QƏDİM MİSİR MƏDƏNİYYƏTİ
Qədim Misir Şimali-Şərqi Afrikada Nil çayının vadisində və
deltasında yerləşirdi. Yayın əvvəlində gur yağışlar yağır, ətrafı su
basırdı. Noyabrda su çəkilir, üzvi maddələrlə zəngin olan lil sahili
örtürdü. Bu qara lil qatı rütubəti yaxşı saxladığı üçün çox
məhsuldar idi. Buna görə də misirlilər öz ölkələrini “Qara torpaq”
adlandırırdılar. Əvvəllər Nilin vadisi keçilməz cəngəlliklər,
bataqlıqlardan ibarət idi. Burada çoxlu vəhşi heyvanlar, xəstəliklər
yayan müxtəlif həşəratlar var idi. E.ə. VIII minillikdə Böyük
səhrada yaşayan insanlar tədricən Nil vadisini mənimsəməyə
başladılar. Bu tayfalar yığıcılıq, balıqçılıq, ovçuluq edir, kolluqları
qırır, bəndlər düzəldir, kanallar çəkir, əkinçiliklə məşğul
olurdular. Misirlilərin başlıca məşğuliyyətləri əkinçilik idi.
Hündür yerlərə su çıxarmaq üçün şaduf adlanan qurğudan istifadə
etmişdilər. Onlar torpaqları toxa və sadə xışlarla şumlayırdılar.
Qədim misirlilər arpa, buğda, meyvə, tərəvəz becərirdilər. Onlar
mal-qara da saxlayırdılar. Onlar sənət və mübadilə ilə məşğul
olurdular. Bacarıqlı dulusçu, daşyonan sənətkarlar idilər. Misir
e.ə. IV minillikdə əhalisi sıx olan ölkəyə çevrildi.
Qədim Misirdə e.ə. IV minillikdə quldarlıq cəmiyyəti
meydana gəldi. Tayfa başçıları, adlı-sanlı əyanlar qəbilə
üzvlərinin əməyini istismar etməyə başladılar. Qədim Misirdə
əhalinin bir hissəsini kəndlilər təşkil edirdi. Misir dövlətlərinin
padşahları firon adlanırdı. Misirin bütün adamları, torpaqlar, sular
fironun ixtiyarında idi. Firon öləndən sonra onun oğlu, yaxud
yaxın qohumu firon olurdu. Onlar işğalçılıq müharibələri aparır,
cənubda Nubiyaya, şərqdə Sinay yarımadasına hücumlar təşkil
edirdilər.
Misir fironları özləri üçün ehramlar (piramidalar)
tikdirmişlər. Ehramların inşası “tarixin atası” Herodotun “Tarix”
əsərində geniş təsvir edilmişdir. Fironlar öldükdən sonra həmin
ehramlarda dəfn edilirdilər. Yüz minlərlə qula nəhəng daşlardan
ehramlar tikdirirdilər. Bu möhtəşəm ehramlar bir tərəfdən axirət
dünyasına inam yaratmalı, digər tərəfdən isə fironların əzəmətini
______________Milli Kitabxana_____________
33
nümayiş etdirməli idi. Qədim Misirdə fironun sərdabəsinə o
dünyada ona xidmət etmək üçün «uşebti» adlanan insan fiqurları
qoyurdular. Ən möhtəşəm ehram e.ə. XXVII əsrdə Memfis
yaxınlığında firon Xeopsun (Xufunun) şərəfinə tikilmişdir.
Ehramların yaxınlığında bütöv qaya parçasından insan başlı
aslan bədənli nəhəng heykəl - sfinks yonulmuşdur. Bu nəhəng
heykəl çox vahiməli olduğu üçün “dəhşətlər atası”
adlandırılmışdır. Bəlkə də, sfinks ehramların qoruyucusu məqsədi
ilə qoyulmuşdur.
Misirdə işarə-şəkillər heroqliflərdən istifadə edilirdi. 750
heroqlif var idi. Yazı üçün papirusdan istifadə edilirdi. Qədim
Misir yazılarını 1801-ci ildə fransız alimi Şampaliyon oxumuşdur.
Misirlilər bənd, binalar tikmək üçün hesablamalar aparırdılar.
Hesab və həndəsə elmi yarandı. Misirlilər daşqın zamanı həmişə
ulduzların eyni nöqtədə olduğunu müşahidə edirdilər. Misirlilər
ulduzları müşahidə etmələri nəticəsində astronomiya elmini
yaratmışdılar. Onlar astronomiya elmi sahəsindəki biliklərinə
əsasən təqvim tərtib etdilər. İl 12 aya bölünürdü. İldə 365 gün var
idi. Misirdə tibb elmi inkişaf etmişdi, onlar cərrahiyyə işlərini
bacarırdılar.
Misirdə dövlət idarələrində və məbədlərdə məktəblər
açılırdı. Bu məktəblərdə oğlanlar oxuyurdular. Kiçik məktəblilər
qab-qaçaq qırıntıları, böyük məktəblilər isə papirus üzərində
yazırdılar. Məktəblərdə varlıların balaları oxuyurdu.
Qədim Misirdə musiqi və rəqs sənəti yüksək inkişaf etmişdi.
Nəfəs, zərb və simli musiqi alətləri mövcud idi. Rəqqasələr bəzən
döyüş səhnələrini təsvir edən pantomimlər ifa edir, məbədlərdə
dini mərasimləri səhnələşdirirdilər.
Qədim Misirdə allahları heyvan başlı insan şəklində təsvir
edirdilər. Bu da ovçuluqla bağlı idi. Misirlilərin etiqadına görə,
ölən adamın cəsədi saxlansa, onun ruhu vaxtaşırı oraya qayıdar.
Elə buna görə də misirlilər ölüləri mumiyalayırdılar. Misirlilərə
görə kinli allah Set bitki və əkin himayəçisi Osirisi öldürür. Osiris
dirilir, axirətdə padşah və hakim olur. O, ölənlərin ruhunu
mühakimə edir. Məbədlərə kahinlər rəhbərlik edirdilər. Məbəd
allahın evi sayılırdı. Kahinlər qul sahibi idilər. Fiva şəhərindəki
______________Milli Kitabxana_____________
34
məbədin 80 min qulu var idi. Misirdə Amon Ra (Günəş allahı) baş
allah sayılırdı. Qədim Misirdə adlı-sanlı kübarlar zümrəsinə
dayaqlanan kahinlər təbəqəsi böyük nüfuza malik idi. Bəzən belə
durum firon təkhakimiyyətliliyi ilə ziddiyyət yaradırdı. Məsələn,
IV Amenxotepin (1372-1354) dövründə kəskin qarşıdurma baş
verir. Ehnaton adını qəbul etmiş IV Amenxotep dini islahat
keçirir, Misirə Aton Ra allahına sitayişi zorla qəbul etdirir. Lakin
Ehnatonun vəfatından sonra hər şey köhnə axarına qayıdır.
IV Amenxotepin arvadı Nefertiti minilliklər ərzində gözəllik
təcəssümü sayılıb. Misir Yaxın Şərqin zəngin dövlətlərindən
birinə çevrilmişdi. Uğurlu müharibələr ölkənin maddi ehtiyatlarını
artırmışdı. Misirin təsərrüfatında yüksəliş gözə çarpırdı.
Müharibələrdən əsir gətirilmiş əhali təsərrüfatda qul kimi
işlədilirdi. Təcavüzkar xarici siyasətdən imtina etmiş III
Amenxotep Misirin daxili vəziyyətinə diqqəti artırdı. Onun
fəaliyyəti geniş tikinti işləri ilə bağlı idi. Misir fironları Nilin qərb
sahilində Amon allahın şərəfinə inşaat işləri aparmış və onun
adına məbəd tikdirmişdilər. Burada Misirin mərkəzi şəhərlərindən
olan Fiv yerləşirdi. Bu şəhər Yeni səltənət dövründə ölkənin
paytaxtı mövqeyini saxlayırdı. Müasir Karnak yaxınlığında Fiv
şəhərinin xarabalığı qalmışdır. III Amenxotep də Fiv şəhərində
Amonun şərəfinə tikinti işləri görmüşdü. O, Amon məbədinin
giriş hissəsinin hər iki tərəfindən kəsik ehram şəklində darvaza
ucaltdırmışdı. Özünəməxsus xeyrat məbədlərdən birini Amona
həsr etmişdi. Amon məbədi önündəki darvaza qızılla işlənmişdi.
Luksor məbədlərinin divarlarına qızıl təbəqəsi, döşəməyə isə
gümüş vurulmuşdu. Məbədlərə gedən yollar lövhə ilə döşənmişdi.
Amon məbədinə gedən yolun kənarında qoyun heykəlləri
düzülmüşdü. Qoyun Amon məbədinin müqəddəs heyvanı hesab
edilirdi. Hökmdarın xeyrat məbədi yolu kənarına itəbənzər
heykəllər qoyulmuşdu. Məbədlərdə fironun əzəmətli və hündür
heykəlləri də ucaldılırdı.
III Amenxotepin vəfatından sonra oğlu IV Amenxotep (e.ə.
1365-1348-cü illər) hakimiyyətə gəldi. O, Misirin Asiya
vilayətlərindəki siyasi vəziyyətə məhəl qoymadı, öz fəaliyyətini
büsbütün daxili ixtilafların aradan qaldırılmasına həsr etdi. Köhnə
______________Milli Kitabxana_____________
35
hakim quldar təbəqəsi ilə yeni yaranan əyanlar təbəqəsi arasında
kəskin mübarizə gedirdi. Köhnə hakim sinif nümayəndələri
kahinlər ətrafında cəmləşmişdi. Əvvəlki illərin uzun sürən
müharibələri, ölkəyə axan qənimət və insan qüvvəsi məbədləri və
onlara qulluq edən kahinləri varlandırmışdı. Misirin baş və ən
nüfuzlu allahlarına həsr olunmuş məbədlərinin xeyli mal-qarası
var idi. Məbəd xəzinəsi dolu idi. Xüsusilə Amon məbədi (Fiv
şəhəri) fərqlənirdi. Ölkədə Amon allahına ibadət geniş yayılmışdı.
Ona bol qurbanlar kəsilir və nəzirlər verilirdi. Adətən quş və
heyvan, taxıl və meyvə, içki (şərab və pivə), ətriyyat və sair nəzir
kimi məbədə gətirilirdi. Məbəddə ərzaq qıtlığı olmurdu, əksinə,
həmişə bolluq olur, kahinlər və məbəd xidmətçiləri, habelə
məbədətrafı yetim-yesir ərzaqla təmin edilirdi.
Firon IV Amenxotepin ətrafına yeni əyanlar təbəqəsinin
nümayəndələri cəmləşmişdi. Onların içərisində yoxsulluqdan
çıxmış və az-çox varlanmış xidmət adamları da vardı. Bu sosial
təbəqə nemxu - "yetim, kasıb, yetim-yesir" adlanırdı. Yeni
əyanların tərkibində nemxu, yəni yetim-yesir anlayışı artıq məcazi
mənada işlədilirdi, eyni zamanda da belə adamların aşağı
təbəqədən çıxdığını bildirirdi.
XVIII sülalənin son dövrlərində "yetim-yesir" (nemxu)
təbəqəsinə mənsub olan, lakin artıq varlanmış adamlar Misirin
inzibati və təsərrüfat idarələrində, ordu və firon sarayında qulluq
edirdilər. Belə varlı və vəzifəli "yetim-yesirlər" yazılarında firon
IV Amenxotep sayəsində ad-sana çatdıqlarını və əyan səviyyəsinə
qədər ucaldıqlarını qeyd edirdilər. Varlı, adlı-sanlı və idarələrdə
çalışan "yetim-yesirlər" fironun dayağına çevrilmişdilər. Fironun
əhatəsində adlı-sanlı əyanlar da vardı. IV Amenxotep yeni əyanlar
təbəqəsinə etimad göstərirdi. Yazılarında fironu onları yaradan
kimi qələmə verirdilər.
Amon ümum Misir allahı hesab olunurdu. Ona həsr
olunmuş məbədlər hər yerdə inşa edilmişdi. Amon məbədlərinin
xeyli gəliri olurdu. Amon kahinləri fironun daxili və xarici
siyasətinə istiqamət verən əsas qüvvəyə çevrilmişdi. III
Amenxotepin dövründə bu allah Amon-Ra, yəni "Amon-günəş"
adlandırılırdı. Günəş allahına (Raya) Misirin müxtəlif şəhərlərində
______________Milli Kitabxana_____________
36
sitayiş edirdilər. Fironlar özlərini "Günəşin (Ranın) oğlu"
adlandırırdılar. IV Amenxotep hakimiyyətə gələndə bir müddət bu
Misir dini ənənəsini dəyişdirmədi. Günəşə sitayiş tədricən fironun
başlıca ideoloji mənsəbinə çevrildi. Əvvəllər günəş, üstündə
dairəsi olan şahin başlı insan kimi təsvir olunurdu. IV Amenxotep
dini islahat həyata keçirtdi. O, "görünən Günəşə" (Aton) sitayişi
bərqərar etdi. Günəş şüalı şəkildə təsvir olunurdu, günəş
dairəsindən şüalar insan əli şəklində uzanırdı. IV Amenxotepin
şüa saçan günəşə öz ailəsi ilə birlikdə sitayişini təsvir edən abidə
bizə gəlib çatmışdır. Ffironun islahatı günəş Allahı Atonun
ibadətini müəyyən etdi. Bu islahatın siyasi və iqtisadi nəticələri
tezliklə özünü büruzə verdi. Bir müddət Aton və Amon allahlarına
ibadət yanaşı aparılırdı. Lakin Aton məbədində taxıl adi ölçülərlə
yox, dolu ölçülərlə buraxılırdı. Digər Qədim Şərq ölkələrində
olduğu kimi, Misirdə də müxtəlif həcmli çəki ölçüsü (əndazə)
mövcud idi. Aton məbədinin təsərrüfatı yarandı. Məbəddə
qoyulmuş çoxlu qurbangahlar boş qalmırdı. Məbədin zəngin mal
və ərzaq anbarları vardı. "Günəş evi" adlanan Aton məbədi
zənginliyi ilə fərqlənirdi. Aton məbədlərinin gəliri də artırdı.
Ehtimala görə, IV Amenxotep hakimiyyətinin altıncı ili
(təxminən e.ə. 1360-cı il) yeni ibadət mərkəzi yaratdı. O, Amon
məbədi güclü olan paytaxtı Fiv şəhərini tərk etməli oldu. Misirin
orta hissəsində (indiki əl-Amarna) Nilin sağ sahilində yeni paytaxt
saldırdı. Adını yeni ibadətin şərəfinə Axetaton, yəni "Günəş
üfüqü" qoydu. Belə təsəvvür yaradılmışdı ki, Axetaton, ən qədim
dövrlərdən guya günəşin məskəni olmuşdur. Şəhər ətrafı əhalisi,
torpağı, suyu, çölü və dağları ilə birlikdə Günəşin mülkü elan
edildi. Eyni zamanda, firon Amenxotep (yəni "Amon
məmnundur") adını dəyişdirib Exnaton ("Günəşə sərfəli") qoydu.
Digər şəxsi adlarda Amon Aton ilə əvəz edildi. Exnatonun ailə
üzvləri, onu əhatə edən əyanlar buna uyğun olaraq adlarını
dəyişdirməli oldular. Digər yerli allahlara ibadət sıxışdırıldı.
Exnatonun dini islahatı təkallahlığa doğru atılmış ilk addım idi.
Exnaton ömrünün son ilini Axetatonda yaşadı. Axetaton bağlı-
bağatlı böyük şəhərə çevrilmişdi. Atonun şərəfinə böyük məbəd
tikilmişdi. Firon sarayları öz əzəməti ilə fərqlənirdi. Ən böyük
______________Milli Kitabxana_____________
37
saray ağ daşdan hörülmüşdü. Saray divarları naxışla bəzənmiş,
qiymətli daşlarla doldurulmuş, yaxud qızıldan üz çəkilmişdi.
Günəş allahına sadiq olan yeni əynlar da Axetatonda ev
tikdirmişdilər. Onlar Axetatonda sərdabələr tikdirir, divarlarını
müxtəlif rəsmlərlə bəzəyirdilər. Rəsmlərin əksəriyyəti Exnatona
həsr olunmuş, onun gündəlik işini təsvir edirdi. Məqbərə
yazılarında əyanların firona minnətdarlığı bildirilirdi. Ev və
sərdabə divarlarında Günəşin və onun oğlu hesab edilən
Exnatonun və arvadının ünvanına dua-müraciət mətnləri həkk
edilmişdi. Onlar firon və firon arvadından yaxşı gün-güzəranlıq və
öləndən sonra nemətlər diləyirdilər.
Exnatonun dini-siyasi islahatı geniş xalq kütlələrinin maddi
vəziyyətini yaxşılaşdırmadı. Atonun şərəfinə yazdığı himn sadə
adamların güzəranından bir kəlmə də olsun bəhs etmir. Burada
ancaq Günəş allahının qüdrəti təsvir olunur: "Sən (yəni Aton)
səmanın üfüqündə qəşəng parıldayırsan, həyatın başlanğıcını
qoymuş diri Günəş dairəsi! Sən şərq üfüqündə çıxırsan və bütün
yeri öz gözəlliyinlə doldurursan. Sən qəşəngsən, böyüksən,
nursaçansan və yer üzündə yüksəkdəsən! Sənin şüaların sənin
yaratdığın bütün ölkələrin sərhədlərini bürüyür! Sən zülməti
qovursan öz şüalarını saçanda. Hər iki torpaq şadlıq edir. Onlar
(insanlar) oyanır, ayağa durur, qalxır sənə görə. Bədənlərini
yuyurlar və geyimlərini götürürlər. Onların əlləri sənin parıltını
vəsf edir, onlar işə girişirlər. Mal-qara otlayır. Ağac və ot göyərir.
Quşlar yuvasından uçur. Bütün heyvanlar ayaq üstə hoppanırlar.
Gəmilər şimala üzür, həm də cənuba və bütün yollar sən nur
saçanda açılır. Çayda balıqlar sənin görüşünə çıxırlar. Sənin
şüaların dənizə cumur. Sənin şüaların hər bir əkinə qida verir. Sən
çıxanda o canlanır və göyərir sənə görə... Sən uzaq səmanı
yaratdın ki, oradan doğasan və özün yaratdığına baxasan... Sən
mənim ürəyimdəsən, elə birisi yoxdur ki, sənin oğlun
Neferxepruradan (Exnatonun adıdır) başqa səni dərk etsin..."
Exnaton ancaq günəşin yer kürəsinə bəxş etdiyi işıq və şüanın
müsbət nəticələrinə dini don geyindirmiş və onun şərəfinə mədh
demişdi. Yəqin ki, Exnaton sadə adamların müəyyən hissəsinə əl
tuturdu, "yetim-yesir" təbəqəsindən əyanlığa qəbul edirdi, lakin
______________Milli Kitabxana_____________
38
başlıca olaraq yeni quldar əyanların mənafeyini qoruyurdu. Yeni
dini təlimin sosial və ictimai-iqtisadi bünövrəsi yox idi. Əhalinin
vəziyyətinin yaxşılaşdırılması üçün heç bir tədbir görülmürdü.
Atona sitayiş ancaq Amon kahinlərinin imtiyazlarını ləğv etmək
məqsədinin güdürdü. Amona ibadət Misir əhalisi arasında dərin
köklərə malik idi. Amon məbədlərinin var-dövləti əsrlər boyu
yığılmışdı, bu da onun kahinlərini iqtisadi cəhətdən
möhkəmləndirirdi. Aton məbədinin nə belə maddi bünövrəsi, nə
də ibadətinin tarixi ənənəsi var idi. Bu ibadətin ömrü Exnatonun
varlığı ilə ölçülürdü. Hər halda Exnaton vəfat etdikdən sonra
Amon kahinlərinin və dindarlarının əl-qolu açıldı. Hadisələr
göstərdi ki, Aton ibadəti Misirdə dərin kök sala bilməmişdi.
Exnatonun 17 illik hakimiyyəti buna imkan vermədi.
Exnatonun varisləri Atona ibadətin mövqeyini qoruyub
saxlaya bilmədilər. Hakimiyyətə gəlmiş firon Semnexkara
Exnatonun Nefertitidən olan qızına evlənmişdi. Nefertiti dövrünün
ən gözəl və incə qadınlarından idi. Nefertitinin Exnatondan altı
qızı var idi. Nefertiti və kürəkəni Semnexkara müəyyən müddət
Axetaton ənənəsini saxlaya bildilər. Atona ibadətə sadiq qaldılar.
Lakin bununla yanaşı, Fiva Amon allahına ibadəti dirçəltməyə
başladı. Cəmi üç il fironluq etmiş Semnexkara Amonun yenidən
dirçəlməsinin qarşısını ala bilmədi, bəlkə də ona sitayişi bərpa
etmişdi. Hakimiyyətə doqquz yaşlı Tutanxaton ("Günəş həyatına
yaraşan") gəldi. Exnatonun digər qızı Anxesenpaaton ("O, Günəş
üçün yaşayır") Tutanxatonun arvadı elan edilmişdi. Onlar Aton ilə
yanaşı, başqa allahlara da sitayiş edirdilər. Gənc firon Amon
ideologiyasının təzyiqinə məruz qaldı. Bir müddət sonra o, adını
dəyişdirib Tutanxamon, yəni "Amon həyatına yaraşan" qoydu.
Arvadı isə Anexesenpaamon adını qəbul etdi. Eyni zamanda,
Axetaton əyanları ilə birlikdə Memfis şəhərinə köçdü. Vaxtaşırı
Fiv ziyafətlərində iştirak edirdi.
Tutanxamon Efiopiyada və Asiyada müharibələr aparmışdı.
Ehtimal ki, əldən gedən Asiya vilayətlərində Misir hakimiyyətini
bərpa edə bilmişdi. Yəqin ki, hərbi əməliyyatlarda sərkərdə
Xoremxeb də iştirak edirdi. Amona ibadətin tam bərpa
edilməsində Xoremxeb böyük səylə fəaliyyət göstərmişdi. Az-çox
______________Milli Kitabxana_____________
39
Atona sitayişi qoruyub saxlayanlardan biri isə əyan Eye olmuşdu.
Ehtimal edilir ki, Eye gənc Tutanxamonun adından Misiri idarə
edirdi. Tutanxamon Amon məbədinin hüquqlarını qəti olaraq
bərpa etdi. Tutanxamonun hakimiyyəti uzun sürmədi. O, təxminən
on doqquz yaşında vəfat etdi. Tutanxamon böyük dəbdəbə ilə
yeraltı sərdabədə dəfn olundu. Onun sərdabəsi Fiva yaxınlığında
"hökmdarlar dərəsi"ndə tikilmişdi. Fiva kahinləri Tutanxamonun
bütün saray əmlakını, əşyalarını, qiymətli bəzək-düzəklərini, oyun
lövhələrini, onun surətini əks etdirən qızıl dəbilqəsini, müxtəlif
heykəllərini və s. sərdabədə yerləşdirmişdilər. Tutanxamonun
sərdabəsi hələ qədimdə qarətdən qorunmuşdu, halbuki əksər firon
sərdabələri hələ o zaman talan edilmişdi. Sərdabə qarətçilərini
tutub məhkəməyə verirdilər. Talan olunmamış Exnaton və
Nefertiti sərdabələrinin qalanı XIX əsr qarətçiləri Atona (Günəşə)
ibadət tərəfindən təmizlənmişdi. Hovard Karter 1922-ci ildə
Tutanxamonun sərdabəsini aşkar etmişdi. Məlum oldu ki,
Tutanxamonun da sərdabəsinə girmişlər, lakin elə bir şey apara
bilməmişlər. Sonralar isə burada XVI Ramzesin sərdabəsi
tikilərkən, Tutanxamonun yeraltı sərdabəsinin girişi torpaq və
çınqılla dolmuş, oğrular sərdabəyə giriş yolunu itirmişdilər.
Tutanxamonun qısa müddətli hakimiyyəti illərində Misir
qüdrətli dövlətə çevrildi. Tutanxamonun övladı olmadığından
hakimiyyət onun arvadı dul Anxesenapamona keçdi. Misir
mənbələri onun fəaliyyəti haqqında heç bir məlumat vermir. Lakin
Het mənbələrindən məlum olur ki, o, Het hökmdarı Suppiluliuma
müraciətnamə göndəribmiş. Müraciətnamədə deyilirdi: "Mənim
ərim vəfat etmişdir. Eşitmişəm ki, sənin həddi-buluğa çatmış
oğulların vardır: onlardan birini mənə göndər. Mən ona ərə
gedərəm, o da Misirin hökmdarı olar". Het hökmdarı III Murşil
tərəfindən tərtib edilmiş bu salnamədə qeyd edilir ki, Suppilulium
belə qeyri-adi müraciətə təəccüb edir. Hadisənin düzgün olub-
olmamağını yoxlamaq üçün o, Misirə elçi göndərir. Misir fironəsi
yenidən Het hökmdarına müraciət edib yazır: "Sən nə üçün
deyirsən ki, onlar məni aldatmaq istəyirlər. Əgər hökmranlıq
etmək üçün oğlum olsaydı, mən yadelli ölkəyə müraciət
etməzdim, çünki bu mənim üçün və mənim ölkəm üçün
______________Milli Kitabxana_____________
40
həqarətdir... Mənim ərim vəfat etmiş və mənim övladım yoxdur.
Məgər mən öz nökərimi götürüb özümə ər etməliyəm? Mən heç
bir ölkəyə müraciət etməmişəm, mən ancaq sizə yazmışam.
Deyirlər ki, sənin çoxlu övladın vardır. Onlardan birini mənə ver;
o, mənim ərim və Misir torpağının fironu olar".
Tutanxamonun dul arvadının məqsədi tam aydın deyildi.
Lakin belə bir nəticə çıxartmaq olar ki, o, Het dövləti ilə
yaxınlaşmaqla Aralıq dənizi ərazisində Misirin təsirini bərpa
etmək və daxildə aparacağı siyasətdə müəyyən müxalifət
qruplarının müqavimətini qırmaq istəyirdi. Lakin Misir əyanları,
xüsusilə hakimiyyətə göz dikən dövlət xadimləri və Amon
kahinləri yadellinin Misirdə ağalığını qəbul edə bilməzdilər. Buna
görə Misirə yola düşən Het şahzadəsi Zanaazu Suriyada
öldürüldü. Ehtimala görə, Het şahzadəsinin öldürülməsini Misir
sərkərdəsi Xoremxeb təşkil etmişdi, çünki o, dul fıronəyə
evlənmək istəyirdi. Lakin Anxesenpaamon qohumu olan qoca
Eyeyə ərə getdi.
Eye hələ Exnatonun dövründə yüksək vəzifəli şəxs idi və
Aton məbədinin pərəstişkarlarından biri olmuşdu. O, Nefertitinin
dayəsi Teyeyə evlənmişdi. Eye "Allahın atası" rütbəsini daşıyırdı.
Bu zaman Exnaton ilahiləşdirilmişdi və ona "Allah" kimi sitayiş
edirdilər. Beləliklə, Eye rəsmən fironun "atası" elan edilmişdi.
Tutanxamonun hakimiyyəti dövründə Eye vəzir vəzifəsinə kimi
yüksəlmişdi. Ola bilsin ki, Eye gənc Tutanxamonun qəyyumu
kimi ölkəni idarə edirdi. Eye cəmi dörd il hakimiyyət başında
oldu.
Exnatonun islahatlarının qəti ləğvi Xoremxebin (e.ə. 1334-
1306-ci illər) adı ilə bağlıdır. O, yerli hakimlərdən idi. Xoremxeb
ali kahin dairələri ilə möhkəm əlaqədə idi, müxtəlif inzibati və
hərbi vəzifələrdə olmuşdu. Xoremxeb Tutanxamonun sərkərdəsi
idi. Fiva şəhərinin köməyinə arxalanan Xoremxeb dövlət çevrilişi
etdi və hakimiyyəti əlinə keçirtdi. Öz hakimiyyətini
qanunlaşdırmaq üçün o, Exnatonun arvadı Nefertitinin bacısına
evləndi. O, yazılarında hakimiyyətə qanuni sahib olduğunu,
allahın arzusunu yerinə yetirdiyini qeyd edir. O, III Tutmosu "öz
atalarının atası" adlandırırdı.
______________Milli Kitabxana_____________
41
Hakimiyyətə gəldikdən sonra Xoremxeb Amon allahına
ibadəti tamamilə bərpa etdi. O, Aton ibadətini qəti ləğv etmək
üçün tədbirlər gördü. Axetaton şəhərini boşaltdırdı, dəbdəbəli
saray və malikanələri, məbədləri dağıtdı. Xoremxeb "Axetatonlu
cinayətkar" adlandırdığı Exnatonun adını bütün abidələrdən
sildirib onun yerinə öz adını yazdırdı, illərini öz hakimiyyətinə
caladı. Tutanxamon və Eyenin də adları onun göstərişi ilə
abidələrdən silindi. O, özünü bilavasitə III Amenxotepin varisi
elan etdi. Xoremxeb hakimiyyətdə olmuş fironların siyahısından
Exnatonun və hətta Tutanxamonun və Eyenin adlarını sildirdi.
Qədim Misirin ən qədim və möhtəşəm memarlıq abidələri
ehramlar idi. Ehramlar dünyanın 7 möcüzəsindən biridir. Qədim
Misir Yer kürəsində ilk dövlət, dünya ağalığına iddia edən ilk
qüdrətli imperiya olmuşdur. Bu dövlət xalqını tam itaətə gətirmiş
güclü dövlət idi. Misir ali hakimiyyətinin əsas prinsipləri-
sarsılmazlığı və ağlasığmazlığı ilə seçilmişdir.
Qədim Misir mədəniyyətinin mühüm cizgilərı - misirlilərin
özlərinin «qeyri-normallıq» hesab etdikləri «ölümə qarşı etiraz»
olmuşdur. Ölməzliyə olan güclü meyl misirlilərin bütün
dünyagörüşünü müəyyən etmiş, Misirin bütün dini fikrinə daxil
olmuş və qədim Misir mədəniyyətini formalaşdırmışdır. Heç bır
dünya sivilizasiyasında ölümə qarşı etiraz Misirdəki kimi bu qədər
konkret, parlaq, bitkin ifadəyə malik olmamışdır. Ölməzliyə cəhd
ölülər kultunun yaranmasına gətirib çıxarmışdır. Bu isə Misirin
həm dini, həm də mədəni həyatında mühüm rol oynamışdır. Bunu
Misirin iqtisadi, siyasi və hərbi həyatına aid etsək onda həmin
kultun necə əhəmiyyət daşıdığı bir daha məlum olur. Misirlilərin
ölümlə razılaşmamağı belə bir dini etiqadı yaratmışdır ki, ölüm
heç də son demək deyildir. Yerdə gözəl əbədi həyat uzana bilər.
Ölən adam özünün dirilməsini gözləməlidir. Bunun üçün ölənin
ölməz ruhlarından biri onun bədəni ilə təzədən birləşməli və həyat
yenidən başlamalıdır. Ona görə də canlılar ölənlərin bədənlərinin
qayğısına qalmalıdır. Bu qayğı üçün əsas vasitə mumiyalama idi.
Mumiya hazırlamaq sənəti Misirdə ən hörmətli sənət olmuşdur.
Bununla yanaşı ölənin bədəninin saxlanılması üçün xüsusi
məqbərələr yaradılırdı. Bu məqsədlə ehramlar tikilirdi.
|