"FUENTE OVEXUNA" /1612-1613/. Bu komediya
tarixi qəhrəmanlıq mövzusunda yazılmış bir əsərdir. "Sevilya
Afaq Yusifli İshaqlı
362
ulduzu" və ədibin başqa dram əsərlərində geniş yer tutan
şərəf, namus mövzusu burada daha demokratik mövqelərdən
həll edilir.
Fuente Ovexuna Kordova yaxınlığında olan yerin
adıdır, quzu bulağı deməkdir. Tarixi mənbələrin verdiyi
məlumata görə, 1476-cı ildə burada Kalatrava ordeninin
komandoru Fernan Qomes de Qusmanın vəhşilik və
özbaşınalığına qarşı xalq üsyan qaldırır və zalım komandoru
öldürür.
Məlum olduğu üzrə dini ordenlər, başqa sözlə, dini
təşkilatlar İspaniyada XII əsrdən yaranmağa başlamışdır. Bu
dini-cəngavərlik ordenləri daha çox ərəblərə qarşı mübarizə
məqsədilə yaradılırdı. Ordenin başında Roma papasına tabe
olan böyük magistr durur, yerlərdə isə onun iradəsini
komandorlar həyata keçirirdilər. Bu komandorlar bir növ
hərbi vilayət hakimləri idilər. Get-gedə güclənən, çoxlu
torpaq sahələri ələ keçirən bu ordenlər krala tabe olmur,
feodal müxalifətinin dayağına çevrilirdilər.
Fernan Qomes özü də bir komandor kimi kralın və
Kordova hakimlərinin razılığı olmadan Fuente Ovexunanı
tutur. Onun əleyhinə qiyam qaldırmış kəndlilər ona görə də
ancaq xalqı istismar edən zalımlara qarşı mübarizə aparmır,
həm də ölkənin siyasi birliyi uğrunda döyüşən adamlar kimi
hərəkət edirdilər. Bu cəhət Lope de Veqanın əsərində də
aydın şəkildə nəzərə çatdırılmışdır. Bu baxımdan kəndlilərin
üsyanı ispan krallarının siyasi proqramı ilə uyğun idi. Hələ
1523-cü ildə I Karl dini qardaşlıqlar ordenlərini öz
hakimiyyətinə tabe etmişdir. Bütün bu cəhətlər imkan verirdi
ki, dramaturq üsyan etmiş kəndliləri cəsarətlə tərənnüm
etsin. Hələ də alov saçan inkvizisiya tonqallarından, əzilən
kütlələrin etiraz səsini boğmağa hazır olan kral məh-
kəmələrindən ancaq buna görə yaxa qurtarmaq olardı.
Xalqın feodal pərakəndəliyi əleyhinə və kral haki-
XVII əsr Qərbi Avropa ədəbiyyatı
363
miyyətinin
möhkəmləndirilməsi uğrunda mübarizəsini
pyesin əsas mövzusuna çevirən Lope de Veqa xalqın yüksək
əxlaqi sifətlərindən, qəddarcasına əzilməsindən sərbəst
şəkildə söz açmaq imkanı əldə etmişdir. Dramaturq əzilən,
təhqir edilən, alçaldılan xalqın zalımlara qarşı mübarizə
hüququnu müdafiə etmiş, onların hərəkətinə bəraət
qazandırmışdır. Məhz buna görə də pyes bütün zamanlarda
azadlıq ruporuna çevrilmiş, inqilaba, azadlıq uğrunda
döyüşlərə çağıran bir əsər kimi qiymətləndirilmişdir.
"Fuente Ovexuna" bütöv bir xalqın, kütlənin başına
gətirilən dəhşətli oyundan, təhqirdən və bu təhqirlərə qarşı
oyanan xalq qəzəbindən bəhs edir. Komandor və onun
adamlarının vəhşilikləri, xalqın ən müqəddəs hüquqlarını
tapdamaları, vəhşi cəzalar və ölümlər dramaturq tərəfindən
məharətlə qələmə alınmışdır. Yazıçı gerçəkliyi realistcəsinə
təqdim edir, nə boyaları tündləşdirir, nə də ona bəzək-düzək
verməyə, yüngülləşdirməyə çalışır. Lope de Veqa
yaradıcılığına məxsus bir cəhət, ədibin optimizmi burada da
bütün əlvanlığı ilə öz gücünü göstərir. Sonsuz zülm və haq-
sızlıqlardan, cinayət və özbaşınalıqlardan söhbət açan yazıçı
həqiqətin, ədalətin, xeyrin qələbəsinə inam oyadır, bədbinlik,
ümidsizlik təbliğ etmir.
Əsərin əsas mənfi qəhrəmanı zülm və şər təcəssümü
olan Komandordur. O, kobud, vəhşi, yırtıcı, əxlaqi cəhətdən
şikəst bir adamdır. Bir tərəfdən, o, feodal pərakəndəliyi
tərəfdarıdır, kral hakimiyyətinə qarşı vuruşur. Ağ qılıncların
qırmızı xaçlar kimi qanla qırmızı boyanmasını istəyir. "Ağ
qılınclarını sıyırın, senyorlar! Qoy qılınclarınız da davada,
hərbdə xaçınız kimi qıpqırmızı boyansın." Qadınlara
münasibətdə o daha eybəcər və vəhşidir. Məhəbbət ondan
ötrü mücərrəd bir anlayışdır. Yolda, meşədə rast gəldiyi hər
hansı bir qadına sahib olandan sonra əsgərlərinə verir ki,
onlar da öz işlərini görsünlər. Xoşuna gələn qızı və ya qadını
Afaq Yusifli İshaqlı
364
ələ keçirmək üçün heç nədən çəkinmir.
Kəndin yaxınlığında çayın sahilində paltar yuyan
Laurensiyanı qəfildən yaxalayan, tək olduğunu düşünən
Komandor onu dilə tutmağa başlayır. "Gözəl Laurensiya,
sənin bu kobud xasiyyətin və vaxtacan davam edəcək?...
Burada bir kimsə yoxdur, təklik dostumuzdur... Bu çöl bizim
sirrimizi gizli saxlayar... Sən öz senyorun üçün hər şeydən
yüksəksən. Gonbul Pedronun kəbinli arvadı Sebastyana da
razılaşmadımı? Yaxud Martina Posonun arvadı ilə görüşəndə
toylarından cəmi iki gün keçməmişdimi?" Laurensiya da
bilir ki, Komandor onunla evlənmək fikrində deyildir.
Bununla belə Fernan Qomes həyasızcasına qızın atasının
yanına gəlib onu kötəkləməsini, komandorla xoş rəftar
etməyi məsləhət görməsini bildirir. "O mənimlə çox şəstlə
danışır, dikbaşlıq edir. Başqaları mənimlə o qədər
xoşxasiyyət, o qədər mülayim danışır ki, gəl görəsən. Bax
birisinin də əri buradadır. Öz kişisinin yanında heç bir
lovğalıq, dikbaşlıq göstərməyib mənimlə görüşməyə razı
oldu."
Esteban, Rexidor və başqa kəndlilər Komandora
etiraz edirlər, onun hərəkətlərini alçaqlıq, biabırçılıq
adlandırırlar. Rexidor ona ləyaqətsiz hərəkət etdiyini
bildirərək deyir: "Siz adınıza layiq danışmırsınız. Bizim
namusumuzu təhqir edib, özünüzü də alçaltmaq niyyə-
tindəsiniz. Bu ki, biabırçılıqdır." Kəndlilər bildirdilər ki,
Fuente Ovexunada da ləyaqətli, namuslu adamlar var.
Esteban Komandora vicdan, namus, abır-həya dərsi
vermək istəyəndə Aristoteli və onun "Siyasət" əsərini
xatırladır. "Oho, bu kəndliyə bir baxın, necə də bülbül kimi
cəh-cəh vurur! Flores, bəlkə Aristotelin "Siyasəti"ni verəsən
bu boşboğaz oxusun", deyə replika atır. Lope de Veqa bu
replikanı əsərə təsadüfi daxil etməmişdir. Aristotel öz
əsərində müdrik zadəganlıq, filosoflar hakimiyyətindən
XVII əsr Qərbi Avropa ədəbiyyatı
365
söhbət edərək onların hakimiyyətini mütləq hakimin
hakimiyyətinə qarşı qoymuşdur. İspaniyanın kübar dairələri
isə bunu özlərinin istədikləri kimi şərh edib feodalların
hakimiyyətinə mütləqiyyətçi idarə üsuluna qarşı qoyurdular.
İri feodal zadəganlar arasında Aristotelin "Siyasəti" çox vaxt
bu şəkildə izah edildiyindən, xatırlandığından Lope de Veqa
yarımsavadlı Komandorun bu replikası ilə onu həmin feodal
anarxiyası tərəfdarı olan dairələrin nümayəndəsi kimi
göstərir və rədd edir.
Komandorun əxlaq prinsipləri də onun siyasi möv-
qeyinə uyğundur. O, kəndlilərin namus, qeyrət, ləyaqət
haqqındakı prinsiplərini xoşlamır, o da narazıdır. "İlahi, bu
kəndlilərlə danışmaq necə də cansıxıcıdır! Ey böyük
şəhərlər, haradasınız! Oradakı kişilər az qala minnətçi
düşürlər ki, onların arvadlarını qonaq etsinlər!" onun bu
düşüncələri bir tərəfdən əxlaqi düşkünlüyü əks etdirirsə,
digər tərəfdən can çəkişməsi keçirən, get-gedə mövqeyini
itirən iri feodalların əhval-ruhiyyəsini ifadə edir. O özünü
ağa sayır, təmiz qanlı hesab edir, kəndlilərə, şəhərlilərə isə
heyvanlar, həşəratlar kimi yanaşır, onlara nifrətlə baxır. O,
kübar olmayan adamları insan adlanmağa layiq bilmir,
onların namusu, şərəfi olduğunu qəbul etmir. "Sizin nə
namusunuz var? Sən Kalantravanın ruhani döyüşçülərinə bir
bax!" deyən Fernan Qomes özünün qanının təmiz, kəndlilə-
rin qanının isə çirkli olduğunu söyləyir. Kəndlilərlə Ko-
mandor arasında təmiz, yaxud çirkli qan ətrafında gedən
mübahisə özü də müasir, aktual səslənirdi. Estebanın dediyi
kimi özünü namusla, vicdanla aparmayan, namusla, vicdanla
danışmayan Fernan Qomes sözlərinə sərhəd qoymur.
Kəndlilər sübut edirlər ki, komandorun qanı daha çirklidir,
insanı çirkaba batırır, onun qanı kəndli qanından daha
bulanıqdır, çünki onun davranışı, hərəkəti ləyaqətsizdir.
Bütün Qərbi Avropa zadəganları bu qənaətdə idi ki,
Afaq Yusifli İshaqlı
366
şərəf, namus prinsipi ancaq zadəganlığa, kübar dairələrə
məxsus bir prinsipdir. Bu prinsipi müdafiə edən komandor
da kəndlilərin qanının çirkli olmasından danışanda, onların
namusu olduğuna şübhə ilə yanaşanda həmin mövqedə
dayanır. Lakin hərəkətləri, sözləri ilə öz qanının çirkli,
özünün şərəfsiz və binamus adam olduğunu təsdiq edirdi.
Xalq içərisindən çıxan Lope de Veqa feodal-zadəgan
təbəqələrin ədalətsiz, saxta baxışları ilə razılaşmamış, əsl
şərəf, namus, qeyrət prinsiplərinin xalq arasında, sadə
kəndlilərdə olduğunu inandırıcı şəkildə əks etdirmişdir.
Dramaturq göstərir ki, sadə kəndlilər öz şərəf və namuslarını
ən qorxmaz cəngavərlərdən daha artıq cəsarət və şücaətlə
qoruya bilərlər.
Komandor xalqın namusu, şərəfi ilə oynadığı, onların
ən müqəddəs duyğularını təhqir etdiyi üçün, əxlaqını
ləkələdiyi üçün xalq ayağa qalxır və onu öldürür. Pyesdə
kəndlilərin ağır iqtisadi vəziyyətindən, istismarından,
vəkillərdən danışılmır.
Onun insani ləyaqət və şərəfinin təhqir olmasından
söhbət açılır. Döyülən, incidilən, təhqir olunan xalq, nəhayət,
ayağa qalxıb öz intiqamını alır.
Pyesin əsas müsbət qəhrəmanı Laurensiyadır. Məhz
Laurensiya ilə qarşılaşmaq, onu ələ keçirməyə çalışan
Fernan Qomesi məhv edir. Laurensiyaya qədər komandor
çoxlarını ələ keçirmiş, çoxlarının namus və şərəfini çirkaba
bulamışdır. Öz çirkin əməlləri ilə dönə-dönə öyünən
komandor Laurensiya ilə də eyni şəkildə rəftar etmək istəyir,
lakin bacarmır.
Bu cazibəli, məğrur, hazırcavab, ağıllı və zarafatcıl
qız həm də möhkəm əxlaqi prinsiplərin, dəmir iradənin
sahibidir. O həmişə özünün şəxsi ləyaqətini qorumağı
bacarır, heç kəsin onu təhqir etməsinə imkan vermir. Pyesin
əvvəllərində biz onu şən, qayğısız bir qız kimi görürük. O
XVII əsr Qərbi Avropa ədəbiyyatı
367
hələ sevmək, kiminsə həsrətini çəkmək meylində deyildir.
Özü kimi nəcib kəndli qızı olan Paskuala ilə söhbətində onun
meylləri, istəkləri, nədən zövq aldığı yaxşı məlum olur.
"Səhər tezdən durub ocaqda bir tikə donuz əti qızardıb kökə
ilə ləzzətlə yemək, anamdan xəlvəti küpdəki çaxırı bir
qurtum azaltmaq mənə hər şeydən xoş gəlir. Günorta çağı
qazanda bir tikə ətlə kələmin köpüklənə-köpüklənə, pıqqa-
pıqla oynamasını görmək, vallah, daha yaxşıdır. Ya da bərk
acanda, işdən yorulub əldən düşəndə şiş qarınlı badımcanla
yağlı donuz ətinə toy tutmaqdan ləzzətli nə ola bilər..."
O da rəfiqəsi Paskuala kimi bütün oğlanları, kişiləri
yalançı fırıldaqçı sayır. Laurensiya artıq böyümüş,
gözəlləşmişdir. Kənd cavanlarından çoxu ona meyl göstərir,
məhəbbətini qazanmağa çalışırlar. O, komandorun da
diqqətini cəlb etmişdir. Fernan Qomes onu ələ keçirmək
üçün Ortunyo, Flores kimi miyançı nökərlərini işə salır. Qıza
bəxşişlər göndərir, kəmər, baş darağı, boyunbağı verir. Lakin
iş baş tutmayanda hədələməyə keçirlər. Laurensiya inamla
bildirir ki, "daha gecdir, lap gec! Gücləri çatmaz ki,
Fernando ilə mənim aramda əlaqə yaratsınlar... Nə qədər
axmaq cücə olsam belə məni aldadıb yemək o qədər də asan
deyil."
İlk görüşlərdən birində Laurensiya ilə Paskuala
arasında komandorla əlaqədar, ona münasibət, onun
qadınlara münasibəti haqqında maraqlı, təbii söhbət edilir.
Qızlar bir-birilə məzələnir, atmacalar atır, bir-birinin hislərini
yoxlayır. Rəfiqəsi Laurensiyanın komandora meyli olub-
olmadığını yoxlamağa çalışır. Laurensiya "Kaş o bir daha
qayıtmayaydı" deyə danışanda Paskuala "Bəlkə deyəsən ki,
ondan ayrıldığına görə ağır sıxıntılar səni üzəcək?... Aman
allah, görürsənmi necə də məğrurdur. Beləsini görəndə
qəlbin başlayır yağ kimi əriməyə", deyə kəşfiyyat aparır,
yoxlayır, gülür, narahat olur. O, Laurensiyanın komandorun
Afaq Yusifli İshaqlı
368
pəncəsindən qurtara biləcəyinə inanmır, belə bir işi möcüzə
sayır. Laurensiya isə qətiyyətlə bildirir: "Mən bu biabırçılığa
dözə bilmərəm! Şəhərdəki saysız-hesabsız gözəllər
komandora inandıqları üçün şərəfsiz qalıblar."
Kəndli qızların bu narahat söhbəti Menqo, Barrildo,
Frondaso kimi kəndli gənclərin gəlişi ilə daha dərin və
fəlsəfi istiqamət alır. Gənclər sevgi haqqında mübahisə
edirlər. Sevginin nədən ibarət olması, ümumiyyətlə, sevginin
olub-olmaması ətrafında danışırlar. Bu mübahisə, bu söhbət
kənddə yaranmış vəziyyətlə də, qızların əvvəlki söhbəti ilə
də sıx surətdə bağlıdır. Laurensiya hələ Paskuala ilə
söhbətində sevdiklərini, məhəbbət odunda qovrulduqlarını
söyləyən yaramazlardan, onların yalnız bir dərdi olmasından,
qızları aldadıb atmalarından danışırdı. Yağlı donuz ətinə toy
tutmağı bu işdən üstün tutduğunu söyləyirdi.
Gənclərin gəlişi ilə söhbət yeni istiqamət alır.
Konkret gerçəklik eybəcərlik dairəsindən çıxır, ümumi
fəlsəfi məzmun alır. Lope de Veqa kəndli gənclərin sadə,
təbii danışığı ilə sevgiyə müxtəlif fəlsəfi məktəblərin
münasibətini aydınlaşdırır. Pyesin ən maraqlı, yadda qalan
surətlərindən biri olan Menqo sevginin olduğunu inkar edir.
Daha çox müəllif mövqeyini ifadə edən Barrildo isə əksinə
dünyanın varlığını sevgi ilə əlaqələndirir. Barrildoya görə,
"sevgi olmasaydı, dünya özü də olmazdı". Məlumdur ki,
sevgiyə yeni fəlsəfi münasibət Lukretsi Karın "Şeylərin
təbiəti haqqında" əsərində parlaq bir tərzdə əks etdirilmişdir.
Lope de Veqa da Lukretsinin əsərindən bu məsələni yaxşı
bilir. Kəndli Barrildo isə Lukretsini bilməsə də, filosof olma-
sa da, bu məsələyə əsl filosof kimi yanaşır, sağlam məntiq və
düşüncə nümayiş etdirir.
Menqo onunla razılaşa bilmir. "Mən filosofluq etmək
niyyətində deyiləm, mən yaxşı yazı-pozu bacarsaydım, bu
qarşısı alınmaz təbiət qüvvəsindən, çəkişmələrdən bol-bol
XVII əsr Qərbi Avropa ədəbiyyatı
369
danışardım. Görərdik ki, nifaqdan, didişmələrdən göz açmaq
olmur. Bədənimiz şirəni, qəzəbi, qüssəni də ondan alır. Daha
burda nə sevgi, nə məhəbbət tapmaq olar, özü də saf
olsun?..." Laurensiya müəyyən mənada Menqo ilə razılaşır,
"deyəsən axı indiki zamanda vallah, çox yerdə, çox ağıllı
deyilib" sözləri ilə ona sanki tərəfdar çıxır. Lakin qızlar daha
çox Barrildoya tərəfdar çıxırlar, Paskuala Menqo ilə qətiyyən
razılaşmır, onun düz demədiyini söyləyir. "Bax gör kişi
qadını, heyvan həmcinsini necə sevir, bir-birinin qayğısına
necə qalır." Barrildonun məhəbbəti varlığın əsasını təşkil
edən bir harmoniya və ahəngdarlıq kimi götürməsi onun
düşüncələrinin XVII əsr alman filosofu Leybnitsin dünya
ahəngdarlığı ideyası ilə nə qədər yaxından səsləşdiyini aşkar
nəzərə çatdırır.
Ancaq
yenidən mübahisəyə qoşulan Menqo
məhəbbəti indi də xudbin bir hiss, özünü sevmək kimi izah
edir. İnsanın təbii özünüqoruma duyğuları özünə qarşı
sevgidən irəli gəldiyi kimi, özgəsinə məhəbbət özü də özünə
məhəbbətin xüsusi bir formasıdır. Bir halda ki, sevginin
predmeti, obyekti insana ləzzət, zövq verir, demək, burada da
insan daha çox özünü düşünür, özünü sevir. Menqonun bu
düşüncələri "ağıllı eqoizm" təbliğatçısı Helvetsini, onun
"İnsan haqqında", "Ağıl haqqında" əsərlərini yada salır.
Diqqətlə yanaşsaq, Fuente Ovexuna kəndinin
cavanlarının irəli sürdüyü fikirlər antik dövrdə təşəkkül
tapmış, İntibah dövrünün humanistləri və XVIII əsr
maarifçiləri tərəfindən mübahisə və müzakirə predmetinə
çevrilmişdir. Filosoflar xristian dininin tərki-dünyalıq
fəlsəfəsinə feodal ideologiyasına qarşı çıxaraq "ağıllı
xudbinlik və həzz fəlsəfəsi"ni müdafiə edirdilər. Bu
baxımdan inkvizisiyanın qəddar özbaşınalığı dövründə Lope
de Veqanın həmin fikirləri səhnədə yenidən diriltməsi
heyranedici bir cəsarət kimi qiymətləndirilməlidir.
Afaq Yusifli İshaqlı
370
Laurensiya da Menqo ilə bu nöqtədə razıdır. O da
belə hesab edir ki, "məhəbbət gözəlliyə qarşı çırpınan bir
istəkdir" və onun məqsədi həzz almaqdır. Laurensiyanın bu
yekunlaşdırıcı mülahizəsi müəllifin həyatsevər İntibah
dünyagörüşünün ən yaxşı təsdiqi kimi qarşılanır.
Laurensiyanın sevgisi çətin sınaqlar nəticəsində üzə
çıxır.
Kənddən bir az aralıda çayın sahilində Laurensiya
paltar yuyur. Frondoso isə onun yanını kəsdirib öz
sevgisindən, keçirdiyi hisslərdən danışır. Frondoso doğruçu,
təmiz, namuslu bir gənc kimi onun xoşuna gəlir, lakin qız
onun dərdindən nə edəcəyini bilməyən oğlana gülməkdən,
ona sataşmaqdan zövq alır. Onların söhbəti fikir və hislərin
zənginliyi, qəribə dönüşləri, təzahür formaları insanı heyran
edir. Lakin elə bu vaxt komandor da ora gəlib çıxır.
Laurensiyanın məsləhəti ilə Frondoso kolların arasında
gizlənir. Komandor elə güman edir ki, Laurensiya təkdir.
Komandor onu qamarlamaq istəyəndə qız "Ey müqəddəs
göylər, barı siz köməyə gəlin" deyə qışqıranda Frondoso
komandorun silahını ələ keçirib qızı xilas edir. Belə bir
hərəkətinə görə gənci öldürə bilərlər, lakin o heç nədən
qorxmadan mərdlik və ləyaqətlə sevgilisini Fernan Qomesin
əlindən qurtarır. Onun silahını özünə qaytarmadan oradan
uzaqlaşır. Bu hadisədən sonra Frondoso gizlənməli olur.
Komandor və onun adamları isə onu izləyib tutmaq və
öldürmək fikrindədirlər.
Qəlbi məhəbbətlə dolu olan Frondoso isə heç nədən
qorxmadan Laurensiyanı görməyə can atır, ona sevgisindən
danışır. İndi qız da onu sevir, sevməyə bilmir, ona ərə
getməyə razı olduğunu söyləyir. "Təmtəraqlı sözlər lazım
deyil, razıyam" – deyir. Kübar dairələrində geniş yayılan
ədalı, təmtəraqlı dil ona yaddır. Bu ağıllı, sadə kənd qızı
Frondosonun hərdən bir şəhərlilər kimi əda ilə, təmtəraqla
XVII əsr Qərbi Avropa ədəbiyyatı
371
danışmaq istəməsinə gülməkdən özünü saxlaya bilmir.
Paskuala ilə söhbətində bütün kişiləri fırıldaqçı,
yalançı adlandıran Laurensiya indi özü də dərin bir
məhəbbətlə sevir. O öz başına gələn əhvalatdan sonra başqa
cür kişilərin olduğunu da yəqin edir. Onun nəzərində
Frondoso məhz həqiqi məhəbbətlə sevən, fırıldaq və yalan
bilməyən, sevdiyinin yolunda ölümə getməyə hazır olan
gənclərdəndir. Bütün bunlar ona xoşbəxtlik vəd edir. Onlar
yaxın vaxtlarda evlənməlidirlər. Valideynləri də bu işə
razıdırlar.
Lakin komandor və onun adamları özbaşınalıq
etməkdə davam edirlər. Get-gedə xalqın səbir kasası daşır,
bıçaq sümüyə dayanır, hadisələr faciəli bir sonluğa doğru
inkişaf edir. Bir dəfə kəndli qızları evə qayıdarkən gecikirlər.
Komandorun əsgərlərindən qorxan qızlar Menqodan xahiş
edirlər ki, onları atıb getməsin. Kəndli qızı Xasinata da
qaçaraq onlara qoşulur. Məlum olur ki, əsgərlər qızı təqib
edirlər. Başqa qızlar qaçıb canlarını qurtarırlar. Arxada
Xasinata və onu tək qoymamaq üçün Menqo qalır. Əsgər
gəlib çatanda Menqo qadını müdafiə etməyə çalışır. Lakin
Komandor və onun çoxlu əsgərlərinə qarşı Menqo heç nə edə
bilmir. Onu möhkəm döyür, Xasinatanı isə alçaqcasına təhqir
edirlər. "Təbii eqoizm" təbliğatçısı olan Menqo qorxmadan,
çəkinmədən özünü təhlükəyə atır, şücaət göstərir, bir nəticə
əldə edə bilməsə də, Xasinataya köməyi çatmasa da, insan
kimi özünü təsdiq edir, lakin sinəsində xaç gəzdirən, xristian
"insansevərliyinin" nümayəndəsi olan komandor isə alçaq və
qəddar bir adam olduğunu büruzə verir. Menqonun
hərəkətləri, sözləri, zarafatları, şeirləri, mühakimələri
tamaşaçıda rəğbət doğurur, onda riyakarlıq, yalan yoxdur,
nikbin, həyatsevər bir şəxsdir. Ən çətin anlarda belə gülmək-
dən, zarafatdan qalmır.
Lope de Veqanın özü kimi onun xalq nümayəndələri
Afaq Yusifli İshaqlı
372
olan qəhrəmanları da kədərə, bədbinliyə, ümidsizliyə
yaddırlar. Onlar həqiqətə inamlarını, şərin gec-tez məhv
olacağına ümidlərini heç vaxt itirmirlər.
Toy şənliyinin gedişində kəndlilərin şadlığının,
sevincinin həddi-hüdudu görünmür. Evlənən Frondoso və
Laurensiyanın şərəfinə sağlıqlar deyilir. Menqo da toy
şənliyindədir. Dostları Menqonun başına gələnləri xatırlayıb
gülürlər. Bu həyatsevər insanlar zarafatsız, gülüşsüz keçinə
bilmirlər. Onlar öz başlarına gələn müsibətlərə də gülürlər.
Arzusuna çatmış Frondoso da özü dostunun başına gələn
əhvalatı xatırlayıb gülməkdən özünü saxlaya bilmir. "Bizim
Menqo qamçını şeirdən yaxşı götürür" deyə dostu ilə
zarafatlaşır.
Frondoso bu sözləri dostunun qəlbinə toxunmaq üçün
demədiyi kimi Menqo da ondan incimir, zarafata zarafatla
cavab qaytarır. Komandor və onun əsgərlərinin kəndin
başına gətirdiyi fəlakətlər onları ruhdan salmır. Kəndlilər bu
fəlakəti unutmağa, yaddan çıxartmağa çalışsalar da, fəlakət
onlardan əl çəkmir.
Qəddar və azğın komandor toy dəstəsinin getdiyini,
Frondoso ilə Laurensiyanın evləndiyini, xoşbəxt olduğunu
görüb qəzəblənir. Ona silah qaldıran bir kəndlinin sağ-
salamat qurtarması bir yana dursun, ona rəqib çıxması və
xoşbəxt olması komandoru özündən çıxarır. O, toy şənliyini
dayandırıb, Frondoso ilə Laurensiyanı tutub qollarını
bağlamağı əmr edir. Toy şənliyi pozulur, adamlar dağılışır.
Frondosonu ölüm təhlükəsi gözləyir.
Xoşbəxtlikdən Laurensiya qaça bilir. Çoxlu işgən-
cələrdən və əzablardan tanınmaz bir görkəm almış bu
namuslu və qəhrəman qız yaralı bir şir kimi xalq məclisinə
gəlir. O, ağlamır, göz yaşı tökmür, nalə etmir, sərt, məğrur,
üsyankar, cəsur bir adam kimi danışır. Onun qəzəb, nifrət
dolu nitqi haqsızlığa qarşı ölüm-dirim döyüşünə çağırır.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
373
Laurensiya şərə güc, zor yolu ilə qarşı durmamaq, güclülərin
qarşısında miskincəsinə geri çəkilmək, küt itaətkarlıq
göstərmək fəlsəfəsinə, köləlik əhval-ruhiyyəsinə nifrət ifadə
edir. O, kəndlilərin qorxaqlığını qamçılayır, öz qızını
zalımların əlində qoyan atasını ata adlandırmaqdan utandığı
bildirir. O, üzünü atasına, başqa kəndlilərə tutaraq deyir: "Siz
qoyunsunuz, Qoyun bulağı da sizə məskən olmağa çox
layiqdir... Siz dovşan kimi qorxaqsınız, anadan ağciyər
doğulmusunuz! Sizdə insan qanı yoxdur! Zavallılar! Öz
arvadlarını yad kişilərin ağuşuna atanlar! Bir danışın,
dillənin görək axı bu qılıncı niyə belinizdən asmısınız hə!?
Bu, belinizdən asılmış mildən başqa bir şey deyildir!
Yaradana and olsun ki, elə bir şey edəcəyəm ki, bütün
qadınlar ayağa qalxsın, qoy zalımlardan öz intiqamlarını
özləri alsınlar. Onları öz qanlarına qəltan eləsinlər! Bax o
vaxt sizi daşa basacaqlar! Arvadlar! Qorxaqlar..."
Laurensiyanın nitqi cəsarət, şücaət və qələbəyə
inamla doludur. Onun sözlərindən təsirlənən kəndlilər üsyan
edirlər. Dəyənək, qılınc, cida və nizələrlə silahlanmış kütlə
"Satqınlara, zalımlara ölüm!", "Fuente Ovexuna! Fernan
Qomesə ölüm!", "Yaşasın Fuente Ovexuna! Yaşasın kral
Fernando!" şüarları ilə hərəkətə gəlir. Kişilər də, qadınlar da
qızmış pələng kimi hücuma keçirlər. Fernan Qomes
öldürülür, parça-parça edilir, onun əsgərləri isə qaçırlar.
Kəndlilər möhtəşəm bir qələbə qazanırlar, şənlik edirlər,
oxuyurlar, gülürlər, zarafatlaşırlar. Mübarizəyə qalxmış xalq
öz həqiqi varlığını təsdiqləyir, gücünü nümayiş etdirir.
Lakin Laurensiyanın atası, dünya görmüş Esteban
yaxşı başa düşür ki, kilsə əyanları bu hadisəni eşidib sakit
oturmayacaqlar, divan-dərəni kəndə töküb cinayətkarı
tapmağa çalışacaqlar, istintaqlar aparılacaq, məhkəmələr
qurulacaqdır. Qoca məsləhət görür ki, danışıq vaxtı hamı
Fernan Qomesi kim öldürmüşdür deyə soruşanda ancaq bir
Afaq Yusifli İshaqlı
374
cavab versin! "Fuente Ovexuna". Adamları hazırlamaq,
öyrətmək, sınaqdan çıxarmaq üçün yalançı bir məhkəmə
məclisi qururlar. Esteban özünü hakim elan edib adamları
bir-bir dindirir. Maraqlı burasıdır ki, yalançı məhkəmə
hakimi olan Esteban öz həmyerlilərini "köpək", "oğru"
adlandırır, onlara qışqırır. Burada dramaturqun hakim
təbəqələrə qarşı istehzasını duymaq o qədər də çətin deyildir.
Kral məhkəməsi, doğrudan da, gəlib çıxır, qəddar bir
sərtliklə təhqiqat aparırlar, üç yüz adama işgəncə verib
həqiqəti öyrənməyə çalışırlar. Qocalara və uşaqlara da aman
verilmir. Lakin üsyanın təşəbbüsçüsü kim olmuşdur,
komandoru kim öldürmüşdür suallarına hamı ancaq bir
cavab
verir:
Fuente
Ovexuna.
Xalqın bu kütləvi
qəhrəmanlığı hamını heyran edir.
Fuente Ovexunalılar ən dəhşətli işgəncə, istintaq vax-
tında da zarafatlarından qalmırlar. Menqoya işgəncə verərək
ondan həqiqəti öyrənmək istəyən hakim axırda yorulub əldən
düşür. "İlahi, hələ mən ömrümdə beləsinə rast gəlməmişəm.
Bu qədər əzab-əziyyətə tab gətirib zarafatından əl çəkmir.
Yeganə axırıncı ümidim ancaq buna idi. O isə hamıdan
inadcıl çıxdı. Onları buraxın getsin, boğuldum, əldən
düşdüm! Daha dözə bilmirəm." Məhkəmə hakiminin bu son
sözləri xalq gücünün başqa mövqedən olan etiraflarından
başqa bir şey deyildir.
İstintaqdan sonra hamının alqışları altında bir neçə
qədəh içən Menqodan Frondoso indi arxayın halda bir daha
soruşur: "Komandoru kim öldürdü?" Menqo yarızarafat, yarı
ciddi belə cavab verir: "Əmi, mən nə bilim! Get bunu Fuente
Ovexunadan soruş, mən nə bilim!" Eyni sualı Frondoso
Laurensiya ilə tək qalan zaman ona da deyir, lakin ondan da
eyni cavab alır.
Esteban isə kəndlilərlə birlikdə kral Fernandonun
qəbulunda komandorun kim tərəfindən öldürüldüyünü belə
XVII əsr Qərbi Avropa ədəbiyyatı
375
izah edir: "Mərhum komandoru parçalayıb axırına çıxan
ancaq eşidilməmiş zülm, əzab-əziyyət oldu. Başına
gələnlərin hamısının günahkarı özü idi, öz hərəkətləri." Kral
vəziyyətlə tanış olandan, kəndliləri dinləyəndən sonra
"hərgah heç bir dəlil, heç bir sübut olmayıbsa, daha
mühakimə etməyə lüzum yoxdur. Cəza tədbiri görmək
yersizdir! Cinayət ağır deyilsə, bunu bağışlamaq olar!"
deyərək istintaqı dayandırdı və Fuente Ovexunanı öz
himayəsinə alır.
Komediya zülmə, haqsızlığa qarşı xalq qəzəbini ifadə
edən ən güclü əsərlərdən biri kimi qarşılanmış və
qiymətləndirilmişdir.
M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik
Dram Teatrında Lope de Veqanın "Sevilya ulduzu" /1953/,
"Valensiya divanələri" /1963/ əsərləri müvəffəqiyyətlə
tamaşaya qoyulmuşdur. 1974-cü ildə isə AZƏRNƏŞR onun
dörd pyesini azərbaycanca çap edib oxuculara çatdırmışdır.
Dostları ilə paylaş: |