Milli Kitabxana
125
ŞAHSƏNƏM VƏ GÜLPƏRİ
Bir pərdəli, üç şəkilli pyes
İŞTİRAK EDƏNLƏR
P i n ə ç i Q a f a r.
Ş a h s ə n ə m - onun arvadı.
M i r z ə F ə r ə c-küçə məktub yazanı.
G ü l p ə r i -onun arvadı.
A x u n d M o l l a Q a s ı m.
BİRİNCİ ŞƏKİL
Pinəci Qafarın otağı. Yoxsul, zəhmətkeş otağı mənzərəsi. Pinəçi Qafar başmaq
yamayarkən oxuyur, Şahsənəm də tikiş tikir.
Pinəçi mənəm, işləməsəm, mədarım keçməz mənim.
Bu qışı burda qaşlamasam, mədarım keçməz mənim.
Ş a h s ə n ə m. Qafar, bircə o oxumağı kəs, mənə qulaq as.
Q a f a r. Buyur, kəsdim, nə deyirsən?
Ş a h s ə n ə m. Onu deyirəm ki, mən kimdən əskigəm?
Q a f a r. Arvad, nə demək istəyirsən? Başa düşmürəm.
Ş a h s ə n ə m. Çox yaxşı başa düşürsən. Ancaq özünü anlamazlığa qoymusan.
Q a f a r. A nadürüst balası, sən nə dedin ki, mən də başa düşəm.
Ş a h s ə n ə m. Deyirəm ki, kimdən əskigəm?
Q a f a r. Allahu əkbər, a Tıntın Həsənin qızı, Teleqraf Güllünün balası. Axı sən
nə deyirsən ki, mən başa düşüm.
Ş a h s ə n ə m. Bəli, mən deyirəm ki, kimin arvadından əskigəm?
Q a f a r. Əstəğfürullah. Lənət şeytana. A mürtədin qızı, elə tutuquşu kimi
təkrar edirsən ki, mən kimdən əskigəm, mən kimdən əskigəm. Bunu keç, bunu
eşitdim, sözünün dalını söylə.
Ş a h s ə n ə m. Belə sözümün dalı da budur, qabağı da. Mən kimdən əskigəm?
Milli Kitabxana
126
Q a f a r. Lənət sənə, kor şeytan. Arvad, aydınca de görüm, məndən nə
istəyirsən? Səni başa düşə bilmirəm.
Ş a h s ə n ə m. Qafar, görürəm, əllərin qabar olan kimi, beynin də
qabarlayıbdır. Başına söz girmir.
Q a f a r. Axır sən mənə nə deyirsən ki, mənim də beynimə girməsin.
Ş a h s ə n ə m. Belə mən onu deyirəm ki, mən kimdən əskigəm. Məşədi İbadın
arvadı Keçəl Püstədənmi? Kərbəlayı Qulamın arvadı Cızdalan Nabatdanmı? Yoxsa
dəllək Kərbəlayı Cəfərin arvadı ağzıəyri Fatmadanmı? Di cavab ver.
Q a f a r. Hə, beləcə, indi başa düşdüm. Sən mənnən paltar davası eləyirsən,
eləmi?
Ş a h s ə n ə m. O da var. Amma indiki davam başqa şeydir.
Q a f a r. Onda başla gəlsin.
Ş a h s ə n ə m. Yaxşı, a Qafar, niyə məni "Şah İsmayıl", "Eşq və intiqam",
"Hacı Qara" ya aparmırsan?
Q a f a r. Ay rəhmətliyin qızı, barı ziyarətin birini de, mən də görüm başıma nə
çarə qılıram. Bu kasadlıq vaxtda mən səni üç ziyarətə necə aparım, arvad, Şah
İsmayılın qəbri uzaq ölkədədir. O ki qaldı "Eşq və intiqam", "Hacı Qara"
ziyarətgahlarına, onların nə adlarını eşitmişəm, nə də müqəddəs qəbir-şəriflərini
görmüşəm.
Ş a h s ə n ə m. Yaxşı, a Qafar, bəs bilmirsən, onda hər axşam sən də, dostun
Mirzə Fərəc də evdən çıxıb bir də gecə yarısı gəlirsiniz. De görüm, haradan
gəlirsiniz?
Q a f a r. Arvad, sənə min dəfə demişəm, minbir dəfə də deyirəm: biz hər gecə
Məşədi Əlibalanın çayçı dükanına yığışırıq. Orada dərviş baba şirin-şirin
hekayələr, maraqlı nağıllar söyləyir, biz də qulaq asırıq. Sonra da qəsidə oxuyur.
Dinləyib axirət üçün savab qazanırıq. İndi gecələr haradan gəldiyimizi bildinmi?
Ş a h s ə n ə m. Bu şirin dil ilə məni aldada bilməzsən. O günü mən də, Gülpəri
də hamamda idik. Tratirdən (teatr.) söhbət açıldı. Məşədi İbadın arvadı Püstə
əllərini belinə qoyub bizə fors atırdı. Loğa-loğa danışıb deyirdi ki, ay yazıqlar,
allah sizi piti bişirməyə, cəhrə əyirməyə yaradıbdır. Siz evdə qalıb gecə-gündüz
işləyirsiniz, ərləriniz də tratirlarda kef çəkirlər. "Şah İsmayıl" oyununa getdim,
Mirzə Fərəc ilə Usta Qafarı orada gördüm. "Eşq və intiqam", "Hacı Qara"
oyunlarına getdim, yenə də onları orada gördüm.