41
BAYATILAR
***
Mən Aşığam, ya dəli,
Ya divanə, ya dəli.
Bağrım od tutub yanar,
Sənə dəysə yad əli.
***
Gün aydın, gözəl ayaz,
Qaş qara, göz ala, yaz.
Əlinə qurban, Aşıq,
Gözəli gözələ yaz.
***
Aşığı tərsinə qoy,
Tər təni tərsinə qoy.
Yaxşının qibləsinə,
Məni də tərsinə qoy.
***
Mən Aşıq yara baxar,
Bayquşlar yara baxar.
Bir göz ki, kiprik çala,
O necə yara baxar?..
***
Gözəllik say iləndi,
Şahmar da, soy ilandı.
Nəsimitək yolunda
Bu Aşıq soyulandı.
Seçmə aşıq şeirləri
42
***
Aşığam od apara,
Ay doğdu, o da para.
Varmı bir odu sönmüş,
Canımdan od apara.
***
Aşığam, yüz ha sarı,
Qalanın yüz hasarı.
Mərdin bir əl kölgəsi,
Namərdin yüz hasarı.
***
Aşığın dalda yeri,
Meh vurar dalda yeri.
İki könül bir olsa,
Tez tapar dalda yeri.
***
Ağlatma gəl, didəmi,
Mey içdik, gəldi dəmi.
Yar başına dönməyin,
Aşıq, dur, gəldi dəmi.
***
Aşıq minayə dəyər,
Xalın minayə dəyər.
İl var bir günə dəyməz,
Gün var min ayə dəyər.
43
***
Mən Aşığam, yala gəz,
Ala yaylaq, ala gəz.
Getmə gözüm önündən,
Canım ala-ala gəz.
***
Mən Aşıqam qanlı gül,
Qanlı seviş, qanlı gül,
Yemiş bülbül bağrını,
Çıxmış ağzı qanlı gül…
***
Qarşıda yaxşı dağlar,
Köçməyə yaxşı dağlar,
Hər kəsin bir dağı var,
Aşığı Yaxşı dağlar.
***
Aşıq Qaramanlıdı,
Xalın qaramanlıdı,
Yaxşının tənəsindən
Yenə qar amanlıdı.
Seçmə aşıq şeirləri
44
XƏSTƏ QASIM
(1684-1760)
DƏLI KÖNÜL,
MƏNDƏN SƏNƏ ƏMANƏT
Dəli könül, məndən sənə əmanət:
Demə bu dünyada qalım yaxşıdı.
Bir gün olar, qohum, qardaş yad olar
Demə ulusum var, elim yaxşıdı.
Bir məclisə varsan özünü öymə,
Şeytana bac verib, kimsəyə söymə,
Qüvvətli olsan da yoxsulu döymə,
Demə ki, zorluyam, qolum yaxşıdı.
Qoçaqdan olubsan, qoçaq olgunan,
Qadadan, baladan qaçaq olgunan,
Aşıq ol, comərd ol, alçaq*
olgunan,
Demə varım çoxdur, pulum yaxşıdı.
Xəstə Qasım, kimə qılsın dadını?
Canı çıxsın, özü çəksin odunu,
Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm yaxşıdı.
* alçaq – burada : alçaqkönüllü, sadəqəlbli, təvazökar
45
EYLƏR-EYLƏR
Bir elə kişinin tut ətəyindən,
Bil sənə imdadı ol eylər-eylər.
Zərrəcə üstündə olsa nəzəri
Yerdən daş götürsən, ləl eylər-eylər.
Böhtan demə, böhtan tutar adamı,
Qul eylər, bazarda satar adamı,
Cəhənnəm odundan betər adamı,
Yoxsulluq yandırar, kül eylər-eylər.
Aqil insan deməz hər gördüyünü,
Daldalar düşməndən vay dərdiyini,
Görməzsən nakəsin pay verdiyini,
Versə də, töhmətin bol eylər-eylər.
Xəstə Qasım deyər sözün bu başdan,
Pay umma qohumdan, yaddan, qardaşdan,
Özün əmək çəksən, su çıxar daşdan,
Əridər dağları yol eylər-eylər...
|