Opera partiyaları: İbn Tahir ("Şah İsmayıl", Müslüm Maqomayev), Padşah ("Əsli və
Kərəm", Üzeyir bəy Hacıbəyov).
Abbasmirzə Şərifzadə Osmanlı ədibi Şəmsəddin Saminin "Əhdə vəfa", "Dəmirçi Gavə",
Mirzə Cəlil Məmmədquluzadənin "Anamın kitabı", "Ölülər", Təhsin Nahidin "Hicranlar" Nəriman
Nərimanovun "Nadir şah", "Dilin bəlası", Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah
Qacar", "Dağılan tifaq", "Pəri cadu", Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Namiq Kamalın
"Qaplan paşa", Fridrix Şillerin "Məkr və məhəbbət", "Qaçaqlar", Hüseyn Cavidin "İblis", "Şeyx
Sənan", Cəfər Cabbarlının "Trablis müharibəsi", "Aydın", "Oqtay Eloğlu", Süleyman Sani
Axundovun "Tamahkar", "Laçın yuvası", "Eşq və intiqam", Nəcəf bəy Vəzirovun "Pəhlivanani-
zəmanə", "Müsibəti-Fəxrəddin", Məmməd Səid Ordubadinin "Dinçilər", Xalid Fəxrinin "Bayquş",
Mirzə Əbdülrəsul Şərifzadənin "Ənuşirəvani-adil", Vano Mçedaşvilinin "Qaçaq Kərəm", Əhməd
Qəmərlinin təbdilində "Yusif və Züleyxa", Mirzəbala Məmmədzadənin "Bakı uğrunda müharibə",
Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin "Əmir Əbül Üla", Səkinə Axundzadənin təbdilində
"Lakme"... tamaşalarına, Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", Müslüm
Maqomayevin "Şah İsmayıl", Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" operalarına səhnə quruluşları
verib. Onun rejissorluq fəaliyyəti ansambl bütövlüyünə meyli, kompozisiya tamlığına cəhd, milli
koloriti qabartmaq səyi ilə daha çox səciyyələnir.
Qüdrətli sənətkar 1919-cu ildə Bakıdakı Mərkəzi fəhlə klubunda, sonralar Fəhlə-kəndli Türk
Dram Dərnəyində həvəskarlar dəstəsinə rəhbərlik etmiş, bir sıra tamaşaların quruluşçu rejissoru
olmuşdur. Abbasmirzə Şərifzadənin təşəbbüsü ilə həmin dərnəklərdəki həvəskarların bir çoxu
peşəkar aktyorluğa gəlmişlər.
SSRİ xalq artisti Mərziyə Davudova onun həyat yoldaşı oub. Bu ailədə doğulan Firəngiz
Şərifova xalq artistidir və hazırda Gənc Tamaşaçılar Teatrında işləyir.
Abbasmirzənin gur, cingiltili və qəltanlı səsi olub. Səsini zil nöqtədə və pıçıltılı danışıqda da
sərbəst işlədib, ifadə və ləfzi dəqiq, aydın, sərrast idi.
Kükrəyib daşan, bir qəlbə sığmayan qızğın ehtirası, bütün tamaşa boyu kökdən düşməyən
coşğun temperamenti vardı.
Poetik teatrın estetik prinsiplərini, poetika xüsusiyyətlərini öz oyununda yüksək səviyyədə
təcəssüm etdirdiyinə görə Şeyx Sənanın, İblisin, Səyavuşun, eləcə də Hüseyn Cavidin digər
qəhrəmanlarının ən kamil ifaçılarından sayılır.
Yumordan "xəsisliklə" istifadə etsə də, komediya rollarında duzlu, məzəli, baxımlı idi. Xalq
oyun-tamaşa, qaravəlli ifadə vasitələrinə üstünlük verməklə məzhəkə janrının estetik göstəricilərinə
daha çox əsaslanırdı.
Son dərəcə aydın diksiyası, cingiltili səsinin çoxqatlı çalarları, qızğın daxili temperamenti
dərin mənası, psixoloji tutumu ilə monumental ifadəlilik kəsb edirdi. Bu vəhdətin poetik hüsnü,
ecazkar cazibəsi tamaşaçıları coşğun riqqətə gətirirdi.
Romantik aktyordan tələb olunan bütün yaradıcılıq keyfiyyətlərini yüksək peşəkarlıqla
mənimsəmişdi və onları səhnədə yaradıcı sənətkar səxavətilə oyununa məsrəf edirdi.
Aktyorluq sənətinin elmi-nəzəri əsaslarını yorulmadan öyrənir və əxz etdiyi qənaətləri
səhnədə cəsarətlə sınaqdan çıxarırdı.
Bəzi məqamlarda qrimdən ifrat dərəcədə istifadə etsə də, oyununda, obrazın xarakterini
hərəkətlərdə verməkdə buna, yəni qabarıq qrim tipajlığına bəraət qazandırmağa çalışırdı.
"Hamlet", "Otello", "Aydın", "Şeyx Sənan", "İblis" kimi tamaşalarda oynadığı eyniadlı
obrazlarla tamaşanın ümumi sürət-ritmi arasında harmonik vəhdət-körpü yaradırdı.
Abbasmirzə Şərifzadənin orta səviyyəli, hətta alınmayan zəif rolları da olub. Ancaq aktyor o
personajların ifasında da canlı, həyati və səmimi görünüb.
Abbasmirzə Şərifzadə milli romantik aktyor məktəbinin ən parlaq simalarından olan sənət
dühasıdır.
Teatrda milli rejissuranın bərqərar olması uğrunda cəsarətlə mübarizə aparıb.
|