FƏLƏSTİN
Fələstində samilərdən əvvəlki dövrlərdə yaşamış əhali barədə arxeoloji qazıntılar və Tövratda əks
olunmuş materiallar məlumat verir. Ərəbistan yarımadasından Mesopotamiyaya üz tutan sami qəbilələri
Fələstindən keçib gedirmiş. Şimaldan əks istiqamətdə hirrilər, sonrakı dövrlərdə hetlər hərəkət edirmiş.
Fələstində VIII-V minilliklərə aid neolit məskənləri aşkar edilmişdir. Fələstin əhalisinin böyük hissəsini
qərbi sami qrupuna məxsus hanaanlar və onların bir boyu olan amorilər təşkil edirdi. Ümumi yəhudi adı ilə
məlum olan samilərin növbəti köçü mənşəyinə görə amorilərə yaxın idi. Onlar yəhudi və israilli boylarına
bölünürdülər. Bu qrupa müxtəlif yəhudi ləhcələrində danışan ammoni, moavi və edomi qəbilələri yaxın idi.
Aralarında qanlı toqquşmalar baş verirdi. Tövrat həmin qəbilələrin yəhudi və israillilərlə etnik yaxınlığından
xəbər verir.
Tövratda yəhudi və israillilərin Misirə köçməsi, onların Musa peyğəmbərin başçılığı altında Misiri
tərk etməsi, Sinay səhrasında 40 il dolaşdıqdan sonra Fələstinə qayıtması təsvir olunur. E.ə. XIII əsrdə onlar
artıq bir neçə qala istisna olmaqla (o cümlədən Qüds) Fələstinin böyük hissəsini tutub bu ərazilərdə
məskunlaşırlar. Yəhudi və israillilərlə eyni zamanda Fələstində ehtimal ki, Krit mənşəli filistin qəbilələri də
məskunlaşırlar. Filistinlilər Fələstin mədəniyyəti və iqtisadiyyatında böyük rol oynamışlar. Yerli etnoslar
dəmir emalını onlardan öyrənmişdi.
Fələstinin sahil zolağını zəbt etmiş filistinlilər yəhudi və hanaanlarla amansız müharibələr aparırdılar.
Qısa barışıq dövrlərində qarşılıqlı mədəni əlaqələr yaranırdı.
İsraillilər ölkənin bağçılıq və əkinçiliyin inkişaf etdiyi şimal bölgəsində, yəhudilər isə oturaq
maldarlığın üstünlük təşkil etdiyi cənub bölgəsində məskunlaşmışdılar.
Davudun dövründə əhalinin siyahıya alınması keçirildi. Davud filistinliləri bir neçə dəfə döyüşdə
məğlub etdi, qərb sərhədlərini möhkəmləndirdi, şərq, şimal-şərq və cənubda bir neçə qonşu dövləti işğal edib
ölkə ərazisini genişləndirdi. Edumun zəbt olunması Akab körfəzinin limanlarına çıxmaq imkanı verdi.
Davud Hanaan şəhəri Qüdsü tutub ölkənin paytaxtı elan etdi.
Davudun oğlu Süleymanın hakimiyyəti dövründə dövlət aparatı möhkəmləndirildi. Misir, Finikiya,
Suriya və cənubi Ərəbistanla ticarət əlaqələri quruldu. İnşaat işləri vüsət aldı, Finikiyadan peşəkar memar və
nəqqaşlar dəvət olundular. Qüdsdə möhtəşəm Yahve məbədi və gözəl imarətlər tikildi.
Şərqi Aralıq dənizi ölkələrinin mədəniyyəti yerli kənani tayfalarının nailiyyəti əsasında inkişaf
tapmışdı. İlk zamanlar Misir və İkiçayarası mədəniyyətinin burada güclü təsiri olmuşdu. Əhali qonşu
xalqların yüksək mədəniyyətini yerli mühitə uyğun tətbiq edirdi. Bunun nəticəsində Şərqi Aralıq dənizi
ölkələrinin əhalisi özünəməxsus mədəniyyət yaratmışdı. İncəsənət sahəsində müəyyən nailiyyətlər əldə
etmişdilər. E.ə. II minillikdə qala və məbəd tikintiləri geniş yayılmışdı. Məbəd divarlarında təsvirlər
verilmirdi. E.ə. VIII-VI əsrlərdə Yerusəlim (Qüds) kahinləri insan və heyvanların təsvirini qadağan
etmişdilər. Hətta allah Yahve belə təsvir olunmurdu. Allah və müqəddəslərin şəklinin qadağan edilməsi
İslam dinində də qalmışdır.
Şərqi Aralıq dənizi əhalisi əlifba sistemli yazı yaratmışdılar. E.ə. II minillikdə burada Misir heroqlif
yazısından və İkiçayarasının mixi yazılarından istifadə edirdilər. Həmin dövrdə Bibldə 100 işarədən ibarət
hecalı yazı növü icad etmişdilər. Bu protobibl yazısı adlanır. Bu işarələri yadda saxlamaq daha asan idi.
Protobibl yazı işarələri yeni yazı sisteminin yaradılmasına təsir göstərdi. İşarələrin sayını azaldıb sait səsləri
ləğv etməyə başladılar. Saitlə samit səslər bir işarədə əks olunurdu. Bunun nəticəsində sadələşdirilmiş yazı
sistemi yaradıldı. Uqaritdə belə yazılı hərflərin sayı 30-a çatırdı. Finikiya yazısı təkmilləşmiş əlifba sistemi
təşkil edirdi. Finikiya əlifbası yəhudi və aramilər tərəfindən qəbul edildi. Aramilər isə bu əlifbanı Hindistan
və mərkəzi Asiyaya kimi yaydılar. Qərbdə yunanlar müəyyən dəyişikliklər etməklə Finikiya əlifbasını
mənimsədilər. Yunanlar bu əlifbanı soldan sağa yazmağa başladılar və bir neçə sait səsi əlavə etdilər. Bir sıra
hərf adları Finikiya adlarını saxlamışdı. Məsələn, "əlif (Finikiya dilində "öküz" deməkdir), "beta" (həmin
dildə "ev" deməkdir). Beləliklə, Finikiya əlifbası qərb və şərq əlifba sisteminin ilk nümunəsi olmuşdur.
Şərqi Aralıq dənizi əhalisinin dini təsəvvürləri müxtəlif olmuşdur. İlk əvvəl vahid panteon mövcud
deyildi. Hər şəhərin özünəməxsus allahı vardı. Onlar müxtəlif adlar daşıyırdılar. Adətən bu allahlar Baal
(ağa), yaxud El (allah), bəzən Melek və ya Molox (hökmdar) adlanırdılar. Bibldə Adon (yunan allahı
Adonis) allahına sitayiş geniş yayılmışdı. O, ölən və dirilən allah surətini təmsil edirdi. Mənası isə sadəcə
olaraq "mənim ağam" deməkdir. Yahve hələ vahid allah hesab olunmurdu. Tövratda Elohim (allahlar) allah
adı da işlənilirdi. Kosmik ilahələrə sitayiş uzun müddət davam etmişdi. Bəzən yadelli allahlara da sitayiş
olunurdu. Tədricən Yahve israillilərin və yəhudilərin ümumi allahına çevrildi. Yahve öküz şəklində təsvir
olunurdu. E.ə. V-III əsrlərdə yəhudi dini formalaşdı və iki təriqət əsasında inkişaf tapdı. Çoxallahlılıq təqib
edildi və vahid allaha sitayiş bərqərar oldu.
Yəhuda və İsrail ədəbiyyatı qonşu xalqları, xüsusilə İkiçayarası və Misir ədəbiyyatı əsasında
formalaşırdı. Bu ədəbiyyat Tövratda öz əksini tapmışdı. Dünyanın əmələ gəlməsi, ümumdünya daşqını
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
54
əfsanələri bilavasitə Şumer və Babilistan təsiri altında meydana gəlmişdi. Tövrat mövzuları nəinki
xristianlığa, eyni zamanda islam dininin formalaşmasına da böyük təsir göstərmişdi.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
55
MESOPOTAMİYA MƏDƏNİYYƏTİ
Ön Asiyanın çox hissəsi dağlardan və yaylalardan ibarətdir. Yunanca Mesopotamiya adlanan qədim
İkiçayarası ölkəsi Ön Asiyada yerləşir. Ön Asiyanın çox hissəsi dağlar və yaylalardır. Qafqazdan cənubda
olan dağlardan başlayan Fərat və Dəclə çayları İran körfəzinə tökülür. Dəclə və Fəratın orta və aşağı
axarlarında yerləşən ölkə qədim dövrlərdən məşhur və qüdrətli bir dövlət kimi tarixə düşmüşdür. Cənubi
Mesopotamiya qısa sürən qışda yağışlar yağır, hər yer keçilməz gil palçıq olur, yazda isə dağlarda qar əriyir,
Dəclə və Fərat çayları daşıb sahilləri basır, daşqından sonra hər yer yaşıllığa qərq olur. Hələ Paleolit
dövründə Mesopotamiyada ilk insanlara təsadüf edirik. Neolit dövründə isə insanların İkiçayarası
ərazilərində məskunlaşması sürətlənir, daha mütərəqqi təsərrüfat növünə keçmək zərurətini yaradır. Köçəri
həyat tərzindən oturaq həyat tərzinə keçid əkinçiliyə, maldarlığa, sənətkarlığa meydan açır.
E.ə. VII-VI minillikdə Mesopotamiyada insanlar məskunlaşdı. Dağlıq yerlərdən gələn insanlar Cənubi
Mesopotamiyada toxa əkinçiliyi və maldarlıqla məşğul olmağa başladılar. Qədim Mesopotamiyada yazı
sistemini şumerlər yaratmışlar. E.ə. IV minillikdə piktroqrafik (şəkilli) yazı, daha sonra mixi yazılar
meydana gəldi. Yazı materialı gil lövhələr idi. E.ə. III minillikdə mixi yazı sistemi geniş yayıldı. Bütün Ön
Asiyada mixi yazıdan istifadə olunurdu.
Arxeoloji qazıntılar sübut edir ki, ən qədim dövrlərdə bu ərazi keçilməz bataqlıqlardan ibarət
olmuşdur. Tarixçilərin fikrincə, İkiçayarasının cənub hissəsi Fərat və Dəclə çaylarının gətirdikləri
çöküntülərdən əmələ gəlmişdir, torpağı isə gillidir. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır,
torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra hər iki çay daşaraq geniş sahələri basır
və bataqlıq yaranır. Burada nə metal, nə də meşə olmasa da, çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqdan
sonra xeyli dərəcə münbit olur.
Dəclə çayının suyu Fəratdan artıqdır və buna görə də axını da güclü olur. Dəclə və Fəratın suyunun
artması dağlardakı qarların əriməsindən asılı idi. Qarın əriməsi isə fevral-may ayları arasında mümkündür.
Nilə nisbətən bu çayların artıb-azalma rejimi dəqiq olmurdu. Çünki həmin çaylar müxtəlif hava
bölgələrindən keçdiyindən rejimin dəqiqləşdirilməsi qeyri-mümkün idi.
Mesopotamiya torpağı hələ ən qədim dövrlərdən özünün məhsuldarlığı ilə seçilir. Bunu biz antik
dövrün qüdrətli tarixçiləri Herodot, Teofrast və başqalarının əsərlərində də aydın görə bilərik. Lakin
İkiçayarası ölkəsinin ərazisində əkinçiliklə məşğul olmaqdan ötrü bir sıra kompleks işləri görmək lazım idi
və həmin işlər bütün il boyu həyata keçirilməli idi.
E.ə. VII-VI minilliklərdə əkinçi və maldarlar münbit torpaqlar və yaxşı otlaqlar axtarıb tapmaq üçün
dağlıq yerlərdən Fərat və Dəclə çayları vadisinə enməyə məcbur oldular. Onlar bataqlıqlar arasında qamış və
gildən komalar tikir, mal-qara otarır, toxaların köməyi ilə kiçik torpaq sahələrini əkib becərirdilər. Həmin
dəhşətli dövrlərdə əhali bataqlıq qızdırmasından, əqrəblərdən və saysız-hesabsız həşəratlardan əziyyət
çəkirdi. Şirlər adamlara və sürülərə hücum edirdi. Qamışlıqlarda yaşayan qabanlar əkin sahələrini məhv
edirdilər. Çay daşqınları komaları dağıdır, adamları suda məhv edirdi. Bəzən Fərat və Dəclə çayları
qovuşaraq coşqun selə çevrilirdi. Bu vaxt İkiçayarası adamlarına elə gəlirdi ki, bu sel bütün dünyanı basır.
Çayların daşması-Cənubi İkiçayarasının ilk sakinləri üçün qorxunc və təhlükəli düşmən idi. Sonralar
yaranacaq «Nuhun tufanı» mifinin əsasını Dəclə və Fərat çaylarının daşmasında axtarmaq düzgün olardı.
Cənubi Mesopotamiyada ilk dövlətlər e.ə. IV-III minilliklərdə yaradılmışdır. Dəclə və Fərat çaylarında
baş verən daşqınlar Mesopotamiyada “Dünya tufanı haqqında” əfsanənin yaranmasına səbəb olmuşdu. Bu
çayların sahilləri becərilirdi. Burada xurma “həyat ağacı” adlanırdı. E.ə. IV-III minilliklərdə Mesopotamiya
ərazisində Şumer, Akkad, Ur və s. qədim dövlətlər yarandı. Beləliklə, IV-III minilliklərdə Mesopotamiyada
quldarlıq quruluşu və dövlət meydana gəldi. Kəndlilər varlılardan asılı olur və aldıqları borcu qaytara
bilmədikdə qula çevrilirdilər. Mesopotamiyada qulları “gözlərini yuxarı qaldırmayanlar” adlandırırdılar.
Burada yaranmış dövlətlər arasında müharibə başladı. Qaliblər məğlubların hesabına varlanırdılar. Bunların
arasında Babil şəhər-dövləti qalib gəldi və yüksəldi. Ticarət yolları üzərində yerləşən Babil şəhəri e.ə. II
minilliyin əvvəllərində yaranmış Babil padşahlığının mərkəzi oldu. Mesopotamiyanın başlıca quru yolları və
karvanları buradan keçirdi.
Babil şahlığının ən görkəmli hökmdarı Hammurapi (e.ə. 1792-1750) olmuşdur. O, Mesopotamiyanı öz
hakimiyyəti altında birləşdirdi. Ölkə onun qanunları əsasında idarə olunurdu. Hammurapi Şumer və Akkadda
istifadə olunan qanun və qaydaları toplayıb 282 maddədən ibarət ilk qanunlar külliyyatı yaratdı. Bu külliyyat
onun adı ilə “Hammurapinin qanunları” adlandı. Əhali arasında mübahisəli məsələlər bu qanunlarla həll
edilirdi. Bu qanunlar hündür qara bazalt daş sütun üzərində yazılmış və dövrümüzə qədər qalmışdır.
Babil şəhəri Fərat çayının hər iki sahilində yerləşirdi. Onu əhatə edən divarların uzunluğu 8 km idi.
Dünyanın yeddi möcüzəsindən biri olan “Semiramidanın asma bağları” e.ə. VII əsrdə burada olmuşdur.
Şəhərin mərkəzində 90 m hündürlüyündə olan 7 mərtəbəli məbəd qülləsi ucalırdı.
Babil şahlığında riyaziyyat, astronomiya, tarix, kimya, coğrafiya, təbabət və s. inkişaf etmişdi.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
56
Babillilər “Pifaqor teoremini” Pifaqordan min il əvvəl bilirdilər, çevrənin 360 dərəcə, saatın 60 dəqiqəyə
bölünməsini öyrənmişdilər. Babillərdə elmin inkişafı Yunanıstanda və onun vasitəsi ilə Qərbi Avropada
yayılmasına böyük təsir göstərmişdir. Bu dövlətlərin qoşunları, keşikçiləri və məmurları var idi. Burada
padşahı «böyük adam» adlandırırdılar. Həmin dövlətləri yaradanlar Şumer və Semit tayfaları olmuşdur.
Suvarma kanallarının çəkilməsi üçün kiçik dövlətlərin birləşdirilməsi zəruri idi. Əhalisinin və qullarının sayı
çox olan qüdrətli dövlət suvarma kanallarını çəkə bilərdi. Kiçik dövlətlərin birləşdirilməsi qüdrətli Babilistan
dövlətinin yaranmasına gətirib çıxardı. E.ə. 2350-ci ildə Semit tayfalarının güclənməsi nəticəsində Akkad
padşahı Sarqon bütün Mesopotamiyanı öz hakimiyyəti altında birləşdirdi. 1792-1750-ci illərdə hökmranlıq
etmiş Babil hökmdarı Hammurapi bütün Mesopotamiyanı fəth etmiş və padşahlıq üçün vahid qanunlar
qoymuşdur. Hakimlər Babil padşahlığında müəyyən qaydaları pozanları bu qanunlara əsasən mühakimə
edirdilər. Lakin Babilistan təkcə müxtəlif dövlətlərin ərazilərinin işğalları ilə deyil, həmçinin mədəniyyəti ilə
tarixə düşmüşdür. Həmin mənəvi dəyərlər sırasında İkiçayarası xalqlarının mədəniyyəti də özünəməxsus yer
tutur.
Dəclə və Fərat çayları arasında mövcud olan qədim şəhərlərin yerində aparılan arxeoloji qazıntılar bir
daha göstərir ki, Şumer və Akkad adı ilə tarixə düşən bu region hələ e.ə. 4000-ci ildə məskunlaşdırılmışdır.
Bəzi alimlərin fikrincə, bu ərazi daha qədim tarixə malik olmuşdur. Qədim şəhər-dövlətləri Ur, Uruk və Kit
daha çox inkişaf etmiş sivilizasiyaların mərkəzi olmuşlar. Həmin sivilizasiyanı yaradanlar Şumerlər
olmuşdur. Şumerlər dağlıq ərazilərdən gəlmişdilər. Bu xalqın mifologiyasının tədqiqi bir daha göstərir ki,
onların qədim yurdları gəldikləri, sonradan əldə etdikləri vətənlərindən köklü surətdə fərqlənirmiş. Şumerlər
Mixi yazılarını kəşf etmiş («Zikkurat» adlı tikili də bu qəbildəndir), böyük işlər görmüşlər. Onların
şəhərlərinin qalıqları (məsələn, Ur şəhərində aparılan qazıntılar) yüksək sivilizasiyadan xəbər verir. Burada
böyük məbədlər tikilmiş, kahinlər, mirzələr yaşamış, qanunlar, ədəbiyyat və zəngin mədəniyyət yaranıb
inkişaf etmişdir.
Zəmanəmizə gəlib çatmış Şumer və Akkad miflərində dünyanın yaranması və quruluşu, allahların
doğulması, onların xeyir-duaları və lənətləri, nəhayət, allahların yaradıcı və dağıdıcı fəaliyyətləri əks
olunmuşdur. Çox nadir hallarda Şumer və Akkad miflərində hakimiyyət uğrunda allahların mübarizəsi əks
edilmişdir. Adətən bu heç də gərgin mübarizə və amansız münaqişə kimi göstərilmirdi. İntellektual məzmun
baxımından Şumer-Akkad mifləri onların ilahi hərəkətlərinə təkmilləşdirilmiş baxışı ifadə edirdi. Bu miflərə
əsasən həmin xalqların ciddi teoloji və kosmoqonik düşüncələri haqqında fikir yürütmək olar.
İkiçayarası xalqlarının allahlar panteonu həm zəngin, həm də maraqlıdır. Burada Şumer, Akkad
allahları ilə yanaşı, Babilistan padşahlığı dövrünün allahları da yerləşdirilmişdir. Babil allahlarının
əksəriyyəti Şumer allahlarıdır. Şumer allahlarını qəbul etmiş Babillilər onların xeyli hissəsinin adlarını
dəyişmiş, funksiya və vəzifələrini isə dəyişməz saxlamışlar. Şumerlərdə allahların daxili iyerarxiyası mövcud
olmuşdur. Hər bir allah özünəməxsus mövqe tutmuşdur. Allahlar panteonu cəmiyyət və dövlət qaydalarına
uyğun təşkil edilmişdi. Allahlar iyerarxiyasının zirvəsində əvvəllər Şumer allahı Anu dururdu. O, özünə
göylərdə məskən seçmiş səma allahı idi. Digər allahlar isə onun övladları sayılırdı. Lakin Anu allahının bu
cür yüksək mövqeyinə baxmayaraq, ona nisbətən məhdud sayda məbədlərdə sitayiş edirdilər. İnsanlara
düşmən kəsilən Anu onlara müxtəlif bəlalar göndərirdi. Odur ki, onunla dindarlar arasında heç vaxt yaxınlıq
və etibarlılıq münasibətləri yaranmamışdır. Təsadüfi deyildir ki, Şumer dövründə Anunun yerini bir sıra
münasibətlərdə oğlu Enlil tutmağa başlamışdı.
Şumer allahı Enlil (bunu çox vaxt «küləklər hökmdarı» kimi tərcümə edirlər) baş allah mövqeyinə
qalxdı. O, talelər cədvəlinə malik idi. Bunun sayəsində dünyanın taleyini qabaqcadan görə bilirdi. Eyni
zamanda təbiətin məhsuldarlığı və adamların həyatı haqqında da hökm verə bilirdi.
Enlil təbiətin dağıdıcı qüvvələri-tufan, daşqın və s. hakimi olduğundan öz şıltaqlığına əsasən adamları
cəzalandıra bilərdi. Adamları, habelə yer üzündə mövcud olan bütün canlıları məhv etmək üçün dünya
daşqınını o göndərmişdi. Atası Anu kimi Enlil də qorxunc cəza verən allah imiş və insanlar üçün onun
etimadını qazanmaq olduqca çətin olmuşdur.
Enlilin əksi olan allahı Şumerlər Enki, sonrakı semit xalqları isə Eya adlandırırdılar. Eya su dibi allahı
olub Enlilin oğlu idi. Şumerlərin fikrincə, müdriklik suyun dibində yerləşir. Ona görə də Şumerlər bütün
biliklərinə görə Eyaya borcludurlar. Eya sənətin, müdrikliyin və elmin hamisi hesab olunurdu. Şumerlərə
görə yazı Eyanın sayəsində kəşf edilmişdi. Eyanın əqli insanlara imkan verir ki, yerin gizli qatlarının və
səmanın sirlərinə yiyələnsin. Eya xəstəlikləriə, bədbəxtliklərə və müxtəlif fəlakətlərə çarə tapan allah
sayılırdı. Ona gizli cadugərlik məlum idi. İnsanlar kömək və məsləhət üçün ona müraciət edirdilər. Dünyanın
yaranması haqqında epik əsatirə görə Eya insanları gildən yapmış, əjdaha Kinqunun qanı ilə onlara can
vermişdir. Bilqamıs haqqında dastanda göstərilir ki, Enlilin hökmü ilə adamların məhv olmasının qarşısını
kəsən Eya hiyləyə əl atmışdı. Eyaya tapşırılmışdı ki, insanların məhv olacağı haqqında məlumat verilməsin.
Allahlarla birgə Eya da and içmişdi ki, insanlara məlumat verməyəcək. Lakin Eya bir vasitəyə əl atmışdı.
Sirrini qamış daxma vasitəsilə Utnapiştiyə demişdir:
Lakin Eya sirləri danışmışdı daxmaya,
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
57
«Ey daxma, daxma, daxma. Eh divar, divar, divar,
Eşit, a daxma. Divar, yadda saxla nə ki, var.
Şuruppak şəhərində, Ubar-Tutunun oğlu.
Sökərək mülklərini, onlardan gəmi düzəlt
Bu var-dövləti tərk et, həyat barədə düşün.
Zənginliyə nifrət et, ruhunu xilas elə.
Sən bütün canlıları yığıb gəminə yüklə.
Qoy dördkünc olsun sənin düzəldəcəyin gəmi.
Eni də uzununa qoy tən olsun, düz gəlsin.
Taxtapuş vurdur ona, örtük çəkdir üstündən».
Uzun müddət qədim dövr haqqında əsas mənbə Bibliya idi. Onun əsas fəaliyyət göstərən personajları
isə yəhudilər hesab olunurdu. Suriya və Fələstin xalqları, o cümlədən filistinlilər, amoreylər, hetlər və
başqaları allah tərəfindən seçilmiş xalqın yolunda duran barbarlar hesab edilirdilər. Doğrudur, Misir adlı
dövlət də var idi ki, Bibliyada dönə-dönə xatırlanırdı. Məbədlər, ehramlar, sfinkslər Misirin qədim
şöhrətindən xəbər verirdi. Şübhəsiz, Misirin dünya sivilizasiyasının beşiyi olması heç kəsdə şübhə
doğurmurdu. Şumerlər, Akkadlar və Babillər də var idi. Babilistanlı Novuxodonossor yəhudilərin
cəzalandırılmasında mühüm rol oynamışdır. Sonra Assuriyalılar bir işğalçı kimi tarix meydanına çıxmışdır.
Lakin onların hər biri öz allahları, kult və məbədləri, mədəniyyəti və mifologiyaları ilə tarixin yaddaşına
əbədi surətdə həkk olunmuşlar. Həmin xalqlar ancaq adları ilə bir-birindən fərqlənirdilər. Vəzifələri və
funksiyalarına görə onlar bir-birini təkrar edirdilər.
Dünya allahlar arasında bölüşdürülmüşdü. Anu hava və səmaya baxırdı. Enlilə yer tabe idi. Eya suya
hakim idi. Onlar kahinlər tərəfindən yaradılmış allahlar üçlüyünün siyahısına daxil edilmişdilər. İkinci
üçlüyə Günəş allahı Şamaş, ay allahı Sina və ilahə İştar daxil idi. Babillərdə Aya daha hörmətlə yanaşırdılar.
Ayı Günəş allahının atası hesab edirdilər. Xarranda və Urda Ay allahı şərəfinə tikilmiş məbədlər var idi.
Hətta Novuxodonossorun xələflərindən biri olan Nabonid Sini özünün şəxsi baş allahı elan etmişdi.
Şumerlərin Utu adlandırdıqları Günəş allahı Babil zamanı Şamaş adlanırdı. Həmin allah «yeri
işıqlandıran, səma məhkəməsinin hakimi, yuxarıdan və aşağıdan qaranlığı şəfəqləndirən» hesab olunurdu.
Hər səhər o, yoluna başlayaraq dağlardan yüksəyə qalxırdı, ona tabe olan ilahələr göylərə gedən yolların
darvazalarını açırdılar. Axşamlar isə o, dənizə enirdi. Gecələr Şamaş öz arabasında yeraltı dünyaya hərəkət
edirdi ki, ölülər işıq və yemək alsınlar. Öz yolunda o, ədəbsizlikləri və adamların bədxah işlərini görür və
məhkəmə qururdu. Ona görə də onu ali hakim adlandırırdılar. Hammurapiyə görə, o, adamlara həqiqət və
ədalət verirdi. Mesopotamiyanın qədim sakinlərinin dini həyatında allahlar mühüm rol oynayırdılar.
Adamların məbəddə etiqad etdikləri allahlar panteonunun böyük allahları bütövlükdə dövlətin müdafiəçiləri
hesab olunurdular. Qeyd etmək lazımdır ki, bizə məlum olan bütün ədəbiyyat e.ə. 2000-ci ildən sonra
yazılmışdır. Həmin dövrdə sülhsevər xalq olan Şumerlər özlərindən mədəni cəhətdən geri qalan xalqlar
tərəfindən əsarət altına alınmışdılar. Hammurapi çoxsaylı şəhər-dövlətləri işğal edərək böyük bir dövlət
yarada bilmişdi. «Böyük inzibatçı» böyük imperiya yaradaraq öz dilini (bu dil semit dili qrupuna daxil idi)
rəsmi dilə çevirdi. Bu isə Şumer sivilizasiyasına öldürücü zərbə vurmuşdu. Şumer mədəniyyəti
mənimsənilmiş, Şumer allahları adlarını dəyişsələr də öz fəaliyyətlərini davam etdirmişlər.
İştar müxtəlif funksiyaları yerinə yetirən hərtərəfli ilahə olmuşdur. Məhəbbət və məhsuldarlıq ilahəsi
kimi ölkəyə maddi rifah və inkişaf verən İştar, müharibə və döyüş ilahəsi kimi vuruşmada qalib padşahın
önündə gedirdi. Gözəl və adamı başdan çıxaran qadın kimi o, kişilərə çox vaxt bədbəxtlik gətirirdi. Şumer
mifologiyasında İştar çox ehtiyatla İnanna ilə eyniləşdirilə bilər. O, gənc qəhrəman Tammuzun (Dumuzun)
sevgili arvadı kimi təsvir olunurdu. Lakin gec-tez sevgilisinə xəyanət edərək onu yeraltı dünyaya
göndərmişdir. İlahəyə Mesopotamiyanın, demək olar ki, bütün şəhərlərində xüsusi məbədlər yaradılmışdı.
Onun baş məbədi ən qədim zamanlardan Urukda olmuşdur. Babilistanda İştar ilahəsinin böyük məbədi
mövcud olmuşdur.
Allah Adad tufanı, yağışı, fırtınanı, ildırımı idarə edirdi. O, təbiət hadisələri allahı olub, xüsusilə digər
dağıdıcı qüvvələrin allahı kimi də məşhur olmuşdur. Şumer dövründə o qədər də parlamayan Adadın
fəaliyyəti Babil dövründə daha geniş vüsət tapmışdır. Adadın əhəmiyyəti Mesopotamiyaya Semit
tayfalarının axını ilə daha güclənmişdir. Həmin tayfalar Adadı «Bəndin səma idarəedicisi» adlandırırdılar.
Onun təsvirlərində allahı bir əlində ildırım parçası, digər əlində isə balta tutmuş halda görmək olar. Yeraltı
dünyanın hamisi İştarın bacısı ilahə Ereşkiqal idi. Bir dəfə bacısının paxıllığını çəkən Ereşkiqal yeraltı
dünyaya baş çəkən İştarla çox pis rəftar etmişdi. İştar çox çətinliklə geri qayıtmışdı. Yeraltı dünyaya təşrif
buyurmuş allah Nerqal Ereşkiqala qalib gəlmiş, onu özünə arvad etmişdi. Yeraltı dünyanın hakiminə çevrilən
Nerqal yerlə əlaqəsini üzməmişdi. O, təbiətin bir sıra şər qüvvələrini ifadə edirdi. Yandırıcı günəş istisi,
qızdırma və müxtəlif keçici xəstəliklər onun tabeliyində idi. Tədqiqatçıların fikrincə, Kutu şəhəri axirət
dünyası və vəba allahı Nerqalın şərəfinə tikilmişdir.
Allahların rolu şəhər və dövlətlərin tarixi rolu ilə bağlı idi. Şumer dövründə ikinci dərəcəli rol oynayan
|