Dövlət quruluşu. Dövlət quruluşuna görə İraq respublika
şəklində idarə olunan ölkədir. 2003-cü ilin aprelinə qədər – yəni ABŞ
və onun tərəfdarlarının hərbi qüvvələri İraqı tam zəbt edənə qədər
dövlət idarəçiliyinin ali orqanı İnqilabi Komandanlıq Şurası idi.
Şuranın sədri eyni zamanda ölkə prezidenti və hərbi qüvvələrin baş
komandanı vəzifələrini yerinə yetirirdi (1979-cu ilin iyulundan bu
funksiyalar Səddam Hüseynin əlində idi).
İraqda Səddam Hüseyn rejimi devrildikdən sonra parlament
(30 yanvar 2005) və prezident (6 aprel, 2005) seçkiləri keçirilmişdir.
Prezident seçkilərində kürd mənşəli Cəlal Təlabani qalib gəlmişdir.
Ölkənin ali icraedici orqanı Baş Nazirin rəhbərlik etdiyi Nazirlər
kabinəsidir.
İraqda S.Hüseyn dövründə hakimiyyətdə olan siyasi partiya
qısaca şəkildə BƏ'S adlanan Ərəb Sosialist Dirçəliş Partiyası idi. XXI
əsrin əvvəllərində İraq çoxpartiyalı dövlətə çevrilir. Ölkədəki şiə
müsəlmanları İbrahim əl-Cəfərinin rəhbərlik etdiyi «Birləşmiş İraq
Alyansı», kürdlər Cəlal Təlabaninin rəhbərlik etdiyi «Kürd alyansı»,
ərəblər isə «İraq Milli sazişçilik» partiyalarını yaratmışlar.