  edir.  Bütün  bu  və  digər  gözlənilməz 
bənzətmələr  onun  nitqini  qonqorizm,  yaxud  kulteranizm 
adlanan  bədii  üsluba  yaxınlaşdırır.  Lakin  Alarkon  burada 
həmin  üslubdan  daha  çox  gülüş  doğurmaq  üçün 
faydalanmışdır. 
Don  Fernando  öz  rəqibi,  düşməni  don  Xuanı 
öldürəndə  ciddiliyi,  amansızlığı  ilə  tamaşaçını  heyrətə  salır, 
həyəcanlandırır. Elə bu vaxt taxtın altından çıxan Çiçon don 
Xuanın  meyiti  üzərində  məzəli  bir  tərzdə  sızıldamağa 
başlayır,  həmin  meyitlə  bir  yerdə  bağlı  qapı  arxasında 
qalmağının  xoşa  gəlməz  olduğunu  söyləyir.  Tamaşaçı  istər-
istəməz  gülməyə  başlayır.  Faciə  ilə  gülüş  bir-birinə  qarışır. 
Alarkon  həyatda  olduğu  kimi  zidd,  bir-birinə  əks  hadisələri 
bir yerdə təqdim edərək Lope de Veqa üslubuna sadiq qalır. 
Alarkonun komediyalarının dili əzəmətli və əlvandır. 
Onun 
qəhrəmanlarının  danışıqları  da  mübaliğəlidir, 
gerçəkliyin  fövqündə  durur,  lakin  bu  cəhət  dramaturqun 
əsərinin realist xarakterinə zidd deyildir. Alarkon pyeslərinin 
dili  üzərində  Qonqoranın  dilinin  təsiri  də  aydınca  hiss 
olunur. 
Alarkon  yeni  Avropa  ədəbiyyatında,  hər  şeydən 
əvvəl,  xarakterlər  komediyasının  yaradıcısı  kimi  tanınır.  İlk 
nümunələri antik Yunanıstanda Menandr tərəfindən yaradılan 
xarakterlər  komediyası  Roma  ədəbiyyatında  Plavt  və 
Terensinin  yaradıcılığında  yeni  zirvələr  fəth  edir.  Xristian 
kilsəsinin  təqibləri  nəticəsində  teatr  uzun  müddət  susur. 
Lakin  çoxəsrlik  fasilədən  ispan  teatrı  yenidən  canlanır.  Bu 
yenidən  canlanma  dövründə  ilk  xarakterlər  komediyasını 
Alarkon  yaradır.  Bu  yolda  onun  atdığı  ilk  addımlardan  biri 
"Şübhəli  həqiqət"  komediyasının  yaradılmasıdır.  Komediya 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
325 
yalançılığın ifşasına həsr edilmişdir. 
Əsərin  qəhrəmanı  don  Qarsiya  yalançıdır.  O  hər 
addımbaşı  lazımlı-lazımsız  yalan  danışır.  Həm  də  öz 
yalanlarını elə məharətlə uydurur, elə təbii, canlı danışır, elə 
istedadla onu həqiqət kimi təqdim edir ki, adamları inandıra 
bilir.  Onun  yalanları  həqiqətə  uyğundur,  inandırıcıdır.  Get-
gedə don Qarsiya öz yalanları içərisində dolaşıb qalır. 
Ömründə  tək  bircə  dəfə  o,  doğru  söz  danışır,  lakin 
həmin  vaxt  onu  yalançılıqda  ittiham  edirlər.  O,  doğru  sözü, 
həqiqəti  inandırıcı  şəkildə  söyləməyi  yadırğamışdır.  Bu 
qəribə  uğursuzluqdan  don  Qarsiya  belə  nəticə  çıxarır: 
"Əfsus!  Həqiqətin  qiyməti  necə  də  azmış!"  Onun  nökəri  isə 
müəllif  mövqeyini  aydınlaşdıraraq  əlavə  edir:  "Yalançının 
dilində." 
Fransız  dramaturqu  Kornel  bu  əsər  əsasında  özünün 
"Yalançı"  komediyasını  yazmış  və  bununla  da  xarakterlər 
komediyasının  əsasını  qoymuşdur.  Sonralar  Molyer  etiraf 
etmişdir ki, əgər Kornelin "Yalançı"sı olmasaydı, o, heç vaxt 
"Mizantrop"u yaratmazdı. 
 
TİRSO de MOLİNA /1571-1648/. Lope de Veqanın 
dramatik  ənənələrini  davam  etdirən  görkəmli  ispan 
dramaturqlarından ən məşhuru Tirso de Molina təxəllüsü ilə 
yazıb  yaradan  Qabriel  Tellesdir.  Tirso  de  Molina  rahib  və 
mənsub  olduğu  ordenin  tarixçisi  idi.  Buna  baxmayaraq  o, 
dini  pyeslərlə  yanaşı  şən,  həyatsevər  komediyalar  da 
yazmışdır. Ədib özünü Lope de Veqanın şagirdi adlandırmış, 
bununla  fəxr  etmişdir.  Lakin  Tirso  de  Molinanın 
yaradıcılığında  artıq  ispan  dramaturgiyasının  yeni  inkişaf 
mərhələsinin cizgiləri müşahidə olunur. Xristian tövbəkarlığı 
mövzusu onu Lope de Veqadan çox Kalderona yaxınlaşdırır. 
Eyş-işrət  və  həzzin  günah  olması  mövzusu  artıq  özlüyündə 
dramaturqun  intibah  dünyagörüşündən  imtina  etdiyini,  orta 

Afaq Yusifli İshaqlı 
 
 
326 
əsrlər  teatrının  ideya  mövqelərinə  qayıtdığını  təsdiq  edirdi. 
Tirso  de  Molina  Lope  de  Veqanın  komediyaya  estetik  həzz 
mənbəyi  kimi  baxmaq  ənənəsindən  də  uzaqlaşır,  dini 
öyüdçülük,  nəsihətçilik  mövqelərinə  qayıdır.  Əlbəttə,  Tirso 
de  Molinanın  yaradıcılığında  xristian  moizəçiliyi  ruhu 
birdən-birə  əmələ  gəlmir.  Onun  ilk  komediyalarında 
məharətlə  qurulmuş  intriqalar,  səhvlər,  paltar  dəyişmələrlə 
birlikdə  əsl  intibah  həyatsevərliyi,  şən  əhval-ruhiyyə 
hakimdir.  Tirso  de  Molina  dörd  yüzə  qədər  komediya 
yazmışdır.  Bunlardan  ancaq  səksən  altı  əsər  qalmışdır.  Bu 
səksən  altı  əsərdən  beşi  auto  sakramentale  formasında 
yazılmışdır. Auto sakramentale pasxa günlərində İspaniyanın 
şəhər  meydanlarında  ifa  olunmaq  üçün  nəzərdə  tutulan  və 
bibliya  əfsanələri  mövzularında  yazılan  birpərdəli  dini  pyes 
formasıdır. 
Lope de Veqa kimi Tirso de Molinanın yaradıcılığı da 
ziddiyyətlidir.  Bununla  bərabər  o,  həm  də  dini  fəlsəfi  dram 
janrının  ilk  nümunələrini  yaratmaqla  Kalderon  üçün  zəmin 
hazırlamışdır. Dramaturqu bütün dünyada tanıtdıran "Sevilya 
dəcəli,  yaxud  daş  qonaq"  komediyası  da  həmin  qrupa  daxil 
olan  əsərlərdəndir.  Tirso  de  Molina  1630-cu  ildə  yazdığı  bu 
komediyada  Don  Juan  haqqındakı  əfsanəni  ilk  dəfə  yazılı 
ədəbiyyata  gətirmiş,  bu  süjeti  sonralar  işləyən  Molyer, 
Merime,  Puşkin,  Bayron,  A.K.Tolstoy,  M.İbrahimov  və 
başqaları üçün bir mənbə rolunu oynamışdır. 
Don  Juan  mövzusunun  dünya  ədəbiyyatında  belə 
geniş  yayılmasının  bir  çox  səbəbləri  var  idi.  Hər  şeydən 
əvvəl,  bu  mövzu  insan  həyatının  ən  mühüm  və  mürəkkəb 
məsələlərindən daha dərindən maraqlanmağa və ciddi söhbət 
aparmağa imkan verirdi. Maddi aləm və din, əxlaqi normalar 
və  xudbin  arzuların,  istəklərin  hüdudsuzluğu,  sevgi  və 
ehtiras kimi məqsədlərdən danışmaq üçün Don Juan əfsanəsi 
əlverişli material verirdi. 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
327 
Tirso de Molinanın belə bir mövzuya müraciət etməsi 
bir  tərəfdən  Lope  de  Veqanın  irsi  ilə  bağlı  idi.  Lope  de 
Veqanın  əsərlərində  ispan  hakim  dairələrinin  əxlaqi 
düşkünlüyü dönə-dönə tənqid edilmişdir. Tirso de Molina da 
Don 
Juan 
surətini  yaratmaqla  düşkünləşmiş  ispan 
zadəganlığının  qadın  dalınca  qaçmaq  ehtirasının  adi  bir 
idmana  çevrildiyinə  etirazını  bildirmişdir.  Tirso  de  Molina 
ölmüş  adamın  heykəlini  qonaq  çağırıb,  bu  cəsarətinə  görə 
həyatını  qurban  verən  Don  Juanı  əsərinə  qəhrəman  seçmiş, 
qadınları  vicdansızcasına  aldadaraq  yoldan  çıxaran  əxlaqsız 
bir zadəgan surəti yaratmışdır. 
Don  Juan  öz  dostunun  nişanlısı  Donya  Annanın 
sevgisindən  ləzzət  almaq  üçün  onun  görkəmini  qəbul  edib 
qızın  yanına  gəlir.  Burada  o,  qızın  atası  komandorla 
qarşılaşır  və  onu  öldürür.  Bu  vaxta  qədər  bir  çox  qadınları 
yoldan  çıxaran  Don  Juan  istehza  ilə  öldürdüyü  komandorun 
heykəlini şam yeməyinə çağırır. Sonra komandorun dəvətini 
qəbul edib komandorun basdırıldığı kilsəyə gedir. Burada yer 
yarılır və o, cəhənnəmə yuvarlanır. 
Tirso  de  Molinanın  qəhrəmanı  hələ  ibtidai  səciyyə 
daşıyır.  O,  qadınları  şəxsi  cazibəsinin  hesabına  yoldan 
çıxarmır,  daha  kobud  vasitələrə  əl  atır.  Aristokrat  qadınları 
müxtəlif  üsullarla  aldadırsa,  sadə  xalq  qızlarını  onlara 
evlənəcəyini  və  onları  kübar  xanımına  çevirəcəyini  vəd 
etməklə istəklərinə tabe edir. Eyni zamanda o, həyatsevərliyi, 
tükənməz  enerjisi,  qeyri-adi  cəsarəti  ilə  insanı  heyran  edir. 
Müəllif  öz  qəhrəmanını  bu  baxımdan  ittiham  etsə  də,  onu 
cəzbedici  cizgilərlə  göstərir.  Heykəlin  gəlişindən  sonra 
soyuq  tər  basan  Don  Juan  tezcə  özünü  ələ  alır  və  deyir: 
"Bütün  bunlar  ancaq  xəyalın  oyunudur.  Rədd  olsun  axmaq 
qorxaqlıq!.. Qəlbi, gücü, ağlı olan canlı bədənlərdən qorxma-
yan  mənmi,  mənmi  ölümdən  qorxmalıyam?  Bir  halda  ki, 
mən dəvət olunmuşam, sabah kilsəyə gedəcəyəm, qoy bütün 

Afaq Yusifli İshaqlı 
 
 
328 
Seviliya mənim qorxu bilməz şücaətimə heyran qalsın." 
Don Juan Tirso de Molinanın təsvirində heç də dinsiz 
və  allahsız  deyildir.  O  hələ  belə  güman  edir  ki,  düzəlməyə 
vaxtı  var,  ona  qədər  həyatdan  zövq  almaq,  kef  görmək 
fikrindədir.  Nə  nökəri  Katalinonun,  nə  də  başqalarının 
öyüdləri  ona  kar  edir.  Ölüm  onu  qəfildən  yaxalayan  vaxt, 
heykələ  qışqırıb  keşiş  çağırmaq,  günahlardan  təmizlənmək 
istədiyini  bildirsə  də,  buna  imkan  tapmır,  tövbə  etməmiş 
məhv olur. Tirso de Molina öz qəhrəmanını haqq məhkəməsi 
ilə cəzalandırır. Orta əsrlər klerikal teatrının yolu ilə gedərək 
günaha görə cəzalandırmaq prinsipini əsas götürür. 
Dramaturq dönə-dönə qeyd edir və nəzərə çatdırır ki, 
peşman  olmaq,  tövbə  etmək  üçün  vaxt  həmişə  azdır.  "Hələ 
qarşımda  vaxt  çoxdur"  deyirsə,  səhv  edir.  Don  Juan  ölü  ilə 
şam  edərkən  eyni  məzmunlu  axirət  nəğməsi  səslənir.  Bu 
yolla  Tirso  de  Molina  tövbəyə,  özünü  hər  şeydən  məhrum 
etməyə çağırır. Kim bilir ölüm nə vaxt gələcək, ona görə hər 
vaxt  canını  axirətə  tapşırmağa  hazır  ol,  sabahkı  günün 
qorxusu  ilə  özünə  əzab  ver.  Müəllif  əsər  boyu  oxucunu 
allahın  cəzası  ilə  qorxudur.  "Allahın  möcüzələrinin  ölçüsü 
yoxdur"  deyərək  hər  yerdə  insanı  ilahinin  qüdrəti  ilə 
hədələyir. 
Bir cəhəti də mütləq qeyd etmək lazımdır ki, Tirso de 
Molinanın  əsərində  barokko  cərəyanına  bağlılıq  da  aydınca 
hiss  olunur.  Xüsusilə,  son  səhnədə  dəhşətli  səhnələrin 
təsvirinə olan xəstə meyl özünü aydın büruzə verir. Buradakı 
axirət  kabusları  və  iyrənc  naturalist  səhnələr  bu  cəhəti  bir 
daha təsdiqləməkdədir. 
Tirso  de  Molina  eyni  zamanda  bir  sıra  şən  kome-
diyalar  da  yaratmışdır.  A.A.Smirnov  yazır:  "İntriqa  ustası 
kimi o, Lope de Veqadan geri qalmır, xarakterlərin işlənməsi 
baxımından  isə  çox  vaxt  onu  ötür.  Onun  pyeslərində 
kişilərdən  daha  üstün  görünən  qadın  surətlərinin 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
329 
yaradılmasında  o  daha  çox  müvəffəq  olur.  Onun  qadın 
qəhrəmanları  böyük  ehtirası,  nadir  enerjisi,  təşəbbüskarlığı, 
tədbirliliyi,  öz  hüququnu  müdafiə  etmək  və  öz  səadətini 
qoruya  bilmək  bacarığı  ilə  seçilirlər."  Doğrudan  da,  ədibin 
"Yaşıl  şalvarlı  Don  Xil",  "Mömin  Marta"    və  başqa 
komediyalarında  təsvir  edilən  qadın  surətləri  öz  güclü 
xarakterləri,  döyüşkənlikləri,  cəsarətləri  ilə  seçilirlər.  "Yaşıl 
şalvarlı  Don  Xil"  komediyasında  Donya  Xuana  kişi  paltarı 
geyir və ağıllı tədbiri ilə istədiyi adamla ailə həyatı qurmağa 
nail  olur.  Haqlı  olaraq,  bir  çox  ispan  ədəbiyyatı 
mütəxəssisləri  bu  əsəri  bütün  ispan  və  hətta  Avropa 
ədəbiyyatında  ən  yüksək  ustalıqla  yaradılmış  intriqa 
komediyası sayırlar. 
Tirso de Molinanın  yaradıcılığındakı bu mürəkkəblik 
və  ziddiyyət  onun  yaşadığı  dövrün  mürəkkəblik  və 
ziddiyyətləri  ilə  bağlıdır.  İspaniyada  dövrün  ən  qabaqcıl  və 
istedadlı adamlarında həmin ziddiyyətləri müxtəlif şəkillərdə 
müşahidə etmək mümkündür. 
 
Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin