127
Zaman-zaman təbiətin hikməti
bizə növ-növ şirin, acı öyrətdi.
Nə qədərdi yaxşı-pisin qiyməti,
harda hörmət,
harda töhmət, ya qismət?
Ey acların loxmasına göz dikən,
bostançının çiynində tağ əkən,
sənə qalmaz,
kimin olar görəsən,
topladığın bu qənimət, ya qismət?
Hansı həris həvəsindən usanmış,
hansı xəbis əməlindən utanmış?
İnsanlığa qənim elə insanmış,
kimi tutar bu bəd xislət, ya qismət?
Azaltdıqca istisini od-ocaq,
Vətən gülü güllüyündə solacaq.
Haçanacan dərd olaraq qalacaq
tapdaq torpaq, namus, qeyrət, ya qismət?
Boş buraxdıq
neçə ciddi söhbəti,
əvəzində gördük zülmü, zilləti.
Kim aldatdı, kim sındırdı milləti,
açılarmı bu həqiqət, ya qismət?
Sözün də öz hikməti, öz gücü var,
əsrlərin min sirrini daşıyar.
Neçə dildə,
neçə eldə yaşayar,
yazdığım dörd-beş hekayət, ya qismət?
Mart, 2005