İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
58
Marduk Babil dövründə baş allaha çevrildi. Hammurapi zamanında o, Anu və Enlili öz mövqelərindən
sıxışdırdı. «Enuma eliş» (Yuxarıya yüksələn zaman) adlı didaktik poemada Marduka yaradıcı allah
funksiyası verilir. Yeni Babilistan dövründə, xüsusilə Navuxodonossorun padşahlığı illərindən başlayaraq
Marduk allahların əksəriyyətinin funksiyalarını əlinə keçirdi. Mardukun arvadı ilahə Tsarpanit idi. Onun
köməkçi və müdafiəçi rolunda xüsusi işçiləri, «nazirləri» və s. qulluqçuları var idi. Bunu Tsarpanit haqqında
da demək olar. Mardukun oğlu Nabu idi. Atasının rolu artdıqca oğlunun da rolu artırdı. Nabu mirzələr,
müdriklik və elm hamisi idi. Mardukun mirzəsi olan Nabi atası üçün tale cədvəlləri hazırlayırdı. Nabunun
simvolu yazı üçün qələm ağacı idi. Nusku işıq və od allahı, arvadı Qula - müalicə ilahəsi idi.
İkiçayarası ərazisində yaşayan xalqlar elmlərin əsasının yaranmasında mühüm rol oynamışlar. E.ə. II
minillikdən başlayaraq onlar təbabət sahəsində bir sıra nailiyyətlər əldə etmişdir. Bəzi tədqiqatçılar bunu
təbabət deyil, magiya ilə əlaqələndirirlər. Lakin bu magiya deyil, elmlərin ilkin rüşeymləri hesab
olunmalıdır. Həmin dövrlərdən bizə gəlib çatan sənədlər bir ixtisas sahəsi kimi təbabətdə çalışan həkimlərin
fəaliyyətindən söhbət açır. Hammurapinin qanunlar toplusunda elə maddələr vardır ki, onlar cərrahlığa həsr
olunmuşdur. Orada hər əməliyyat üçün cərraha veriləcək haqdan söhbət gedir. Həkimin vurduğu zərər üçün
cərimə və cəza da nəzərdə tutulurdu. Müəllimlər haqqında da maraqlı fikirlər vardır. Riyaziyyat və digər elm
sahələrinin inkişaf etməsi haqqında bəzi sənədlər zəmanəmizə qədər gəlib çatmışdır.
Babilistanlılar astronomiya və astrologiyanı yüksək qiymətləndirir, onların allahları isə səma
cisimlərini təcəssüm etdirirdilər. Məsələn, Sin və Şamaşa Ay və Günəş, Marduka - Yupiter, Nerqala - Mars,
İştara - Venera, Nabuya - Merkuri müvafiq gəlirdi. Çox vaxt astral simvollar, allahların simvolları allahların
özlərini ifadə edirdi. Şumer, sonralar isə Babil kahinləri sirli elmlərlə məşğul olurdular. Buraya sayların
manipulyasiyası da daxildir. Allahlar rəqəmlərlə ifadə olunurdu. Ən yüksək sayda ifadə olunan allah Anu idi.
Onun müqəddəs sayı (rəqəmi) 60 idi. Eni-50, Eya-40, Sin-30, sonralar baş allahlar sırasına daxil olmuş
Mardukun rəqəmi ən aşağı - 10 idi. Adad özü 10 rəqəmi ilə ifadə olunurdu.
Şumerlər, sonralar isə Babillər allahları insan surəti təsəvvür edirdilər. Onlara qeyri-adi ölçüdə,
fövqəladə malik, hər nəfəs alanda ağızdan od püskürən qabiliyyəti cəhətlər aid edilirdi. Allahlar fövqəladə
güc və qabiliyyətə malik olduqlarından onlara qarşı heç kim çıxa bilməzdi. Şəkil də və heykəllərdə allahlar
başlarında tac, qiymətli paltarlarda ilahilik əlaməti olaraq baş geyimlərində iki, yaxud üç öküz buynuzu
sancılmış halda təsvir olunurdular. Allahlar əllərində öz hakimiyyətinin simvolunu tuturdular. Marduk - üzük
əsa, Eya - su allahı kimi su doldurulmuş qab tuturdu. Quldarlıq cəmiyyətinin ideologiyasında qədim
xalqların mifoloji təfəkkür tərzini müəyyən edən dini təsəvvürlər böyük rol oynamışdır. Din həmin dünyanın
ümumi nəzəriyyəsi, məntiqi olmuşdur. Qədim Mesopotamiya dininin əsasında ilkin əkinçilik icmalarının
qədim ilahəsinin kultları dururdu. Həmin dövr üçün totemizm, təbiətin yaradıcı qüvvələrinin ilahiləşdirilməsi
səciyyəvi olmuşdur.
Qədim Şərq və ayrıca götürülmüş Mesopotamiya dini üçün səciyyəvi olan cəhət politeizm -
çoxallahlılıq olmuşdur. Şumer dinində bu özünü daha aydın şəkildə göstərir. Şumer miflərinə görə, bütün
allahlar ilkin okean ilahəsi Namuddan yaranmışdır. Bütün yerdə qalan allahlar Anu və Kinin nikahından
meydana gəlmişdir. Sonrakı Semit dilli xalqlar - Akkadlar, Amoreylər, Xaldeylər və başqaları Şumer
dinlərindən çox şey götürmüşlər. Mesopotamiya xalqlarının mifləri, xüsusilə dünya daşqını, cənnət həyatı,
axirət dünyası, ölüm və dirilmə haqqında olan miflər kiçik Asiya xalqlarının dini görüşlərinə və Bibliya
mifoloji ədəbiyyatının formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Qədim dünyanın adamlarında allahlara müxtəlif baxışlar hökm sürürdü. Bəzi hökmdarlar qələbə
çaldıqları ölkələrin allahlarının heykəllərini də özləri ilə aparırdılar ki, onlar qalibləri himayə etsinlər. Bəzən
qalib xalq məğlub xalqın heykəl və bütlərini uçururdu ki, onlar allahlardan kömək almasınlar. Bəzən allah
heykəllərini kömək üçün digər ölkələrə də göndərirdilər. Məsələn, Mittaniya padşahı Nineviyadan Misirə
xəstələnmiş firona İştarın heykəlini göndərmişdi ki, hökmdarı müalicə etsin. Allahları insan simasında
təsəvvürünə gətirən qədim insanlar onlara insani keyfiyyətləri də aid edirdilər. Allahlar ölməz olsalar da, hər
halda onlar ölürdülər və onları həyat suyu vasitəsilə diriltmək lazım gəlirdi. Bütün canlılar kimi onların da
yeməyə, paltara ehtiyacı olduğunu göstərirdilər. Utnapişti və onun arvadından başqa bütün insanları məhv
edən dünya daşqınından sonra, birinci nəzir gətirilən kimi allahlar «milçək kimi acgözlüklə» yeməyə
atılmışlar. İnsanlar kimi onlar da dadlı yeməklər yemək, sərxoş olana qədər şərab içmək xoşlayırdılar. Rahat
stul və çarpayılardan istifadə edirdilər. Gecələr qulluqçular allahların heykəllərini soyundurub təmiz
çarpayılara uzadıb gündüzlər isə yuyundurur, darayırdılar. Allahlar arasında dalaşmalar da olurdu ki, bunu da
ali allah yoluna qoymalı idi. Paxıllıq, özündən müştəbehlik və s. kimi insan xasiyyətlərinə onlarda da təsadüf
edilirdi. Onlar daima bir-birini aldatmağa, kələk gəlməyə çalışırdılar. Onlar heç də insan qüsurlarından azad
deyildilər.
Allahlar haqqında miflərin yaranması və geniş yayılmasında əsas rolu kahinlər oynamışdır. Keçmiş
allahların adının, funksiyasının dəyişdirilməsində də onlar həlledici rol oynayırdılar. Xalq arasında
qəhrəmanlar, yarımallahlar, iblislər dünyasına inam olduqca güclü idi. Qoca Babil torpağı öz qoynunda hələ
çox sirləri gizlətmişdir. Şumer mədəniyyətindən bizə gəlib çatan kiçik nəğmə, ağı, dua və s. şeir parçaları
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
59
həcmcə az olduqlarına görə daha yaxşı mühafizə oluna bilmişdir.
İkiçayarasının cənub hissəsi Şumer, yaxud Şumer ölkəsi adlanırdı. Burada siyasi və iqtisadi cəhətdən
mühüm mövqeyə malik olan şəhərlər meydana gəlmişdi. Cənubi İkiçayarasında urbanizasiya prosesi erkən
dövrdə baş vermişdi. Şəhərlər hökmdar iqamətgahlarının, ticarət məntəqələrinin və su mənbələrinin ətrafında
meydana gəlirdi. Müdafiə məqsədilə onların ətrafına sədlər çəkilirdi. İlk əvvəl bunlar şəhər tipli yaşayış
məntəqələri idi. İqtisadiyyatın, ticarətin inkişafı şəhərlərin yaranmasına gətirib çıxarmışdı. Şəhər mühüm
ictimai təşkilata çevrilmişdi. Belə şəhərlərin cərgəsinə Uruk, Kiş, Eredu, Larsa, Ur, Laqaş, Umma, İsin,
Sippar, Şuruppak, Nippur və başqaları daxil idi. Hər bir şəhər müstəqil dövlət idi. Şumerdə ilk dövlətlər
şəhər-dövləti kimi meydana gəlmişdi. Şumer əsatirlərinə görə, dövlət hakimiyyəti ilk dəfə Eredu şəhərində
yaradılmışdı. Yazılı mənbə bunu belə ifadə edir: "Hökmdar hakimiyyəti göydən düşən zaman, Ereduda
hakimiyyət vardı". Qaynaq bildirmək istəyir ki, ilk dövlət Eredu şəhərində meydana gəlibmiş. Aydındır ki,
şumerlərin təsəvvürünə görə, hakimiyyət göydən düşmüşdür, yəni allah tərəfindən bəxş edilibmiş. Buna
uyğun olaraq şumerlər əfsanəvi hökmdarların hakimiyyətini min və yüz illərlə ölçürdülər. Şumerlərin
«Hökmdar siyahısı» erkən hakimiyyəti əfsanəvi «Ümumdünya daşqınından» əvvəlki dövrə şamil edirdi.
Məsələn, Şuruppak şəhərinin hakimi Ziusudra belə hökmdarlardan biri hesab edilirdi. Onun adı əfsanəvi
«Ümumdünya daşqını» ilə əlaqələndirilirdi. Guya o, 36 min il hökmdarlıq etmişdi. Ziusudra əfsanəvi
hökmdar idi. Onun surəti akkad dini əsatirlərində Utnapiştim, Tövratda Noy, müsəlman dinində Nuh adı
altında verilmişdir.
Şumerdə hökmdar hakimiyyətinin meydana gəlməsi e.ə. III minilliyin birinci yarısına təsadüf edir,
halbuki şumer yazılı mənbələri, deyilən kimi, hökmdar hakimiyyətinin yaranmasını daha əvvəlki, əfsanəvi
dövrlərə şamil edir. Şumerdə dövlət hökmdar hakimiyyəti şəklində artıq e.ə. IV minilliyin sonunda meydana
gəlmişdi.
Erkən sülalələr. Şumer şəhər-dövlətləri e.ə. III minilliyin birinci yarısında meydana gəlmişdilər.
Şumerdə mövcud olmuş dövlətlər adətən erkən sülalələr adı daşıyırdılar. Erkən sülalələr dövrü e.ə. XXVIII-
XXIV əsrləri əhatə edir. Birinci erkən sülalə dövründə (e.ə. XXVIII-XXVII əsrlər) Kiş şəhər-dövləti siyasi
üstünlük əldə etmişdi. I Kiş sülaləsinin onuncu hökmdarı guya 1560 il hakimiyyətdə olmuş əfsanəvi Etana
idi. «Hökmdar siyahısı» göstərir ki, Etana çoban idi. Guya o, qartal qanadı üstündə göyə qalxmış, hakimiyyət
rəmzini gətirmiş, sonra bütün ölkəni birləşdirmiş və hökmdar olmuşdur. Etana Şumer dövrü əfsanələrinin
qəhrəmanı kimi məlumdur. Əfsanədə onun qartal qanadı üstündə göyə qalxmağı təsvir edilmişdir. Kişdən
sonra Uruk şəhər-dövlətinin yüksəlişi başlandı. Uruk sülaləsi Kiş sülaləsi ilə yanaşı mövcud olmuşdur.
Birinci Uruk sülaləsinin görkəmli hökmdarları En-Merkar, Luqalbanda və Gilqameş idi. En-Merkar şərqdə
Aratta ölkəsi ilə münaqişəyə girmiş və son məqamda iqtisadi əlaqə yaratmışdı. Aratta Urmiyyə gölü hövzəsi
(Cənubi Azərbaycan) ərazisinə verilən ad idi. Arattadan Uruka qızıl, gümüş, inşaat daşı, lacivərd (lazurit) və
başqa qiymətli daşlar gətirilirdi.
Kiş dövlətinin onuncu hökmdarı Aka ilə Uruk hökmdarı Gilqameş arasında hakimiyyət uğrunda
ədavət gedirdi. Bu mübarizə «Gilqameş və Aka» poemasında geniş əks olunur. O zaman Uruk şəhərinin
ətrafına qala divarları çəkilmişdi. Məbəd və yaşayış evləri olan hissəni qoşa divar əhatə edirdi. 9.5 km
uzanan divar, torpaq və bağ sahələrini də qalanın içərisinə almışdılar. Qalanın şimal və cənubunda 3.5 m
enində darvazalar qoyulmuşdu. Qala divarlarının üzərində 800 yarımdairəvi müdafiə bürcü tikilmişdi. Qala
divarının eni 5 metrə bərabər idi.
Ur sülaləsi. Şumerdə siyasi ağalıq (hegemonluq) uğrunda mübarizəyə I Ur sülaləsinin hökmdarları da
qoşulmuşdular. Ur şəhərinin birinci hökmdarı Messanepada «Kiş şəhər-dövlətini zəbt edib Akanı taxtdan
saldı. Bundan sonra Mesanepada «Kiş hökmdarı» rütbəsini qəbul etdi. Onun varisi dövründə Uruk hökmdarı
Şumerdə ağalıq uğrunda mübarizəni gücləndirdi. Kiş yenə məğlub oldu, hegemonluq Gilqameşin əlinə keçdi.
Gilqameş dövrünün görkəmli hökmdarlarından biri olmuşdur. Şumerlər onun şərəfinə dastan da
yaratmışdılar. Bu əsər «Gilqameş haqqında dastan» adı ilə məlumdur. Burada Gilqameş yarı insan, yarı allah
kimi təsvir edilmişdir. Dastanda Uruk şəhəri qala divarının Gilqameş tərəfindən çəkilməsi göstərilir.
I Ur sülaləsi Şumer tarixində nisbətən uzun müddət qabaqcıl rol oynamışdır. E.ə. III minilliyin
ortalarında Ur şəhəri zəngin ticarət və mədəniyyət mərkəzinə çevrilmişdi. Arxeoloji qazıntılar zamanı Urda
qiymətli əşyalarla dolu «hökmdar sərdabələri» aşkar edilmişdir. 1800 qəbir içərisində Ur hökmdarı
Meskalamduq və hökmdar arvadı Şubadın (və ya Puabi) sərdabələri tapılmışdı. «Hökmdar siyahısında» və
başqa mənbələrdə bu hökmdarın adı çəkilmir, lakin dairəvi qızıl möhür üzərində «Meskalamduq, hökmdar»
sözləri yazılmışdı. Sərdabə əşyaları arasında qızıl dəbilqə, simli musiqi alətlərindən on birsimli arfa, lira,
Şubadın qızıl tacşəkilli başlığı, qızıl və gümüş qədəh, kasa və başqa qablar, xəncər, nizə, qiymətli metal və
daşlardan hazırlanmış heyvan fiqurları və s. aşkar edilmişdi. Liranın yuxarı hissəsinə lacivərddən düzəldilmiş
qızıl öküz başı birləşdirilmişdi. Qızıl əşyaların hazırlanması o dövrün zərgərlərinin yüksək peşəkarlığına
nümunədir. Qəbirlərin birində lacivərd, əqiq və sədəflə bəzədilmiş iyirmi santimetr uzunluğunda lövhə aşkar
edilmişdi. Lövhə üzərində iyirmi bəzəkli dördbucaq şəkli vardı. Dördbucaqlar üzərində yeddi növ rəsm həkk
olunmuşdu. Lövhə ilə yanaşı dairəvi oyun daşları da tapılmışdır. Bunlar hamısı müasir damanın qədim
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
60
nümunəsi kimi qəbul edilə bilər.
Ur qəbiristanlığı avadanlığı şumerlərin həyat və məişəti ilə tanış olmağa imkan yaradır. Şubadın
sərdabəsində onun 25 müşayiətçisinin cənazəsi vardı. Digər hökmdar Abarginin sərdabəsində 60 cənazə
aşkar edilmişdi. Bunlar qadın və döyüşçülərdən ibarət olmuşdur. Döyüşçülərin hər birinin əlində nizə,
başında isə tunc dəbilqə vardı. Qadın skeletləri yanında ən qiymətli bəzək əşyaları səpələnmişdi. I Ur
sülaləsinin nümayəndələri müxtəlif rütbələr, o cümlədən «Kainatın hökmdarı» rütbəsini daşıyırdılar.
Laqaş şəhər-dövləti. Laqaş erkən sülalələr dövrünün son mərhələsində (e.ə. XXV-XXIV əsrlər)
yüksəlməyə başlamışdı. E.ə. III minilliyin ortalarında Laqaş iqtisadi və siyasi çiçəklənmə dövrünə qədəm
qoymuşdu. Laqaş sülaləsinin banisi Urnanşe idi. O, Laqaş dövlətinin qüdrətinin əsasını qoydu. Barelyeflərin
(qabarıq nəqş rəsmi) birində Urnanşenin məbəd tikintisində iştirakı təsvir edilmişdir. Urnanşe öz ailəsi ilə
birlikdə təntənəli mərasimin ön cərgəsində gedir. Onun arxasınca oğullarına nisbətən daha iri təsvir edilmiş
qızı addımlayırdı. Bu, şumer qadınının ictimai həyatda tutduğu yüksək mövqe ilə izah oluna bilər. Məbəd
tikintisi, kanal çəkilməsi, taxıl quyularının qazılması, su yollarının geniş istifadə edilməsi və s. Urnanşenin
adı ilə bağlıdır.
Əvvəllər məbəd təsərrüfatı və məbəd əmlakı hökmdarın səlahiyyəti altına keçmişdi, kahinlərin məbəd
təsərrüfatı gəliri üzərində hüququ məhdudlaşdırılmışdı. Yeni hökmdar Uruinimgina məbəd torpaqlarını və
gəlirini kahinlərin sərəncamına qaytardı. Əvvəllər vergi toplayanlar özbaşınalıq edirdilər, əhalidən xeyli
müxtəlif vergilər toplayırdılar. Yeni hökmdar məbəd torpaqlarını, gəmiləri və sahilləri («limanları») vergi
toplayanlardan təmizlədi. Əvvəllər kahinlər dini mərasimlərin həyata keçirilməsi üçün əhalidən cürbəcür
vergi toplayırdılar: mərhumu dəfn etmək üçün onun ailəsindən 7 bardaq pivə, 420 kökə, bir paltar, bir çəpiş
və s. vergi alırdılar. Uruinimgina dini mərasim vergisini qaydaya saldı və verginin miqdarını xeyli azaltdı. O,
məmurların, kahinlərin, varlıların əhaliyə və yoxsullara qarşı özbaşına hərəkətlərini məhdudlaşdırdı.
Hökmdar «yoxsul ananın» bağına girib məhsulu vergi əvəzinə özbaşına götürməyi qadağan etdi. İslahatda
yoxsul və kimsəsizləri müdafiə edən ifadə işlədilmişdi: «Güclü, qul və yetimləri qoy incitməsin». Bu ifadə
sonrakı qanun külliyyatlarında da təkrar olunurdu.
Umma şəhər-dövlətinin yüksəlişi. Tədricən Umma şəhər-dövləti güclənirdi. Umma sərhəd torpaqları
üstündə Laqaş ilə uzun müddət ədavət aparmışdı. Umma hökmdarı Luqalzaqqesinin hakimiyyəti illərində
(25 il hakimiyyətdə olmuşdur) Şumeri siyasi cəhətdən birləşdirmək cəhdi göstərildi. Luqalzaqqesi ilk
növbədə Uruk şəhərini özünə tabe etdi. Bundan sonra o, Laqaşı tutdu və Uruinimginanı hakimiyyətdən saldı,
məbədləri qarət etdi. Mənbələr məlumat verirlər ki, Laqaşın süqut etməsində «Hökmdar Uruinimginanın heç
bir təqsiri yoxdur». Sənədi tərtib edən şəxs bununla Uruinimginanın islahatlarına bəraət qazandırırdı. Laqaş
dövlətinin məhv olması Luqaizaqqesinin günahı kimi qələmə verilirdi. Mənbə qeyd edirdi ki, ölkənin məhv
olmasında «Luqalzaqqesi, Umma hökmdarı təqsirkardır. Qoy onun himayədarı ilahə Nidaba onu öz günahını
daşımağa düçar etsin».
Luqalzaqqesi Uruk şəhərini paytaxta çevirdi. O öz hakimiyyətini digər Şumer şəhərlərinə yaydı. Ur,
Larsa, Nippur, Kiş tutuldu. Artıq bütün Şumer Luqalzaqqesinin hakimiyyəti altına keçdi. Cənubda o, «Aşağı
dənizə» (Fars körfəzi) kimi gəlib çatdı. Şimalda «Gün çıxandan gün batana» qədər olan ərazini (yəqin ki,
şimalda Zaqroş dağları zonasından Aralıq dənizinə kimi uzanan ərazi nəzərdə tutulur) zəbt etdi. Bununla da
Dəclə və Fərat çayları vasitəsilə «Yuxarı dənizə» yol açıldı.
Akkad dövləti
Akkad dövlətinin banisi Sarqon (e.ə. 2316-2261-ci illər) dövrünün görkəmli dövlət xadimi və
sərkərdəsi olmuşdur. Sarqon (akkadca Şarrumken) tərcümədə «həqiqi, qanuni hökmdar» deməkdir. Ehtimal
edirlər ki, o, hakimiyyəti zorla ələ keçirmişdi. Sarqon mənşəyi etibarilə aşağı sosial təbəqələrə mənsub
olmuşdur. Hələ qədimdə onun adı ilə bağlı əfsanələr yaranmışdı. Əfsanəyə görə o, Kiş hökmdarının
sarayında nökər kimi işləmişdir. Nisbətən dəqiq məlumat Sarqonun öz yazısında əks olunmuşdur: həmin
mənbə qeyd edir ki, Sarqonun anası rəiyyət təbəqəsindən idi. Sarqon atasını görməmiş, əmisi isə dağ sakini
olmuşdur. Anası onu gizli doğmuş, qamışdan hörülmüş səbətə qoyub çaya atmışdır. Səbət suçu Akkinin
bağına axmış, o, uşağı götürüb öz övladı kimi saxlamış və ona bağban peşəsini öyrətmişdi. İlahə İştar
nəvaziş göstərərək hakimiyyəti ona tapşırmışdı. Öz mənşəyi və hakimiyyətə gəlməsi barədə Sarqon belə
məlumat vermişdir.
Akkadlı Sarqonun fəaliyyəti. Hakimiyyətə gəldikdən sonra Sarqon Akkad şəhərini (Dəclə və Fərat çayları
arasında) saldırdı və onu paytaxt etdi. Akkad dövlətinin adı bu şəhərin adından götürülmüşdür. Sarqon
dövləti möhkəmləndirmək üçün bir sıra tədbirlər həyata keçirmişdi. Mərkəzləşmiş vahid Şumer və Akkad
dövləti bərqərar olduqdan sonra o, yeni kanallar çəkdirdi, Şumerdə ümumi suvarma sistemi yaratdı. Bütün
dövlət üçün vahid ölçü və çəki sistemi müəyyənləşdirdi. Bunun nəticəsində su və quru ticarəti genişləndi,
ölkədə əmtəə-pul münasibətləri inkişaf etdi. Ölkənin hərbi qüdrətini qaldırmaq üçün o, daimi ordu yaratdı.
Ordunun yenidən təşkili bir sıra uğurlu müharibələrin aparılmasına imkan verdi.
Akkadlı Sarqon nəinki bütün İkiçayarasını vahid dövlət şəklində birləşdirdi, eyni zamanda Ön
Asiyanın yeganə hegemonuna çevrildi.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
61
Sarqonun nəvəsi Naram-Suenin (e.ə. 2236-2200-cü illər) hakimiyyəti illərində Akkad dövləti yenidən
əvvəlki qüdrətə sahib oldu. Naram-Suen özünü «Akkadın allahı» adlandıran ilk hökmdar idi. O, işğalçılıq
siyasətini davam etdirməyə başladı. Naram-Suen Akkad siyasi təsir dairəsindən çıxmış bir sıra ölkələri özünə
tabe etdi... O, Subartunu və qərbdə «Sidr meşələrinə» qədər ərazini zəbt etdi və onlardan xərac aldı. Naram-
Suen Dəclə çayının şərqində yerləşən Arman vilayətini, Fərat çayının qərbindəki Ebla və Aman (şimali
Suriya) ölkələrini Akkad siyasi təsir dairəsinə saldı. «Yuxarı dənizə» (Urmiyyə gölü) kimi ərazi tutuldu.
Qudeanın (e.ə. 2133-2117) canişinliyi dövründə Laqaş daha da inkişaf tapır və bütün Şumeri idarə
edirdi. Qudea Ur-Babanın yeznəsi kimi hakimiyyətə sahib olmuşdu. Şumer canişinləri Ur şəhərindən tutmuş
Nippura qədər onun hakimiyyətinə tabe idi. Qudea öz növbəsində kutilərin canişini hesab edilirdi. Kutilərin
canişini olmasına baxmayaraq Qudea müstəqil siyasət yürütmək səlahiyyətinə malik idi. Mənbələr Qudeanı
«xeyirxah və ədalətli çoban», yaxud ensi adlandırırdı. O, luqal rütbəsini işlətmirdi. Qudea işğalçılıq
müharibələri aparmırdı, ölkənin daxilində əmin-amanlığı və dini həyatı təmin etməyə çalışırdı. Mənbələrin
məlumatına görə, Qudeanın sayəsində «həlləm-qəlləm danışan təhlükəli qadın cadugərləri şəhərdən çıxarıldı,
heç kəs qayışla döyülmürdü, heç kəsi qamçılamırdılar, ana öz oğlunu döymürdü... Laqaş daxilində mülki
iddiası olan adam heç kəsi and içməyə gətirmirdi, sələmçi azad adamın evinə girmirdi... Yeddi gün (məbədin
açılmasına həsr edilmiş günlər) arpa üyüdülmədi, kəniz xanımla bərabərləşirdi, qul ağası ilə yanaşı
addımladı... O, məbəddən rəqabəti uzaqlaşdırdı... varlı yetimi incitmədi, güclü dul qadını incitmədi...», «ağa
döyüləsi qulun başına qapaz vurmadı, xanım günah işlətmiş kənizə sillə vurmadı...» Bu mətndə Qudeanın
siyasi tədbirləri əks olunmamışdır. Belə mətnlər təbliğat naminə tərtib olunurdu. Ola bilsin ki, məbəd açılışı
zamanı yeddi gün ərzində müvafiq ayinə uyğun olaraq qul və ağalar məbəddə sosial baxımdan
«bərabərləşirdilər». Qədim sənədlər göstərir ki, qullar istismar olunurdular, ağaları ilə eyni hüquqa malik
deyildilər. Digər tərəfdən, Qudeanın canişinliyi dövründə Laqaşda və ümumiyyətlə, Şumerdə müəyyən
əmin-amanlıq yaradılmışdı. Bunu təkcə Qudeanın adı ilə bağlamaq düzgün deyildir. Yəqin ki, məhz kutilərin
hakimiyyəti Şumerdə əmin-amanlıq və dinc yaşayış şəraitini təmin etmişdi.
Belə bir şəraitdə Qudea tikinti işləri ilə daha çox məşğul olurdu. Məbəd inşasına diqqət verilirdi.
Abidələrin birindəki təsvirdə Qudea oturmuş halda, dizi üzərindəki tikiləcək məbədin layihəsini nəzərdən
keçirir. Məbəd tikintisində şumerlərdən başqa qonşular da iştirak edirdilər. Mənbə qeyd edir ki, məbəd
tikintisinə «elamlı Elamdan gəlirdi, Suz sakini Suzdan gəlirdi». Qudea bir sıra ölkələrlə ticarət əlaqələri
yaratmışdı. Ticarət vasitəsi ilə ölkəyə taxta, xüsusilə sidr, inşaat daşı, qızıl, mis, qır və s. gətirilirdi. Məbəd
tikintisi Laqaş, Nippur, Adab, Nqirsu və başqa şəhərlərdə həyata keçirilirdi. Kişi və qadınlar məbədə qurban
göndərməli idilər. Məbəd tikintisi nəinki qurban verməni genişləndirir, eyni zamanda vergilərin artırılmasına
gətirib çıxarırdı.
Bəzi mülahizələrə görə, Qudeanın hakimiyyəti dövründə Şumer ədəbiyyatı və incəsənəti çiçəklənmə
dövrünü keçirirdi. Şumer kənar ölkələr ilə iqtisadi və ticarət əlaqələri saxlayırdı. Yuxarı dənizdən (Urmiyyə
gölü) Aşağı dənizə (Fars körfəzi) qədər uzanan ticarət yollarından sərbəst istifadə edirdi. Qudea suvarma
kanallarının çəkilməsinə, əkinçilik və bağçılığın inkişafına da diqqət yetirirdi. Onun dövründə məbəd
təsərrüfatı müstəqil iqtisadi sahəyə çevrilmişdi. Mənbələr kutilərin hakimiyyəti dövründə əkin sahələrinin
məhsuldarlığından, taxıl bolluğundan, mal-qaranın saysız-hesabsız olmasından bəhs edir.
Kuti sülaləsi səksən ilə yaxın İkiçayarasını rahat və münaqişəyə rast gəlmədən idarə etmişdi. Bu
müddət ərzində İkiçayarası işğalçılıq müharibələri aparmamışdı. Təkcə canişin Qudeanın Elamın Anşan
vilayətinə hərbi dəstələr göndərməsi məlumdur. Utuhenqalın adına çıxılan kitabədə kutilərin ünvanına mənfi
ifadələr işlətmişdir. Kitabə onları «dağların zəhərli ilanı, allahlara əl qaldıran, Şumer hakimiyyətini dağlara
aparan, Şumeri ədavətlə dolduran, arvadı ərindən ayıran, övladı valideynindən ayıran, ölkədə ədavət və
hiddət yayan» adamlar kimi qələmə vermişdi. Lakin kutilərin ünvanına deyilmiş ittihamları təsdiq edən heç
bir əlavə tarixi sənəd qalmamışdır.
Ur sülaləsi. Ur-Nammu III Ur sülaləsinin (e.ə. 2112-2003-cü illər) banisi kimi məlumdur. III Ur
sülaləsi sonuncu Şumer dövləti idi. Ur-Nammunun dövləti Şumer və Akkad ənənələrini davam etdirirdi. O,
«Ur hökmdarı, Şumer və Akkad hökmdarı» rütbəsini qəbul etmişdi. Ur-Nammu Şumer və Akkad
hökmdarlarına xas olan ənənəvi inşaat işlərini davam etdirirdi. O, bütün Şumerdə məbəd tikintisini
genişləndirmiş, əzəmətli və bürclü Ur məbədini (zikkuratı) tikdirməyə başlamışdı. Bu tikinti onun oğlu Şulqi
tərəfindən başa çatdırıldı. Min beş yüz il sonra Babil hökmdarı Nabonid əzəmətli Ur zikkuratını yenidən
bərpa etdirmişdi. Ur-Nammu yeni kanallar çəkdirdi. Bunlardan Ur-Eredu su kanalı daha əhəmiyyətli idi. Bu
kanal Fars körfəzinə gətirib çıxarırdı. Ur-Nammu qanunlar külliyyatı tərtib etdirmişdi. Bu indiyə qədər
məlum olan ən qədim qanunlardan hesab edilir.
Ur-Nammu qanunları 1952-ci ildə Nippur qazıntıları zamanı tapılmışdı. Kitabə zədələndiyindən
qanunlar tam qalmamışdır. Qanunlar külliyyatı giriş və maddələrdən ibarətdir. Giriş hissəsində qanunların
allahların iradəsi ilə verildiyi qeyd olunurdu. Urnammu «allahın lütfü» sayəsində hakimiyyətə gəldiyini
söyləyir. Qanunların verilməsi və ya hakimiyyətə sahib olmaq qədim dövrdə bir qayda olaraq allahın adı ilə
bağlanılır. Ur-Nammu «ədalətli qayda-qanun» yaratdığını söyləyirdi. Onun qanunları «qoy güclü dul
|