1996, 15 dekabr. "Hökmdar və qızı". Quruluşçu rejissor Mərahim Fərzəlibəyov, rəssam
İsmayıl Məmmədov, bəstəkar Adil Bəbirov. Əsas rolları Əliabbas Qədirov (İbrahim xan), Bəsti
Cəfərova (Ağabəyim ağa), Sabir Məmmədov (Saday bəy), Bürcəli Əsgərov (Cavad xan), Səyavuş
Aslan (Vanya koxa), Safurə İbrahimova (Tubu xanım), Elxan Ağahüseynoğlu (Lisanoviç) ifa
ediblər.
İlyas Əfəndiyevin ayrı-ayrı dram əsərləri müxtəlif illərdə AMDT-dən əlavə Gəncə,
Naxçıvan, Şəki, Şuşa, Ağdam, Füzuli, Sumqayıt, Mingəçevir, Lənkəran dövlət teatrlarında,
Azərbaycan Dövlət Rus Dram Teatrında da tamaşaya qoyulub.
İlyas Əfəndiyevin əsərləri şirin və şirəli dili, zəngin psixoloji ifadə vasitələri, güclü, təzadlı
və mürəkkəb xarakterləri, kəskin və sərt konfliktləri, maraqlı süjet xətti, personajların real insani
münasibətləri və janr cazibədarlığı ilə teatrların diqqətini cəlb edir.
Bütün deyilənlər elmi-nəzəri tezislər kimi dramaturqların yaradıcılıqlarının ölçü meyarına
çevriləndə görünür ki, İlyas Əfəndiyevin lirik-psixoloji üslubu digər müəlliflərin üslubundan daha
kamildir.
İlk baxışda qəribə səslənsə də, İlyas Əfəndiyevin müsbət qəhrəmanı inkişaf etmir. Bu
qəhrəmanın xasiyyəti, dünyagörüşü, amalları, insanlara münasibəti vahid və parçalanmazdır, müsbət
qəhrəman müəllifin "öz varlığını" tərənnüm edir. Bəs, onda nəyə görə bu qəhrəmanın informativ
dəyəri, maraq dərəcəsi hər dəfə yüksək səviyyədə qalır və tamaşaçı-oxucunu, tənqidi, teatr işçilərini
(rejissoru, aktyoru, rəssamı, bəstəkarı) qane edir?
İlk növbədə ona görə ki, qəhrəman hər dəfə keyfiyyətcə yeni kontekstdə davranır.
Xalq yazıçısı (1979), əməkdar incəsənət xadimi (1969) İlyas Əfəndiyev 3 oktyabr 1996-cı
ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Dostları ilə paylaş: |