AFAQ BƏŞİRQIZI (15 AVQUST 1955)
Məşhur komediya aktyoru Bəşir Səfəroğlunun qızıdır. Bakıda doğulub və 31 saylı orta
məktəbi bitirib. Çörək zavodunda işləməklə yanaşı, Tibb işçiləri mədəniyyət sarayının dram
dərnəyində həvəskar aktyorluq edib. Buradan Lənkəran DDT-yə dəvət alıb və 1975-ci ilə kimi orada
aparıcı aktrisalardan olub. 1975-ci ildən 1989-cu ilə kimi Sumqayıt DDT-də işləyib. Hər iki
kollektivdə əsasən dramatik, psixoloji xarakterlər, qəhrəman sevgili rollarını oynayıb. Həmçinin
maraqlı komediya rollarında səhnəyə çıxaraq böyük tamaşaçı rəğbəti qazanıb.
Bir müddət Dövlət Gənclər Teatrında işləyən aktrisa 1989-cu ildən (qısa fasilələrlə) MKT-
nin əsas sənətkarlarındandır. Bu teatrda Xala ("Bəbirlinin kələkləri", Rauf Hacıyev), Gülbadam
("Sevgilimin arvadı", Georgi Xuqayev və Eldar Mansurov), Ofeliya xanım ("Qarğa, məndə qoz
var", Cahangir Aslanoğlu və Həsənağa Qurbanov), Qızbacı ("Hicran", Sabit Rəhman və Emin
Sabitoğlu), Səməni ("Subaylarınızdan görəsiniz", İsi Məlikzadə və Süleyman Ələsgərov), Sənəm
("Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Nisə ("Bankir adaxlı", Tamara Vəliyeva və Emin
Sabitoğlu), Səltənət ("Məhəbbət oyunu", Qeybulla Rəsulov və Cavanşir Quliyev), Məsmə ("Məsmə
xala dayımdır", Cahangir Məmmədov və Ramiz Mustafayev) rollarını oynayıb.
Aktrisanın ən məşhur ekran rolu "Bəxt üzüyü" filmində Söylü obrazıdır.
Afaq Bəşirqızı bir neçə ildir özəl "Bəşir" teatrının, 2004-cü ildən "Bəşir Səfəroğlu" Moskva
Miniatür Teatrının bədii rəhbəridir.
Sənətdə qazandığı uğurlara görə 17 may 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar
artisti və 1993-cü ildə xalq artisti fəxri adlarına layiq görülüb.
Afaq Bəşirqızı tənqid hədəfinə çevirdiyi mövzuların zahiri gülünclüyünü "partlayan", aşıb-
daşan yumorla, qroteskli satira ilə çatdırır.
Aktrisa üçün gülüş oyadan vəziyyəti doğuran sosial durumun psixoloji əsaslarını, dərin
ictimai mahiyyətini qabarıq, daha dəqiq və mənalı verməyə sənətkarlıqla nail olur.
Həssas aktrisadır. Onun həssaslığı gülüşün mayasında durduğuna görə aktrisa bir anın
içərisində tamaşaçı salonunu ələ almağa və seyrçilərin diqqətini öz oyununda cəmləşdirməyə nail
olur.
|