Zemfira xanım 25 dekabr 1941-ci ildə Gəncə şəhərində doğulub. Anası Firuzə Bədirbəyli
Gəncə DDT-nin aktrisası olub. Kiçik yaşlarından teatrın tamaşalarında uşaq rollarını oynayıb.
İstedadı, ehtiraslı və emosional ifadə vasitələri erkən formalaşdığı üçün 17 yaşında ona Cəfər
Cabbarlının "Solğun çiçəklər" melodramasında Sara rolu tapşırılıb. Gənc aktrisa gözlənildiyindən
çox uğur qazınıb. Bundan sonra aktrisa teatra götürülüb və qısa müddətdə Səməd Vurğunun "Vaqif"
(Gülnar), Viktor Rozovun "Sabahın xeyir" (Liza), Evripidin "Medeya" (Medeya), Əfqan Əsgərovun
"Qız atası" (Məryəm) əsərlərinin tamaşalarında mürəkkəb rollar oynayıb, "Böyük dayaq" filmində
Pərişan obrazına çəkilib.
Zemfira Məmmədəli qızı Əliyeva 1972-ci ildə Naxçıvan DMDT-nin truppasına daxil olub.
Bu teatrda qazandığı sənətkarlıq nailiyyətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan
Respublikasının əməkdar artisti və 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif edilib.
Aktrisa 1988-1995-ci illərdə Akademik Milli Dram Teatrında işləyib. 16 noyabr 1995-ci ildə Bakıda
vəfat edib.
Füsunkar səhnə görkəmi, məlahətli danışığı, zəngin və əlvan ifadə vasitələri, coşqun daxili
ehtirası vardı. Bu yaradıcılıq keyfiyyətləri aktrisanın yaratdığı səhnə surətlərinə xüsusi emosional
təravət, psixoloji dərinlik və fəlsəfi bütövlük verirdi. Zemfira Əliyevanın Naxçıvan teatrında ifa
etdiyi baş rolların yığcam siyahısını belə ümumiləşdirmək mümkündür: Almaz, Sara, Firəngiz,
Yaqut ("Almaz", "Solğun çiçəklər", "Oqtay Eloğlu" və "Yaşar", Cəfər Cabbarlı), Səlma, Roza,
Xumar, Anjel ("Ana", "Şeyda", "Şeyx Sənan" və "Uçurum", Hüseyn Cavid), Sona ("Hacı Qara",
Mirzə Fətəli Axundzadə), Reyhan ("Yağışdan sonra", Bəxtiyar Vahabzadə), Maral ("Sənsiz", Şıxəli
Qurbanov), Mədinə, Azadə ("Mənim nəğməkar bibim" və "Bir cüt bədmüşk ağacı", Əkrəm Əylisli),
Pırpız Sona ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Zinyət ("Toy", Sabit Rəhman), Söylü
("Bəxt üzüyü", Vaqif Səmədoğlu ,) Nərmin, Anjel ("Unuda bilmirəm" və "Məhv olmuş
gündəliklər", İlyas Əfəndiyev), Kleya ("Tülkü və üzüm", Gilerma Piqeyredu), Pəricahan və Zöhrə
("Laçın yuvası" və "Eşq və intiqam", Süleyman Sani Axundov), Zəhra ("Bayramın birinci günü",
Nazim Hikmət), Elektra ("Elektra", Sofoki), Dilbər ("Yenə o bağ olaydı...", Mlkayıl Müşfiqin
şeirləri əsasında bədii kompozisiya), Vəfa ("Siz xoşbəxt yaşayın", Əlyar Yusifli).
Dostları ilə paylaş: