ELDƏNİZ ZEYNALOV (1.1. 1937-5.11.2001)
Komediya aktyoru 1 yanvar 1937-ci ildə Bakıda doğulub. Aktyor Həsənağa Salayevin bacısı
oğludur və bu qohumluğa görə Akademik Milli Dram Teatrının tamaşalarında on üç yaşından çıxış
edib. O, teatrda işləyə-işləyə Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb (1956-1962).
Yeniyetmə yaşlarından teatrın aktyor ştatına götürülmüş Eldəniz Məmməd oğlu Zeynalov
müxtəlif fasilələrlə bu kollektivdə çalışıb. Ən uzun fasilə 1975-1992-ci illərdə olub və həmin dövrdə
aktyor bir müddət kinostudiyada və əsasən, özünün yaratdığı miniatür estrada ansamblında fəaliyyət
göstərib.
Yaradıcılığı əsasən komediya aktyoru kimi formalaşmışdı. Xalq artisti (1991) idi. Oynadığı
çoxsaylı rollardan Mirzə Səməndər, Mazandaranski, Səlim ("Almaz", "Oqtay Eloğlu" və "Aydın",
Cəfər Cabbarlı), Yalçın, Anton, Məlik şah ("Səyavuş", "Şeyx Sənan" və "Xəyyam", Hüseyn Cavid),
Ümid, Fərəcov, Ağadadaş Nəcəfoviç ("Qəribə oğlan", "Sən həmişə mənimləsən" və "Dəlilər və
ağıllılar", İlyas Əfəndiyev), Ohan yüzbaşı, Tarverdi ("Hacı Qara" və "Xırs quldurbasan", Mirzə
Fətəli Axundzadə), Kərəmov, Mirzə Qərənfil ("Toy" və "Xoşbəxtlər", Sabit Rəhman), Melnikov
("Canlı meyit", Lev Tolstoy), Liberdo ("Dəlilər", Lope de Veqa), İbrahim xan ("Vaqif", Səməd
Vurğun), Hofmarşal ("Məkr və Məhəbbət", Fridrix Şiller), son rolu Qüdrət ("Köhnə ev", Əli Əmirli)
səhnə obrazları daha yaddaqalandır.
"Azərbaycanfilm"də iyirmidən çox bədii kino lentinə çəkilib. Eldəniz Zeynalov 2001-ci ildə
Bakıda vəfat edib.
Dostları ilə paylaş: |