İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
120
uzun daş mənasında işlənir. Azərbaycanda çoban daşı adı ilə məşhur olan belə abidələrə dağ və dağətəyi
zonalarında rast gəlmək olur. Onların hündürlüyü əksər hallarda bir metr və bəzən də daha çox olur.
Menhirlərə ancaq qəbiristanlıqda təsadüf edilir. Arxeoloqlar müəyyən etmişlər ki, menhirlər tunc dövründən
sonra öz əhəmiyyətini itirmiş tarixi abidələrdir. Qədim qəbiristanlıqlarda cərgələrlə düzülmüş bu şaquli,
yonulmamış daşlar ölülər kultu ilə əlaqədar olmuşdur. Belə güman edilir ki, hər daş ölən adamı təmsil edərək
onu bu dünyada guya əbədi olaraq yaşadacaqmış. Göründüyü kimi, menhirlər ilk insan heykəlləridir, xatirə
səciyyəli abidələrdir. Maraqlıdır ki, tədqiqatçılar belə daşlar arasında, ibtidai şəkildə olsa da, kişi və qadın
heykəllərinə rast gəlmişlər.
Qədim Azərbaycanda uzun zaman istehsal alətlərinin sabitliyi, ictimai formasiyaların dəyişməməyi
nəticəsində əmələ gəlmiş konservatizm, köhnəliyə, keçmişə pərəstiş əhval-ruhiyyəsi qüvvətli şəkil alır və
ibtidai insanların mənəvi aləminə, şüuruna, ideologiyasına təsir edirdi. Bunun nəticəsində ortaya çıxmış
atalar kutu ibtidai icma, qəbilə ağsaqqallarına, başçılarına qarşı daimi hörmət və pərəstişi qanuniləşdirmişdi.
Ağsaqqallara sözsüz tabelik və pərəstiş onlar öləndən sonra da davam edirdi. Tez-tez onların qəbrinə yemək
qoymaq, çətin günlərdə məsləhət almaq üçün onların qəbrinə müraciət etmək atalar kultunun, əcdad kultunun
nəticəsi idi. Odur ki, qədim insanlar qəbiristanlıqdakı menhirlərin altında dəfn edilmiş babaların köməyinə
inanır, torpağın münbitliyi, yağışın çoxluğu, məhsulun bolluğu işində onların iradəsinin həlledici roluna
etiqad edirdilər. Bu etiqad ikinci bir əqidəni - ölülər kultunu yaratmış oldu. Ənənəvi olaraq davam etmiş bu
ideologiyanın, konservatizmin təsirinin nəticəsidir ki, Azərbaycanın bir çox rayonlarında qədim menhirlər
müqəddəsləşdirilmiş və indi də pir kimi tanınmaqdadır.
Menhirlərin Azərbaycanda dəmir dövrünün sonunda (e. ə. I minilliyin sonu, eramızın ilk əsrləri)
yaradılmış insan heykəlləri ilə müəyyən yaxınlığı vardır. Bunu aydınlaşdırmaq üçün bir daha ulu
babalarımızın yaratmış olduğu və Şamaxı rayonundan (Xınıslı, Dağkolanı və digər kəndlərdən) tapılmış daş
heykəlləri nəzərdən keçirək. Belə heykəllər döyüşçülərin qəbri üstündə qoyularmış. Menhirlərdə olduğu
kimi, bu heykəllər də ölmüş döyüşçünün özünü təmsil edirdi. Bu heykəllərin qoyulmasından məqsəd elən
adamın ruhunun gəlib həmin daş fiqurda qərar tutması üçün şərait yaratmaq idi. Beləliklə, qədim dəfn
ayininə əsasən mərhumun özü də öz dəfn mərasimində iştirak edə bilirdi.
Göründüyü kimi, menhirlər ilə qədim türk heykəllərinin ideoloji əsası eynidir. Hər ikisi animistik
təsəvvürə, insan öləndən sonra onun ruhunun əbədi yaşayacağı təsəvvürünə əsaslanır. Bu baxımdan güman
etmək olar ki, haqqında danışdığımız oğuz heykəlləri daha qədim olan menhirlərin davamıdır. Menhirlər və
daş heykəllər xalqımızın ən qədim memorial-xatirə abidələrindəndir.
Azərbaycan ərazisində menhirlərə bənzər, lakin başqa kult ilə, fallos kultu ilə əlaqədar olaraq
yaradılmış daşlar da vardır. Fallekolit daşlara Ağdam rayonunda təsadüf edilir. Onlar su arxları, bərəkət və
məhsuldarlıq əqidəsi ilə bağlı abidələrdir.
Balıq kultu Azərbaycanda ən qədim kultlardandır. O, su təsərrüfatı və əkinçiliyin inkişafı ilə əlaqədar
olaraq ortaya çıxmışdır. Balıq bolluq, bərəkət və var-dövlət simvolu kimi həmişə bahar və məhsuldarlıq
bayramında süfrəmizin bəzəyi olmuşdur.
Qədim menhirlər və fallekolit daşlar sonralar yaranmış, hər dərdin əlacını «verən», hər arzunu yerinə
«yetirən» pirlərin ideoloji əsası və onların ilk ibtidai formaları olmuşdur. Belə «müqəddəs» abidələrin
şərəfinə qurban kəsmək ənənəsinin də kökləri çox qədimdir.
Dolmenlər daşların şaquli vəziyyətdə yerə basdırılması nəticəsində yaranmış, hər tərəfi bağlı düzbucaq
qəbirlərdir. Onların üstü sal daşla örtülür. Dolmen termini tol (masa) və men (daş) fransız sözlərinin
birləşməsindən alınmışdır. Onların qurulmasında 10 t ağırlığı olan nəhəng daşlardan istifadə edilmişdir. Bu
qəbirlər tək, ikimərtəbəli və dəhlizlə birləşən qəbirlər sırası şəklində olur. Belə abidələr tunc və ilk dəmir
dövrünün maraqlı memarlıq tiplərindəndir. Dolmenlərdən ibtidai icma quruluşunun məbədləri kimi də
istifadə edilmişdir. Dolmenlər icma ağsaqqallarının axirət evi kimi yaradılmışdır. Ona görə də onların ön
tərəfindəki daşda dairəvi və ya oval şəkilli çox kiçik bir pəncərə nəzərə çarpır. Ölülərin ruhu guya bu
pəncərədən həm içəri girib çıxırmış, həm də buradan onlara yemək və içmək verilirmiş. Güman edilir ki,
qədim insanlar dolmenlərdən yaşayış mənzili kimi də istifadə edirmişlər.
Belə abidələrə Avropa, İran, Hindistan, Koreya, Yaponiya, Krım, Qafqazın Qara dəniz sahilində və
Azərbaycanda rast gəlmək olur. Fransız alimi Jak de Morqan Lənkəran rayonunun Görükdi kəndi
yaxınlığında ikimərtəbəli dolmenləri tapmış və ilk dəfə onların elmi, tarixi və dini mahiyyəti haqqında
məlumat vermişdir.
Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyasına və ruhun ölməzliyinə inanmaq ideyası
ənənəvi olaraq zəmanəmizə qədər gəlib çıxmışdır. Buna misal olaraq Şamaxıdakı «Dədə-günəş» pirinə
gəlmiş ziyarətçilərin gedərkən balaca daşlardan evlər tikməsini göstərmək olar. Guya bu evlər xəstələrin
öləndən sonra axirət dünyasında yaşamasına xidmət edəcəkmiş.
Bu pirin adı təsadüfi olaraq «Dədə-günəş» adlandırılmamışdır. Günəş kultu Azərbaycanın ən qədim
kultlarındandır. Bu kult tunc dövründə çox böyük tərəqqi tapmışdı. Dədələr (atalar) kultu ortaya çıxandan
sonra, dədələr də günəş qüdrətli, onun kimi himayəkar hesab edilir və ona görə də onların adı çox zaman
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
121
günəş sözü ilə yanaşı çəkilirdi. Sonralar pir şəklinə düşmüş qədim abidənin hər iki kultun adı ilə adlanması
göstərir ki, onlar çox yaxın və bir-birini əvəz edən ən qədim kultlar olmuşdur.
Kromlexlər neolit və başlıca olaraq tunc dövründə yaradılmış çevrə boyu, şaquli şəkildə əzəmətli
daşlardan düzəlmiş abidələrdir. Kromlex fransızca krom (çevrə) və lex (daş) sözlərinin birləşməsindən
alınmışdır. Onlar bir çevrə və yaxud bir neçə konsentrik çevrələr formasında olur. Belə abidələrin
hündürlüyü 6-7 metr, diametri isə 100 metrə qədərdir. Bəzən kromlexlərin ortasında dolmen və yaxud
menhir də olur. Kromlexlərin yanında menhirlər sırasına da rast gəlmək olur. Kromlexlərin sahəsi qazılarkən
qəbirlər, daş baltalar, gil qablar, əl dəyirmanı daşı və s. tapılır. Belə abidələr Asiya, Amerika, Avropa və
Zaqafqaziyada aşkar edilmişdir. Güman edilir ki, kromlexlər dəfn mərasimlərinin icra edilməsi və yaxud dini
ayinlərin keçirilməsi üçün icma tərəfindən qurulmuş abidələrdir. Onların günəş kultu ilə əlaqədar olması və
günəş məbədi vəzifəsini daşıması haqqında da nəzəriyyə mövcuddur. Kromlexlərin çevrə formasında olması,
görünür, onların günəş kultu ilə olan yaxınlığından irəli gəlmişdir.
Kromlexlərə Azərbaycan ərazisində də təsadüf edilir. Qobustanın «Böyükdaş» adlanan hissəsində
qayalıqların ətəyində nisbətən düzənlik sahədə diametri 21 m olan belə bir abidə mövcuddur. Onun
mərkəzində tək daş, ətrafında isə çevrə boyu daşlar qoyulmuşdur. Hələlik bu abidənin daxilində və ətrafında
arxeoloji qazıntı işləri aparılmadığından onun haqqında ətraflı danışmaq mümkün deyil, Belə kromlexlər
Abşeronda, Şüvəlan kəndinin kənarında, «Ağ daş» deyilən yerdə daha çox tikilmişdir. Bir-birinə yaxın
məsafədə qurulmuş bu kromlexlərin daşları üzə-rində müxtəlif ayinlərlə əlaqədar olan cızma üsulu ilə
çəkilmiş heyvan və insan rəsmləri vardır.
Siklopik tikintilər Azərbaycanda daha geniş miqyasda yayılmış meqalitik abidələrdir. Belə abidələr
qədim Yunanıstanda da çox olmuş və yunan əsa-tirləri ilə əlaqələndirilmişdir; guya bu əzəmətli tikintilər
siklop adlanan nəhəng və təkgöz (təpəgöz) insanlar tərəfindən yaradılmışdır. Elə buna görə də həmin
tikintilər siklopik tikintilər adlanır. Siklopik tikintilər inşaat məhlulu işlədilmədən çox böyük daşlardan
əmələ gəlmişdir. Daşların uzunluğu bəzən 2 metrə qədər olur.
Siklopik tikintilərə dünyanın hər yerində, o cümlədən Zaqafqaziyada, Krımda, Tacikistan və Sibirdə
rast gəlmək olar.
Zaqafqaziyadakı ən qədim siklopik tikintilər tunc dövrünə (e. ə. III-II minilliklər) aid edilir. Urartu
dövlətinin Tuşpa, Topraqqala, Teyşebaini və s. siklopik abidələri isə ilk dəmir dövrünün (e. ə. X-IX əsrlər)
məhsuludur.
Azərbaycanın dağlıq rayonlarında 120-yə qədər, əsasən, dairəvi formada, nəhəng daşlardan, suvaqsız
tikilmiş siklopik abidələr nəzərdən keçirilmişdir. Onlar Naxçıvan, Gədəbəy, Şəmkir, Tovuz rayonlarında
daha çox yayılmışdır. Xalq arasında belə tikintilərə «qalaça», «qalacıq», «hörük» və «hörükdaş» deyilir.
Həmin tikintilər bəzən bir, bəzən də iki-üç divarla əhatə olunur. Azərbaycan ərazisindəki siklopik tikintilər
yonulmamış kobud daşlardan hörülmüşdür. Lakin nadir hallarda yonulmuş daşlarla sıx hörülmüş abidələrə
də rast gəlirik. Bu tipli abidələrin daha sonralar (dəmir dövrünün ortalarında və eramızın başlanğıcında)
tikildiyini güman etmək olar.
Azərbaycanın siklopik tikintilərinin nə məqsədlə tikildiyi haqqında müxtəlif fikirlər vardır.
Arxeoloqlarımız bu abidələri üç qrupa bölmüşlər:
1. həcmcə çox böyük olan istehkamlardan dinc dövrdə yaşayış məskəni kimi, müharibə zamanı isə
əhalinin və mal-qaranın müdafiəsi üçün istifadə edilmişdir.
2. həcmcə kiçik olan siklopik tikintilər müharibə vaxtı qala vəzifəsini görüb, müdafiə xarakteri
daşımışdır.
3. Dağ yerlərində müvəqqəti məqsədlərə xidmət etməkdən ötrü yaradılmış kiçik siklopik abidələrdən
isə mal-qaranı saxlamaq, qorumaq üçün bir ağıl (çəpər) kimi istifadə edilmişdir.
Daş qutu qəbirlər. Yuxarı Qarabağda, Gədəbəy, Lənkəran və başqa rayonlarda yayılan 3 min illik
tarixə malik olan bu abidələr meqalitik abidələrin xüsusi bir növüdür. Bu nəhəng qəbirlərin içərisi səliqə ilə
yonulub sandıq halına salınmış və üstü tava daşla örtülmüşdür. Güman etmək olar ki, bu qəbirlər ilk siklopik
tikintilərlə bir zamanda yaradılmışdır. İbtidai icma quruluşunun adamları yaşamaq, dini mərasim keçirmək,
müdafiə olunmaq üçün əzəmətli tikintilər yaradarkən elə təsəvvür edirdilər ki, onların ölüləri də axirət
dünyasında belə nəhəng daş evlərdə yaşamalıdırlar. Bunun nəticəsidir ki, qədim əcdadlarımız ölülərini
nəhəng daş qutularda dəfn etməyi lazım bilirdilər. Belə daş qutu qəbirlərin üstündə isə daha əzəmətli
görünən kurqanlar tikirdilər.
Kurqanlar. Kurqan türk sözüdür. O öz mənşəyinə görə kor (qəbir), qurğu, qoruq sözləri ilə əlaqədardır.
Kurqanlar ölülərin qəbirləri («axirət evləri») üzərində ucaldılmış konusvarı təpələrdən ibarətdir. Qədim
Azərbaycanda belə bir formanı əldə etmək üçün içərisində bir və bir neçə meyit dəfn edilmiş qəbrin divarları
düzbucaqlı formada daşla tikiləndən sonra onun üstünə kvadrat şəkilli ağac haşiyələr qoyulurmuş. Belə ki,
kurqanın konusvarı formada alınması üçün aşağıdan birinci haşiyə böyük, onun üstündəki haşiyələr isə
yuxarı getdikcə daha kiçik ölçülü olmalı idi. Nəticədə əmələ gəlmiş pilləli ağac konus əvvəlcə taxta ilə, daha
sonra isə torpaqla örtülürdü. Konusvarı kurqanlar bizə qədim Misir piramidalarını xatırladır. Yuxarı
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
122
Qarabağda üstü çay daşı ilə örtülmüş kurqanlara da rast gəlirik. Onların hündürlüyü müxtəlifdir. Çox zaman
hündür bir kurqanın ətrafında alçaq kurqanların yerləşdiyi də müşahidə olunur.
Azərbaycanın dağətəyi və düzənlik yerlərində geniş yayılmış kurqanlar müxtəlif dövrlərin
məhsuludur. İctimai dövrlər dəyişdikcə bu qəbirlərin forması da bir qədər dəyişilmiş və yeniləşmişdir.
Məsələn, eneolit, mis-daş dövrünün (e. z. IV minillik. və III minilliyin birinci yarısı) kurqanlarında qəbirlər
dairəvi şəkildə qazılandan sonra divarları daşla hörülərdi və xəndəklə əhatə olunardı. İlk tunc dövründə (e. ə.
III minilliyin ikinci yarısı) kurqanların içindəki qəbirlər kvadrat şəklini almış, son tunc dövründə (e. ə. II
minilliyin ikinci yarısı) isə qazıma qəbirlər əvəzinə süni qəbirlər-kvadrat formalı qazıma daxmalar
yaradılmışdır. Həmin daxmalar bəzən bir neçə mərtəbəli olurdu, birinci mərtəbədə ölü dəfn edildiyi halda,
ikinci, üçüncü mərtəbələrdə mərhumun «axirət dünyasında» rahat yaşaması üçün lazım olan avadanlıq
qoyulurdu. Bu dövrün kurqanlarında qəbirlərdən başqa qurban qoyulan yerlər-qurbangahlar üçün də xüsusi
yerlər ayrılırdı ki, bu da daşla haşiyələnmiş kvadratşəkilli çalalardan ibarətdir. Bu qurbangahlarda əcdadların,
ölülərin ruhu və xeyirxah ruhlar üçün yemək, içmək şəklində qurbanlar qoyularmış.
Azərbaycanda rast gəldiyimiz kurqanların hündürlüyü I metrdən 14-16 metrə qədər olduğu halda,
onların diametri əksər hallarda, 2-3 metrdən 18-22 metrə qədər çatır. Nadir hallarda isə onların hündürlüyü
25 metrə çatır.
Kurqanlar «axirət dünyası» ideyasına xidmət edən memarlıq abidələridir.
Arxeoloq Y. İ. Hummel Xanlar rayonunun kurqanlarını tədqiq edərkən, onların səpələnmiş halda
deyil, müəyyən ərazidə toplanmasına diqqət yetirmişdir. O, qərara gəlmişdir ki, bütün qəbirlər müəyyən bir
nöqtə ətrafında - günəş şüasının çevrə boyu yayılması istiqamətində tikilmişdir. Onun kəşf etdiyi bu
qanunauyğunluq «şəfəq sistemi» adını almışdır. Alimlər bu sistemin Orta Asiya kurqanlarına da aid olduğu
fikrini irəli sürmüşlər.
Maraqlı cəhət burasıdır ki, kurqanların quruluşu, ağac haşiyələrlə və onun üstündən də torpaq ilə
örtülməsi, onları Azərbaycanda geniş yayılmış qaradam adlı yaşayış evləri ilə bağlayır. Ayrımların yaşayış
evi olan qaradamların üstünün bu üsulla örtülməsi göstərir ki, onlar da kurqanlar qədər qədim tikintilərdir.
Məlum olur ki, qədim əcdadlarımız ilk qaradamlarda yaşadıqları vaxtlarda «axirət evlərini» - qəbirlərini,
kurqanlarını da qaradama bənzətməyə çalışmışlar. Ruhun əbədiliyinə, ölməzliyinə inanan ibtidai insanlar
qəbirləri öləndən sonra özləri üçün daimi mənzil hesab edirdilər.
Yaşayış tikintiləri. Arxeoloqlar müəyyən etmişlər ki, Azərbaycanın qədim yaşayış binaları qazıma və
qara-damlardan ibarət olmuşdur.
Tunc dövründə, eramızdan min il əvvəl tikildiyi güman edilən qazımaların yarısı torpağın altında
yerləşirdi. Divarları və arakəsmələri yonulmamış çay daşından tikilmiş bir qazıma aşkar edilmişdir. Bu
binanın içərisi çox böyük, yəni uzunluğu 17-18 m olduğu üçün onu «çox-ailəli» evlər tipinə daxil etmişlər.
Lakin həmin qazmanın ancaq bir giriş yolu olması onun bir ailəyə məxsus olduğunu göstərir. Binanın dörd
bölmədən ibarət tikilməsi orada yaşamış ailənin böyüklüyünə, ailə başçısının oğlanları ilə birlikdə
yaşamasına işarədir.
Süni mağaralardan yarandığı güman edilən qaradamların Azərbaycanda yayılması tunc dövrünə
təsadüf edir. Çiy kərpicdən tikilmiş belə binalar Mingəçevirdə tapılmışdır. Onların 3500-4000 illik qədim bir
tarixi vardır.
Qaradam tipli yaşayış evlərinin qalıqlarına indi də rast gəlmək olar. Onların qaradam adlanması
güman ki, evin içərisinin qaranlıq olması ilə əlaqədardır. Belə evlərdə xarici mühitlə əlaqə ancaq qapı və
baca vasitəsi ilə yaradılırdı. Evlər bir qayda olaraq yoxuşa söykəndiyindən xaricə pəncərə açmaq mümkün
olmurdu. Bu tip evlərin tikilməsində yerin relyefindən istifadə edilməsi, onların təpələrə söykədilməsi
mənzilin yayda sərin, qış-da isə isti olmasına kömək etmişdir. Qaradamın təpə şəkilli damından aşağı axan
yağış sularının evə tökülməməyi üçün qapının üstündə xüsusi örtük qoyulurdu.
Tunc dövründə, eramızdan iki min il əvvəl Azərbaycanda çiy kərpicin geniş yayılmış inşaat materialı
kimi işlədilməsini göstərən tikintilər də tapılmışdır. Ağdamın «Üzərliktəpə» deyilən yerindən qazılıb
çıxarılmış tikintinin qalıqlarını buna misal göstərmək olar. Onun 20 metrə qədər uzanan enli divarları vaxtilə
buranın yaşayış yeri olduğunu göstərir. Divarların çiy kərpiclə tikilməsində məhluldan istifadə edilmişdir.
Şimali Azərbaycanda olan qədim tikintiləri öyrənmək üçün yaşayış binalarının tikinti qalıqlarından
əlavə qaya təsvirlərinə, müxtəlif tipli modellərə də müraciət etmək lazımdır. Bu cəhətdən Mingəçevirdən
tapılmış tunc dövrünün araba modelləri səciyyəvidir. həmin modellərdə o dövrün yaşayış binalarının bir çox
əsas xüsusiyyətləri əks olunmuşdur. Bu modellərdən görünür ki, ikitəkərli arabaları quraşdırarkən insanlar
yaşadıqları evlərin xüsusiyyətlərini nəzərə almışlar.
Mingəçevir araba modellərinin quruluşu, əksəriyyətlə, konus şəklində olub, alaçıqları xatırladır.
Onların aşağı hissəsində qapısı, yuxarısında isə baca kimi istifadə olunan sivri formalı damı vardır. Gildən
hazırlanmış belə araba modellərinin xarici səthi dairəvi cızma xətlərlə bəzədilmişdir.
Daha sonrakı Midiya dövləti dövründə (e. ə. VII-VI əsrlər) Cənubi Azərbaycanda nəhəng və bəzəkli
müdafiə tikintiləri ilə yanaşı saraylar və yaşayış binaları da yaradılmışdır.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
123
Qədim yunan tarixçisi Herodotun verdiyi məlumata görə, Midiyanın paytaxtı Ekbatan (indiki
Həmədan) şəhərində əzəmətli bir saray var imiş. Bu sarayda hündür taxta sütunlardan, memarlıq ünsürlərinin
bəzəyində qızıl və gümüşdən istifadə edildiyindən bina olduqca cazibədar bir görkəmə malik idi.
Mütəxəssislər güman edirlər ki, bu dövrdə ant tipli yaşayış binaları yaranmağa başlamışdır. Qarşısında
eyvan olan evlərə ant tipli binalar deyilir. Bu tikintilərdə eyvanların əmələ gəlməsi üçün fasadda ön tərəfdən
kənar divarlar irəliyə doğru uzadılmışdır. Sonrakı dövrlərdə ant tipli binalar Azərbaycanda çox geniş
yayılaraq bir və ikimərtəbəli eyvanlı yaşayış evlərinin ortaya çıxmasına səbəb olmuşdur. Bundan başqa,
qülləvarı yaşayış evləri də tikilirmiş. Məsələn Kişessu adlı Midiya şəhəri qülləli binalardan ibarət olmuşdur.
Qədim Midiya ərazisində çox geniş yayılmış tikintilərə misal olaraq, qaya məqbərələrini və
atəşpərəstlik məbədlərini də qeyd edə bilərik.
Qayalarda qazılmış məqbərələrin fasadı ant tipli yaşayış binalarını xatırladır. Onların divarları insan
təsvirlərindən ibarət olan qabartmalarla bəzədilirdi. Məqbərənin qarşı tərəfində yerləşən dəhlizdən sərdabə
hissəsinə daxil olmaq üçün yol düzəldilirdi. Bəzi qaya məqbərələrinin dəhlizində sütunlar qoyulurdu. Onların
yuxarısı, yunan memarlığında olduğu kimi, antablement hissə ilə bitirdi.
Midiya atəşpərəstliyin mərkəzi hesab edilirdi. Bununla əlaqədar olaraq dini binalar-məbədlər, atəş
ibadətgahları o vaxtın çox yayılmış memarlıq tikintilərindən hesab edilir. Belə ibadətgahlar kiçik kürsülük
üzərində ucalırdı. İbadətgahın ön tərəfində bir taxça tikilir və taxçanın yuxarısı karniz şəklində olurdu. Dini
mərasimlər, ayinlər belə atəşgahların qarşısında, açıq havada keçirilirdi.
Midiya ərazisində çoxlu şəhər olması, orada şəhərsalma işlərinin geniş miqyasda aparıldığını nəzərə
çarpdırır. Yunan tarixçilərinin əsərlərində Ekbatan (paytaxt), Zombis, Patiqran, Qazata (ərəb mənbələrində
Ğənzə), Kiropolis, Evron, Arzakiya (yaxud Riqa) və Herakleya kimi Midiya şəhərlərinin adları çəkilir.
Qaya təsvirləri. Qaya təsvirlərinə petroqlif deyilir. Bu termin yunan dilində petros-daş, qlif- oyma,
cızma sözlərinin birləşməsindən əmələ gəlmişdir. Petroqliflərə Orta Asiyada, Sibirdə, Uralda, Krımda,
Azərbaycanda, digər yerlərdə rast gəlmək olar. Petroqliflər bizi qədim əcdadlarımızın yaşayış yerləri,
təsərrüfat formaları, həyat tərzi, məişət xüsusiyyətləri, dini təsəvvürləri və bədii təfəkkür səviyyəsi ilə tanış
edir.
Qobustan qayalıqlarından və Abşeronun Şüvəlan qəsəbəsindən, Ordubad yaylaqlarından və Kəlbəcər
dağlarından tapılmış qaya təsvirləri bu rayonlarda yaşamış qədim insanların qoyub getmiş olduğu dəyərli
mədəniyyət və incəsənət abidələridir.
Qobustan-Baş Qafqaz sıra dağlarının cənub-şərq qurtaracağında yerləşmişdir. Buradakı qaya təsvirləri
bir-birindən uzaq, ayrı-ayrı yerlərdə yerləşmiş qayalıqlar üzərində iti daşla cızılmışdır. Bu qayalıqlara yerli
əhali «Böyükdaş», «Kiçikdaş», «Cingirdağ», «Şonqardağ», «Şıxqaya» və «Daşqışlaq» adı vermişdir. Həmin
qayalıqlar Bakıdan 50-60 km cənubda, Xəzər dənizinin yaxınlığında yerləşir.
Bu qaya təsvirləri haqqında alimlər tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür. Bəziləri onların dini
ayinlərin keçirilməsində mühüm vasitə olduğunu göstərir, digərləri isə bu təsvirləri ovda müvəffəqiyyət
qazanmaq üçün icra edilən iş magiyası (sehrkarlığı) ilə əlaqələndirərək onların incəsənət mahiyyətini inkar
edirlər.
Petroqliflərin anlaşılması üçün onlara öz dövrlərinin tələbləri, ehtiyacları cəhətdən yanaşmaq lazımdır.
Daş dövründə insanların başlıca məqsədi qida əldə etmək idi. İbtidai insanlar artıq qidalanmaq üçün
mübarizənin, yaxşı atıb, sərrast vurmağın başlıca şərt olduğunu dərk edə bilmişdilər. Odur ki, ən ibtidai şüur
səviyyəsində olanda belə ağıllarından, hiylələrindən çox, qollarının gücünə və gözlərinə arxayın olurdular.
Buna görə də qədim əcdadlarımız ovlayacaqları heyvanın gücünü, qaçmaq bacarığını yaxşı öyrəndikdən
sonra onunla mübarizəyə hazırlaşırdılar. Bu hazırlıq dövründə ovu uzaqdan yaxşı müşahidə etmiş ovçular
qaya üzərində onun konturlu şəklini çəkirdilər. Beləliklə də, onlar ovlanacaq heyvanı daha yaxşı öyrəndikcə,
ovun müvəffəqiyyətli keçəcəyinə daha çox inanırdılar. Bu ideyadan ruhlanan ibtidai adamlar ovun şəklini
nizə, yaxud oxla vuraraq qəbilə qarşısında ovda neçə iştirak edəcəyini nümayiş etdirirdilər. Bu proses əslində
ova gedəcək adamların «döyüş» məşqi idi. Söz yox ki, bu məşqlərin böyük mənəvi-ruhi xeyrindən başqa,
təcrübə əhəmiyyəti də var idi. Ovçular bu hazırlıqda sərrast atmağı və vurmağı da öyrənirdilər. Təsadüfi
deyil ki, Qobustanın bu dövrə aid böyük öküz rəsmlərində nizə və ox izləri indi də görünür.
Hər dəfə belə məşqlər keçəndən sonra ovda müvəffəqiyyət qazanan ibtidai insanlar getdikcə bu fikrə
gəlmişlər ki, heyvanın rəsmi qayada cızılmasaydı, o ovlanmayacaqdı. Beləliklə, əvvəllər heyvan rəsmlərinin
cızılmasına gələcək ov səbəb olmuşdusa, sonralar bu məsələ tərsinə dərk edilir, yəni heyvanın şəkli
çəkilməyincə, ovun baş tutacağına ümid olmurdu. Ancaq bu ikinci mərhələni iş, istehsal magiyası hesab
etmək olar. Lakin belə magik, sehrli təsəvvürün əmələ gəlməsi üçün əcdadlarımızın nə qədər uzun bir dövr
keçmiş olduğunu nəzərə almaq lazımdır. Bu sehrkarlıq mis-daş dövrünün məhsulu idi.
Daş dövrünün rəsmlərində öküzlər kontur cizgiləri vasitəsi ilə çəkilirdi. Siluet rəsm üsulu insan
təsvirlərində görünür, kişilər əlində ox, kürəyində kaman olduğu halda, əzəmətli surətlər şəklində rəsm
edilirdi. Petroqliflərdə kişilər kobud, lakin hündür və döyüşkən bir vəziyyətdə əks edilmişdir.
Bu rəsmlərdən bilinir ki, insanların qiyməti onların ibtidai icma quruluşuna verdikləri əməli fayda ilə
|