SİDQİ RUHULLA
(28.3.1886-5.5.1959)
Romantik aktyor məktəbinin Azərbaycanda ən görkəmli simalarından, Türkiyədə, İranda,
Orta Asiya respublikalarında, Volqa çayı boyu diyarlarda, İrəvanda, Tiflisdə, Petrovsk portda (indiki
Mahaçqala) 1910-1920-ci illərdə ən çox tanınan, həmin yerlərin əksəriyyətində ilk teatr tamaşası
göstərən, peşəkar teatrın bünövrəsmi qoyan Sidqi Ruhulla milli səhnə mədəniyyətimizin ən parlaq
səhifələrini yaradıb.
Ruhulla Fətulla oğlu Axundov (Sidqi Ruhulla) Bakının Buzovna kəndində müəllim ailəsində
dünyaya göz açıb. İlk təhsilini kənddə molla məktəbində alan Sidqi Ruhulla sonra Bakıda tacir
şagirdi işləyib. On dörd-on beş yaşlarında "Kosa-kosa" xalq oyunlarında, şəbih tamaşalarında Arus
Qasım və Əli Əkbər rollarında çıxış edib. Bakıda Ağa Kərbəlayı Məlikovun mağazasında işləyən
Sidqi teatra maraq göstərib, imkan tapanda Tağıyev teatrında oynanılan tamaşalara baxıb. Hüseyn
Ərəblinski sənətinə məftunluq onda aktyor olmağa arzu və inam yaradıb. İlk dəfə səhnəyə çıxışı
Ərəblinskinin quruluş verdiyi və Balaxanı dram dərnəyi klubunda (Balaxanı krujoku) göstərilən
Nəcəf bəy Vəzirovun "Adı var, özü yox" məzhəkəsinin tamaşasında Telli rolu ilə olub. Bu hadisə
1908-ci il dekabrın 21-də baş verib. Üç ay yarım sonra Sidqi yenə Ərəblinskinin quruluşunda Nəcəf
bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" tamaşasında Rüstəm bəy rolunu ifa edib.
Namiq Kamal;n "Vətən" dramında Sidqi rolunda böyük uğur qazandığına görə həmin adı
özünə təxəllüs götürüb.
Sidqi Ruhulla "Nicat", "Səfa", az müddət "Həmiyyət" cəmiyyətlərinin teatr truppalarında,
Abbasmirzə Şərifzadənin rəhbərlik etdiyi "Müsəlman artistləri ittifaqı"nda, "Zülfüqar bəy və Üzeyir
bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə, Ərəblinskinin müxtəlif teatr dəstələrində, özünün
yaratdığı dəstə-truppalarda iştirak edib. 1918-ci ilin sonu, 1919-cu ildə Müsavat hökumətinin
yaratdığı Dövlət (Hökumət) Teatrosunda, 1920-ci ildən isə arada qısa fasilə ilə Akademik Milli
Dram Teatrında işləyib.
1913-cü ildə Moskva teatrlarında təcrübə keçən Sidqi Ruhulla İranda və Gəncədə "Ərəbli",
"Ərəblinski" imzaları ilə tamaşalar hazırlayıb və özü də baş rollarda çıxış edib. Sidqi Ruhulla İranın
Rəşt, Qəzvin, Xoy şəhərlərində ilk teatr təşkilatçısı olub, Təbrizdə səhnə sənətinin təbliği məqsədilə
"Xeyriyyə" cəmiyyəti yaradıb. Azərbaycanın qədim paytaxtı olan Təbriz şəhərində peşəkar teatrın
təşəkkülü və inkişaf yönü ilk növbədə Sidqi Ruhullanın adı ilə bağlıdır. O, Özbəkistan
Respublikasının paytaxtı Daşkənddə Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (30 dekabr
1916) və "Əsli və Kərəm" (13 yanvar 1917) operalarını yerli özbək və tatar teatr həvəskarlarının
iştiraki ilə tamaşaya hazırlayıb. Tiflisdə məşhur bəstəkar Fikrət Əmirovun atası Məşədi Cəmil
Əmirovun "Seyfəl-mülk" operasını səhnəyə qoyub. Azərbaycanın rayonlarında, getdiyi xarici
ölkələrdə yerli həvəskarlarla Nəriman Nərimanovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy
Haqverdiyevin, Mirzə Fətəli Axundzadənin, Üzeyir bəy Hacıbəyovun, həmçinin Osmanlı ədibləri
Namiq Kamalın, Şəmsəddin Saminin və başqalarının əsərlərinə səhnə təfsiri verib. Özü dramatik,
faciə rolları ilə yanaşı, opera və operettalarda Məcnun, Kərəm, Sərvər, Rüstəm bəy, Soltan bəy...
obrazlarında çıxış edib.
Üç yüzdən çox irili-xırdalı rol oynayan Sidqi Ruhulla həm ayrı-ayrı truppalarda, həm də
dövlət teatrında rejissorluq etmişdir. İyirminci illərin əvvəllərində o, aktyorluqdan əlavə, teatrın
rejissor ştatında işləyib. Rejissorlardan Hüseyn Ərəblinskinin, Aleksandr İvanovun, Saracan
Valentinovun, Hüseynqulu Sarabskinin, Abbasmirzə Şərifzadənin, Aleksandr Tuqanovun, İsmayıl
Hidayətzadənin, Yusif Yulduzun, Ədil İsgəndərovun, Rza Darablının, Əlihüseyn Rzayevin,
Mirseyfəddin Kirmanşahlının, Səftər Turabovun, Əliheydər Ələkbərovun, Məhərrəm Haşımovun və
başqalarının quruluşlarında milli, kiassik və çağdaş dünya dramaturgiyasının tamaşalarında silsilə
rollar yaradıb. Azərbaycan klassiklərindən, demək olar, hamısının pyeslərində bir neçə quruluşda
əsas rolları oynayıb.
Oynadığı rolların çox yığcam siyahısını belə ümumiləşdirmək olar. Milli dramaturgiyada:
Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" (Fəxrəddin), Nəriman Nərimanovun "Nadir şah"
(Təhmas, Nadir şah, Ədhəm xan), "Şamdan bəy" ("Dilin bəlası". Şamdan bəy), Mirzə Fətəli
Axundzadənin "Lənkəran xanının vəziri" (Səməd bəy), "Hacı Qara" (Əsgər bəy, Heydər bəy və Hacı
Qara), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (Musa və Fərhad), "Pəri cadu" (Qurban),
"Kimdir müqəssir?" (Mahmud), "Dağılan tifaq" (Nəcəf bəy), "Ağa Məhəmməd şah Qacar" (Qacar),
"Baba yurdunda" (Cahangir ağa), Hüseyn Cavidin "Şeyda" (Qara Musa), "Şeyx Sənan" (Dərviş və
Platon), "Topal Teymur" (Əmir Teymur), "İblis" (İblis), "Səyavuş" (Rüstəm Zal), Cəfər Cabbarlının
"Ədirnə fəthi" (Xalid), "Yulduz, yaxud Trablis müharibəsi" (Haris), "Od gəlini" (Altunbay, Əbu
Übeyd və Aqşin), "Sevil" (Atakişi), "1905-ci ildə" (General-qubernator və Volodin), "Solğun
çiçəklər" (Həmzə), Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər" (Naxoş və Dilmanc), Səməd
Vurğunun "Vaqif" (Qacar), "Fərhad və Şirin" (Şapur), "Xanlar" (Muxtar bəy), "İnsan" (Fon Holts),
Süleyman Sani Axundovun "Eşq və intiqam" (Şahbaz bəy), Abdulla Şaiqin "Nüşabə" (Uluca baba),
Qurban Musayevin "Qızıl çeşmə" (Kərim baba), İmran Qasımovun "Arzu" (Heydər), Mirzə
İbrahimovun "Madrid" (Henrix), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Ağalarov), "Od içində"
(Zeyni baba), Cabbar Məcnunbəyovun "Yanar dərə" (Eldar), "İldırım" (Usta Piri), Sabit Rəhmanın
"Toy" (Dəmirçi Musa), "Ərəblinski" (Bığ Musa), Zeynal Xəlilin "İntiqam" (Taras), "Qatır
Məmməd" (Göyüş dayı), Mehdi Hüseynin "Nizami" (Əbdək), "İntizar" (İlyas Əfəndiyevlə birgə.
Alxas bəy), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Səlim bəy), Rza Zakinin "Köhnə Türkiyə" (Əbdül
Həmid) əsərlərinin tamaşalarında, Sultanməcid Qənizadənin, Hüseynqulu Sarabskinin, Mirmahmud
Kazımovskinin məzhəkə və vodevillərində iştirak edib.
Dünya klassiklərindən Vilyam Şekspirin "Otello" (Montano, Yaqo), "Kral Lir" (Kral Lir),
"Maqbet" (Banko), "Roftieo və Cülyetta" (Eskal), Fridrix Şillerin "Qaçaqlar" (Frans Moor),
"Vilhelm Tel" (Vilhelm Tel), "Məkr və məhəbbət" (Vurm), Viktor Hüqonun "Gülən adam" (Ursus),
Moris Meterlinkin "Göy quş" (Baba), Jül Vernin "Kapitan Qrantın uşaqları" (kapitan Qrant),
Aleksandr Dümanın "Qanlı qala" ("Nel qülləsinin sirri". Buridan), Karl QutskoVun "Uriel Akosta"
(İbn Akiva); rus dramaturqlarından Aleksandr Ostrovskinin "Tufan" (Dlkoy), Aleksandr Puşkinin
"Dubrovski" (Trojekurov), Lev Slavinin "İntervensiya" (Polkovnik), Aleksey Fadeyevin "Gənc
qvardiya" (Valko), Yuri Yanovskinin "Prokurorun qızı" (Prokuror), Anatoli Boryanovun "O tayda"
(Mudzimura), Anatoli Qlebovun "Zaqmuq" (Sarkal), Maksİm Qorkinin "Yurdsuz insanlar"
(Aktyor), Konstantin Trenyovun "Düşmənlər" (Qornostayev), Qriqori Genin "Trilbi" (Svinqali);
Osmanlı ədiblərindən Şəmsəddin Saminin "Dəmirçi Gavə" (Gavə), Namiq Kamalın "Vətən, yaxud
Silistirə" (Sidqi), Əbdülhəq Hamidin "Tariq ibn Ziyad" (Xalid), Hüseyn Bədrəddin və Məhəmməd
Rüfətin "Əmir Əbül Üla" (Əbu Diyab), Nazim Hikmətin "Türkiyədə" (Polis rəisi), Abdulla
Talıbzadənin osmanlıcadan iqtibas etdiyi "Ərmənusiya" (Ziyad), "Xalid ibn Valid" (Maas); gürcü
Georgi Mdivaninin "Vətən namusu" (Arçil) və digər tamaşalarda müxtəlif xarakterli, tarixi və
çağdaş səhnə obrazlarını canlandırıb.
Sidqi Ruhulla milli teatrın inkişafında xidmətlərinə görə respublikanın əməkdar artisti (26
mart 1931), xalq artisti (4 dekabr 1938) və SSRİ xalq artisti (22 iyul 1949) fəxri adları ilə təltif
olunub. Dahi sənətkarın əbədi uyuduğu məzarı Bakıda Fəxri xiyabandadır.
Sidqi Ruhulla Azərbaycan teatrının ən cəfakeş, fədakar, maarifpərvər, milli mədəniyyətin
çiçəklənməsi yolunda yorulmaq bilmədən çalışmış aktyordur. Zəngin həyat təcrübəsi, usanınaq
bilməyən işgüzarlığı, fitri istedadı ilə həmişə seçilib.
Komediyada, dram və faciə tamaşalarında, eləcə də digər janrlı (məsələn, vodevil) eyni
ilham və yaradıcılıq ehtirası ilə rollar oynayıb.
Qəltanlı səs tembrini romantik faciələrə, qəhrəmanlıq ideyaları uğrunda çarpışan obrazın
xarakterinə uyğunlaşdırdığı kimi, lirik opera qəhrəmanları Məcnunun, Kərəmin, yumorlu Soltan
bəyin ariya və duetlərinə də məharətlə kökləyə bilib.
Sidqi Ruhulla güclü səhnə diqqəti, hadisələrin doğurduğu təzadlı vəziyyətləri, sərt
dəyişmələri duyması ilə başqa aktyorlara həmişə örnək olub.
Silsilə faciə obrazları yaratmış Sidqi Ruhulla ən mürəkkəb romantik fəci rolların ifasında da
güclü, geniş diapazonlu səsini məharətlə idarə edirdi.
Emosiya ilə dramatik gərginliyi sözdə (dialoq və monoloqlarda) ustalıqla vermək məharəti
ilə yanaşı, həm də personajın bütün daxili təbəddülatlarını harmonik, mənalı hərəkətlər
kompleksində göstərə bilirdi.
Gənc aktyorların yetişib formalaşmasında, sənətin özünəməxsus incəliklərini
mənimsəmələrində, istisnasız olaraq, heç kəsdən təcrübə və bacarığını əsirgəməyib.
Romantik xarakterlərdə səhnəyə çıxan Sidqi Ruhullanın daxili ehtirası, səsinin qəltanı və
zabitəli, hətta yeri gələndə vahiməli ahəngi elə ritmdə köklənirdi ki, ifaçmı aktyor kimi sevməmək,
onun istedadına Şəkk gətirmək mümkün deyildi. Bu azmış kimi, Sidqinin mənfi xarakterli rollarında
da tamaşaçı səhnəyə diqqət kəsilir, aktyorun yaradıcılıq ehtirasma məftun qalırdı, heyran olurdu.
Oynadığı yüzlərlə obrazın içərisində milli və dünya dramaturgiyasının gözəl inciləri də
çoxdur. Sidqi Ruhulla məzmun, üslub, təsvir baxımından müxtəlif olan bu xarakterlərin ifasında öz
istedadının çoxqatlı, çoxcəhətli, çoxrəngli müxtəliflikdə açılmasma nail olub.
Sidqi Ruhullanın silsilə və əlvan rolları özü bir reperuar idi və bu repertuarda aktyor nə qədər
güclü görünürdüsə, teatr bir o qədər monumentallıq kəsb edirdi.
Akademik Milli Dram Teatrının 1948 və 1959-cu illərdə Moskva qastrolları zamanı Sidqi
Ruhullanın oyunu dünya şöhrətli rus teatrşünasları tərəfindən çox yüksək qiymətləndirilib.
Aktyor "Şərqin səhəri" tamaşasındakı Ağalarov roluna görə 1948-ci ildə bir qrup yaradıcı
heyətlə birgə Stalin mükalatına layiq görülüb.
|