Qədim Azıx adamı - azıxantrop. 1968-ci ilin iyul ayında Azıx düşərgəsinin
Orta Aşel təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı əmək alətləri ilə birlikdə
qədim insanın çənə parçası aşkar olunmuşdur. Alt çənə üzərində bir neçə diş
qalmışdır. Dişlərdən yalnız üçüncü azı diş bütöv qalmış, ikinci azı diş isə ortadan
sınmışdır. Birinci azı isə tamamilə yoxdur, lakin onun diş yuvaqları olduqca yaxşı
nəzərə çarpır. Çənənin iri olması açıq nəzərə çarpır və onun gövdəsi nisbətən qalındır.
Azıx çənəsi avstralopiteklərdən fərqlənir və müəyyən cəhətlərinə görə arxantropların
arasında özünə yer tutur. Çənənin quruluşundakı spesifik cəhətlərə əsasən, bir
tərəfdən pitekantroplara, xüsusilə mauer adamı çənəsinə yaxınlıq təşkil etməklə
yanaşı, digər tərəfdən də, bir çox proqressiv cəhətlərinə görə Fransanın Araqo
mağarasının aşel təbəqələrindən tapılmış preneandertallara daha yaxındır. Azıxın Orta
Aşel təbəqəsindən tapılmış çənə fraqmentinin sahibinə azıxantrop (yəni Azıx adamı)
adı verilmişdir.
D.Hacıyev çənə üzərində apardığı elmi tədqiqat zamanı müəyyən etmişdir ki,
bu, keçmiş SSRİ ərazisində ən qədim insan çənəsi olub, 18-22 yaşlı qadına
məxsusdur. Bu qadın 350 min il bundan əvvəl Azərbaycan ərazisində yaşamışdır.
V təbəqədən çənə ilə birlikdə daş alətlər və heyvan sümükləri də tapılmışdır.
Bu təbəqədən eyni zamanda çoxlu mətbəx tullantıları, ocaq yerləri, xəlvət yer, qaya
daşlarından düzülmüş ibtidai tikinti hissəsi və s. aşkar olunmuşdur.
Azıx sakinləri Orta Aşel dövründə ovçuluqla daha yaxşı məşğul olmuşlar.
Qədim Aşel dövründə 11 növ iri heyvan ovlandığı halda, Orta Aşel dövründə 45 növ
heyvan və quş ovlanmışdır. Ovçuluq aşel adamlarını nəinki yeməklə, eyni zamanda
geyimlə təmin edərək, onlara yaşayış yerləri tikililərini hazırlamağa da imkan
vermişdir.
Böyük maraq doğuran cəhətlərdən biri də, dövründən asılı olmayaraq, Orta
Aşeldə öyrənilmiş ocaqların mağaranın eyni sahəsində qeydə alınmasıdır. Bu, burada
yaşayanların qohumluq ənənələrini davam etdirməsini göstərir. Ocaqla eyni sahədə,
qaya divarları arasında xəlvəti yer qeydə alınmışdır. Həmin yerdə mağara ayılarının
kəllələri gizlədilmişdi. Ayı kəllələrinin belə xəlvəti yerdə gizlədilməsi, yəqin ki, o
dövrdə ilk dini təsəvvürlərin yarandığını göstərir.
52
Azıxın IV təbəqəsindən maddi mədəniyyət qalıqları tapılmamışdır. Bu, qədim
Azıx sakinlərinin düşərgəni müvəqqəti tərk etdiklərini göstərir. Lakin insanlar
düşərgəyə yenidən Mustye dövrünün əvvəllərində gəlib burada yaşamağa başlamışlar.
Dostları ilə paylaş: |