HÜSEYN ƏRƏBLİNSKİ
(1881-4 mart 1919)
Azərbaycan romantik aktyor məktəbinin banisi Hüseyn Ərəblinski sayılır. "Ərəblinski"
qüdrətli aktyor və rejissorun təxəllüsüdür. Afişalarda bəzən "Ərəbli" kimi də yazılıb. Əsil adı
Hüseynbala, soyadı Xələfovdur. 1881-ci ildə Bakıda doğulub.
Atası Məmməd kişi yeikənli gəmidə işləyib və Hüseyn (Hüseynbala) bacısı Dürsədəflə kiçik
ikən ailənin başçısı dəniz fırtınasında həlak olub. Anası Pərinin himayəsində qalan Hüseyn
Ərəblinski bir müddət mollaxanada oxuyub, ancaq ailənin pis güzəranına görə ruhani təhsilindən
uzaqlaşıb. 1893-cü ildə o, qeyrətli ziyalı, ehtiraslı teatr həvəskarı Həbib bəy Mahmudbəyovun kasıb
uşaqlar üçün açdığı pulsuz təhsil sinifində oxuyub. Bu məşhur təhsil ocağı "Üçüncü rus-tatar
məktəbi" adlanırdı və Həbib bəy oranın müdiri idi. Sultanməcid Qənizadə də orada dərs deyirdi və
Hüseynin məktəbə qəbulunda onun ciddi səyi olub. Həbib bəyin məktəbindən sonra gələcəyin
aktyoru "Mixaylovskaya Şkola"da oxuyub.
Rus dilini və ədəbiyyatını mükəmməl öyrənən Hüseyn 1900-cü ildə hərbi məktəbə (o vaxt
"Kadetski korpus" adlanırdı) daxil olmaq üçün Tiflisə gedib. Ancaq nəslən hərbi qulluqçu
olmadığına və ya özünün həmin sahədə müəyyən iş stajının yoxluğuna görə onu hərbi məktəbə
qəbul etməyiblər. Yenidən Bakıya gəlib, müxtəlif işin qulpundan yapışaraq çörək-pulu qazanıb.
Həm də hərdən ayrı-ayrı həvəskar dəstələrinin təşkil etdikləri tamaşalarda epizod rollar oynayıb.
1901-ci il-də Şuşadan Bakıya gələn Əbdürrəhim bəy Haqverdiyev burada dağılmaqda olan teatr
dəstələrini bir araya gətirib, nisbətən sabit truppa düzəldib. Az sonra həmin truppa "Müsəlman
artistləri cəmiyyəti" (Şirkət) adlanıb. Hüseyn Ərəblinski bu truppa ilə sıx əlaqə yaradıb.
Hüseyn Ərəblinski ilk dəfə səhnəyə 1897-ci ildə çıxıb. Müəllim işləyən və teatrın
təşəkkülündə böyük xidmətləri olan Sultanməcid Qənizadə şagirdlərlə "Lənkəran xanının vəziri"
komediyasını tamaşaya hazırlayıb. Əsər Novruz bayramı münasibətilə göstərilib və Ərəblinski
(Xələfov) mehtər Kərəm rolunda səhnəyə çıxıb. Ağabəşiri isə onun məktəb dostu, sonralar aktyor,
rejissor, dramaturq kimi fəaliyyət göstərən Mirmahmud Kazımovski oynayıb. 1900-1905-ci illər
ərzində həvəskarların hazırladıqları tamaşalarda nəzərə çarpmayan rollarda çıxış edib. Onların
arasında nisbətən yadda qalanı və əslində zəif olanı Nəcəf bəy Vəzirovun öz faciəsi əsasında
hazırladığı "Müsibəti-Fəxrəddin"dəki nökər Hacı Murad rolu olub. Görkəmli teatr xadimi Əbülfət
Vəlinin təşkil etdiyi teatr truppası 1905-ci ildə Lənkəranda qastrolda olub. Həmin tamaşada
xəstələnmiş aktyorun yerinə Rüstəm bəyi Ərəblinski ifa edib. Aktyor bu rolda gözlənilməz uğur
qazanıb. Qastrol nailiyyəti aktyorun yaradıcılığında ciddi dönüş yaradıb. Hüseyn Ərəblinski qısa bir
müddətdə Bakı aktyorları arasında öncüllüyü ələ alıb. O, əsasən "tragik" (faciə rollarını oynayan
(aktyor) kimi şöhrətlənmiş və tez bir zamanda, həm də rejissor kimi səmərəli fəaliyyət göstərməyə
başlamışdı.
Hüseyn Ərəblinski 1906-1919-cu illər arasında "Nicat", "Səfa" mədəni-maarif
cəmiyyətlərinin teatr truppalarında, "Müsəlman artistləri cəmiyyəti"ndə, "Zülfüqar bəy və Üzeyir
bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə aktyorluq və rejissorluq etmişdir. Həmin truppaların
bəzisində həmçinin baş rejissor kimi də səmərəli işlər görmüşdür.
Milli teatr sənətimizin peşəkar istiqamətdə inkişafında, başqa ölkə və şəhərlərdə
tanınmasında, bir sıra bölgələrdə teatr sənətinin təşəkkülündə Hüseyn (Məkərə) Ərəblinskinin böyük
xidmətləri olub. O, özünün təşkil etdiyi truppa-dəstələrlə 1906-cı ildə Dərbənddə, Tiflisdə, Gəncədə,
Petrovskidə (indiki Mahaçqala), Temurxanşurada, Nijni Novqorodda, Həştərxanda (Hacıtərxan),
1909-cu ildə Tiflisdə, İrəvanda, Batumda, Vladiqafqazda, Moskvada, Şuşada, 1911-ci ildə
Krasnavodskda, Aşqabadda, 1914-cü ildə Tiflisdə, 1917-ci ildə Hacıtərxanda və Tiflisdə qastrol
səfərlərində olub. Qastrol repertüarının əsasını Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy
Haqverdiyevin, Nəriman Nərimanovun, Şəmsəddin Saminin, Namiq Kamalın, Jan Batist Molyerin,
Henrix Heynenin dram və faciələri, həm milli, həm də tərcümə vodevil və məsxərələr təşkil edib.
Bir qayda olaraq bu tamaşaların rejissorluğunu Ərəblinski öz üzərinə götürüb.
1908-ci il yanvarın 12-də "Nicat" cəmiyyəti truppasının oynadığı ilk milli operamız olan
Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun"unun quruluşçu rejissoru Hüseyn Ərəblinski idi.
Müxtəlif vaxtlarda Üzeyir bəy Hacıbəyovun "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu"
operalarına, "Arşın mal alan", "Ər və arvad", "Məşədi İbad" operettalarına, Zülfüqar bəy
Hacıbəyovun "Aşıq Qərib", "Evliykən subay", "Əlli yaşında cavan" əsərlərinə dəfələrlə quruluşlar
verib.
Rejissor kimi Hüseyn Ərəblinskinin daha peşəkar sayılan quruluşları Nəcəf bəy Vəzirovun
"Müsibəti-Fəxrəddin", "Ev tərbiyəsinin bir şəkli", "Adı var, özü yox", "Hacı Qəmbər", "Daldan
atılan daş topuğa dəyər", Mirzə Fətəli Axundzadənin "Hacı Qara", "Lənkəran xanının vəziri",
"Müsyö Jordan və dərviş Məstəli şah", Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", "Dağılan
tifaq", "Ağa Məhəmməd şah Qacar", Nəriman Nərimanovun "Nadir şah", Yusif Talıbzadənin "Xalid
ibn Valid", Osmanlı ədiblərindən Namiq Kamalın "Vətən", "Akifbəy", "Naci bəy fədakari-
hürriyyət", Şəmsəddin Saminin "Dəmirçi Gavə", Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin "Əmir
Əbül Üla", rus müəllifi K.Baxmetovun "Napoleon" ("1812-ci il və ya Moskva yanğını"), alman
Henrix Heynenin "Əl Mənsur", Jan Batist Molyerin "Zorən təbib", Vilyam Şekspirin "Otello",
Nikolay Qoqolun "Müfəttiş", Fridrix Şillerin "Qaçaqlar" əsərlərinə verdiyi səhnə təfsirləridir. O,
çoxlu xırda vodevillər, birpərdəli əsərlər də hazırlayıb. Yuxarıda adı çəkilən faciələrin əksəriyyətinə
isə bir neçə dəfə quruluş verib.
Hüseyn Ərəblinskinin ifa etdiyi rolları şərti olaraq iki qismə bölmək olar: milli dramların və
tərcümə əsərlərinin tamaşalarında oynadığı obrazlar.
Birinci bölümə Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" (Hacı Murad, Rüstəm bəy və
Fəxrəddin), "Hacı Qəmbər" (Xudaverdi bəy), "Daldan atılan daş topuğa dəyər" (Əbdürrəhman bəy),
"Ev tərbiyəsinin bir şəkli" (Rəsul), Sultanməcid Qənizadənin "Axşam səbri xeyir olar" (Ağa Cavad),
"Dursunəli və ballıbadı" (Ağa Cəfər), Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (Süleyman
bəy), "Bəxtsiz cavan" (Fərhad), "Ağa Məhəmməd şah Qacar" (Qacar), Nəriman Nərimanovun
"Nadir şah" (Məhəmməd xan, Gürcü bəy və Nadir şah), "Bahadır və Sona" (Bahadır), "Şamdan bəy"
(Yusif), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Teymur ağa), "Hacı Qara"
(Naçalnik), Haşım bəy Vəzirovun "Döymə qapımı, döyərlər qapmı" (Ağa Məcid), Məmmədəmin
Rəsulzadənin "Qaranlıqda işıqlar" (Qəhrəman), İsmayıl Rüstəmbəyovun "Dövləti-bisəmər"
(Ağabala), Yusif Talıbzadənin "Xalid ibn Valid" (Xalid), Mirzə Məmməd Axundzadənin "Səd ibn
Vəqqas" ("Səd Vəqqas". Səd Vəqqas), Səkinə Axundzadənin "Zülmün nəticəsi" (Səid bəy), Əhməd
Qəmərlinin "Rüstəm və Söhrab" (Rüstəm), Abdulla Abdullazadənin "Xosrov-Pərviz" (Xosrov
Pərviz) əsərlərinin tamaşalarındakı rollar daxildir.
Aktyor tərcümə əsərlərindən Nikolay Qoqolun "Müfəttiş" (Dobçinski və Xlestakov), Henrix
Heynenin "Əl Mənsur" (Əli və Əl Mənsur), Fridrix Şillerin "Qaçaqlar" (Frans), Namiq Kamalın
"Əta bəy" (Əta bəy), "Naci bəy" (Naci bəy), "Vətən" (İslam bəy), "Namus" ("Akif bəy". Anif bəy),
Jan Batist Molyerin "Zorən təbib" (Eyvaz), Fransua Volterin "Sultan Osman" (Sultan Osman),
Yevgeni Çirkovun "Yəhudilər" (Naxman), Şəmsəddin Saminin "Dəmirçi Gavə" (Gavə və Pərviz),
S.Lanskoyun "Qəzavat" (Əhməd bəy Şamxal), Məhəmməd Ehsanın "Cövdət bəy" (Cövdət bəy),
Lentovskinin "Artistlərin məişəti" (Vəli), İvan Turgenevin "Pulsuzluq" (Cəmil bəy), Hüseyn
Bədrəddin və Məhəmməd Rüfətin "Əmir Əbül Üla" (Əbu Dəyyab), Baxmetovun "1812-ci il"
(Napoleon), Abdulla Şaiqin təbdilində "Qafqaz çiçəkləri" (Aslan), Vilyam Şekspirin "Otello"
(Otello), Yusif Talıbzadənin təbdilində "Ərmənusə" (Arkadyos), Ehrabinin "Ləkkeyi taci Kəyan"
(Səttarxan), Vano Mçedaşvilinin "Qaçaq Kərəm" (Kərəm), Əbdülhəq Hamidin "Tariq ibn Ziyad"
(Tariq), Ələsgər Kamalın "Bəxtsiz igid" (Zakir), özünün tərcümə-təbdilində "Bədəfkarın külfəti"
(Ata) pyeslərinin tamaşalarında müxtəlif səpkili rollar oynayıb.
Hüseyn Ərəblinski 1916-cı ildə "Milyonlar və neft səltənəti" filmində Lütfəli bəy rolunda
çəkilib.
Azərbaycan teatr tarixində böyük xidmətləri olan onlarca aktyor məhz Hüseyn Ərəblinskinin
şöhrəti və yaxından qayğısı, yaxud ona bəslənən böyük rəğbət nəticəsində səhnə sənətinə gəlmişlər.
Hətta Sidqi Ruhulla və Abbasmirzə Şərifzadə kimi qüdrətli aktyorlar vaxtilə onlara verilən "balaca
Ərəblinski" qiyməti ilə fəxr etmişlər.
Rusiyada xüsusi teatr təhsili almaq arzusu ilə yaşayan və həmin istəyi maddi çətinlik
ucbatından dəfələrlə puça çıxan Hüseyn Ərəblinski 1919-cu il martın 4-də dayısı oğlu Əbdülxalıq
Əbdülkərim oğlunun tapançadan açdığı atəşlə qətlə yetirilib. O, son dəfə mart ayının 1-də səhnədə
Nadir şah rolunda çıxış edib.
Qacar, Fərhad, Nadir şah, Otello, Fəxrəddin, Xlestakov, Frans, Gavə, Qaçaq Kərəm, İslam
bəy rolları aktyorun teatr salnaməmizə əbədi həkk olan səhnə surətləridir.
Hüseyn Ərəblinski səhnəmizin ilk aktyorlarındandır ki, suflyordan imtina etməyə səylə can
atmış, oynadığı əksər obrazların sözlərini əzbər bilmişdir.
Hüseyn Ərəblinski aktyor sənətini elmi əsaslarla mənimsəmək üçün çoxlu mütaliə etmiş və
kitablardan mənimsədiklərini sənət yoldaşlarına da öyrətməklə, səhnədə əyaniləşdirməyə
çalışmışdır.
Hüseyn Ərəblinski milli rejissuramızda Əbdürrəhim bəy Haqverdiyevin qoyduğu ənənəyə
sadiq qalaraq tamaşaya hazırlanan əsəri təhlilə çalışmışdır. Pyesin ideya və müəllif qayəsi barədə
aktyorlara məlumat verməyi vacib saymışdır.
Hüseyn Ərəblinski hər hansı əsəri ayrı-ayrı ifaçılarla işləyib, sonra "calaq" eləmək vərdişinin
əleyhinə çıxmış, tamaşanı iştirakçı aktyorların ansambl bütövlüyü ilə işləməyə üstünlük vermişdir.
Sadəlik, canlılıq, eşq və ehtiraslar üzərində köklənən emosionallıq, coşğun temperament
romantik aktyor Hüseyn Ərəblinskinin yaradıcılığı üçün səciyyəvi idi.
Hüseyn Ərəblinskinin məzarı Bakıda Fəxri xiyabandadır.
Sumqayıt Dövlət Musiqili Dram Teatrı görkəmli sənətkar Hüseyn Ərəblinskinin adını
daşıyır.
Dostları ilə paylaş: |