İLYAS ƏFƏNDİYEV
(14.11.1914-3.10.1996)
Azərbaycan dramaturgiyasında lirik-psixoloji üslubun təşəkkülü, inkişafı və formalaşması
İlyas Əfəndiyevin yaradıcılığında xüsusi yer tutur. Bu üslubdan ilkin, fəal, səmərəli istifadə edən
dramaturq milli dramaturgiyamızda dərin iz qoyub. İlyas Əfəndiyev özünün yazıçı təxəyyülünü,
estetik həyat konsepsiyasını orijinal mövzularla, bitkin xarakterlərlə, ictimai-sosial, mənəvi-əxlaqi
konfliktlər zəminində, ifadəli, dolğun, tutumlu bədii vasitələrlə realizə edib. Onun pyeslər üçün
qurduğu əlvan və aydın, dəqiq və mənalı kompozisiyalar, pyeslərinin zəngin dil-ifadə vasitələri,
mövzu dairəsi, əsas qəhrəman anlayışı müəllifin uzun illər səmərəli dramaturji axtarışları əsasında
formalaşıb.
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il noyabr ayının 14-də Qaryagin (indiki Füzuli)
şəhərində məşhur bəy nəslində anadan olub. Şəhərdəki ikinci dərəcəli məktəbi bitirib.
1930-1933-cü illərdə Qaryagindəki orta məktəbdə dil-ədəbiyyatdan dərs deyib. Təhsilini
davam etdirmək üçün Bakıya gəlib və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya
fakültəsinə daxil olub. Bir il sonra təhsilini qiyabiyə çevirib və doğma rayona qayıdaraq yenidən
məktəbdə dərs deməyə başlayıb. 1938-ci ildə ali təhsilini başa vurub. Müəllim işləyə-işləyə bədii
yaradıcılıqla məşğul olub və yazdığı hekayələri "Kənddən məktublar" adı altında toplayaraq çapa
hazırlayıb. 1938-ci ilin payızında Bakıya köçüb.
Dövrünün əsərləri teatrda ən çox oynanılan müəllif olan İlyas Əfəndiyevin yaradıcılığının
əsas qolunu dramaturgiya fəaliyyəti təşkil edir. O, ilk pyesi "İntizar"ı özünün iki hekayəsi əsasında
Mehdi Hüseynlə birlikdə 1943-cü ildə yazıb. "İntizar" dramı 1944-cü il dekabr ayının 26-da ADDT-
də tamaşaya qoyulub. Tamaşanın quruluşçu rejissoru Səftər Turabov, rəssamı Bədurə Əfqanlı,
bəstəkarı Səid Rüstəmov olublar. Elə buradaca qeyd edim ki, dramaturqun bütün pyeslərinin ("Üç
manatlıq lüstr" radio dramı istisna olmaqla) ilk tamaşası ADDT-də oynanılıb.
İlyas Əfəndiyevin ikinci dramı "İşıqlı yollar" adlanır və əsər müharibədən sonra ölkədə xalq
təsərrüfatının bərpası, mənəviyyatların, dünyagörüşlərinin təzələnməsi problemlərinə həsr edilmiş
ən kamil səhnə əsəridir. Pyesi tamaşaya ADDT-nin baş rejissoru Ədil İsgəndərov, rəssam Bədurə
Əfqanlı və bəstəkar Fikrət Əmirov hazırlayıblar. Tamaşanın premyerası 1947-ci il iyulun 19-da
göstərilib. Əsas rolları Hökümə Qurbanova (Gülarə), Mirzağa Əliyev (Baba dayı), İsmayıl
Dağıstanlı (Yelmar) ifa ediblər.
Ədibin "Bahar suları" dramı mənəvi zərifliyi və insani psixoloji duyğuları ilə ruhən "İşıqlı
yollar"ın davamıdır. Lakin mürəkkəb və yeni insani münasibətlər bu əsərdə kənd mövzusu, torpaq
və ona təzə münasibət problemləri əsasında işlənib.İlk tamaşası 1948-ci il dekabr ayının 11-də
göstərilən tamaşanın səhnə quruluşunu Ədil İsgəndərov, bədii tərtibatını rəssam Nüsrət Fətullayev,
geyim eskizlərini Bədurə Əfqanlı vermişdilər və musiqisini Fikrət Əmirov bəstələmişdi. Əsas rolları
Ələsgər Ələkbərov (Alxan), Sona Hacıyeva (Sədəf), İsmayıl Dağıstanlı (Uğur), Hökümə Qurbanova
(Şəfəq) oynayıblar.
Dramaturgiyamızda realist lirik-psixoloji üslubda yazılmış ilk sanballı, ideya-bədii cəhətdən
bitkin, mürəkkəb daxili quruluşa malik pyes "Sən həmişə mənimləsən" ("Boy çiçəyi") dramıdır.
Əsərin fabulası təbii və sadədir. Gənc, təcrübəsiz, çılğın qız özündən qat-qat yaşlı, zəngin həyat
təcrübəsinə malik, xeyirxah və sadə qəlbli kişini sevir. Belə fabula müxtəlif üslub, süjet,
kompozisiya vasitəsilə bir neçə ideyanı ali məqsədlə əyaniləşdirir. Diapazon genişdir: melodrama,
ibrətamiz, didaktik dram, faciə, satira. Janr və üslubda öz varlığını üzə çıxaran İlyas Əfəndiyev "Sən
həmişə mənimləsən" pyesində məişət və lirik-poetik kontekstləri toqquşduraraq konflikt vəziyyətinə
salıb. Həmin toqquşma nöqtəsində lirik-psixoloji kontekst yaranıb.
"Sən həmişə mənimləsən" pyesinin 1964-cü il oktyabr ayının 14-də ADDT-də oynanılan ilk
tamaşası ilə milli teatrımızda lirik-psixoloji üslubun əsası qoyulub. Tamaşanın quruluşçu rejissoru
Tofiq Kazımov, rəssamı Elçin Aslanov, bəstəkarı Fikrət Əmirov idilər. Baş rolları Əli Zeynalov
(Həsənzadə) və Azərbaycan Dövlət Teatr İnstitutunun üçüncü kurs tələbəsi Amaliya Pənahova
(Nargilə) ifa ediblər. "Sən həmişə mənimləsən" tamaşası teatrın yaradıcılıq həyatında hadisəyə
çevrilib və bundan sonra həmin estetik zəmində yeni üslublu aktyor yaradıcılığının inkişaf yolu
başlayıb.
Şəxsiyyət və cəmiyyət problemi kontekstində insanların mənəvi-əxlaqi düşüncələrini,
psixoloji münasibətlərini göstərmək baxımından, fikir dərinliyi etibarilə "Mənim günahım" dramı
ADDT üçün yeni idi. Personajların qarşılıqlı münasibətləri maraq doğuran əsəri tamaşaya quruluşçu
rejissor Əşrəf Quliyev, rəssam Böyükağa Mirzəzadə, bəstəkar Soltan Hacıbəyov hazırladılar. Əsas
surətlər isə Leyla Bədirbəyliyə (Nurcahan), İsmayıl Dağıstanlıya (Tahir), Amaliya Pənahovaya
(Ayqız), Əli Zeynalova (Sahib) tapşırılmışdı. İlk tamaşa 1967-ci il may ayımn 5-də göstərilib.
"Unuda bilmirəm" dramında dramaturq bir növ "Sən həmişə mənimləsən" pyesində
qazandığı nailiyyətləri, bədii təsvir vasitələrini, konfliktin dinamikliyini və həyatiliyini daha vuxarı
pillədə inkişaf etdirmiş, yeni imkanlarla, yeni vasitələrlə zənginləşdirmişdir. Personajlar
"Əfəndiyevin obrazları" olaraq qahr, yeni şəraitdə təzə nailiyyətlərini nümayiş etdirirlər. "Unuda
bilmirəm" pyesində İlyas Əfəndiyev ictimai-psixoloji və poetik-publisist kontekstləri toqquşduraraq
onların kəsişmə nöqtəsində publisist təmayüllü lirik-psixoloji konteksti əldə edib.
Ruhən, düşüncə tərzinə və estetik həyat konsepsiyasma görə dramaturqun ideallarına doğma
olan Tofiq Kazımov əsərə poetik monumentallıqla səhnə təfsiri vermişdi. 1968-ci il noyabrın 1-də
ilk tamaşası göstərilən səhnə əsərində Həsən Turabov (Kamran), Amaliya Pənahova (Nərmin),
Məmmədrza Şeyxzamanov (Möhsünzadə), Sofiya Bəsirzadə (Səadət xanım), Hamlet Qurbanov
(Cəmil) möhtəşəm sənət uğurları qazandılar. Rəssam Sənan Qurbanovun tərtibatı milli
səhnəqrafiyamızda yeni addım kimi dəyərləndirildi. Bəstəkar Emin Sabitoğlu tamaşaya bəstələdiyi
lirik və həzin, kövrək və həsrət ovqatlı musiqi ilə lirik-psixoloji üslubun tələblərinə parlaq estetik
təcəssüm gətirdi.
İlyas Əfəndiyev respublikamızın mənəvi, ictimai, iqtisadi və sairə daxili qatlarında gedən
prosesləri, onların əhəmiyyətini və istiqamətini görüb-duyaraq özünün "Məhv olmuş gündəliklər"
pyesində orijinal bədii formada təcəssüm etdirib. "Məhv olmuş gündəliklər" pyesinin daxili struktur
prinsipi yeni və maraqlıdır. Dramaturq ictimai-sosial və publisist-rəmzi kontekstləri qarşılaşdıraraq
onların kəsişmə nöqtəsində sosial təmayüllü lirik-psixoloji kontekst yaradıb. Bu daxili struktur
qurumu realist lirik-psixoloji üslubun gizli imkanlarını üzə çıxarmağa səbəb olub. Müəllifin bu
əsərində daha sərt, kəskin ovqat, konfliktdə iştirak edən, ayrı-ayrı cəbhələrdə dayanan antoqonist
ziddiyyətli, mürəkkəb personajlar görürük.
"Məhv olmuş gündəliklər" dramına səhnə quruluşunu rejissor Tofiq Kazımov, bədii tərtibatı
rəssam Sənan Qurbanov veriblər. Bəstəkar Emin Sabitoğlu idi. Rejissor mürəkkəb psixoloji taleyin
lirik və həzin hekayəti janrında həll etdiyi tamaşada rolları Dövlət İncəsənət İnstitutunun tələbələri
Vəfa Fətullayevaya (Fəridə), Fuad Poladova (Savalan), gənc aktyorlar Səməndər Rzayevə
(Qənimət) və Kamal Xudaverdiyevə tapşırmışdı. İlk tamaşa 1969-cu il noyabr ayının 29-da teatr-
sevərlərə təqdim olunub.
İlyas Əfəndiyev 1920-ci ilin ictimai-siyasi hadisələrinə həsr etdiyi "Mahnı dağlarda qaldı"
dramında bəy, mülkədar, mənəvi zadəganlıq məsələlərini tamamilə yeni fəlsəfi-estetik yazıçı
mövqeyindən işıqlandırıb. Həmin zəmində həm hadisələrin əsil dəyəri, həm də insan
münasibətlərinin mürəkkəb və ziddiyyətli tərəfləri daha real, daha canlı, dramaturji baxımdan daha
əsaslı alınıb. Böyük bəy, Şahnaz, Fəxrəndə xanım dramaturgiyamızda təzə obrazlar kimi
səciyyələnirlər.
"Mahnı dağlarda qaldı" tarixi mövzulu lirik-psixoloji dramına səhnə quruluşunu rejissor
Əliheydər Ələkbərov verib. Premyerası 1971-ci il fevral ayının 12-də olan tamaşada rəssam Nüsrət
Fətullayev, bəstəkar Süleyman Ələsgərov idilər. Həsən Turabov (Nicat), Amaliya Pənahova
(Şahnaz), İsmayıl Dağıstanlı (Böyük bəy), Leyla Bədirbəyli (Fəxrəndə xanım) maraqlı və cazibəli
səhnə surətləri yaradıblar.
Azərbaycan dramaturgiyasında ilk lirik-psixoloji janrlı komediya "Qəribə oğlan"dır. İlyas
Əfəndiyev həmin əsərdə yaradıcılığının zərif yumorunu, incə məzhəkə duyumunu və həssas satira
bacarığını xoş ovqatla qurtaran məzəli hadisələr əsasında canlandırıb.
ADDT-də "Qəribə oğlan" komediyasma səhnə təfsiri vermək üçün Peterburqda ali təhsil alıb
Sumqayıt teatrında baş rejissor işləyən Ağakişi Kazımov dəvət edilmişdi. O, dramaturqun üslub-
ifadə vasitələrini, poetika xüsusiyyətlərini duyaraq komediyanı yazıldığı janr-üslubda hazırladı
(rəssam Nüsrət Fətullayev, bəstəkar Emin Sabitoğlu). 1973-cü il aprel ayının 8-də "Qəribə oğlan"
tamaşası teatrın repertuarına daxil edildi. Teatrın uzunömürlü əsərlərindən olan tamaşada əsas rolları
Fuad Poladov (Valeh), Amaliya Pənahova (Kəmalə), Məmmədrza Şeyxzamanov (Barsuq), Əliağa
Ağayev (Dadaş), Nəcibə Məlikova (Məlahət) oynayırdılar.
İlyas Əfəndiyevin dramaturgiyası 1975-1995-ci illərdə də teatrın diqqət mərkəzində idi. Bu
illərdə teatrda dram əsərləri ən çox tamaşaya qoyulan dramaturq da İlyas Əfəndiyev olub. Qarabağın
XVIII əsrin sonu və XIX əsr ictimai-siyasi, tarixi hadisələrini və tarixi şəxsiyyətlərini əsil reallıqla
"Xurşidbanu Natəvan", "Hökmdar və qızı" dramlarında məhz İlyas Əfəndiyev canlandırıb.
1937-ci il repressiyasının dəhşətli faktlarını yüksək bədii təsvirlə canlandıran səhnə
əsərlərindən biri də dramaturqun "Sevgililərin cəhənnəmdə vüsalı" psixoloji faciəsidir. Mövzu
dairəsi geniş olan dramaturq Cənubi Azərbaycanın azadlıq mübarizəsinə həsr olunmuş "Şeyx
Xiyabani", Qırmızı ordunun 1920-ci ildə Vətənimizə gəlməsi ilə bağlı mühacir ömrü sürməyə
məcbur olan həmvətənlərimizin taleyindən bəhs edən "Tənha iydə ağacı" dramlarını yazıb.
Çağdaşlarının mənəvi-əxlaqi problemlərini həmişə diqqət mərkəzində saxlayan müəllifin "Bizim
qəribə taleyimiz" ("Unuda bilmirəm" pyesindəki hadisələrin 20 ildən sonraki təsviri), "Bağlardan
gələn səs", "Büllur sarayda", "Dəlilər və ağıllılar" (satirik çalarlı psixoloji dram) əsərləri AMDT-nin
repertuarına mövzu əlvanlığı, janr müxtəlifliyi, yeni-yeni insan xarakterləri gətirib. Bunu həmin
tamaşaların oynanılmasının tarixi-xronoloji ardıcıllıqla təqdimi də açıq-aydın göstərir.
Dostları ilə paylaş: |