MOBİL ƏHMƏDOV (10 SENTYABR 1931)
Teatrın şöhrətli sənətkarlarındandır. Vokal ifaçılığını dramatik və komik aktyor oyunu ilə
yüksək sənətkarlıqla sintez etməyin bünövrəsini qoyanlardan biridir. Şirin, məlahətli, coşğun səsi və
zəngin çalarlı aktyorluq ifadə vasitələri, yüksək səhnə mədəniyyəti, həssas obraz duyumu var.
Mobil Salman oğlu Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncədə doğulub. 1955-ci ildə Əzim
Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra isə Azərbaycan Dövlət
konservatoriyasına qəbul edilib və Bülbülün sinifində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq bir
neçə ay Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Sentyabr ayında isə MkT-yə solist dəvət
olunub. Elə həmin vaxtdan da qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib. Bir
neçə xarakterik rol oynayıb. Qazandığı nailiyyətlərin kökündə onun daxili sənət yanğısı, yaradıcılıq
ehtirası durur. Həmişə realist oyun tərzi, sərbəst və əlvan çalarlı ifa üslubu ilə diqqətdə durub.
Teatrın yetmişdən çox tamaşasında oynamaqla zəngin yaradıcılıq irsi yaradan Mobil
Əhmədov bir neçə rolunu müxtəlif quruluşlarda ifa edib. Solist-aktyorun əsas partiyalarının çox
yığcam siyahısını belə ümumiləşdirə bilərik. Klassik operettalarda və klassik milli dramaturgiya
əsasında yazılmış musiqili komediyalarda oynadığı rollar: Sərvər və Rüstəm bəy, Əsgər ("Məşədi
İbad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli
Axundzadənin eyniadlı əsəri əsasında libretto müəllifi Şəmsi Bədəlbəyli. Bəstəkarlar Ramiz
Mustafayev və Vasif Adıgözəlov), Məhəmmədhəsən əmi ("Danabaş kəndinin əhvalatları", Cəlil
Məmmədquluzadənin eyniadlı əsəri əsasında libretto müəllifi Cənnət Səlimova, bəsətənar Oqtay
Kazımov).
Müasir mövzulu musiqili komediyalarda ifa etdiyi səhnə surətləri: Tuğay ("Bir dəqiqə",
Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Nadir ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq
Quliyev), Ayaz ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov), Alay ("Gözün aydın", Məhərrəm
Əlizadə və Fikrət Əmirov), Bəxtiyar ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Arzu, Zəfər,
Yetim, Toğrul ("O1madı elə, oldu belə", "Özümüz bilərik", "Milyonçunun dilənçi oğlu" və
"Sevindik qız axtarır", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Cəsarət, Çingiz ("Nənəmin şahlıq
quşu" və "Boşanaq, evlənərik", Əliağa Kürçaylı və Vasif Adıgözəlov), Sahib ("Ləpələr", Əliağa
Kürçaylı və Arif Məlikov), Etibar ("Qızılgül", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov).
Tərcümə əsərlərində oxuduğu partiyalar: Zurab ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota
Milorava), kote ("Keto və kote", Vladimir Dolidze), Elbrus ("Sevgilimin anası", Georgi Xuqayev və
A.Ovanov).
Mobil Əhmədov müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərir. Sənət dostlarının
yüzlərlə şarjını çəkib. Radionun fondunda 600-dən çox lent yazısı, xeyli valı var. Aktyor-müğənni
Azərbaycan Respublikasının əməkdar artist (1978) və xalq artist (2000) fəxri adlarına layiq görülüb.
Dostları ilə paylaş: |