Şəngülüm, Şüngülüm, Məngülüm
Biri varmış, biri yoxmuş, bir keçi varmış. Keçinin üç balası varmış. Birinin adı
Şəngülüm, birinin adı Şüngülüm, o birinin də adı Məngülüm.
Bu keçi hər gün gedib meşədə və çöldə otlayar, geri qayıdanda buynuzunda ot,
ağzında su, döşlərində süd gətirərmiş. Astanada dayanıb qapını döyərmiş,
Şəngülüm, Şüngülüm, Məngülüm atıla-atıla, dingildəyə-dingildəyə qapının dalına
gəlib soruşarmış:
-Kimdir?
-Şəngülüm, Şüngülüm, Məngülüm!
Açın qapını, mən gəlim!
Ağzımda su gətirmişəm,
Döşümdə süd gətirmişəm,
Buynumuzda ot gətirmişəm.
Şəngülüm, Şüngülüm, Məngülüm sevinib tez qapını açarmış. Keçi içəri girib
onların otunu, suyunu verərmiş. Yedilər, içirər, yatırdarmış. Sabah örüşə gedəndə
yenə də hər gün üçünün üzündən öpüb tapşırarmış, Şəngülüm, Şüngülüm,
Məngülüm, qurd sizi aldadar, aparar yeyər, ha. Hər kim qapını döydü, mən deyən
sözləri eşidməmiş açmayın.
Günlərin bir günü Qurd özünə söz verdi ki, Şəngülüm, Şüngülüm, Məngülümü
yeyəcəm. Keçinin qapısının ağzına gəldi. Yavaş-yavaş qapını döyməyə başladı.
Şəngülüm, Şüngülüm, Məngülüm dingildəyə-dingildəyə qapının dalına gəlib
səsləndilər:
-Kimdir?
Qurd dedi:
-Mənəm, Keçiyəm, balalarım, açın qapını.
Şəngülüm, Şüngülüm, Məngülüm o saat bilirlər ki, qapını döyən anaları deyil,
Qurddur, onlara kələk gəlir. Qurd nə qədər yalvardı, qapını açmadılar. Qurd qapını
sındırmaq istəyirdi, bir də gördü ki, Keçi gəlir. Qaçıb bir kolun dalına girdi. Orda
gizləndi ki, görsün Keçi qapını necə açır. O, biri tərəfdən Keçi gəlib qapını döyə-
döyə dedi:
-Şəngülüm, Şüngülüm, Məngülüm!
Açın qapını, mən gəlim!
Ağzımda su gətirmişəm,
Döşümdə süd gətirmişəm,
Buynumuzda ot gətirmişəm.
Şəngülüm, Şüngülüm, Məngülüm oynaya-oynaya gəlib qapını açdılar. Keçi içəri
girdi. Həmişəki kimi onlara su, ot, süd verdi. Bir az ordan-burdan söhbət elədilər.
Balaları qapını döyüldüyünü söylədilər. Keçi dedi:
-O xain Qurddur.
Sonra balaların üzündən öpüb getdi.
İndi sizə xəbər verim Qurddan. Keçinin sözlərini Qurd öyrənmişdi. Koldan çıxıb
bir az gözlədi. Sonra yavaş-yavaş gedib qapını döyməyə başladı. Çəpişlər oynaya-
oynaya qapının dalına gəlib soruşdular:
-Kimdir?
1
Qurd səsini Keçinin səsinə oxşadıb dedi:
-Şəngülüm, Şüngülüm, Məngülüm !
Açın qapını, mən gəlim!
Ağzımda su gətirmişəm,
Döşümdə süd gətirmişəm,
Buynumuzda ot gətirmişəm.
Balaları elə bilir ki, bunları çağıran analarıdır. Cəld qapını açdılar. Qurd o saat
Məngülümü yedi, Şəngülüm, Şüngülüm qaçıb gizləndilər. Qurd çox axtardı, onları
tapmadı. Keçinin qorxusundan qaçıb getdi. Elə ki, Qurd getdi, Şəngülüm,
Şüngülüm gizləndikləri yerdən çıxıb qapını bağladılar. Bir küncə oturub ağlamağa
başladılar. Axşam düşdü. Keçi örüşdən qayıdıb qapını nə qədər döydü, ona cavab
verən olmadı. Çəpişlər elə bildilər ki, yenə də Qurddur. Ona görə cavab
vermədilər. Keçi geri çəkilib qapıya bir buynuz ilişdirdi. Dalbadal bir buynuz, iki
buynuz Şəngülümlə Şüngülüm gördü ki, qapını sındıracaq, gəlib qulaq verdilər,
balaca deşikdən baxdılar ki, analarıdır. Qapını açdılar. Keçi onlardan soruşdu:
-Bəs, Məngülüm hanı?
Onlar başladılar ağlamağa. Əhvalatı analarına danışdılar. Keçi hirslənib dedi:
-Yaxşı, Qurdla mənimki qalsın, siz qapını bağlayın, evdə oturun.
Bəli, Keçi düşdü yolun ağzına. Az getdi, çox getdi, gəlib bir damın üstünə çıxdı.
Ayaqlarını yerə döyməyə başladı. İçəridən səs gəldi:
-O kimdi, damın üstə.
Tappır-tuppur döyür
Ayağın damın üstə.
Keçi dedi:
-Balamı sən yemisən?
Tülkü dedi:
-Yox, mən yeməmişəm, get Qurddan soruş.
Keçi ordan dəmirçinin yanına gəlib dedi:
-Dəmirçi qardaş, mənim buynuzlarımı qılınc kimi iti elə, nizə kimi şiş. Sənə bir
kasa qaymaq, bir kasa da süd verəcəyəm.
Dəmirçi razı oldu. Bir azdan Keçinin buynuzları qılıncdan da iti oldu. Keçi onun
qaymağını, südünü verdi. Keçi getdi çıxdı Qurdun damının üstünə. Bu vaxt qurd da
bir qazan aş asmışdı, ocağın üstə bişirirdi. Keçi damı döyəndə bunun aşının içinə
torpaq töküldü. Onda qurd çağırdı:
-O kimdir damım üstə,
Toz tökər şamım üstə?
Aşımı şor eylədi,
Gözümü kor eylədi?
Keçi cavab verdi:
-Mənəm, mənəm, canavar
Buynuzum qoşa-qoşa.
Balamı sən yemisən
Gəl girək bir savaşa.
Qurd cavab verdi:
-Çox gözəl, gəl savaşa, elə mən səni axtarırdım.
2
Qurd sözünü tamam elədi. Dişlərini qıçırtdi, istədi Keçini yesin. Keçi ona aman
vermədi. Geri çəkilib irəli gəldi, ona elə bir buynuz vurdu ki, buynuzlar iki qarış
onun döşünə işlədi. Qurd bərkdən ulayıb yerə yıxıldı. Keçi o saat onun qarnını
yırtıb Məngülümü çıxartdı, bağrına basdı, gözlərindən öpdü. Qurd qışqırıb dedi:
-Vay qarnım, vay.
Keçi dedi:
-Məngülümü yeməyəydin!
Vay qursağım deməyəydin!
Xain Qurd öldü. Keçi balası Məngülümü götürüb evə yollandı. Şəngülüm,
Şüngülüm Məngülümü görəndə çox sevindilər. Onun üzündən-gözündən öpdülər,
şadlıq elədilər.
3
Əşrəf
Hacı Səməd şam namazını yenicə qılıb qurtarmışdı. Məhəmməd və Fatma da
yemək yemək otağında nazik və həzin bir səslə "Mən bir türkəm, elim-obam
uludur" mahnısını oxuyurdular. Hacı Səməd bir müddət onlara qulaq asıb, sonra
içəri girdi. Uşaqlar dərhal səslərini kəsib, qalxdılar. Hacı Səməd dedi:
-Nə gözəl mahnıdır! Nə gözəl sözlərdir: "İsan olan vətəninin quludur!.." Bu
mahnı, övladlarım, bir gözəl qəhrəman çocuğun hekayəsini yadıma saldı.
Uşaqlar atalarından bunu eşitcək cəld dedilər:
-Ata, təvəqqe edirik bu hekayəni bizə söyləyəsən!...
-Yaxşı, övladlarım, söylərəm, cünki söyləməli bir hekayədir. - Hacı Səmədin
arvadı çay töküb, onun qabağına qoydu. Hacı Səməd də çaydan bir neçə qurtum
içib başladı: - Otuz sənə bundan əqdəm Qara dəniz kənarında yapılmış bir şəhərdə
Hacı Kazım namında bir tacir sakin idi. Bu tacir İstambul ilə güclü xəlçə alış-verişi
edirdi. Hacı Kazımın çox övladı təvəllüd etmiş idisə də, cümləsi qırılıb, tək bircə
on səkkiz yaşında Əlimərdan adlı oğlu qalmışdı. Əlimərdan çox gözəl oğlan idi.
Ancaq alış-veriş etməyi sevməyirdi bə bir də çox pul tələf edərdi. Atası ha istəyirdi
ki, onu evləndirsin, amma Əlimərdan bu əmrdən boyun qaçırırdı. Atası çox təkid
edib deyəndə ki, oğlum, evimiz arvad tərəfindən sahibsiz qalmışdır, anan öləndən
sonra nökər-qulluqçu ümidinə qalmışıq, evlən, evimiz qaydaya düşsün...
Əlimərdan onun sözünü kəsmək üçün deyərdi:
-Yaxşı, ata, evlənməyə hazıram, ancaq gərək evləndiyim qız tərbiyəli, oxumuş
ola, hərgah şəhərimizdə belə qız varsa bu saat nigahını oxut.
Bunu dediktə, Əlimərdan yaxşı bilirdi ki, şəhərlərində belə qız yoxdur. Ancaq bu
cür hiylə ilə atasını sakit etmək istəyirdi. Hacı Kazım özü də bilirdi ki, bu söz oğlu
tərəfindən bir bəhanədir, çünki Əlimərdanın özü elmsiz bir cavan idi. Üç-dörd il
məktəbdə oxuyub, ancaq ana dilində bir az savad qazanmış idi. Hacı Səməd
oğlunun bu barədə də sözünü kəsmək üçün oxumuş qız arayırdı. Həmin şəhərdə
Hacı Kazım ilə həmsinn Cəmaləddin ismidə bir mülkədar yaşayırdı. Cəmaləddin
nəcib şəxslərin biri idi. Onun ata-babası öz zamanlarında böyük bir mülkə sahib
olmuşdular, ancaq kiyaz Cəmaləddinin vaxtında o böyük mülk tələf olub, bir cüzi
hissəsi qalmışdı ki, onun ilə də kiyaz özünü və övrətini bir tövr ilə saxlayırdı.
Kiyazın övrəti Kamilə xanım anatollu Tofiq Paşanın qızı idi. Kamilə xanımın ana
tərəfindən Cəmaləddinə qohumluq çatırdı.
Hacı Kazım ilə kiyaz Cəmaləddin cavanlıqdan bir-birilə dost idilər. Indi isə
dostluqları daha da möhkəmlənmişdi. Hacı Kazım oğlunun, guya tərbiyəli qız
tapmamaq səbəbinə evlənməkdən baş qaçırtmasını dostu Cəmaləddinə söyləmişdi.
O da Əlimərdan istədiyi qızı tapmağa söz vermişdi. Amma buna Hacı Kazımın
ümidi yox idi, çünki uşaqdan böyüyə kimi şəhərlərinin hamı adamlarını tanıyırdı:
oğlu istədiyi qız orada yox idi, amma bu xeyir işə bir ittifaq səbəb oldu: üç gün idi
ki, Kamilə xanımın bacısı Nəcibə xanım ona qonaq gəlmişdi. Kamilə və Nəcibədən
başqa Tofiq paşanın üç oğlu və iki qızı da var idi. Bu böyük külfəti ancaq öz
təqaüdü ilə dolandırırdı və onlara lazımınca tərbiyə vermişdi.
4
Kamilə xanım atasının qocalığını və qardaşlarının körpəliyini mülahizə edib
Əlimərdana getməyini Nəcibəyə təklif etdi, o da bu təklifi qəbul etdi. Atasının
razılığına Kamilənin şübhəsi yox idi. Məktub vasitəsilə yazıb, Nəcibənin izinini
istədi.
Hacı Kazım bu işə artıq dərəcədə şad idi və oğlunun da belə nəcib şəhslər ilə
qohum olmağa razı olmasına şübhəsi yox idi. Bu səfər Hacının zənni düz oldu:
Əlimərdan bu əmrə şadlıqla razı oldu. Tezliklə Nəcibə xanımın atasından da razılıq
məktubu gəldi. Hacı Kazım çox böyük cah-cəlal ilə oğlunun toyunu etdi.
Nəcibə on yeddi yaşında qayət, gözəl bir anatollu qızı idi. Gözəlliyi dərəcəsincə
də elm və tərbiyə almışdı.
Nami qoyulmuş "Nəcibə"liyi, hər bir əsərindən aşkar olurdu. Əlimərdan Nəcibəni
ürəkdən sevib onun təsir göstərməyi ilə bir az müddətdə cəmi fəna əməllərini
bilmərrə tərk etdi. Bu iki cavanın bir-biri ilə olan gözəl rəftarı və dolanacaqları
şəhər cavanları üçün dərs olmuşdu.
Tarix hicrinin 1303-də, baharın əvvəlində, Nəcibədən hekayəmizin qəhrəmanı
Əşrəf təvəllüd etdi.
Əşrəfin dünyaya gəlməsi babası Hacı Kazımın qəflətən vəfat etməsinə səbəb
oldu. Belə ki, Hacı Kazımın, Həsən adında bir qoca xidmətçisi vardı. Bu xidmətçi
Əlimərdana lələlik etməyinə görə hamı ona lələ nami verib çağırardı. Həsən lələ
Əlimərdanı çox istəyirdi və onun böyüyüb, indi evli kişi olmasını əsla nəzərə
almayıb, yenə də lələlik vəzifəsindən əl götürməyirdi. Hacı Kazım Həsən lələyə
demişdi ki, hərgah Əlimərdanın oğlu olsa, ona da lələ olacaqsan. Bu da Həsən
lələni nəhayət dərəcədə şad etmişdi. O idi ki, Həsən lələ hamıdan tez Nəcibə
xanımın oğlan doğmasını bilib Hacı Kazıma müjdə verməyə qaçdı. O zaman Hacı
Kazım bazardan evə gəlirdi. Qapıya çatdıqda Həsən lələ təngnəfəs bu xəbəri ona
verdi. Hacı Kazımın bu şadlıq xəbərindən ürəyi çatlayıb öldü və intizarını çəkdiyi
nəvəsini görmədi. Bu ittifaq cümləni, ələəxüsüs Həsən lələni məyus edib,
şadlıqdan qoydu, o özünü bu barədə müqəssir hesab edib deyirdi:
-Hərgah, mən bu şadlıq xəbəri ona verməsə idim, onun bağrı çatlayıb ölməzdi.
Atasının vəfatından sonra Əlimərdan ticarət işini baş xadimi Əzimə tapşırıb, özü
gününün çoxunu evdə keçirməyə başladı.
Əşrəf böyüyüb, yaşı altıya yaxınlaşdı. Bu çox gözəl, sağlam və sevimli bir uşaq
idi. Nəcibə xanımın elm tərbiyə verməkdə nə dərəcədə qabilə və ustad bir ana
olmağı oğlunun gözəl hüsnü və əxlaqından görünürdü. Əşrəf izinsiz heç bir şeyə əl
vurmazdı, söyüş kimi fəna xasiyyətlər əsla onda yox idi. Dili qayət şirin idi. Sağ
yanağında böyük bir xalı var idi, gülən zaman bu xal üzünün çuxuruna düşüb, ona
xeyli məlahət verirdi. Ata-anası Əşrəfi çox istəyirdi. Hər gün ona cürbəcür libas
geyindirib gəzdirirdilər. Atası onun üçün balaca ikitəkərli fayton və bir eşşək
almışdı. Həsən lələ eşşəyi faytona qoşub, gündə Əşrəfi şəhərdə gəsdirərdi. Şəhər
əhlinin əksəri onu tanıyıb əzizlərdi. əlimərdan tanışlarına gülə-gülə deyərdi:
-Şəhər uşaqları arasında mən bir məşhur adam olmuşam: onlar harada məni
görsələr, "Odur Əşrəfin atası gedir" deyib bir-birlərinə göstərirlər.
Həsən lələyə gəldikdə xalqın Əşrəfə boylə diqqətlə baxıb nəzər yetirdiyinə və
tərif edib, "Nə gözəl uşaqdır!" dediklərinə çox acığı tutardı.
5
-Axırda birinin uşağa gözü dəyəcəkdir, deyib Nəcibə xanıma şikayət edərdi. O da
gülüb deyərdi:
-Göz dəyməkdən qorxma, Həsən lələ, onlar yanlış sözlərdir, ancaq Əşrəfi fəna
xasiyyətli uşaqların yoldaşlığından, tərk-ədəb əsərlərindən mühafizə et.
-Yox, xanım, siz bəd gözün təsirinə inanın. Mən çox ittifaqlar bilirəm, - deyə
Həsən lələ cavab verərdi.
Nəcibə xanım Həsən lələnin çox rəhmdil, saf və sadə bir qoca olmasını vəzərə
alıb, onun köhnə adətlər tərəfdarı olmasını adi bir təbiət sayırdı, ona görə də bu
barədə onun ilə artıq bəhs etməyirdi, o idi ki, bir gecə Əşrəfi soyunduranda onun
boynunda bir parçaya tikilmiş bir heykəl görüb dedi:
-Oğlum, bunu kim sənin boynundan asmışdır?
Əşrəf dodaqlarında təbəssüm, iri və qara gözlərini şivə ilə kiçildib, xeyli
nəzakətlə dedi:
-Heç kəsə deməzsən ki?
-Yox, oğlum, heç kəsə demərəm, de!
-Bunu Həsən lələ asmışdır, demişdir ki, heç kəsə demə, bunu assan sənə göz
dəyməz.
Bu, Nəcibə xanımın oğluna verdiyi tərbiyəyə müğayir (zidd) idisə də, bir
tərəfdən lələnin Əşrəfə olan məhəbbətini və digər tərəfdən də onun "belə olmasa
ona göz dəyər!" dediyi ilə iztirabda olduğunu nəzərdə tutub, duanı oğlunun
boynundan çıxartmadı.
Atasının vəfatından sonra Əlimərdanın ticarət işi tənəzzül etməyə başladı. Buna
da ümdə səbəb o idi ki, Əlimərdan dükanda əyləşib, ticarət etməyi əsla sevməyirdi.
Uşaqlıqda dənizi çox sevib, gəmiçiliyi arzu edirdi. Atasının sağlığında ticarət işini
irəli aparmaq üçün tez-tez İstambula səfər edirdi. Bu isə onun dənizə məhəbbətini
daha da artırırdı. Indi işi belə görəndə, əsla sevmədiyi xəlçə alış-verişindən
bilmərrə əl çəkib, arzusunu çəkdiyi gəmiçilik fikrinə düşdü, ona görə də dükanın
bütün malını satıb, bir gəmi aldı və gəmiçiliklə məşğul oldu. Əlimərdan bu işə çox
şad idi. Amma Nəcibə xanım həmişə qorxuda olub, əsla rahat olmayırdı. Biçarə
arvad hər dəfə dənizin fırtınası qalxanda sübhə kimi yatmayıb, dua edərdi. Belə
qorxuda vaxt keçirmıək Nəcibə xanıma təsir edib, onu gündən-günə arıqladırdı. Nə
qədər ərinə yalvarıb, bu sənətdən əl çəkməsini təvəqqe edirdisə də əri qəbul
etməyib rədd edirdi və deyirdi:
-Nəcibə, ölüm gələn vaxt hər yerdə olsa aparasıdır, istər rahat evdə və istərsə də
dənizdə olsun.
Nəcibə deyirdi:
-Mənim rahatlığım üçün səndən təvəqqe edirəm ki, dənizə özün getməyəsən. Sən
xidmətçilərini göndər, özün də hesaba baxarsan.
-Yox, əzizim, belə olmaz. Iş sahibi gərək işinin üstündə olsun. Görmədinmi
istəkli və baş xidmətçimiz Əzim işi nə yerə yetirdi?! Qorxma, inşallah mənə heç
şey olmaz.
Bu sözlər Nəcibə xanımı rahat etməyirdi.
Əlimərdanın evi dənizin kənarında tikilmişdi. Buradan dənizin üzü göz sürdükcə
aydın görünürdü. Əlimərdan səfərdə olan zaman ana və oğlu tez-tez eyvana çıxıb,
durbinlə dənizə baxırdılar ki, görsünlər gəmiləri görünürmü. Əlimərdanın dənizə
6
olan məhəbbəti oğlu Əşrəfə də sirayət etmişdi. Hətta oyun şeyləri içində gəmi,
lodka, qayıq və başqa dəniz şeylərini qeyrilərindən artıq sevirdi. Bağçalarında
balaca bir göl var idi. Burada Əşrəf lodkada əyləşib, lələsi ilə gəzirdi. Gah-gah bu
göldə balıq tuturdular və çimirdilər. Əlimərdan hər dəfə dənizdən çıxıb, evinə
gələn zaman, Nəcibənin qorxusundan dənizin möhnət və zəhmətindən əsla
danışmayıb, hər yerdə onun tərifini və gözəlliyini söyləyirdi. Bu nağıllar həmişə
Əşrəfə böyük təsir edir və öz ürəyində dənizə olan məhəbbətini daha da artırırdı.
Hətta Həsən lələnin də nağılları içində dəniz xüsusunda olanlarını artıq sevirdi. Bu
məhəbbət Nəcibə xanımı qorxudurdu. Odur ki, deyirdi:
-Əşrəf, səni fırtınalı və dəhşətli dənizə buraxmaram! Səni İstambula aparıb
"Məktəbi-hərbiyyə"yə verəcəyəm ki, oradan baban kimi "Paşa" çıxsın!
-Yox, anacığım! Mən onu istəməyirəm, mən oxuyub "kapitan" olacağam!
Özümün gəmim olacaq və Həsən lələni də orada "matros" edəcəyəm - Əşrəf
anasına bu yol ilə cavab verərdi.
Oğlunun belə cavabından Əlimərdan fərəhlənib, Nəcibəyə deyərdi:
-Nahaq yerə, əzizim, zəhmət çəkmə, oğul gərək atasının yolu ilə getsin.
Əlimərdanın gəmiçilikdə də baxtı gətirmədi. Gah gəmisi dumana düşüb, başqa
gəmilərə toqqaşırdı və sınıb onu xeyli zərərə salırdı, gah daşıdığı mala zəfər
yetirdiyi üçün onun cəriməsini verirdi. Getdikcə Əlimərdan borca düşürdü, bu
səbəbə onu fikir alırdı; ancaq işinin boylə dolaşıq olmasını Nəcibədən gizli saxlardı
ki, onu təşvişə salıb rahatsız etməsin. Həmişə Nəcibənin yanında Əlimərdan özünü
şad saxlayırdı. Nəcibə isə bunu duyurdu və bunun üçün də kefi açılmayırdı.
Əlimərdana tez-tez yalvarırdı ki, bu sənətdən əl götürsün. Indi Əlimərdan özü də
bu fikrə gəlmişdi. Ona görə Nəcibəyə dedi: "Nəcibə, sənə söz verirəm ki, işlərimi
bir qaydaya salan kimi bu sənətdən əl götürəcəyəm". Nəcibə ərinin verdiyi bu
vədəsindən nihayətdə şad oldu.
***
Payızın son ayi idi. Qara dənizin ən fırtınalı bir zamanı idi. Üç gün idi ki, dənizin
nərilti və gurultusuna adət etməmiş şəhər əhli yata bilməyirdi. Qara dənizin boylə
adətdən xaric nəriltisini qoca, kişilər də görmədiklərini söyləyirdilər. Əlimərdanın
gələn vaxtı idi. Fəqət gəlib çıxmadığı Nəcibə xanımı çox təşvişə salırdı. Gecələr
yatmayıb namaz qılır və Əlimərdanın salamat olması üçün allaha dua edirdi.
Gündüzlər də durbinlə dənizə baxıb, təşvişdə idi. Qara dənizin zəhmi balaca Əşrəfi
də almışdı. O, Həsən lələsinə deyirdi: "Həsən lələ! Daha mən kapitan olmağı
istəmirəm!" Nəcibənin təşvişi getdikcə artırdı.
-Həsən lələ, görəsən bu necə işdir. Əlimərdan necə oldu? Üç gün bundan qabaq
gəlib çıxası idi. Bu barədə sən nə fikir edirsən?
-Qorxma xanım, allah kərimdir. Heç şey olmaz! Gəminin kapitanı təcrübəli
adamdır. Qara dənizi öz əlinin içi kimi tanıyır.
Nəcibə xanım artıq dərəcədə təşvişdə idi. Hansı gəmiçidən oruşurdularsa,
gördüm deyən yox idi. Nəhayət, "Trapezund" şəhərinə mal apardığını soraq verən
tapıldı. Həsən lələ hər gəmi gələn kimi körpüdə hazır olurdu ki, ağasından bir
7
xəbər bilsin. Bir axşam Həsən lələ xeyli qəmgin evə qayıtdı. Nəcibə xanım onu
görüb, artıq təşvişlə soruşdu:
-Həsən lələ, nə xəbər bildin?
-Xanım, bir yaxşı xəbər bilməmişəm, ağa nə səbəbdən isə "N" şəhərindən
gəmidən mal verdiyi zaman divan tərəfindən tutulub dustaq olmuşdur və gəminin
bəzi malları da zəbt edilmişdir. Ancaq nə səbəbə? Nə üçün? Burasını dürüst xəbər
verən yoxdur.
Bu xəbərdən biçarə Nəcibə xanım bitab olub, özündən getdi. Bu ittifaqdan üç
gün keçmiş Əlimərdan gəmisi ilə bərabər gəlib, öz şəhərinə çıxdı. Fəqət, şəhərə
çatan kimi onunla gələn divan əhli onu, kimsə ilə görüşməmiş, həbsxanaya
ap!rdılar və bir müddət heç kəsi onun yanına qoymadılar.
Zavallı Nəcibə bu ittifaqdan xəstə olub yatırdı. Axırda Nəcibə xanıma əri ilə
görüşməyə izin verdilər. Əlimərdan arvadı ilə görüşdükdə dedi:
-Nəcibə, öz təqsirimdir ki çəkirəm. Axır vaxtlar işlərim çox dolaşmışdı,
borclarım həddən aşmışdı. Ancaq həqiqəti səndən gizləyirdim. Bir cuhud məni
yoldan çıxartdı. Çox artıq kirayə verməklə Osmanlı torpağından Rusiyaya gəmimə
"kontraband" qaçaq malı yığdı. Gəlib "N" şəhərinə çıxdıq. Sahibi getdi ki, axşam
gəlib malını gəmidən çıxartsın. Mən də yük vurduğum qeyri malları gəmidən
çıxardırdım. Divan əhli gəlib gəmini axtardı. "Kontraband" malları tutdu. Cuhud
da yox oldu. Təqsiri boynuma qoyub məni dustaq etdilər. Ancaq, Nəcibə, qəm
etmə, allah kərimdir. Get Əşrəfdən də muğayat ol.
Əlimərdanı altı ay həbsdə saxlayandan sonra məhkəmədə işinə baxdılar və onu
müqəssir edib, beş il vaxta Sibirdə, Tomsk quberniyaya göndərməyə qərar verdilər
və iki həftə möhlət verdilər ki, bütün işlərini sərəncam etsin. Əlimərdan hər şeyini
satıb borclarını verdi və özünə də bir qədər pul qaldı. Əlimərdanın fikri sibirligini
çəkib qurtarınca Nəcibə və Əşrəfi Kamilə xanımın yanında qoymaq idi. Amma
vəfalı arvad ərindən ayrılmaq istəmədi. Kamilə xanım və əri nə qədər yalvardılar
isə də mümkün olmadı. Axırda Əlimərdan əlacsız qalıb, razı oldu. Həsən lələ də
bunlardan ayrılmaq istəmədi və dedi: mən çox dünya görmüşəm və özüm də rusca
bilirəm. Siz isə heç biriniz bilməyirsiniz, mənsiz necə dolanarsınız? Mənim sizə
xeyirdən başqa nə zərərim ola bilər? Həsən lələ bu sözdən sonra Əlimərdandan
getməyə izin istədi və onu razı elədi.
Yayın əvvəlində, yağışlı bir gündə Əlimərdan, Nəcibə, Əşrəf və Həsən lələ gözü
yaşlı, qohum-əqrəbalarından və gözəl vətənlərindən ayrılıb, vaqon ilə yola
düşdülər. Vaqon axırıncı fitini verib, tərpənəndə stansiyada bir övrət qışqırıb ürəyi
getdi. Bu övrət Kamilə xanım idi. Bacısının Sibir kimi yad və dəhşətli bir ölkəyə
getməsinə zavallı arvad səbir edə bilməyirdi. Vaqonun dəmir pəncərəsindən baxan
Nəcibə xanım da bacısını öylə gördükdə bitab olub, yerə yıxıldı. Əlimərdana
gəldikdə, onun ürəyində olan qəm və qüssə bir mərtəbəyə çatmış idi ki, saatlarla
gözünü bir nöqtəyə dikib, harada olduğunu hiss edə bilməyirdi. Və onu da belə
fikrə salan arvadı və oğlu idi. O fikir edirdi ki, Sibir kimi soyuq bir vilayətdə,
cənub qönçəsi Nəcibə və Qafqaz çiçəyi Əşrəf necə dolanacaqlar?!
Əşrəf ata-anası kimi qəmgin deyildi. Çünki Həsən lələnin deməsi ilə Əşrəf öylə
bilirdi ki, özgə vilayətə köçürlər və orada atasını dustaq etməyib, azad edəcəklər.
Bunların vaqonu özgə vaqonlar kimi deyildi. Pəncərələri dəmirdən olub,
8
qapılarında da əsgər dayanırdı. Bu əsgər həmişə Əşrəfi görəndə nə isə bir söz
deyirdi və gülümsünürdü. Əşrəf rusca bilmədiyi üçün onun dediyini başa
düşməyirdi. Amma Həsən lələ əsgərlə rusca danışırdı. Həsən lələ tez-tez
stansiyalarda düşüb, Əşrəf üçün yeməli şeylər alırdı. Və bəzən Əşrəfin özünü də
düşürdüb, gəzdirirdi. Səfərin altıncı günü gəlib böyük bir stansiyaya çıxdılar. Bu
zaman Həsən lələ bir sibirli müsəlmanla təzəcə tanış olmuşdu. Onunla şirin
söhbətdə ikən, Əşrəf qeyri adamlarla bərabər vaqondan stansiyaya düşdü. Həsən
lələnin bundan xəbəri olmadı. Bayram günü olduğuna görə stansiyada və onun
ətrafında çox adam var idi. Bir dəstə adam ney çalıb, oynayırdılar, bir dəstə də,
çinli bir oyunçunun cürbəcür oyun göstərməsinə tamaşa edirdi. Vaqondan
düşdükdə Əşrəfin nəzəri bu oyunbaza sataşdı və irəli gedib ona tamaşa etməyə
başladı. Bir azdan sonra vaqon fit verib, hərəkət etdi. Əşrəfin bundan xəbəri
olmadı. Həsən lələnin də başı söhbətə qarışıb, Əşrəfin stansiyada qalmasından
xəbəri olmadı. Çinli oyunbaz oyunu qurtarıb, pul yığmağa başladı. Adamlar yavaş-
yavaş dağılışdılar. Əşrəf də geri qayıdıb, gördü ki, vaqonları yoxdur, getmişdir.
Əşrəf vaqonları getmiş görüb, ağlamağa başladı. Adamlar onun başına yığışıb,
onun kim olduğunu və burada nə qayırdığını xəbər aldılarsa, Əşrəf cavab verə
bilmədi, cünki rus dilini bilməyirdi. Onlar Əşrəfin çəkəzi libasından duydular ki,
bu bir müsəlman uşağıdır və anladılar ki, bu ata-anasından izincis vaqondan düşüb,
burada qalmışdır. Onlar Əşrəfin halına çox yandılar. Onlardan biri gedib "jandarm"
çağırdı ki, Əşrəfi ona tapşırsınlar. Əşrəf silahlı jandarmı görüb qorxudan qışqırdı
və özünü bir qoca övrətin üstünə atdı, qoca arvad Əşrəfin başını sığallayıb öpdü.
Zavallı çocuq arvadın qucağında qorxusundan tir-tir əsirdi. O, öylə bilirdi ki,
jandarmı ona tənbeh etmək üçün çağırmışdılar. Rəhmdil arvad Əşrəfin halına
nəhayət yanırdı. Bu qoca arvadın adı Sofiya Aleksandrovna idi. Nikolay İvanoviç
ilə Samara şəhərinə gedirdilər. Bunun əri orada edadi məktəbində ümumi təbiyyət
müəllimi idi. Indi bu stansiyada vaqon gözləyirdilər ki, yola düşsünlər. Əşrəf
jandarmın qorxusundan səsini kəsib, Sofiya Aleksandrovnanın qucağında
sıxılmışdı. Bu halda Nikolay İvanoviç gəlib çıxdı. Əhvalatdan xəbərdar olandan
sonra Nikolay İvanoviç jandarma dedi:
-Yəqin ki, bu müsəlman uşağı Sibirə gedən vaqondan düşüb qalmışdır. Siz gedib
stansiya nazirinə məlum edin ki, bu barədə o biri stansiyaya teleqram vursun. Qoy
uşaq da bizim yanımızda qalsın. Buyur, bu da mənim "Kart-vizitim"dir!
Jandarm "Kart-viziti" alıb oxudu: - "Nikolay İvanoviç Barsov Samara edadi
məktəbinin ümumi təbiyyət müəllimi". Jandarm buna razı olub getdi. Adamlar da
dağılışdılar.
Iki rəhmdil qocanın səyi ilə Əşrəf ağlamağını kəsib könlü açıldı. Nikolay
İvanoviç Əşrəfin adını bilmək üçün böylə bir dərs başladı. Barmağı ilə arvadını
göstərib dedi: "Sofiya", sonra özünü göstərib dedi: "Nikolay". Əşrəf onun fikrini
anlayıb, hələ soruşmamış əli ilə özünü göstərib dedi: "Əşrəf". Ər və arvad Əşrəfin
böylə bir zehinli uşaq olduğu üçün başını sığalladılar. Jandarmın stansiya nazirinə
əhvalatı deməsinə görə o da teleqraf vurmuşdu. Yarım saatdan sonra xəbər çıxdı
ki, ikinci stansiyanın yaxınlığında vaqon yoldan çıxıb çox ölən və yaralı vardır. Bu
stansiyadan kömək istəyirlər. Bu halda Samaraya gedən vaqon gəlib çıxdı. Nikolay
9
İvanoviç stansiya nazirindən təvəqqe etdi ki, Əşrəfi özü ilə Samaraya aparmağa
izin versin. Bu barədə öz dilindən iltizam kağızı verməyə hazırdır ki, hər vaxt
uşağın ata-anası çıxsa, öz xərci ilə haraya istəsələr, göndərsin. Stansiya naziri buna
razı olub iltizam kağızını və adresini ondan aldı. Nikolay İvanoviç Əşrəfi götürüb,
özü ilə Samaraya apardı.
Nəcibə xanım gözlərini açıb, vaqonda özünü yorğan-döşək içində gördü. Biçarə
övrət, oylə zəif düşmüş idi ki, üzvlərini də tərpətməyə qüdrəti yox idi: iki gün idi
ki, bihuşluğu davam edirdi. Nəcibə xanımın özünə gəlməyinə Əlimərdan çox şad
oldu. Lakin qorxusundan danışdıra bilmədi. Bu halda vaqonun qapısı açıldı.
Nəcibə xanımın gözləri silahlı əsgərə sataşdı. Əlimərdan durub qapını örtdü.
Nəcibə zəif səslə dedi:
-Nə fəna yuxu gördüm!.. Vaqon dağılmayıbmış...
Əlimərdan arvadının fikri özünə dürüst gəlmədiyini və vaqonun dağılmasını
yuxu bildiyini görüb dedi:
-Əzizim, azarlı olmağına görə həkim bir müddət danışmayıb, rahat olmağını əmr
etmişdir. Iki gündür ki, acsan, al bir az süd iç! Əlimərdan Nəcibə xanıma bir qədər
südlə bulka yedirtdi. Bir azdan sonra Nəcibə xanım yuxuya getdi. Əlimərdan isə
onun yanında qəmgin və məyus əyləşib fiktə getdi. "Bir müddətdən sonra Nəcibə
yaxşı özünə gələrsə və Əşrəfin hanı deyib sorarsa, nə cavab verəcəyəm, xudaya?"
***
O zaman Əşrəf Nikolay İvanoviç və Sofiya Aleksandrovna ilə gəlib, Samara
şəhərinə çatdılar. Vaqonda Əşrəf bir-iki dəfə ağladısa da axırda Nikolay İvanoviçin
səyi ilə sakit oldu. Samaraya çatanda Əşrəf, Ədil (Volqa) çayında üzən gəmiləri
görüb, yenə vətənləri yadına düşdü. Lakin bu səfər ağlamayıb, əli ilə gəmiləri
göstərərkən, Sofiya Aleksandrovnaya dedi:
-Bax, bizim də böylə gəmimiz var idi. Mənim özümün "lodka"m da var idi.
Həsən lələmlə minib gəzirdik.
Sofiya Aleksandrovna "lodka" sözündən başqa bu danışıqdan heç bir şey anlaya
bilmədi. Əşrəfi qucağına alıb dedi:
-Dözəl, Əşrəfim! Qoy evimizə çataq, sənə bazardan bir yaxşı lodka alacağam.
Ondan başqa çoxlu oyun şeyləri də alacağam. - Əşrəf də bu danışıqdan ancaq
"lodka" sözünü başa düşdü.
Barsov aldığı ev, Volqa cayının kənarında tikilmişdi. Bu evin eyvanından çox
gözəl mənzərə açılırdı. Səhərdən axşama kimi cürbəcür gəmilər Volqa çayının
üzərində ağzıyuxarı-aşağı üzürdülər. Əşrəf buradan tamaşa etməyi çox sevərdi.
Bir tərəfdən yolun əziyyətindən, bir tərəfdən də lazımınca müqəyyəd
olunmamaqdan Nəcibə xanımın azarı getdikcə şiddət edirdi. Həsən lələyə gəldikdə,
o da ağır yaraların zərbindən həmişə (böhran) içində olub, danışmağa qadir deyildi.
Həsən lələni azarlılara məxsus olan ayrı bir vaqonda aparırdılar. əlimərdan Həsən
lələsiz çox əziyyət çəkirdi, çünki rus dilini bilməyirdi, bir şey lazım olanda məəttəl
qalırdı. Uzun səfərdən sonra axırda gəlib, hökümət tərəfindən təyin olunan Sibir
Tomsk şəhərinə çatdılar. Bu şəhərdə divan tərəfindən polisə tapşırılıb azad
olundular. Həsən lələ isə Nəcibə naxoş olduqları üçün, bunları xəstəxanaya almağı
10
hökümət, mütərcim vasitəsilə Əlimərdana təklif etdi: ancaq bunu Əlimərdan qəbul
etmədi və mütərcim müsəlmandan təvəqqe etdi ki, onun ilə bərabər şəhərdə mənzil
axtarsınlar, o da razı olub, öz evində kirayəyə oturmalarını təklif etdi. Əlimərdan
çox şadlıqla bunu qəbul etdi. Bu adam Həbibulla adlı tomsklı cavan bir oğlan idi
ki, polisədə yazıçılıq edirdi. Həbibulla yazıçılıq və evlərinin bir hissəsini kirayə
verməklə arvadı Gülsüm ilə bərabər mənşət edirdi.
Əlimərdan Həbibulladan üç otaq kirayə edib, burada qaldı. Gülsüm Nəcibə
xanıma ürəkdən qullluq edirdi. Bunun belə ürəkdən çalışmasına görə Nəcibə xanım
yavaş-yavaş sağalmağa başladı. Həsən lələ də sağalmağa üz qoyurdu. Əlimərdan
Həbibullanın gözəl xasiyyətini və onlarla etdiyi yaxşı rəftarı görüb, onu qardaşı
kimi sevirdi. Onların əksəri Əlimərdan kimi Sibirə sürgün göndərilmədilər.
Bunlardan bəzilərinin vaxtı tamam olmuşdusa da, buraya öyrəşib, daha öz
yerlərinə qayıtmaq istəmirdilər.
***
Tomskda qarlı və çovğunlu bir gün idi. Nəcibə xanım otaqda sandalya üstündə
əyləşib, qəmgin-qəmgin bayıra baxırdı. Külək qarı qaldırıb, oraya-buraya çırpırdı:
bacanın gurultusu Nəcibə xanımın qəmini daha da artırırdı.
Şimal qışının bu dəhşətli mənzərəsinə baxır idisə də xəyalı öz yerlərinin gözəl
mənzərələrində idi.
Əlimərdan və Həsən lələ də bu otaqda idilər, onlar da çölün gurultu və şaqqıltısına
tamaşa edirdilər. Birdən Nəcibə xanım dönüb Həsən lələdən soruşdu:
-Həsən lələ, vaqon dağılan zaman Əşrəf hansı çuxasını geymişdi?
Həsən lələ cavab verməyib, başını aşağı saldı. Biçarə qocanın gözlərindən yaş
tökülürdü. Əlimərdan arvadına dedi:
-Nəcibə, nə üçün yenə Əşrəfin ölümünü yada salıb, Həsən lələni məyus etdin?
Onsuz da yazıq kişinin o gündən bəri üzü qəm-qüssədən açılmayır.
-Bağışla, əzizim, bu gecə də Əşrəfi yuxumda gördüyüm üçün soruşdum.
Yuxumda gördüm ki, Əşrəf mənə deyir: "Ana, qara çuxamı çıxart, ağ çuxamı
geydir".
Həsən lələ birdən başını qaldırıb, nə isə demək istədi, lakin özünü saxlayıb, yenə
başını aşağı saldı.
Həsən lələnin yaraları sağalıb özünə gəldiyi zaman, Əlimərdan vaqonun necə
dağılmasını və Əşrəfin meyitini tapılmasını, ona söyləmişdi. Həsən lələ bir
tərəfdən öz təqsirini və bir tərəfdən də Nəcibə xanımın birdəfəlik Əşrəfin ölümü
xəbəri ilə sakit olmasını nəzərə alıb, onun itməyini xəbər vermədi. Bu tərəfdən də
Nəcibə xanım Əşrəfi yaddan çıxartmayırdı.
Nikolay İvanoviç və ələlxüsüs Sofiya Aleksandrovnanın səyi ilə Əşrəf yavaş-
yavaş rusca danışmağa başladı. Buna hər iki qoca artıq şad idi. Sofiya
Aleksandrovna gününün çoxunu Əşrəfin tərbiyəsinə sərf edirdi. Hava getdikcə
soyuqlaşır. Volqa nəhri donmağa başlayırdı. Cənub havasından pərvəriş tapmış
Əşrəfə bu soyuq çox təsir edirdi. Bunu görüb Nikolay İvanoviç ona isti qış paltarı
aldı. Sofiya Aleksandrovna Əşrəfi geyindirib hər gün gəzməyə aparırdı. Əşrəf
gəzən vaxt balaca uşaqları qar üstündə kirşə ilə sürüşən görüb, Sofiya
11
Aleksandrovnadan təvəqqe edirdi ki, ona da öylə kirşə alsın. Sofiya Aleksandrovna
onun xahişini əmələ gətirdi. Dekabr ayı gəldi; məktəblər on beş gün qış tətili
münasibətilə bağlandı. Nikolay İvanoviç dərsdən azad olub, hər gün Əşrəfi
gəzməli yerlərə aparırdı. Bir dəfə Nikolay İvanoviç sirkin açılmağını qəzetdə
oxuyub, arvadına dedi:
-Sofiya Aleksandrovna, bu gecə sirk açılır, yaxşı olmazmı ki, bu gecə Əşrəfi
aparaq, kefi açılsın?
-Çox gözəl fikirdir, əzizim, doğrudan da bu, Əşrəf üçün böyük bir şadlıq olar.
Axşam vaxtı hər üçü geyinib, sirkə getdilər. Sirk adamla dolu idi. Əşrəfi Həsən
lələ bir neçə dəfə sirkə aparmışdı. Bu dəfə sirk onun ata-anasını yadına saldı; ona
görə başını Sofiya Aleksandrovnanın dizinə qoyub həzin-həzin ağlamağa başladı.
Sofiya Aleksandrovna onun başını sığallayıb, soruşdu: "Nə üçün ağlayırsan,
əzizim? Dayan, bu saat başlayacaqlar, görəcəksən nə qəribə şeylər göstərəcəklər..."
Bu halda oyun başlandı. Yalançı pəhləvan məzhəkəni başlayıb cürbəcür oyunlar
çıxarmağa şüur etdikcə, Əşrəf evlərində sirkdə gördükləri oyunları çox məharətlə
təqlid edirdi. On beş gün qış tətilini Əşrəf çox şadlıqla keçirirdi. Təzə ildə Nikolay
İvanoviç və Sofiya Aleksandrovna Əşrəfə yaxşı bəxşeyişlər aldılar. Qış tətili
qurtardı. Nikolay İvanoviç birinci gün idi ki, dərsə getmişdi. Dərsdən qayıdanda
Sofiya Aleksandrovna onun qəmli olduğunu görüb bunun səbəbini soruşdu.
Nikolay İvanoviç cavabında nahiyə müdiri tərəfindən aldığı kağızı uzatdı. Bu
kağızda da onun Samara edadi məktəbindən Kazan məktəbinə təyin olunması
yazılmışdı. Nikolay İvanoviç dedi:
-Hərçənd ki, mənim Kazan edadi məktəbinə təyin olunmağımda qulluğuma
əskiklik yoxdur, biləks, Kazan daha böyük və darülfünü olan bir şəhərdir, ancaq
Samarada çoxdan bəri olduğumuza görə bu şəhərə öyrənmişdik. Nikolay İvanoviç
hazırlaşıb yanvar ayının on ikisində Samaradan köçüb, təzə qulluğuna getdi.
Nikolay İvanoviç Kazan şəhərini qabaqda da bir neçə dəfə görmüşdü. Amma
arvadı birinci dəfə idi ki, bu şəhəri görürdü. Sofiya Aleksandrovna uzaqdan
Kazanın mənzərəsini görüb çox bəyəndi. Nikolay İvanoviç dedi:
-Doğrudur, Kazanın görünüşü yaxşıdır, amma abi-havası, təmizliyi Samaraya
çatmaz. Havasının təbiəti belədir ki, yayda çox isti və qışda çox soyuq olur. Bu
şəhərin natəmizliyinə gəldikdə, Volqa nəhrinin sahilində olan şəhərlər arasında
birincidir. Mən çox qorxuram ki, sən bu şəhərin abi-havasını götürməyəsən.
-İnşallah, heç şey olmaz, - deyə Sofiya Aleksandrovna ərinə cavab verdi.
Barsovlar edadi məktəbinin yaxınlığında bir ev tutub, sakin oldular. Nikolay
İvanoviç qorxduğu şey başa gəldi. Belə ki, arvadı Kazanın abi-havasını
götürməyib, müdam azarlı olurdu. O, arvadına deyirdi:
-Səbir et, əzizim, yay tətili başlanan kimi səni götürüb Samaranın bağlarına
aparacağam. Özüm isə ərizə verib, yenə köhnə yerimi istəyəcəyəm; Hərgah
verməsələr o vaxt mən də qulluqdan istefa verəcəyəm.
Sofiya Aleksandrovna azarlı olduğu üçün Əşrəfin günü qəmgin keçirdi. Tamam
gün onun otağında qalıb, şəkil və oyun şeyləri ilə məşğul olurdu. Onunla
oynamağa, gəzməyə getməyə yoldaşları da yox idi.
12
Nikolay İvanoviç dərsdən qayıdıb, bir də dərsə gedənədək, gününü azarlı
arvadının yanında keçirirdi. Ancaq bir-iki dəfə arvadının təvəqqesinə görə Əşrəfi
kirşəyə mindirib gəzdirmişdi.
Kazanın çovğunlu və boranlı qışı axıra yetdi. Bahar günəşi havanı, torpağı
qızışdırmağa başladı. Qar əridi. Qazanka və Volqa çayları buzdan azad oldular.
Ağaclar çiçəklənib, otlar göyərdi.
Sofiya Aleksandrovna azardan sağalıb, Əşrəfi tez-tez gəzməyə aparırdı. Kazan
bağlarının içində "Russkaya Şvetsariya" adlı bağ Əşrəfin çox xoşuna gəlirdi, çünkü
bu bağ hündür ağacları ilə vətəni Qafqaza çox bənzəyirdi. Bu bağın bir tərəfində
uşaqlara məxsus bir yer hazırlamışdılar ki, orada onlar oynayırdılar.
Bir dəfə Sofiya Aleksandrovna Əşrəfə Qafqaz libası geyindirib, həmin bağa
apardı. Onu uşaqların içinə qoyub özü bir xanımla söhbətə məşğul oldu. Əşrəf bir
skamyada oturub, qəmgin-qəmgin uşaqlara baxırdı. Iki uşaq, biri oğlan, biri qız,
Əşrəfi belə qəmgin görüb, onu oynamağa təklif etdilər. Amma Əşrəf istəmədi.
Bu bağ, bu oynayan uşaqlar, Əşrəfin yadına vətənlərini, ata-anasını və Həsən
lələni saldı. Zavallı uşaq başını skamya üzərinə qoyub, həzin-həzin ağlamağa
başladı. Uşaqlar onun ağlamağını görüb, başına yığıldılar. Birisi ona oyun şeyi
verdi ki, ağlamasın, o biri uşaq əlinə konfet uzatdı. Bir balaca qız da yaylığını
çıxarıb, onun gözlərini sildi. Bu uşaqların içində doqquz yaşında, üstü Avropa
libaslı, amma başında ağ fəs Mustafa adlı bir müsəlman uşağı da var idi. Bu uşaq
Əşrəfin paltarından onun bir müsəlman olduğunu zənn edib, onunla belə sual-
cavab etdi:
-Sin müsəlmanmisən?
Əşrəf cəld başını qaldırıb, Qafqaz ləhcəsində cavab verdi:
-Hə, müsəlmanam!
-Adın nəcidir?
-Əşrəf!
-Niçi yaşın bar?
Əşrəf "niçin", "bar" ləfzələrini anlamadı isə də "yaş" sözündən sualı başa düşdü
və dedi:
-Mənim yeddi yaşım var!
Mustafa da Kazan uşağı olduğundan Əşrəfin dilini yaxşı anlamıyırdı, o, Əşrəfdən
soruşdu:
-Sinin atan barmı?
-Yoxdur, atam ölübdür!
Sonra Mustafa Əşrəfin əlindən tutub dedi: - Yıblama, gəə, minimlən gitik!
(Ağlama, dur, mənimlə gəzək!)
Əşrəf durub onunla gəzməyə getdi. Əşrəf öz başına gələni ona nəql edirdi. Mustafa
onun dilini tamamilə anlamayıb, ancaq bəzi sözlərini başa düşürdü.
Mustafanın atası, Bürhanəddin adlı dövlətli bir müsəlman idi. Sənəti sövdəgərlik
idi. Mustafadan başqa da bir övladı yox idi. Övladına həm ana, həm də rus dili
oxudurdu. Mustafa hər gün qulluqçuları ilə gəlib, "Russkaya Şvetsariya" bağında
oynayırdı. Mustafa Əşrəfə yarıtürk və yarırus dili ilə qandırmışdı ki, hər gün bu
bağa gəlib oynasınlar; Əşrəf də buna razı olmuşdu. Bu vaxtdan başlayıb Əşrəf və
Mustafa hər gün bu bağda görüşüb, dostlaşdılar. Sofiya Aleksandrovna mümkün
13
olmayan vaxt, Əşrəfi qulluqçularına qoşub, bağa gəzməyə göndərərdi. Mustafanın
səyi ilə Əşrəf az vaxtda Kazan dilinə də aşina oldu. Sofiya Aleksandrovna bağda
Mustafa ilə tanış olmuşdu. Onun tərbiyəli və həlim bir uşaq olduğuna görə Əşrəflə
yaxınlaşmağına özü səy edirdi. Bundan əlavə Əşrəf bir müsəlman uşağı olduğunu
mülahizə edib, fikir edirdi ki, divan vasitəsilə Əşrəfin ata-anası və qohum-əqrəbəsi
tapılacaqdır. Mustafa Əşrəfi qonaq çağırıb, onu öz ata-anası ilə tanış etmişdi. Əşrəf
onların hər ikisinə çox xoş gəlmişdi. Mustafanın anası Ayişə, hər onu görəndə
bağrına basıb əzizləyirdi, öpürdü və onun halına yanırdı. Əşrəfin də Ayişə çox
xoşuna gəlirdi. Hər onu görəndə qucağına atılıb, onu öpərdi, çünki onun bir suyu
anasına oxşayırdı. Əşrəfin vasitəsilə Barsovalar da onlar ilə tanış olub, gedib
gəlirlərdi. Bu iki külfət bir-birini sevib dost oldular. Sofiya Aleksandrovna
Kazanın abi-havasını götürməyib təzədən azarladı və bir aya qədər naxoş olub,
may ayının axırında vəfat etdi. Onun ölümü vəfalı ərini çox qəmgin etmişdir. O idi
ki, yay tətili başlanan kimi qəmini dağıtmaq üçün Avropa səyahəti fikrinə düşdü.
Əşrəfin özü ilə səyahətə aparmağı məsləhət bilməyib, onu müvəqqəti
Bürhanəddingildə qoydu; onlar isə Əşrəfi çox şadlıq ilə qəbul etdilər. Yay tətili
qurtardı. Nikolay İvanoviç gəlib çıxmadı. Bürhanəddin bu barədə edadi
məktəbindən xəbər bilmək üçün nazirin yanına getdi. O da Nikolay İvanoviçin
Parij şəhərində vəfat etdiyini xəbər verdi. Bu xəbər hamı külfəti qəmgin etdi.
Əşrəf Burhanəddingildə qalıb, Mustafa ilə bərabər yaşamağa başladı.
14
Dostları ilə paylaş: |