QƏDİM FİNİKİYA
Aralıq dənizinin şərq sahilində Livan və Suriyanın sahil ərazisində qədim finikiyalılar yaşayırdılar.
Mesopotamiya və Misirdən gələn quru və dəniz yolları Finikiyadan keçirdi. Finikiyalıların ərazisi əkinçilik
və maldarlıq üçün əlverişli olmadığı üçün onların əsas məşğuliyyəti dənizçilik və dəniz ticarəti idi. E.ə. II
minilliyin sonu - I minilliyin əvvəlində finikiyalılar Aralıq dənizində ağalıq edirdilər. Finikiyalılar ən yaxşı
gəmiqayıranlar və dənizçilər idi. Onlar burada bitən sidr və palıd ağaclarından gəmi düzəldirdilər. Onlar
Aralıq dənizi vasitəsilə üzüb ilk dəfə Atlantik okeanına çıxmışdılar. Sonra Avropa sahilləri ilə üzərək
İngiltərənin cənub-qərbinə kimi gedib burada qalay mədəni tapmışlar. O vaxtı beynəlxalq ticarət
finikiyalıların əlində idi. Onlar Yunanıstan, Misir, Babilistan və s. ölkələrlə ticarət edirdilər. Finikiyalılar
əsasən zeytun yağı, ağac, mis, tunc, mal-qara, taxıl və s. satırdılar.
Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri
ayrıca dövlətə çevrildi. Sidon, Tir, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Tir şəhər-dövlətinin yüksəlməsinə
şərait yalatdı. Tir qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi. Dəniz
ticarəti nəticəsində finikiyalılar Aralıq dənizi sahillərində, Kipr, Siciliya, Sardiniya adalarında
məskunlaşmışdılar. Tir şəhəri tərəfindən e.ə. 825-ci ildə Karfagen şəhərinin əsası qoyuldu Mənası “yeni
şəhər” deməkdir. E.ə. VII-VI əsrlərdə Şimali Afrikada ən böyük dövlətlərdən biri olmuşdur. Uzun müddət
Romaya qarşı müharibələr aparmış, e.ə. 146-cı ildə romalılar tərəfindən məğlub edilmiş və onun yaratdığı
sivilizasiya məhv olmuşdu. Finikiyalılar 22 samitdən ibarət ən qədim əlifba (e.ə. X-IX əsrlər) tərtib
etmişdilər. Finikiya əlifbasını yəhudilər və aramilər qəbul etdilər, sonra isə yunanlar da bu əlifbanın əsasında
öz əlifbalarını yaratdılar. Beləliklə, finikiyalılar əlifba sisteminin ilk nümunəsini yaratdılar.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
89
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
90
QƏDİM ASSURİYA MƏDƏNİYYƏTİ
Assuriya dövləti İkiçayarasının şimal hissəsində, İraqın ərazisində mövcud olmuşdur. Assuriyanın
ərazisi əsasən dağlıq olduğu üçün burada əkinçilik bir o qədər inkişaf etməmişdir. Lakin burada çoxlu faydalı
qazıntılar və meşə materialları vardır. Assuriya əhalisi tunc əldə etməyi çox erkən öyrənmişdir. Assuriyalılar
mis, tunc, qalay və sonra dəmirdən istifadə etmişlər.
Dəclə çayı sahilində Aşşur (indiki Kilat-Şerkət) şəhəri salınmışdır. Bu şəhər dini mərkəz və paytaxt
hesab olunurdu. Aşşur allah adı və Assuriya ölkə adı bu şəhərin adından əmələ gəlmişdir. Assuriya əvvəlcə
Cənubi Mesopotamiyadan asılı idi, e.ə. XX əsrdə müstəqil Assuriya dövləti yarandı. I minilliyin
başlanğıcında Ön Asiyada dəmirdən istifadə təsərrüfatla yanaşı, hərbi sənətin inkişafında mühüm rol
oynamışdır. Assuriyalılar bundan daha yaxşı istifadə edərək hərbi sənətdə böyük nailiyyətlər qazanmışlar.
E.ə. VIII-VI əsrlərdə Assuriya Ön Asiyada ən qüdrətli hərbi dövlətə çevrildi. Assuriya qoşunlarının sayı 120
min nəfərə çatırdı. Qoşun piyada, atlı və döyüş arabalarından ibarət idi. Assur çarlarını mühafizə edən daimi
“çar cangüdənlər dəstəsi” var idi. Piyadalar uzun nizə, ox və kaman, qalxanlarla silahlanırdılar. Dağları
aşmaq üçün kəndir, çaylardan keçmək üçün heyvan dərisindən hazırlanmış və içərisinə hava doldurulmuş
tuluqlardan istifadə olunurdu. Assur çarları ordunun təliminə xüsusi diqqət yetirirdilər. Hərbi parad üçün
xüsusi meydançalar var idi. Onların ordusunda xüsusi “mühəndislər” dəstəsi fəaliyyət göstərirdi. Onlar hərbi
istehkamlar qurur, hərbi yollar çəkir, çaylar üzərindən körpülər salırdılar. Assur ordusu xüsusi daşatan
(mancanaq), qala uçuran qurğulardan istifadə edirdi.
Assuriyanın Paytaxtı Nineviya idi. Bu şəhər “Aslanlar yuvası” adlanırdı. Assuriya Mesopotamiyanı,
Suriyanı, Fələstin və Misiri işğal etdi, bütün Ön Asiyanı hakimiyyəti altında birləşdirdi.
E.ə. VII əsrdə Assuriyanın düşmənləri olan Babil və Midiya ona qarşı birləşdilər. Onlar e.ə. 612-ci ildə
Ninveiya şəhərini tutub dağıtdılar, e.ə. 605-ci ildə Karxemiş qalasını ələ keçirdilər. Assuriyanın varlığına son
qoyuldu. Onun ərazisi Midiya və Babil padşahlıqları arasında bölüşdürüldü.
Qədim Assuriyanın ərazisində icmalar mövcud olmuşdur. Bunlardan ən irisi Aşşur şəhər icması idi.
Aşşur icmasının əhalisi əkinçilik və maldarlıqla məşğul olurdu. Aşşur eyni zamanda geniş
ticarət aparırdı, Anadoludakı Kaniş beynəlxalq ticarət mərkəzi ilə əlaqə saxlayırdı. Aşşur icmasında ticarətin
inkişafı ilə bağlı olaraq sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdular. Aşşur icması sənətkarlıq əşyaları
və müxtəlif metallardan ibarət xammal ilə alış-veriş edirdi. Aşşurdan qərbə ticarət yolu keçirdi və yolun son
məntəqəsi Kaniş ticarət məntəqəsi idi. Burada Aşşura tabe olan ticarət məhəllələri vardı. Aşşur icması şərqə
gedən ticarət yolunun əsas məntəqəsi idi. Bu şəhərdə müxtəlif mənşəli əhali mal mübadiləsi və alış-veriş
edirdi. Aşşur şimala və şərqə gedən ticarət yollarını da nəzarətdə saxlayırdı.
Assuriyanın ərazisində ixtisaslaşmış ticarət icmaları mövcud idi. Aşşurdan başqa, Arrapha şəhər
icmasında da ticarət icması mövqe qazanmışdı. İcmalar arasında əmək bölgüsü vardı. Dəmirçi, dülgər,
toxucu, dulusçu və s. peşələr üzrə ixtisaslaşmış ticarət icmaları fəaliyyət göstərirdi. İxtisaslaşmış ticarət
icmaları bilavasitə bazarla bağlı idi. Lakin mövcud olan ev icmaları bazar ticarət münasibətlərinin inkişafını
ləngidirdi.
Ev icmalarının varlığı torpaqla bağlı idi. Arrapha icmasında torpaq alınıb-satılırdı. Bunun nəticəsində
varlı və yoxsul ailələr meydana gəlmişdi. Arrapha icmasındakı ailə kollektivi qullara malik idi. Əsas qul
mənbəyi uğurlu müharibələr idi. Lakin qədim və orta Assur dövründə borc köləliyi də geniş yayılmışdı,
çünki bu zaman müharibələr Assuriyanın dövlət, məbəd və fərdi təsərrüfatlarını qul əməyi ilə təmin edə
bilmirdi. Məhz yeni Assur dövründə uzun müddətli qələbələr ölkəni hərbi əsirlərlə doldurdu. Bununla yanaşı
işğal olunmuş ərazinin əhalisinin Assuriyaya köçürülməsi ölkənin işçi qüvvəsini artırırdı. Nəticədə qul
əməyinə tələbat azalırdı. Yeni Assur dövründə qul ucuz qiymətə satılırdı. Fərdi təsərrüfata, yəni ev icmasına
məxsus olan qul müəyyən müstəqilliyə malik olmuşdu. Qula ailə saxlamaq ixtiyarı verilmişdi. Müstəqil
becərmək üçün ona torpaq sahəsi ayrılırdı. Məhsulun çox hissəsi quldara təhvil verilirdi. Qul, onun ailəsi və
əmlakı ağanın mülkiyyəti hesab olunurdu. Ağa qulu ailəsi ilə birlikdə sata bilərdi. Lakin assur qanunları borc
əsarətinə düşmüş adamla qul arasında müəyyən fərq qoyurdular. Borc əsarəti assuriyada geniş tətbiq
olunurdu. Borclu borcunu vaxtında qaytarmazdısa, onda o, borc əvəzi sələmçinin təsərrüfatında işləməli və
borcun məbləğini öz əməyi ilə ödəməli idi. Sələmçi onu qul kimi sata bilməzdi. Sənədlərdə 10-20 quldan
ibarət ailələrin satılması qeyd olunmuşdur. Qullar becərdikləri torpaq sahəsi ilə birlikdə də satılırdılar. Orta
dövr assur qanunları ev köləliyi və qadının mövqeyi haqda xüsusi maddələr nəzərdə tutmuşdular. Ev
sahibəsinin qul və kəniz ilə münasibəti maddələrin birində belə əks olunmuşdur: "Əgər qul, yaxud kəniz azad
adamın əlindən bir şey qəbul edərsə, onda həmin qul və kənizin burnu və qulağı kəsilməli, oğurlanmış şey
isə qaytarılmalıdır; adam öz arvadının da qulağını kəsə bilər. Əgər o, arvadına cəza verməzsə və onun
qulağını kəsməzsə, onda qul və kənizin qulağı həmçinin kəsilməməli və onlar oğurlanmış şeyi
qaytarmamalıdırlar».
Assur qanunlarından belə nəticə əldə etmək olur ki, ailədə qadına müstəqillik verilmirdi. Onun bütün
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
91
hərəkətləri kişinin nəzarəti altında idi. Qadın icazəsiz heç kəsə evdən ərzaq, yaxud ev əşyası verə bilməzdi,
yəni heç kəsə əl tutmamalı idi. Ailə əmlakına onun hüququ yox idi, ancaq ev əmlakı üzərində tam hüquqa
malik olmuşdu. Qadın tərəfindən kənara verilmiş əşya oğurluq malı hesab edilirdi. Müvafiq maddədə bu
haqda belə deyilir: "Əgər azad adam xəstədirsə, yaxud vəfat edibsə, onun arvadı isə evdən bir şey oğurlayıb
qadınamı, kişiyəmi, yaxud hər hansı bir kəsəmi veribsə, (onda) həmin adamın arvadı və ev şeyini qəbul
edənlər öldürülməlidirlər.
Əgər azad adamın arvadı əri sağ olarkən ər evindən nə isə oğurlanmışsa, kişiyəmi, qadınamı, hər hansı
bir kəsəmi vermişsə, onda həmin adam and vasitəsilə öz arvadını təqsirləndirə bilər və ona cəza verə bilər,
(oğurluq malını) adamın arvadından qəbul etmiş şəxs isə malı qaytarmalıdır. Ər arvadına verdiyi cəzanı
(oğurluq malını qəbul etmiş) şəxsə də tətbiq etməlidir".
Assuriyada qadın ləyaqətinə yüksək qiymət verilirdi. Qadının şəxsiyyətini və namusunu qoruyan
maddələr orta Assur qanunvericiliyinə salınmışdı. Məsələn, qanunların birində qeyd olunur: "Əgər azad
adam ərli qadına barmağını silkələsə və onunla uşaq kimi rəftar etsə və bu iş üzrə onu təqsirləndirib ifşa
etsələr, onda onun barmağı kəsilməlidir. Əgər o, qadını öpübsə, onda onun aşağı dodağını baltanın tiyəsinə
çəkib kəsmək lazımdır". Assuriyada levirat, yəni dul qadının vəfat etmiş ərinin qardaşı ilə nikahı mövcud idi.
Belə hallarda ailə icmasının bütövlüyünü saxlamaq məqsədi güdülürdü. Bəzi hallarda, əgər təqsir ərdə
olardısa, qadın ər evini tərk edib ata evinə qayıtmaq hüququna da malik idi. Adətən ər vəfat etdikdən sonra
qadın onun borcunu ödəmək üçün sələmçinin təsərrüfatında işləməli idi. Bəzən müəyyən şərait nəzərə
alınırdı və qadın borcu ödəməkdən azad olunurdu. Ailədə atanın hakimiyyəti qeyri-məhdud idi, buna görə də
qadın ləyaqəti və hüququ əksər hallarda tapdanırdı. Kişi qadını çox asanlıqla boşaya bilərdi. Lakin ərinə
xəyanət etmiş, yaxud ərindən ayrılmaq istəyən qadını suya atırdılar. Assuriyada kəskin mülki bərabərsizlik
mövcud olmuşdu. Bunun nəticəsində quldarlar cəmiyyətin hakim sinfi kimi formalaşırdılar. Mülki
bərabərsizlik icma təşkilatlarına da toxunmuşdu. İcmanın birliyi dağılırdı, icma üzvləri müflisləşir,
sələmçilərdən asılı vəziyyətə düşürdülər. Torpaqdan məhrum olmuş icmaçılar öz övladlarını kənara satmağa
məcbur olurdular. Onlar məcburi əməklə məşğul olanlar dəstəsinə mənsub idilər. Qullar və məcburi əmək
adamları istismar olunan sinfi təşkil edirdilər.
Dövlət, məbəd və böyük fərdi təsərrüfatlarda qul əməyi geniş tətbiq olunurdu. Dövlət təsərrüfatı
işğallar nəticəsində genişlənirdi. Hökmdar dövlətə yaxın olan adamları torpaq sahələri ilə təmin edirdi. Belə
adamlar yeni qulluq əyanları təbəqəsini təşkil edir, hökmdarın dayağına və böyük torpaq sahibkarlarına
çevrilirdilər. Onların mülkündə işləyən qulların sayı 30-50 nəfərə çatırdı. Xırda torpaq sahibkarlığı da
mövcud idi. Burada işləyən qulların sayı nisbətən az idi. Assuriyada məbədlər də böyük torpaq sahələrinə
malik idilər. Məbəd təsərrüfatında qullarla yanaşı məcburi əmək adamları da işləyirdilər.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
92
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
93
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
94
QƏDİM URARTU MƏDƏNİYYƏTİ
Urartu Mesopotamiyadan şimalda, Şərqi Anadoluda (Türkiyə) Van gölü ətrafında meydana gəlmişdi.
Urartu dağlıq ölkə idi. Dəclə, Fərat və Araz çayları öz mənbələrini bu ərazidən götürür.
Urartu əhalisinin tərkibi müxtəlif olmuşdur. Assurlar bu ölkəni Urartu, urartulular isə öz ölkələrini
Biaynili adlandırırdılar. Assur hökmdarı I Salmanasar “Uruatri ölkələri” ifadəsini işlətmişdi. Uruatri adı
tədricən Urartu adı ilə əvəz olunmuşdu. Bu zaman xırda ölkələrin hakimləri vahid bir mərkəzdə
birləşdirilmişdi. E.ə. IX əsrdə Assur hökmdarı II Assurnasirpal Urartu ölkəsinə yürüş təşkil etmişdi.
Urartulular ona güclü müqavimət göstərmişdilər. Urartunun dağlıq ərazisində, məhsuldar vadilərində, düzən
torpaqlarında əhali müxtəlif təsərrüfat işləri ilə məşğul olurdu. Onların təsərrüfat həyatı haqqında mixi
yazılar və arxeoloji materiallar məlumat verir.
Urartulular əkinçilik, maldarlıq, atçılıq, üzümçülük, bağçılıq və sənətkarlıqla məşğul olmuşlar.
Menuanın hakimiyyəti dövründə ölkədə suvarma işlərinə xüsusi diqqət yetirilirdi. Van gölünün şimal
hissəsində bir neçə qollara ayrılan suvarma kanalı çəkilmişdi. Bunlardan biri Menua kanalı adlanırdı. Bu
kanal vasitəsi ilə Van şəhəri içməli bulaq suyu ilə təmin olunurdu. Kanalın aşağı axar hissələri yonulmuş
daşlardan hörülmüşdü. Bu daşların bir çoxunun üzərində mixi yazılarda “Menua kanalı” sözləri aşkar
edilmişdir.
Menua işğal olunmuş ərazilərdə yaşayış məntəqələri saldırır və qalalar tikdirirdi. O, Urartunun baş
allahı Haldinin şərəfinə qala tikdirmiş və onu “Haldi allahının şəhəri” adlandırmışdı. Burada üzüm tənəkləri
saldırmış və həmin bağı “Menuanın üzümlüyü” adlandırmışdı. Bir çox tikililər Menuanın adını daşıyırdı.
Onun adı əşyalar üzərində “Menuanın malı” ifadəsi ilə həkk olunmuşdu.
Menua atçılığı da inkişaf etdirirdi. Atdan minik vasitəsi kimi və təsərrüfat işlərində, habelə hərbi
yürüşlərdə istifadə edilirdi. At çapmaq, at oynatmaq yarışları bir adətə çevrilmişdi.
Urartuda dulusçuluq, metalişləmə, zərgərlik və s. sənət sahələri inkişaf etmişdi. Urartu sənətkarları
müxtəlif tunc məmulatları-məişət qabları, silahlar (qalxan, dəbilqə, xəncər, ox və s. istehsal edirdilər.
Urartunun özünəməxsus yüksək mədəniyyəti olmuşdur. Onlarda memarlıq, yazı mədəniyyəti,
incəsənət yüksək inkişaf etmişdi. Urartulular Mesopotamiyadan mixi yazını mənimsəyərək Urartu dilinə
uyğunlaşdırmışdılar. Urartu qalalarında daşüstü mətnlər-kitabələr həkk olunmuşdu.
Arxeoloji qazıntılar zamanı Urartuya aid yazılı sənədlər aşkar edilmişdir. Urartulular istehkam və qala
inşası sahəsində böyük təcrübə qazanmış və şəhərlər salmışlar.
Urartuda dini görüşlər yaranmış, çoxallahlılıq mövcud olmuşdur. Hər tayfa öz allahına sitayiş edirdi.
Haldi (səma allahı) Urartunun baş allahı sayılırdı. Onun şərəfinə qala salınmış, heykəl qoyulmuşdu. Tufan,
ildırım və yağış allahı Teyşeba, günəş allahı Şivini adlanırdı.
Urartu bədii sənətkarlığına məxsus bir çox saxsı, metal, zərgərlik məmulatlarının, möhürlərin üzərində
müxtəlif rəsmlər təsvir edilmişdir. Qızıl medalyon üzərində metal-plastika üsulu ilə işlənmiş “taxtda
əyləşmiş İlahəyə səcdə edən qadın” təsviri Urartu zərgərlik sənətinin gözəl nümunəsidir. Urartu ərazisinin
coğrafi şəraiti müxtəlif olmuşdur. Burada ucqar və yüksək dağlarla yanaşı, məhsuldar vadilər, aran torpaqları
mövcud idi. Xüsusilə Haldi allahına ithaf edilmiş məbədlərin nüfuzu saxlanılırdı və təbliğ olunurdu. Urartu
hökmdarları öz qələbələrini və abadlıq işlərini Haldi allahını adı ilə bağlayırdılar. Məbədlərə nəzir verilir və
qurban kəsilirdi. İşğal olunmuş ölkələrdən gətirilmiş qənimətin, mal-qaranın və əsirlərin bir qismi məbəd
təsərrüfatına bəxş edilirdi. Burada məbədlər hələ böyük torpaq sahələrinə malik deyildilər. Urartu
hökmdarları məbəd tikintisinə diqqət verirdilər, lakin məbədlərdə dövlət təsərrüfat formasına oxşar
təsərrüfatlar hələ yaranmamışdı.
Ölkənin iqtisadi həyatında dövlət, yaxud hökmdar təsərrüfatı mühüm mövqeyə malik olmuşdu.
Dövlət təsərrüfatının geniş torpaq sahələri, sənətkarlıq emalatxanaları, işçi qüvvəsi var idi. Urartu
hökmdarları işğal olunmuş ərazilərdə, eləcə də Urartunun özündə müxtəlif abadlıq işləri aparır, yeni qala və
şəhərlər salırdılar. Cənubi Qafqazda inşa edilmiş Teyşebaini, Argiştihinili və Erebuni kimi qala-şəhərləri
yüksək inkişaf səviyyəsinə çatmışdı. Urartu hökmdarları süni suvarma işini zəruri hesab edir, kanallar
çəkdirilirdilər. Bu kanallara bəzən müvafiq hökmdarın adı verilirdi. Bağ-bağça və üzümlüklərin salınması
hökmdarın göstərişi ilə həyata keçirilirdi.
Yeni şəhərlərə işğal olunmuş ölkələrin əhalisi köçürülürdü. Belə əsirlər Cənubi Qafqazdan, Şimali
Suriyadan və Mannadan gətirilirdi. Köçürülmüş əhali əsasən qul halına düşürdü. Qul əməyi dövlət
təsərrüfatında tətbiq olunurdu.
Urartunun apardığı geniş miqyaslı müharibələr ordunun təkmilləşdirilməsini tələb edirdi. Əsirlər
Urartu ordusunda xidmətə qəbul olunurdular. Ordunu Assur tipli silahlarla təchiz edirdilər. İşğal olunmuş
ölkələrdə hərbi və inzibati mərkəzlər yaradılır, orada hərbi dəstələr yerləşdirilirdi. Bu minvalla əhalinin
Urartuya itaətini təmin edirdilər. Ordunun hərəkətini sürətləndirmək məqsədilə süvari dəstələri yaradılmışdı.
Ölkədə atçılığın inkişafına lazımi fikir verilirdi, hətta xəracın bir qismini atlar təşkil edirdi. At ölkəyə
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
95
qənimət kimi də gətirilirdi. Urartuda at çapma və oxatma yarışları keçirilirdi.
Dövlətin ərazisi canişinliklərə bölünmüşdü. İşğal olunmuş torpaqlarda, xüsusilə Cənubi Qafqazda
canişinliklər yaradılmışdı. Vilayətin idarə olunması canişinə tapşırılırdı. Hər bir vilayətin hərbi qüvvələri və
inzibati idarəsi vardı. Urartunun Cənubi Qafqazda işğalları yerli idarə formalarının dəyişilməsinə şərait
yaratdı. Burada xırda hökmdarlar bu və ya digər ərazini idarə edirdilər. Urartunun Cənubi Qafqaza
qəsbkarlığı buranın daxili inkişaf prosesini pozur və onların dövlət şəklində birləşməsini ləngidirdi.
Urartu mədəniyyətinə Assur, Hurri və Het mədəniyyəti təsir göstərmişdi. İkiçayarasından mixi yazı
mənimsənilmiş və Urartu dilinə uyğunlaşdırılmışdı. Urartu sənətkarları istehkam və qala inşası sahəsində
püxtələşmiş və şəhərsalma inşaat qaydalarını mənimsəmişdilər.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
96
QƏDİM MİDİYA MƏDƏNİYYƏTİ VƏ İNCƏSƏNƏTİ
Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Bir dövlət kimi müasir İranın mərkəzi hissəsində
yaranmışdı.
Midiya haqqında ilk məlumat e.ə. IX əsrin ortalarına aid mixi yazılı qaynaqlarda verilir. Bu adı ilk
dəfə Midiya ərazisinə hücum edən və oranı talayan Assur hökmdarı III Salmanasar işlətmişdir. Midiya
tayfaları haqqında ilk geniş məlumatı yunan tarixçisi Herodot “Tarix” əsərində vermişdir. O, Midiya
ərazisində altı qəbilənin yaşadığını göstərmişdir.
Mixi yazılarda Midiya sözü Maday, Matay, Amaday şəklində işlənmişdir. Yunan mənbələri onu
“Midiya” kimi qələmə almışdır.
Midiya xırda vilayətlərdən (45-ə qədər) ibarət olmuşdur. Vilayətləri canişinlər idarə edirdi. Midiyalılar
əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olurdular. Əhalinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və
sənətkarlıq idi. Metalişləmə işi sənətlər içərisində daha çox seçilirdi. Midiya ərazisində dəmir, qurğuşun,
qızıl, neft və s. çıxarılırdı. “Midiya yağı” adlanan neftdən hərbi işdə də istifadə edilirdi. Neftli parçanı oxlara
bağlayıb od vuraraq, düşmənin üzərinə, habelə yanğın törətmək üçün evlərin damına atırdılar.
Midiya sənətkarları - dulusçular, toxucular, dəmirçilər əmək alətləri, parça, xalça, silah, bəzək əşyaları,
məişət əşyaları və s. hazırlayırdılar. Onların hazırladıqları gözəl sənət nümunələri qonşu ərazilərə yayılırdı.
Bu, həmin ölkələrdə yerli mədəniyyətin inkişafına böyük təsir göstərmişdir.
Midiya-Azərbaycan əlaqələri Azərbaycanda (Urmiyada, Naxçıvanda, Qarabağda) tunc dövrünün
boyalı qablar mədəniyyəti nümunələrində daha yaxşı izlənir.
Əhali əyanlar, kahinlər, azad adamlar, sıravi icma üzvləri-kəndlilər və qullar kimi müxtəlif təbəqələrə
ayrılırdı. Astiaq nəsli zadəganların hüquqlarmı məhdudlaşdırmağa çalışırdı. Bu əyanların narazılığına səbəb
oldu. Tarixi rəvayətlər Astiaqı qəddar hökmdar kimi tanıtmışdır. Astiaq hakimiyyətini itirməkdən həmişə
ehtiyat edirmiş. O, hətta yeganə qızının övladının hakimiyyətə gəlməsini istəməmişdir. Bu məqsədlə qızını
fars vilayətinin hökmdarı I Kambizə (Əhəməni nəslindən) ərə verir. Onun fikrincə, fars mənşəli nəvə Midiya
taxt-tacına sahib ola bilməzdi. Astiaq yeni dünyaya gəlmiş nəvəsi Kirin öldürülməsi haqqında gizli göstəriş
verir. Lakin uşaq təsadüfən sağ qalır.
Astiaqın sarayında fars meylli qüvvələr artır. Onlar Kirin hakimiyyətə gəlməsinə çalışırlar.
E.ə. 553-cü ildə fars vilayətində II Kir hakimiyyətə gəldi. O, Astiaqa qarşı üç il mübarizə apardı. E.ə.
550-ci ildə qələbə çaldı və Ekbatana şəhərini tutdu. Midiya dövləti süqut etdi və İran Əhəməni (fars)
dövlətinin tərkibinə qatıldı.
Qədim yunan tarixçisi Herodotun “Tarix” əsərindən, Assur-Babil qayaüstü mixi yazılarından məlum
olur ki, Midiyada mədəniyyət yüksək inkişaf etmişdi. Midiya əfsanələri (“Astiaq və Tomiris”) Midiya
tarixinin öyrənilməsi üçün çox mühüm əhəmiyyətə malikdir.
Midiyada memarlıq inkişaf etmişdi. Suz sarayları, Ekbatananı əhatə edən yeddi cərgə divarları, qırmızı
kərpicdən tikilmiş şah sarayı gözəl memarlıq nümunələridir.
Astiaqın dövründə zərdüştlük Midiyada rəsmi dövlət dini olmuşdur.
Zərdüştlük e.ə. VII əsrdə meydana gəlmişdir. Müqəddəs kitabı “Avesta” sayılır. Zərdüşt təliminə görə
şər ilə xeyir, yalan ilə həqiqət arasında ölüm-dirim mübarizəsi gedir. Zərdüştlüyün təlimində təkallahlılıq
təzahür edir. O, Ahrumazdanı vahid allah kimi təbliğ edir. Dünya yaranandan xeyir və şər arasında mübarizə
gedir. İnsanlar xeyir və şəri seçməkdə sərbəstdirlər, lakin son anda xeyir şərə, həqiqət yalana qalib
gəlməlidir.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
97
QƏDİM MANNA DÖVLƏTİ
E.ə. I minilliyin əvvəllərində Urmiya gölü hövzəsində mərkəzləşmiş Manna dövləti yerləşirdi.
Manna dağlıq ölkə idi. Ərazisindən müxtəlif çaylar axırdı. Urmiya gölünün suyu duzlu olduğundan
suvarma üçün yararsız idi. Məhsuldar çay vadiləri sıx məskunlaşmışdı. Manna ərazisində çoxlu faydalı
qazıntı yataqları (dəmir, mis, gümüş, qızıl, qurğuşun v. s.) vardı. Mannanın düzən və dağətəyi yerlərinin
əhalisi əkinçiliklə məşğul olurdu. Arxeoloji qazıntılar zamanı bu ərazilərdə arpa, buğda və darı qalıqları
tapılmışdır. Əkinçilər torpağı dəmir toxa və xış ilə şumlayırdılar. Taxılı dəmir oraqla biçirdilər. Assuriya
mixi yazılarında göstərilir ki, Mannada taxıl anbarları olmuşdur. Böyük anbarlar dövlətə, yaxud hökmdara
məxsus idi. Quraqlıq, yaxud aclıq vaxtı dövlət anbarlarından əhaliyə taxıl paylanırdı. Bağçılıq və üzümçülük
də inkişaf etmişdi. Üzümdən şərab hazırlayırdılar.
Mannalıların həyalında maldarlıq mühüm yer tuturdu. Atçılıq geniş yayılmışdı. Mannanın Subi
vilayəti öz atları ilə xüsusilə fərqlənirdi. Manna əhalisi oturaq həyat sürürdü. Yaz və yay aylarında mal-
qaranı, qoyun-quzunu dağlara aparırdılar. Bara (Sanqibuti) vilayətində hökmdar sürüləri saxlanılırdı.
Təsərrüfatda dəvədən də istifadə edirdilər.
E.ə. I minilliyin başlanğıcında Azərbaycanın cənubunda, Urmiya gölü ətrafında mərkəzləşmiş dövlətin
meydana gəlməsi üçün şərait əmələ gəlmişdi. E.ə. IX əsrdə burada Manna dövləti yarandı. Lakin həmin
dövrdə Manna hələ bütün cənubi Azərbaycan torpağını əhatə edə bilməmişdi. Manna adına ilk dəfə e.ə. 843-
cü ildə Assuriya hökmdarı III Salmanasarın mixi yazılı kitabəsində rast gəlinir. Bu yazılarda Manna tayfa
adını bildirir.
E.ə. XI əsrdə Manna ərazisində müstəqil siyasət yürüdən Zamua, Gilzan, Alateye, Surikas,
Gizilbunda, Zikirtu, Andia və s. vilayətlər meydana gəlmişdi. Zamua ölkəsi Mannanın əsas hissəsini təşkil
edirdi. Urmiya gölündən cənubda yerləşən Zamua əvvəllər lullubilərin ölkəsi olmuşdur. E.ə. IX əsrin birinci
yarısında Zamuanı ayrı-ayrı hakimlər idarə edirdilər. Buna görə də xarici hücumların qarşısını almaq
mümkün olmurdu. Onların hər biri Assuriya ordusuna qarşı təkbaşına mübarizə aparmalı olur, yaxud xərac
göndərməklə Assuriya ilə müstəqil siyasi əlaqə yaradırdılar.
Mannaya qarşı Assuriya və Urartunun hücumları ara vermirdi. Manna hökmdarları ölkəni vahid
mərkəzdə birləşdirib, xarici hücumların qarşısını almağa çalışırdılar.
E.ə. IX əsrin sonu-VIII əsrin əvvəlində Manna güclü bir dövlətə çevrilmişdi.
Mannanın ərazisi şimalda Araz çayına çatırdı, cənubda və cənub-şərqdə Kaspi ölkəsi, Parsua və
Midiya ilə həmsərhəd idi. İranzunun hakimiyyəti dövründə Manna qüdrətli dövlət olmuşdur.
Bu dövrdə Mannanın xarici siyasətində iki meyl var idi. Bir qrup Assuriya ilə ittifaqa meyl göstərir,
bununla da Manna torpaqlarının bütövlüyünü saxlamağa çalışırdı. İranzu Assuriyaya müttəfiq kimi baxır və
onun siyasi üstünlüyünü tanıyırdı. Urartunun hücumlarına qarşı uzun müddət mübarizə aparan Mannaya
əmin-amanlıq lazım idi. Başqa bir qrup isə Urartu ilə ittifaq tərəfdarı idi. Onların siyasəti Manna
vilayətlərinin mərkəzi dövlət ətrafında birləşməsinə mane olur, ölkənin parçalanmasına, torpaqlarının isə
Urartu tərəfindən işğalına şərait yaradırdı.
Mannada dövlətçilik ənənəsi qədim köklərə malik idi. Hələ e.ə. III minillikdə onun ərazisində dövlət
qurumları meydana gəlir.
Dövləti hökmdar idarə edirdi. Hökmdar mütləq hakimiyyətə malik idi. E.ə. VIII əsrin ikinci yarısında
hakimiyyət irsi olaraq atadan oğula keçirdi. Dövlətə qədim Azərbaycan türk sülaləsi başçılıq etmişdir.
Manna mərkəzləşmiş dövlət idi. Ölkənin vilayətlərini canişinlər idarə edirdilər. Onlar mərkəzi hakimiyyətə
tabe idilər. Dövlətin idarə işlərində müxtəlif əyanlar və məmurlar çalışırdılar. Məmurlar mixi qaynaqlarda
əyan, ağsaqqal, məsləhətçi, başçı və canişin adlandırılmışlar. Dövlətin idarəsində hakim ailənin üzvləri də
iştirak edirdilər. Mannada ağsaqqallar şurası da fəaliyyət göstərirdi. Lakin bu şura hökmdardan asılı idi.
Manna hökmdarları ölkəni yadelli basqınlardan qorumaq üçün qonşu Assuriyaya ilə diplomatik
əlaqələr yaratmış və ölkənin ərazi bütövlüyünü saxlamağa müvəffəq olmuşdular.
Ahşerinin məğlubiyyəti faciə ilə qurtardı. Ona qarşı üsyan baş verdi. Üsyançılar Ahşerini öldürdülər.
Hakimiyyətə Ahşerinin oğlu Ualli (e.ə. 650-630) gəldi və Assuriya ilə ittifaqı bərpa etdi. Bundan sonra
Manna Assuriya ilə ittifaqa sadiq qaldı. E.ə. 616-cı ildə Ön Asiyanın qüdrətli Assuriya dövləti Midiya və
Babilistan ilə mübarizədə təklənən zaman Manna hərbi dəstələri ona kömək etdi. Qaynaqlardan göründüyü
kimi, e.ə. 593-cü ildə Manna müstəqil dövlət kimi öz varlığını saxlayırdı.
Təxminən e.ə. 590-cı ildə Manna İranın mərkəzində yaranmış Midiya dövlətinin tərkibinə daxil edildi.
Mannan müstəqil dövlətçiliyinə son qoyuldu.
Mannada sənətkarlıq mühüm yer tutmuşdur. Mannanın ərazisində zəngin dəmir filizi, o cümlədən
qiymətli daş yataqları var idi. Mannada peşəkar sənətkarlar qızıl, gümüş, tunc və misdən bəzək şeyləri, qab-
qacaq və s. hazırlayırdılar. İndiki Cənubi Azərbaycan ərazisində, qədim Həsənli məskənində qazıntılar
zamanı müxtəlif daş qəliblər tapılmışdır. Əridilmiş metalı həmin qəliblərə tökərək oraq, toxa, balta, xəncər,
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
98
ox ucları, dəbilqə, bəzək əşyaları və s. hazırlayırdılar. Həsənli qızıl camı Azərbaycanın nadir qədim sənət
əsəridir.
E.ə. VIII-VII əsrlərə aid Ziviyə Manna qalasından zəngin sənətkarlıq nümunələri tapılmışdır.
Azərbaycanın cənubunda Sakkız şəhəri yaxınlığında yerləşən bu abidədə qızıl və gümüşdən hazırlanmış
döşlük, qılınc qınının və dəstəyinin hissələri, at qoşqu ləvazimatı, gümüş sini, buynuzvarı qədəhlər, kəmər,
dəmir qılınclar və s. aşkar edilmişdir.
Həsənli və Ziviyə tapıntıları Mannada metalişləmə sənətinin yüksək inkişaf etdiyini göstərir.
Toxuculuq mühüm sənət sahəsi olmuşdur. Həsənli qazıntılarından tapılan müxtəlif parça qalıqları
toxuculuqda qoyun yunundan və keçi dərisindən istifadə edildiyini göstərir. Mannada boyaqçılıq sənəti də
olmuşdur. Mannalıların geyimi müxtəlif olmuşdur. Üst paltarları uzun, lakin qısaqol idi. Döyüşçülər uzun və
dizə çatan libas da geymişlər.
Mannalılar qonşu ölkələrlə ticarət əlaqələri yaratmışlar. Mannadan müxtəlif məhsullar və xammal
ixrac edilirdi.
Mannada memarlıq sənəti inkişaf etmişdi. Mannaya hücumların qarşısını almaq üçün qalalar və qala-
şəhərlər tikilmişdi. Mannanın paytaxtı İzirtu və başqa şəhərlər əzəmətli qala divarları ilə əhatə olunmuşdu.
Həsənli qala-şəhərində iki-üç mərtəbəli binalar, məbədlər tikilmişdi.
Arxeoloji qazıntılar zamanı tapılmış əşyalar üzərindəki şəkil və naxışlar Manna təsviri sənətinin gözəl
nümunələridir. Həsənli qızıl camının üzərində çox maraqlı əfsanəvi səhnə təsvir olunmuşdur.
Ziyiyənin qızıl və gümüş qədəhləri dağkeçisi, yaxud ceyran başı formasında hazırlanmışdır. Müxtəlif
əşyaların üzərində şiri yaralayan hökmdar, dizi bükülmüş maral, dağqoçu, həyat ağacı ətrafında keçi və
qanadlı öküz təsvir edilmişdir.
Mannalılar allahlara sitayiş etmişlər. İbadət üçün tikilən xüsusi binalarda-məbədlərdə allahların
heykəli qoyulurdu. Müxtəlif əşyalar üzərində Manna əfsanələri ilə bağlı səhnələr təsvir olunmuşdur. Manna
əsatirlərində müxtəlif əfsanəvi varlıqlar (qrifon, buynuzvarı yay kimi əyilmiş qanadlı qoç, insan sifətli öküz,
qanadlı sfinks və s.) mühüm yer tuturdu.
Həsənlidən tapılmış qızıl camın üzərindəki təsvirlər mannalıların dini görüşləri ilə bağlı idi. Camın
yuxarı hissəsində döyüş arabası üstündə üç allah təsvir olunmuşdur. Mannalılar dini təsəvvürlərinə uyğun
olaraq allahları qanadlı çəkmişlər. Təsvirlərdə günəş, ay və külək-yağış allahlarını ayırd etmək mümkün olur.
E.ə. III minillikdə Azərbaycanın cənubunda əhali mixi yazı ilə tanış idi. Mannada yerli yazı növü də
olmuşdur. Ziviyədən tapılmış gümüş sini üzərində bir çox işarələr həkk edilmişdir. Bu işarələr heroqlif yazı
növünə aiddir. İşarələrin çoxluğu və müxtəlifliyi göstərir ki, bunların müəyyən oxunuşu olmuşdur.
Mannada türk, hürri, İran və s. dillər işlənmişdir. Manna ilə bağlı yer və şəxs adları burada qədim türk
tayfalarının yaşadığına dəlalət edir. Turukki adı türk tayfa adının ilkin forması hesab edilir.
Manna hökmdarlarının adları da türk sözləri ilə izah olunur. Aza adı türk mənşəli aca - “böyük qardaş”
sözünü bildirir. Ullusunu adı türk dillərində işlənən ul-lu-ulu- “böyük, ulu, əzəmətli” sözü və “sun” sifət
şəkilçisinin birləşməsindən əmələ gəlmişdir, “ən böyük”, “ən ulu”, yaxud “ulu adam” mənası daşımışdır.
Mannada əhalinin əsas dili ən qədim türk dili olmuşdur. E.ə. II minillikdə Azərbaycanın ərazisində yerli
türkdilli etnoslar yaşamışlar.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
99
Dostları ilə paylaş: |