AYDIN ŞAHSUVAROV (31.1.1931 - 2.6.1986)
Naxçıvan şəhərində 31 yanvar 1931-ci ildə anadan olub. Orta məktəbi burada bitirərək Bakı
Dəmiryol Texnikumuna daxil olub. Texnikumun dram dərnəyində hazırlanan tamaşalarda epizod
rollar oynayıb. 1953-1955-ci illərdə hərbi xidmətə gedib və qayıtdıqdan sonra Zəngilan rayonunun
Mincivan dəmir yolu stansiyasında maşinist köməkçisi işləyib. O, 1957-ci ildə Naxçıvan teatrının
yardım heyətinə aktyor götürülüb, əvvəlcə kütləvi səhnələrə çıxıb, sözsüz rollar oynayıb. Baş
rejissor İbrahim Həmzəyevin qayğikeşliyi və onunla fərdi məşğul olması sayəsində Aydın Ağa oğlu
Şahsuvarov aktyor ştatına götürülüb və tezliklə bir-birinin ardınca koloritli xarakterik rollarda uğur
qazanıb. Tədricən yaradıcılığı realist aktyor məktəbinin estetik prinsipləri əsasında formalaşıb.
Xüsusən satirik və məzhəkəli, qaravəlli mənşəli yumorlu rolları bacarıqla oynayıb. Qısa müddətdə
teatrın aparıcı aktyorları səviyyəsinə yüksələn aktyor 1 iyun 1974-cü ildə Azərbaycan
Respublikasının əməkdar artisti və 15 noyabr 1984-cü ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2
iyun 1986-cı ildə Naxçıvanda vəfat edib.
Aydın Şahsuvarovun oynadığı rollar ifadə vasitələrinin əlvanlığına, məzəli forma
xüsusiyyətlərinə, tipik danışıq tərzinə görə fərqləniblər. Yaradıcılığının böyük bir qisınıni xarakterik
rollar təşkil edən Aydın Şahsuvarovun zəngin tiplər qalereyasında dram tamaşalarında yaratdığı
Vidadi ("Vaqif", Səməd Vurğun), Rəhim xan, Altunbay, İbad, Mazandaranski ("Nəsrəddin şah",
"Od gəlini", "Almaz" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Mirpaşa ("Komsomol poeması", İsgəndər
Coşqun), Fərəc bəy ("Üfüqlər qızaranda", Ramiq Muxtar), Qədir ("Quşu uçan budaqlar", Əkrəm
Əylisli), Fənd Fərəc ("Adamın adamı", Anar), Şeyx Əhməd, Hacı ("Ölülər" və "Dəli yığıncağı",
Cəlil Məmmədquluzadə), Səməndər ("Haray səsi", Hüseyn Razi), Qıdı kirvə ("Hacı Qəmbər", Nəcəf
bəy Vəzirov), Qurban ("Nağıl başlananda", İmran Qasımov), Obab ("Zirehli qatar 14-69",
Vyaçeslav İvanov), Naməlum adam ("Onlar dörd nəfər idilər", Konstantin Simonov), Fabdo
("Bostan iti", Lope de Veqa), Albadam ("Mənim qayınanam", Georgi Xuqayev), Markiz
("Mehmanxana sahibəsi", Karlo Haldoni), Kor padşah ("Kor padşah", Nazim Hikmət və Vera
Tulyakova), operettalarda oynadığı Soltan bəy, Hambal ("Arşın mal alan" və "Məşədi İbad", Üzeyir
bəy Hacıbəyov) rollarının adını xüsusi çəkmək olar.
Dostları ilə paylaş: |