Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu il tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix01.04.2017
ölçüsü2,24 Mb.
#13184
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

FƏLƏSTİN 

 

Fələstində samilərdən  əvvəlki dövrlərdə yaşamış  əhali 



barədə arxeoloji qazıntılar və Tövratda əks olunmuş materiallar 

məlumat verir. Ərəbistan yarımadasından Mesopotamiyaya üz 

tutan sami qəbilələri Fələstindən keçib gedirmiş.  Şimaldan  əks 

istiqamətdə hirrilər, sonrakı dövrlərdə hetlər hərəkət edirmiş. 

Fələstində VIII-V minilliklərə aid neolit məskənləri aşkar 

edilmişdir. Fələstin əhalisinin böyük hissəsini qərbi sami qrupuna 

məxsus hanaanlar və onların bir boyu olan amorilər təşkil edirdi. 

Ümumi yəhudi adı ilə  məlum olan samilərin növbəti köçü 

mənşəyinə görə amorilərə yaxın idi. Onlar yəhudi və israilli 

boylarına bölünürdülər. Bu qrupa müxtəlif yəhudi ləhcələrində 

danışan ammoni, moavi və edomi qəbilələri yaxın idi. Aralarında 

qanlı toqquşmalar baş verirdi. Tövrat həmin qəbilələrin yəhudi və 

israillilərlə etnik yaxınlığından xəbər verir. 

Tövratda yəhudi və israillilərin Misirə köçməsi, onların 

Musa peyğəmbərin başçılığı altında Misiri tərk etməsi, Sinay 

səhrasında 40 il dolaşdıqdan sonra Fələstinə qayıtması  təsvir 

olunur. E.ə. XIII əsrdə onlar artıq bir neçə qala istisna olmaqla (o 

cümlədən Qüds) Fələstinin böyük hissəsini tutub bu ərazilərdə 

məskunlaşırlar. Yəhudi və israillilərlə eyni zamanda Fələstində 

ehtimal ki, Krit mənşəli filistin qəbilələri də  məskunlaşırlar. 

Filistinlilər Fələstin mədəniyyəti və iqtisadiyyatında  böyük rol 

oynamışlar. Yerli etnoslar dəmir emalını onlardan öyrənmişdi. 

Fələstinin sahil zolağını  zəbt etmiş filistinlilər yəhudi və 

hanaanlarla amansız müharibələr aparırdılar. Qısa barışıq 

dövrlərində qarşılıqlı mədəni əlaqələr yaranırdı. 

İsraillilər ölkənin bağçılıq və əkinçiliyin inkişaf etdiyi şimal 

bölgəsində, yəhudilər isə oturaq maldarlığın üstünlük təşkil etdiyi 

cənub bölgəsində məskunlaşmışdılar. 

Davudun dövründə  əhalinin siyahıya alınması keçirildi. 

Davud filistinliləri bir neçə  dəfə döyüşdə  məğlub etdi, qərb 

sərhədlərini möhkəmləndirdi, şərq, şimal-şərq və cənubda bir neçə 

qonşu dövləti işğal edib ölkə ərazisini genişləndirdi. Edumun zəbt 

olunması Akab körfəzinin limanlarına çıxmaq imkanı verdi. 


______________Milli Kitabxana_____________ 

 93


Davud Hanaan şəhəri Qüdsü tutub ölkənin paytaxtı elan etdi. 

Davudun oğlu Süleymanın hakimiyyəti dövründə dövlət 

aparatı möhkəmləndirildi. Misir, Finikiya, Suriya və  cənubi 

Ərəbistanla ticarət  əlaqələri quruldu. İnşaat işləri vüsət aldı, 

Finikiyadan peşəkar memar və nəqqaşlar dəvət olundular. Qüdsdə 

möhtəşəm Yahve məbədi və gözəl imarətlər tikildi. 

Şərqi Aralıq dənizi ölkələrinin mədəniyyəti yerli kənani 

tayfalarının nailiyyəti  əsasında inkişaf tapmışdı.  İlk zamanlar 

Misir və İkiçayarası mədəniyyətinin burada güclü təsiri olmuşdu. 

Əhali qonşu xalqların yüksək mədəniyyətini yerli mühitə uyğun 

tətbiq edirdi. Bunun nəticəsində  Şərqi Aralıq dənizi ölkələrinin 

əhalisi özünəməxsus mədəniyyət yaratmışdı.  İncəsənət sahəsində 

müəyyən nailiyyətlər  əldə etmişdilər. E.ə. II minillikdə qala və 

məbəd tikintiləri geniş yayılmışdı. Məbəd divarlarında təsvirlər 

verilmirdi. E.ə. VIII-VI əsrlərdə Yerusəlim (Qüds) kahinləri insan 

və heyvanların təsvirini qadağan etmişdilər. Hətta allah Yahve 

belə  təsvir olunmurdu. Allah və müqəddəslərin  şəklinin qadağan 

edilməsi İslam dinində də qalmışdır. 

Şərqi Aralıq dənizi əhalisi əlifba sistemli yazı yaratmışdılar. 

E.ə. II minillikdə burada Misir heroqlif yazısından və 

İkiçayarasının mixi yazılarından istifadə edirdilər. Həmin dövrdə 

Bibldə 100 işarədən ibarət hecalı yazı növü icad etmişdilər. Bu 

protobibl yazısı adlanır. Bu işarələri yadda saxlamaq daha asan 

idi. Protobibl yazı  işarələri yeni yazı sisteminin yaradılmasına 

təsir göstərdi.  İşarələrin sayını azaldıb sait səsləri ləğv etməyə 

başladılar. Saitlə samit səslər bir işarədə  əks olunurdu. Bunun 

nəticəsində sadələşdirilmiş yazı sistemi yaradıldı. Uqaritdə belə 

yazılı  hərflərin sayı 30-a çatırdı. Finikiya yazısı  təkmilləşmiş 

əlifba sistemi təşkil edirdi. Finikiya əlifbası  yəhudi və aramilər 

tərəfindən qəbul edildi. Aramilər isə bu əlifbanı Hindistan və 

mərkəzi Asiyaya kimi yaydılar. Qərbdə yunanlar müəyyən 

dəyişikliklər etməklə Finikiya əlifbasını  mənimsədilər. Yunanlar 

bu  əlifbanı soldan sağa yazmağa başladılar və bir neçə sait səsi 

əlavə etdilər. Bir sıra hərf adları Finikiya adlarını saxlamışdı. 

Məsələn, "əlif (Finikiya dilində "öküz" deməkdir), "beta" (həmin 

dildə "ev" deməkdir). Beləliklə, Finikiya əlifbası  qərb və  şərq 



______________Milli Kitabxana_____________ 

 94


əlifba sisteminin ilk nümunəsi olmuşdur. 

Şərqi Aralıq dənizi  əhalisinin dini təsəvvürləri müxtəlif 

olmuşdur.  İlk  əvvəl vahid panteon mövcud deyildi. Hər  şəhərin 

özünəməxsus allahı vardı. Onlar müxtəlif adlar daşıyırdılar. 

Adətən bu allahlar Baal (ağa), yaxud El (allah), bəzən Melek və 

ya Molox (hökmdar) adlanırdılar. Bibldə Adon (yunan allahı 

Adonis) allahına sitayiş geniş yayılmışdı. O, ölən və dirilən allah 

surətini təmsil edirdi. Mənası isə sadəcə olaraq "mənim ağam" 

deməkdir. Yahve hələ vahid allah hesab olunmurdu. Tövratda 

Elohim (allahlar) allah adı da işlənilirdi. Kosmik ilahələrə sitayiş 

uzun müddət davam etmişdi. Bəzən yadelli allahlara da sitayiş 

olunurdu. Tədricən Yahve israillilərin və  yəhudilərin ümumi 

allahına çevrildi. Yahve öküz şəklində təsvir olunurdu. E.ə. V-III 

əsrlərdə  yəhudi dini formalaşdı  və iki təriqət  əsasında inkişaf 

tapdı. Çoxallahlılıq təqib edildi və vahid allaha sitayiş  bərqərar 

oldu. 


Yəhuda və  İsrail  ədəbiyyatı qonşu xalqları, xüsusilə 

İkiçayarası  və Misir ədəbiyyatı  əsasında formalaşırdı. Bu 

ədəbiyyat Tövratda öz əksini tapmışdı. Dünyanın əmələ gəlməsi, 

ümumdünya daşqını  əfsanələri bilavasitə  Şumer və Babilistan 

təsiri altında meydana gəlmişdi. Tövrat mövzuları  nəinki 

xristianlığa, eyni zamanda islam dininin formalaşmasına da böyük 

təsir göstərmişdi. 

 

   



 

 

 



 

 

 



 

 

 



 

 


______________Milli Kitabxana_____________ 

 95


MESOPOTAMİYA MƏDƏNİYYƏTİ 

Ön Asiyanın çox hissəsi dağlardan və yaylalardan ibarətdir. 

Yunanca Mesopotamiya adlanan qədim  İkiçayarası ölkəsi Ön 

Asiyada yerləşir. Ön Asiyanın çox hissəsi dağlar və yaylalardır. 

Qafqazdan cənubda olan dağlardan başlayan Fərat və  Dəclə 

çayları  İran körfəzinə tökülür. Dəclə  və  Fəratın orta və  aşağı 

axarlarında yerləşən ölkə qədim dövrlərdən məşhur və qüdrətli bir 

dövlət kimi tarixə düşmüşdür. Cənubi Mesopotamiya qısa sürən 

qışda yağışlar yağır, hər yer keçilməz gil palçıq olur, yazda isə 

dağlarda qar əriyir, Dəclə  və  Fərat çayları daşıb sahilləri basır, 

daşqından sonra hər yer yaşıllığa qərq olur. Hələ Paleolit 

dövründə Mesopotamiyada ilk insanlara təsadüf edirik. Neolit 

dövründə isə insanların  İkiçayarası  ərazilərində  məskunlaşması 

sürətlənir, daha mütərəqqi təsərrüfat növünə keçmək zərurətini 

yaradır. Köçəri həyat tərzindən oturaq həyat tərzinə keçid 

əkinçiliyə, maldarlığa, sənətkarlığa meydan açır. 

E.ə. VII-VI minillikdə Mesopotamiyada insanlar 

məskunlaşdı. Dağlıq yerlərdən gələn insanlar Cənubi 

Mesopotamiyada toxa əkinçiliyi və maldarlıqla məşğul olmağa 

başladılar. Qədim Mesopotamiyada yazı sistemini şumerlər 

yaratmışlar. E.ə. IV minillikdə piktroqrafik (şəkilli) yazı, daha 

sonra mixi yazılar meydana gəldi. Yazı materialı gil lövhələr idi. 

E.ə. III minillikdə mixi yazı sistemi geniş yayıldı. Bütün Ön 

Asiyada mixi yazıdan istifadə olunurdu.  

Arxeoloji qazıntılar sübut edir ki, ən qədim dövrlərdə bu 

ərazi keçilməz bataqlıqlardan ibarət olmuşdur. Tarixçilərin 

fikrincə,  İkiçayarasının cənub hissəsi Fərat və  Dəclə çaylarının 

gətirdikləri çöküntülərdən  əmələ  gəlmişdir, torpağı isə gillidir. 

Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq 

keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra hər 

iki çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Burada nə 

metal, nə də meşə olmasa da, çayların lili ilə gübrələnmiş torpaq 

suvarıldıqdan sonra xeyli dərəcə münbit olur. 

Dəclə çayının suyu Fəratdan artıqdır və buna görə də axını 

da güclü olur. Dəclə  və  Fəratın suyunun artması dağlardakı 

qarların əriməsindən asılı idi. Qarın əriməsi isə fevral-may ayları 



______________Milli Kitabxana_____________ 

 96


arasında mümkündür. Nilə nisbətən bu çayların artıb-azalma 

rejimi dəqiq olmurdu. Çünki həmin çaylar müxtəlif hava 

bölgələrindən keçdiyindən rejimin dəqiqləşdirilməsi qeyri-

mümkün idi. 

Mesopotamiya torpağı  hələ  ən qədim dövrlərdən özünün 

məhsuldarlığı ilə seçilir. Bunu biz antik dövrün qüdrətli tarixçiləri 

Herodot, Teofrast və başqalarının  əsərlərində  də aydın görə 

bilərik. Lakin İkiçayarası ölkəsinin  ərazisində  əkinçiliklə  məşğul 

olmaqdan ötrü bir sıra kompleks işləri görmək lazım idi və həmin 

işlər bütün il boyu həyata keçirilməli idi. 

E.ə. VII-VI minilliklərdə  əkinçi və maldarlar münbit 

torpaqlar və yaxşı otlaqlar axtarıb tapmaq üçün dağlıq yerlərdən 

Fərat və  Dəclə çayları vadisinə enməyə  məcbur oldular. Onlar 

bataqlıqlar arasında qamış və gildən komalar tikir, mal-qara otarır, 

toxaların köməyi ilə kiçik torpaq sahələrini  əkib becərirdilər. 

Həmin dəhşətli dövrlərdə  əhali bataqlıq qızdırmasından, 

əqrəblərdən və saysız-hesabsız həşəratlardan  əziyyət çəkirdi. 

Şirlər adamlara və sürülərə hücum edirdi. Qamışlıqlarda yaşayan 

qabanlar  əkin sahələrini məhv edirdilər. Çay daşqınları komaları 

dağıdır, adamları suda məhv edirdi. Bəzən Fərat və Dəclə çayları 

qovuşaraq coşqun selə çevrilirdi. Bu vaxt İkiçayarası adamlarına 

elə  gəlirdi ki, bu sel bütün dünyanı basır. Çayların daşması-

Cənubi  İkiçayarasının ilk sakinləri üçün qorxunc və  təhlükəli 

düşmən idi. Sonralar yaranacaq «Nuhun tufanı» mifinin əsasını 

Dəclə və Fərat çaylarının daşmasında axtarmaq düzgün olardı. 

Cənubi Mesopotamiyada ilk dövlətlər e.ə. IV-III 

minilliklərdə yaradılmışdır. Dəclə  və  Fərat çaylarında baş verən 

daşqınlar Mesopotamiyada “Dünya tufanı haqqında”  əfsanənin 

yaranmasına səbəb olmuşdu. Bu çayların sahilləri becərilirdi. 

Burada xurma “həyat ağacı” adlanırdı. E.ə. IV-III minilliklərdə 

Mesopotamiya ərazisində Şumer, Akkad, Ur və s. qədim dövlətlər 

yarandı. Beləliklə, IV-III minilliklərdə Mesopotamiyada quldarlıq 

quruluşu və dövlət meydana gəldi. Kəndlilər varlılardan asılı olur 

və aldıqları borcu qaytara bilmədikdə qula çevrilirdilər. 

Mesopotamiyada qulları “gözlərini yuxarı qaldırmayanlar” 

adlandırırdılar. Burada yaranmış dövlətlər arasında müharibə 



______________Milli Kitabxana_____________ 

 97


başladı. Qaliblər məğlubların hesabına varlanırdılar. Bunların 

arasında Babil şəhər-dövləti qalib gəldi və yüksəldi. Ticarət 

yolları üzərində yerləşən Babil şəhəri e.ə. II minilliyin 

əvvəllərində yaranmış Babil padşahlığının mərkəzi oldu. 

Mesopotamiyanın başlıca quru yolları  və karvanları buradan 

keçirdi.  

Babil  şahlığının  ən görkəmli hökmdarı Hammurapi (e.ə. 

1792-1750) olmuşdur. O, Mesopotamiyanı öz hakimiyyəti altında 

birləşdirdi. Ölkə onun qanunları  əsasında idarə olunurdu. 

Hammurapi  Şumer və Akkadda istifadə olunan qanun və 

qaydaları toplayıb 282 maddədən ibarət ilk qanunlar külliyyatı 

yaratdı. Bu külliyyat onun adı ilə “Hammurapinin qanunları” 

adlandı.  Əhali arasında mübahisəli məsələlər bu qanunlarla həll 

edilirdi. Bu qanunlar hündür qara bazalt daş sütun üzərində 

yazılmış və dövrümüzə qədər qalmışdır. 

 Babil şəhəri Fərat çayının hər iki sahilində yerləşirdi. Onu 

əhatə edən divarların uzunluğu 8 km idi. Dünyanın yeddi 

möcüzəsindən biri olan “Semiramidanın asma bağları” e.ə. VII 

əsrdə burada olmuşdur. Şəhərin mərkəzində 90 m hündürlüyündə 

olan 7 mərtəbəli məbəd qülləsi ucalırdı.  

Babil  şahlığında riyaziyyat, astronomiya, tarix, kimya, 

coğrafiya, təbabət və s. inkişaf etmişdi. Babillilər “Pifaqor 

teoremini” Pifaqordan min il əvvəl bilirdilər, çevrənin 360 dərəcə, 

saatın 60 dəqiqəyə bölünməsini öyrənmişdilər. Babillərdə elmin 

inkişafı Yunanıstanda və onun vasitəsi ilə  Qərbi Avropada 

yayılmasına böyük təsir göstərmişdir. Bu dövlətlərin qoşunları, 

keşikçiləri və  məmurları var idi. Burada padşahı «böyük adam» 

adlandırırdılar. Həmin dövlətləri yaradanlar Şumer və Semit 

tayfaları olmuşdur. Suvarma kanallarının çəkilməsi üçün kiçik 

dövlətlərin birləşdirilməsi zəruri idi. Əhalisinin və qullarının sayı 

çox olan qüdrətli dövlət suvarma kanallarını  çəkə bilərdi. Kiçik 

dövlətlərin birləşdirilməsi qüdrətli Babilistan dövlətinin 

yaranmasına gətirib çıxardı. E.ə. 2350-ci ildə Semit tayfalarının 

güclənməsi nəticəsində Akkad padşahı Sarqon bütün Mesopo-

tamiyanı öz hakimiyyəti altında birləşdirdi. E.ə.1792-1750-ci 

illərdə hökmranlıq etmiş Babil hökmdarı Hammurapi bütün 



______________Milli Kitabxana_____________ 

 98


Mesopotamiyanı  fəth etmiş  və padşahlıq üçün vahid qanunlar 

qoymuşdur. Hakimlər Babil padşahlığında müəyyən qaydaları 

pozanları bu qanunlara əsasən mühakimə edirdilər. Lakin 

Babilistan təkcə müxtəlif dövlətlərin ərazilərinin işğalları ilə deyil, 

həmçinin mədəniyyəti ilə tarixə düşmüşdür. Həmin mənəvi 

dəyərlər sırasında  İkiçayarası xalqlarının mədəniyyəti də 

özünəməxsus yer tutur. 

Dəclə  və  Fərat çayları arasında mövcud olan qədim 

şəhərlərin yerində aparılan arxeoloji qazıntılar bir daha göstərir ki, 

Şumer və Akkad adı ilə tarixə düşən bu region hələ e.ə. 4000-ci 

ildə  məskunlaşdırılmışdır. Bəzi alimlərin fikrincə, bu ərazi daha 

qədim tarixə malik olmuşdur. Qədim şəhər-dövlətləri Ur, Uruk və 

Kit daha çox inkişaf etmiş sivilizasiyaların mərkəzi olmuşlar. 

Həmin sivilizasiyanı yaradanlar Şumerlər olmuşdur.  Şumerlər 

dağlıq  ərazilərdən gəlmişdilər. Bu xalqın mifologiyasının tədqiqi 

bir daha göstərir ki, onların qədim yurdları  gəldikləri, sonradan 

əldə etdikləri vətənlərindən köklü surətdə  fərqlənirmiş.  Şumerlər 

Mixi yazılarını  kəşf etmiş («Zikkurat» adlı tikili də bu 

qəbildəndir), böyük işlər görmüşlər. Onların şəhərlərinin qalıqları 

(məsələn, Ur şəhərində aparılan qazıntılar) yüksək sivilizasiyadan 

xəbər verir. Burada böyük məbədlər tikilmiş, kahinlər, mirzələr 

yaşamış, qanunlar, ədəbiyyat və  zəngin mədəniyyət yaranıb 

inkişaf etmişdir. 

Zəmanəmizə  gəlib çatmış  Şumer və Akkad miflərində 

dünyanın yaranması  və quruluşu, allahların doğulması, onların 

xeyir-duaları və lənətləri, nəhayət, allahların yaradıcı və dağıdıcı 

fəaliyyətləri əks olunmuşdur. Çox nadir hallarda Şumer və Akkad 

miflərində hakimiyyət uğrunda allahların mübarizəsi  əks 

edilmişdir. Adətən bu heç də  gərgin mübarizə  və amansız 

münaqişə kimi göstərilmirdi.  İntellektual məzmun baxımından 

Şumer-Akkad mifləri onların ilahi hərəkətlərinə təkmilləşdirilmiş 

baxışı ifadə edirdi. Bu miflərə əsasən həmin xalqların ciddi teoloji 

və kosmoqonik düşüncələri haqqında fikir yürütmək olar. 

İkiçayarası xalqlarının allahlar panteonu həm zəngin, həm 

də maraqlıdır. Burada Şumer, Akkad allahları ilə yanaşı, 

Babilistan padşahlığı dövrünün allahları da yerləşdirilmişdir. 



______________Milli Kitabxana_____________ 

 99


Babil allahlarının əksəriyyəti Şumer allahlarıdır. Şumer allahlarını  

qəbul etmiş Babillilər onların xeyli hissəsinin adlarını  dəyişmiş, 

funksiya və  vəzifələrini isə  dəyişməz saxlamışlar.  Şumerlərdə 

allahların daxili iyerarxiyası mövcud olmuşdur. Hər bir allah 

özünəməxsus mövqe tutmuşdur. Allahlar panteonu cəmiyyət və 

dövlət qaydalarına uyğun təşkil edilmişdi. Allahlar iyerarxiyasının 

zirvəsində əvvəllər Şumer allahı Anu dururdu. O, özünə göylərdə 

məskən seçmiş  səma allahı idi. Digər allahlar isə onun övladları 

sayılırdı. Lakin Anu allahının bu cür yüksək mövqeyinə 

baxmayaraq, ona nisbətən məhdud sayda məbədlərdə sitayiş 

edirdilər.  İnsanlara düşmən kəsilən Anu onlara müxtəlif bəlalar 

göndərirdi. Odur ki, onunla dindarlar arasında heç vaxt yaxınlıq 

və etibarlılıq münasibətləri yaranmamışdır. Təsadüfi deyildir ki, 

Şumer dövründə Anunun yerini bir sıra münasibətlərdə oğlu Enlil 

tutmağa başlamışdı. 

Şumer allahı Enlil (bunu çox vaxt «küləklər hökmdarı» kimi 

tərcümə edirlər) baş allah mövqeyinə qalxdı. O, talelər cədvəlinə 

malik idi. Bunun sayəsində dünyanın taleyini qabaqcadan görə 

bilirdi. Eyni zamanda təbiətin məhsuldarlığı  və adamların həyatı 

haqqında da hökm verə bilirdi. 

Enlil təbiətin dağıdıcı qüvvələri-tufan, daşqın və s. hakimi 

olduğundan öz şıltaqlığına  əsasən adamları  cəzalandıra bilərdi. 

Adamları, habelə yer üzündə mövcud olan bütün canlıları  məhv 

etmək üçün dünya daşqınını o göndərmişdi. Atası Anu kimi Enlil 

də qorxunc cəza verən allah imiş və insanlar üçün onun etimadını 

qazanmaq olduqca çətin olmuşdur. 

Enlilin əksi olan allahı Şumerlər Enki, sonrakı semit xalqları 

isə Eya adlandırırdılar. Eya su dibi allahı olub Enlilin oğlu idi. 

Şumerlərin fikrincə, müdriklik suyun dibində yerləşir. Ona görə 

də  Şumerlər bütün biliklərinə görə Eyaya borcludurlar. Eya 

sənətin, müdrikliyin və elmin hamisi hesab olunurdu. Şumerlərə 

görə yazı Eyanın sayəsində  kəşf edilmişdi. Eyanın  əqli insanlara 

imkan verir ki, yerin gizli qatlarının və    səmanın sirlərinə 

yiyələnsin. Eya xəstəlikləriə, bədbəxtliklərə  və müxtəlif 

fəlakətlərə çarə tapan allah sayılırdı. Ona gizli cadugərlik məlum 

idi.  İnsanlar kömək və  məsləhət üçün ona müraciət edirdilər. 



______________Milli Kitabxana_____________ 

 100


Dünyanın yaranması haqqında epik əsatirə görə Eya insanları 

gildən yapmış,  əjdaha Kinqunun qanı ilə onlara can vermişdir. 

Bilqamıs haqqında dastanda göstərilir ki, Enlilin hökmü ilə 

adamların məhv olmasının qarşısını kəsən Eya hiyləyə əl atmışdı. 

Eyaya tapşırılmışdı ki, insanların məhv olacağı haqqında məlumat 

verilməsin. Allahlarla birgə Eya da and içmişdi ki, insanlara 

məlumat verməyəcək. Lakin Eya bir vasitəyə  əl atmışdı. Sirrini 

qamış daxma vasitəsilə Utnapiştiyə demişdir: 

Lakin Eya sirləri danışmışdı daxmaya, 

«Ey daxma, daxma, daxma. Eh divar, divar, divar, 

Eşit, a daxma. Divar, yadda saxla nə ki, var. 

Şuruppak şəhərində, Ubar-Tutunun oğlu. 

Sökərək mülklərini, onlardan gəmi düzəlt 

Bu var-dövləti tərk et, həyat barədə düşün. 

Zənginliyə nifrət et, ruhunu xilas elə. 

Sən bütün canlıları yığıb gəminə yüklə. 

Qoy dördkünc olsun sənin düzəldəcəyin gəmi. 

Eni də uzununa qoy tən olsun, düz gəlsin. 

Taxtapuş vurdur ona, örtük çəkdir üstündən».  

Uzun müddət qədim dövr haqqında əsas mənbə Bibliya idi. 

Onun  əsas fəaliyyət göstərən personajları isə  yəhudilər hesab 

olunurdu. Suriya və  Fələstin xalqları, o cümlədən filistinlilər, 

amoreylər, hetlər və başqaları allah tərəfindən seçilmiş xalqın 

yolunda duran barbarlar hesab edilirdilər. Doğrudur, Misir adlı 

dövlət də var idi ki, Bibliyada dönə-dönə xatırlanırdı. Məbədlər, 

ehramlar, sfinkslər Misirin qədim  şöhrətindən xəbər verirdi. 

Şübhəsiz, Misirin dünya sivilizasiyasının beşiyi olması heç kəsdə 

şübhə doğurmurdu.  Şumerlər, Akkadlar və Babillər də var idi. 

Babilistanlı Novuxodonossor yəhudilərin cəzalandırılmasında 

mühüm rol oynamışdır. Sonra Assuriyalılar bir işğalçı kimi tarix 

meydanına çıxmışdır. Lakin onların hər biri öz allahları, kult və 

məbədləri, mədəniyyəti və mifologiyaları ilə tarixin yaddaşına 

əbədi surətdə həkk olunmuşlar. Həmin xalqlar ancaq adları ilə bir-

birindən fərqlənirdilər. Vəzifələri və funksiyalarına görə onlar bir-

birini təkrar edirdilər. 

Dünya allahlar arasında bölüşdürülmüşdü. Anu hava və 



______________Milli Kitabxana_____________ 

 101


səmaya baxırdı. Enlilə yer tabe idi. Eya suya hakim idi. Onlar 

kahinlər tərəfindən yaradılmış allahlar üçlüyünün siyahısına daxil 

edilmişdilər. İkinci üçlüyə Günəş allahı Şamaş, ay allahı Sina və 

ilahə  İştar daxil idi. Babillərdə Aya daha hörmətlə yanaşırdılar. 

Ayı Günəş allahının atası hesab edirdilər. Xarranda və Urda Ay 

allahı şərəfinə tikilmiş məbədlər var idi. Hətta Novuxodonossorun 

xələflərindən biri olan Nabonid Sini özünün şəxsi baş allahı elan 

etmişdi. 

Şumerlərin Utu adlandırdıqları Günəş allahı Babil zamanı 

Şamaş adlanırdı. Həmin allah «yeri işıqlandıran, səma 

məhkəməsinin hakimi, yuxarıdan və  aşağıdan qaranlığı 

şəfəqləndirən» hesab olunurdu. Hər səhər o, yoluna başlayaraq 

dağlardan yüksəyə qalxırdı, ona tabe olan ilahələr göylərə gedən 

yolların darvazalarını açırdılar. Axşamlar isə o, dənizə enirdi. 

Gecələr  Şamaş öz arabasında yeraltı dünyaya hərəkət edirdi ki, 

ölülər işıq və yemək alsınlar. Öz yolunda o, ədəbsizlikləri və 

adamların bədxah işlərini görür və  məhkəmə qururdu. Ona görə 

də onu ali hakim adlandırırdılar. Hammurapiyə görə, o, adamlara 

həqiqət və  ədalət verirdi. Mesopotamiyanın qədim sakinlərinin 

dini həyatında allahlar mühüm rol oynayırdılar. Adamların 

məbəddə etiqad etdikləri allahlar panteonunun böyük allahları 

bütövlükdə dövlətin müdafiəçiləri hesab olunurdular. Qeyd etmək 

lazımdır ki, bizə  məlum olan bütün ədəbiyyat e.ə. 2000-ci ildən 

sonra yazılmışdır. Həmin dövrdə sülhsevər xalq olan Şumerlər 

özlərindən mədəni cəhətdən geri qalan xalqlar tərəfindən  əsarət 

altına alınmışdılar. Hammurapi çoxsaylı  şəhər-dövlətləri işğal 

edərək böyük bir dövlət yarada bilmişdi. «Böyük inzibatçı» böyük 

imperiya yaradaraq öz dilini (bu dil semit dili qrupuna daxil idi) 

rəsmi dilə çevirdi. Bu isə  Şumer sivilizasiyasına öldürücü zərbə 

vurmuşdu.  Şumer mədəniyyəti mənimsənilmiş,  Şumer allahları 

adlarını dəyişsələr də öz fəaliyyətlərini davam etdirmişlər. 

İştar müxtəlif funksiyaları yerinə yetirən hərtərəfli ilahə 

olmuşdur. Məhəbbət və  məhsuldarlıq ilahəsi kimi ölkəyə maddi 

rifah və inkişaf verən  İştar, müharibə  və döyüş ilahəsi kimi 

vuruşmada qalib padşahın önündə gedirdi. Gözəl və adamı başdan 

çıxaran qadın kimi o, kişilərə çox vaxt bədbəxtlik gətirirdi. Şumer 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin