A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə5/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

XVII Mövzu:   
«Vyana sistemi» və Müqəddəs ittifaqın yaradılmasının beynəlxalq 
şəraitə təsiri 
XVII Mövzu:  
Xanlıqların yaranması və Quba xanlığınln xarici siyasəti 
      20.1. Azərbaycanda xanlıqların meydana çıxması.Quba xanlığı 
      20.2. Quba xanlığının xarici siyasəti 
XIX Mövzu:  
Azərbaycanın Rusiya tərəfindən işğalı və beynəlxalq nəticələri 
XX Mövzu:  
Krım müharibəsi ərəfəsi və dövründə beynəlxalq münasibətlər 
XXI Mövzu:  
Almaniyanın birləşdirlməsi  ətrafında diplomatik mübarizə  və 
beynəlxalq nəticələri 
Nəticə 


 
5
Giriş 
 
 Müasir 
beynəlxalq münasibətlər çoxminillik tarixi inkişaf yolunun sonucudur, desək səhv etmərik. 
Dünyanın siyasi xəritəsi hələ  ən qədim zamanlardan öz rəngarəngliyi ilə seçilmişdir. Tarix boyu meydana 
çıxmış dövlətlər konkret zaman kəsiyində mövcud olmuş, müharibələr aparmış, cahangirlik etmiş, bəzən isə 
meydana çıxdığı kimi də izsiz-sədasız yox olmuşdur. Mövcud tədqiqatlarda dövlətlərin yaranması bir qayda 
olaraq e.ə. IV minilliyin ikinci yarısı və ya sonlarına aid edilir. Ən qədim dövlətlər Misirdə, Mesopotamiyada, 
Çində, Hindistanda və Avropanın cənubunda-Yunanıstanda təşəkkül tapmışdır. 
 Dövlətlərin tarix səhnəsinə  qədəm qoyması ilə dövlətlərarası münasibətlərdə  əməkdaşlıq və müharibə 
problemləri ön plana keçir və dövlətlərin «olum və ya ölüm» məsələsinə çevrilir. Tarixi inkişafın müxtəlif 
dövrlərində dövlətlərarası ticarət-iqtisadi  əlaqələrin mütəmadi davam etdiyini müşahidə edirik, eyni zamanda 
müxtəlif dövlətlərin bir koalisiyada birləşərək apardıqları müharibələrin də  şahidi oluruq. «Ən qədim 
müqavilə», «ultimatum», «barışıq», «iki dövlətin ittifaqı» anlayışları  hələ quldarlıq münasibətlərinin mövcud 
olduğu dövrlərdən bizə məlumdur. E.ə. 616-612-ci illərdə Midiya və Babilin ittifaqı qədim Şərqin ən cəngavər 
dövlətlərindən olan Assuriyanın varlığına son qoyulması ilə nəticələndi. Qədim Romanın yeritdiyi «parçala və 
ağalıq et» strategiyası Aralıq dənizi hövzəsində nəhəng quldarlıq imperiyasının yaradılmasına gətirib çıxardı. 
 Roma 
hüququ 
əsasında müasir beynəlxalq hüququn əsaslarından sayılan «xalqlar hüququ» meydana 
gəldi. Yunan və Roma diplomatiyasının yüksəlişində ritarik-diplomatiya məktəblərinin yetirmələri mühüm rol 
oynamışdı. Romanın barbarlarla müttəfiqlik müqavilələri, Sasanilər və hunlarla imzaladığı sazişlər «Xalqlar 
hüququnu» olduqca zənginləşdirirdi. Roma diplomatiyasının ənənələri Bizans imperiyasında, Frank dövlətində 
yaşadı və inkişaf etdirildi.  
 
Avropada feodal pərakəndəliyi dövrünün diplomatiyası senyorluq – vassallıq münasibətləri üzərində 
qurulmuşdu. 756-cı ildə yaradılmış Papa dövləti saxta «Konstantin bəxşişinə»  əsasən öz hakimiyyətini bütün 
Avropaya yaymağa başladı. Müqəddəs Roma imperiyası Roma imperiyası ənənələrinin yaşanmasında mühüm 
rol oynamışdı. Yaranmaqda olan milli dövlətlərdə diplomatiya və səfir işi bu ənənələrdən bəhrələnirdi. 
 
Şərqdə yaranan və genişlənən ərəb xilafəti dövlətlər-arası münasibətlərə və diplomatiyaya özünəməxsus 
yeniliklər gətirdi. 630-cu ildə  ərəb xilafətinin yaradılması  Məhəmməd peyğəmbərin onilliklər boyu apardığı 
mübarizənin nəticəsi idi. Xudeybə  və  Məkkə müqavilələri peyğəmbər diplomatiyasının uğurları  sırasında 
mühüm yer tuturdu. Əməvilər, Abbasilər və Kordova xilafətində xarici dövlətlərlə diplomatik əlaqələrin 
saxlanılmasına xüsusi fikir verilirdi. Abbasi xəlifəsi Harun-Ər Rəşid (786-809) Frank imperatoru Böyük Karlla 
(768-814) diplomatik əlaqələr saxlayır, İtaliyanın dəniz respublikalarına ticarət karvanları göndərirdi. 
 
Ərəb istilaları  nəticəsində bir vaxtlar qüdrətli olan Sasani dövlətinin varlığına son qoyulmuş, Bizans 
imperiyası Asiya və Afrikadakı geniş  ərazilərini itirmiş,  Ərəbistan yarımadasından Cənubi Qafqaza, Mərkəzi 
Asiyadan Hindistana qədər nəhəng  ərazilər  ərəb xilafətinin tərkibinə daxil edilmişdi. Lakin Qərbdə Frank 
dövlətinin, Şərqdə isə Ərəb xilafətinin parçalanması nəticəsində dünyanın siyasi xəritəsi dəyişilmiş və olduqca 
rəngarəng xarakter almışdı. Frank imperiyasının süqutu nəticəsində  Qərbdə Fransa, Almaniya və  İtaliyanın 
simasında milli dövlətlər yaranmış,  Şərqdə isə  Səlcuq istilalarından sonra nəhəng Səlcuq imperiyası  təşəkkül 
tapmışdı. Tədricən adət-ənənələr, yazılmış və yazılmamış qanunlar üzərində diplomatiya hüququ formalaşır və 
mərasimləşirdi. Otuz ildən çox səlcuq sultanlarından Alp Arslan və Məlikşahın vəziri olmuş Xacə Nizamülmülk 
dövlətlərarası münasibətlərdə elçinin rolundan danışaraq «Siyasətnamə»  əsərinin 21-ci fəslində yazırdı: 
«Elçiliyə o adam yarayar ki, şahlara xidmət etmiş olsun, hafizəli, uzaqgörən olsun və  hər bir elmdən xəbəri 
olsun, dilli-dilavər olsun, artıq söz söyləməsin, çox səfər etmiş, qədd-qamətli, yaraşıqlı olsun, alim və qoca olsa 
daha yaxşı olar... Elçi şahın xasiyyətinə dəlalət edər».
1
  
 Azərbaycan dövlətçilik  ənənələrinin yaşanmasında  ərəb xilafəti dağıldıqdan sonra meydana gələn 
Şirvanşahlar, Sacilər, Salarilər,  Şəddadilər, Rəvvadilər dövlətlərinin, Səlcuq imperiyası parçalandıqdan sonra 
yaranmış Eldənizlər dövlətinin rolu və  əhəmiyyəti böyük olmuşdur.  İslam dininin dövlət səviyyəsinə 
yüksəlişindən sonra Hulakülər, Qaraqoyunlu, Ağqoyunlu və  Səfəvi dövlətləri də xalqın mədəni dövlətçilik 
tarixində mühüm rol oynamışlar. Orta əsrlərə dair çoxsaylı qaynaqlarda adları qeyd edilən Azərbaycan 
dövlətlərinin siyasi həyatı beynəlxalq əlaqələri haqqında maraqlı məlumatlara rast gəlinir. 
 
Ağqoyunlu və Səfəvi dövlətlərinin tacir diplomatları Osmanlı dövlətinə qarşı mübarizə aparmaq üçün 
çoxtərəfli danışıqlar aparır, Cənubi Avropa dövlətlərinin bir qrupunun iştirakı ilə antiosmanlı    Liqasının 
yaradılmasına nail olurlar. Iki yüz ildən yuxarı davam edən Ağqoyunlu-Osmanlı  və  Səfəvi-Osmanlı 
müharibələri ümumtürk dünyasının əsl faciəsi idi.  
Avropa diplomatiyası bu türk dövlətlərini bir-birilə vuruşdurmaqla Avropanı Osmanlı yürüşlərinin 
hədəfi olmaqdan xilas etmişdilər. Ağqoyunlu, Səfəvi və Osmanlı dövlətlərinin başçıları, sərkərdələri və 
diplomatları  Qərb ölkələrinin məkrli siyasətlərinin uzağa gedən nəticələrini dərk etməmiş deyildilər, lakin 
aralarındakı ziddiyyətlər və  mənafe ayrılığı ümumi düşmənə qarşı birləşməyə imkan vermirdi. Türk dünyası 
                                                           
1
 Nizamülmlük. Siyasətnamə. B., Elm, 1989, s. 96 


 
6
daxilindəki didişmələr bütün XV-XVIII əsrlər boyu davam etmiş  və türk dünyasının ümumi hərbi, siyasi, 
iqtisadi və mənəvi qüdrətinə ağır zərbə vurmuşdu.  
 
Ağqoyunlu Uzun Həsənin, I Şah  İsmayılın, I Təhmasibin və I Şah Abbasın elçiləri Avropa 
dövlətlərindən bir çoxunun saraylarında olmuş, Roma papası ilə danışıqlar aparmış, Azərbaycan ipəyi, xalçası, 
ədviyyatı ilə yüklənmiş ticarət karvanları Böyük İpək yolu ilə Qərbə yollanmış, əvəzində Avropa texnologiyası, 
silahları  və s. Şərqə daşınmışdı. Dövrün qadın siyasətçilərindən Qara Yusifin arvadı  Əliyyə Könüldaş, Uzun 
Həsənin anası Sara Xatın, Sultan Muradın anası Gövhər Sultan dövlət idarəçiliyində, danışıqların aparılmasında, 
tayfalararası düşmənçiliyin aradan qaldırılmasında mühüm rol oynamışdılar.  Şah Məhəmməd Xudabəndənin 
arvadı Məhdi Ülya ali divanın vəkili səviyyəsinə qədər yüksəlmiş və Səfəvilər dövlətinin xarici siyasətinə ciddi 
təsir göstərmişdi.  
Avropada milli dövlətlərin meydana gəlməsi və inkişafı dövlətlərarası münasibətləri məzmunca 
zənginləşdirmiş, adət-ənənələr və  mərasimlər üzərində formalaşan Avropa dövlətlərarası hüququ-beynəlxalq 
hüquq elmi təşəkkül tapmışdı. XIII-XVIII əsrlər boyu formalaşmaqda olan milli dövlətlərdə mükəmməl 
diplomatiya orqanları yaradılmış, səfirlik işi daimi peşəyə çevrilmiş, hətta səfir ironik şəkildə «fəxri casus» 
statusunu qazanmışdı. Dövlətlərarası münasibətlərdə xristian dini faktorunu isə Roma papalıq dövləti və 
Müqəddəs Roma imperiyası yaşatmışdı. F.Engels obrazlı  şəkildə yazırdı ki, antik dövrdən orta əsrlərə uçub-
dağılmış  şəkildə - şəhərlər, bütöv şəkildə isə xristian kilsəsi miras qalmışdı. Din amili dövlətlərarası 
münasibətlərdə müasir dövrdə də mühüm rol oynamaqda davam edir. Roma kilsəsinin elçiləri – nuntsilər bütün 
Avropa dövlətlərinə papanın fərmanlarını yayır, Avropada baş verməkdə olan ictimai-siyasi dəyişikliklərə ciddi 
nəzarət edirdilər. 
 XIII 
əsrin sonlarından etibarən beynəlxalq münasibətlər meydanında görünməyə başlayan Osmanlı 
dövləti XV əsrin ortalarında Avropa ilə Asiya arasında «qızıl körpünü» ələ keçirməklə dünya siyasətinin 
inkişafına ciddi şəkildə təsir göstərməyə başladı. Bizans imperiyasının süqutu və Avropanın cənubunun Osmanlı 
dövləti tərəfindən işğalı Avropa diplomatiyasının Türkiyə ilə bağlı  məkrli planlar qurmağa müttəfiqlər 
axtarmağa və  səlib yürüşünün təşkili üçün müxtəlif tədbirlərə  əl atmağa vadar etmişdi. Həm Səfəvi-Osmanlı, 
həm də Rusiya-Türkiyə müharibələri Qərb diplomatiyasının Türkiyəyə qarşı yeritdiyi mənfur siyasətin nəticəsi 
idi. 
 Son 
orta 
əsrlər və yeni dövrün əvvəllərində beynəlxalq münasibətlər ciddi dəyişikliklərə  məruz qaldı. 
Belə ki, böyük coğrafi kəşflər, Hindistana və Amerikaya gedən yolun açılması, müstəmləkə  işğallarının 
başlanması, dünya ticarətinin yaranması, ticarət marağının mühüm əhəmiyyət kəsb etməyə başlaması, 
konfissional sistemə  əsaslanan cəmiyyətlərin meydana gəlməsi, sülalə müqavilələrinə  əsaslanan koalisiyaların 
yaranması, beynəlxalq ticarət karvan yollarının dənizlərdən okeanlara keçməsi bütün bunlar dünya siyasətində 
qlobal dəyişikliklərin təməlini qoydu. XVI əsrin  əvvəlləri üçün milli inkişafda Qərb ölkələrindən-İngiltərə, 
Fransa, İspaniya, Danimarka, İsveçrə, Rusiya, Şərq ölkələrindən – Azərbaycan, Türkiyə, Çin, Hindistan, Misir 
və s. ölkələr mühüm nailiyyətlər qazanmışdılar. Elə bu dövrdən etibarən dünya siyasətində Qərb ölkələri aparıcı 
rol oynamağa başlamışdı. 
 XV 
əsrin ortaları və ikinci yarısı beynəlxalq münasibətlər sistemində radikal dəyişikliklərlə səciyyələnir 
ki, bu baxımdan iki hadisənin xüsusi qeyd edilməsi vacibdir. Birincisi, dünya siyasət meydanına Rusiyanın 
çıxması hesab edilə bilər. Rusiya – Böyük Moskva knyazlığı haqqında Avropaya ilk geniş məlumatı Sileziya 
taciri Nikolay Peppel vermişdi. 1486 və 1489-cu illərdə onun Rusiya haqqında Qərbdə verdiyi məlumatlar 
xüsusi sensasiya yaratmışdı. Ikinicisi, 1453-cü ildə Konstantinopolun Türkiyə  tərəfindən tutulmasından sonra 
Avropanın cənubunda beynəlxalq şəraitin kəskin şəkildə dəyişməsi ilə bağlı idi. Avropanın siyasi xəritəsi hələ 
tamamlanmaqda idi.  
 Son 
orta 
əsrlərin müstəmləkə imperiyaları Portuqaliya və İspaniya dövlətləri idi, XVI əsrin beynəlxalq 
münasibətlərində İspaniya dövləti başlıca rol oynadığı halda XVII əsrdə bu birincilik Fransaya keçmişdi. XVII 
yüzilliyin əvvəlləri üçün Avropada beynəlxalq ziddiyyətlərin düyün nöqtəsi Almaniya torpaqları idi ki, bunun 
nəticəsi Otuz ilik müharibə oldu. Avropanın iki düşmən koalisiyada birləşmiş dövlətləri arasında gedən 
mübarizə müasir dünya qaydasının  əsaslarında dayanan Vestfaliya beynəlxalq münasibətlər sisteminin 
formalaşması ilə başa çatdı. Vestfaliyanın iki ilə şəhəri – Osnabryuk və Myunsterdə imlazalanmış müqavilələr 
nəticəsində Avropanın siyasi xəritəsi formalaşdı.   
 XVI-XVII 
əsrlər Avropa diplomatiyasında bir sıra yeniliklərlə  səciyyələnir. Dövlətlərarası 
münasibətlərin daimi xarakter alması, daimi diplomatiya institutlarının meydana gəlməsi, müxtəlif koalisiyaların 
və sülalə ittifaqlarının yaranması, dövlət marağının beynəlxalq münasibətlərə hakim kəsilməsi, dini müharibələr, 
hakimiyyətin legitimliyi, beynəlxalq hüquq sahəsində müxtəlif tədqiqatların meydana gəlməsi, dövlətlərarası 
münasibətlərdə qüvvələr müvazinəti, nikah diplomatiyasının xüsusi təsir vasitəsinə çevrilməsi – bütün bunlar 
həmin yeniliklərin yığcam siyahısı olsa da beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərən faktorlara 
çevrilmişdi. Göstərilən faktorlardan hər hansı birinin, məs., «nikah diplomatiyasının» mahiyyətini 
aydınlaşdırmaq üçün bir nümunəyə müraciət edək, 1551-ci ildə  İspan kralı V Karlla («Günəş kral») İngiltərə 
parlamenti arasında imzalanmış nikah  müqaviləsinə görə, «Mariya (İngiltərə şahzadəsi) Filippə (V Karlın oğlu) 


 
7
ərə verilirdi... lakin İspaniya  İngiltərəni Fransa ilə müharibəyə  cəlb etməməli, Filipp İngiltərə qanunlarına 
hörmət etməli, Mariyanın ölümündən sonra İngiltərə taxt-tacı iddiasında olmamalı idi». «Nikah diplomatiyası» 
beynəlxalq münasibətlərin sülaləvi xarakterinin möhkəmləndirilməsində mühüm rol oynamışdı.  
 XVII 
əsr Avropa siyasətində Fransa hegemonluğu dövrüdür ki, bu ilk növbədə görkəmli dövlət xadimi, 
diplomat, hersoq, generalissimus Arman Jan dü Plessi Rişelyenin (1586-1642) adı ilə bağlıdır. Hakimiyyətə 
gəlişinin birinci məqsədini «Kralı yüksəltmək», ikinci məqsədini «Krallığı qüdrətli etmək» elan edən Rişelye 
«dövlət marağını» strategiyaya çevirir. Fransız müəlliflərindən  Şantero Lefevro yazırdı ki, «Reyn çayınadək 
bütün Qalliya torpaqları Fransaya verilməzsə, Avropada sülh və  əmin-amanlıq heç zaman bərqərar 
olmayacaqdır». Lakin Fransanın həddindən artıq qüvvətlənməsi Avropada qüvvələr tarazlığını pozduğu üçün 
antifransız koalisiyasının yaradılması «qüvvələr müvazinətinin» dövlətlərarası münasibətlərdə oynadığı rolu 
əyani şəkildə nümayiş etdirdi. 
İspaniyanın dənizlərdə və okeanlarda ağalığına son qoyulduqdan sonra bu birincilik tədricən İngiltərəyə 
keçməyə başladı. Fransanın kontinentdə hegemonluğu  İngiltərənin dünya okeanında ağalığı ilə paralel baş 
verməkdə idi. Lakin Fransanın «kontinental tirana» çevrilməyə çalışması  İngiltərə, Hollandiya və Müqəddəs 
Roma imperiyasından ibarət yaradılmış Böyük alyansla (1701) toqquşmaya gətirib çıxardı ki, bunun nəticələri 
Fransan üçün o qədər də ürək açan olmadı. Avropada dövlətlərarası münasibətlərin kifayət qədər ziddiyyətli və 
mürəkkəb konfiqurasiyası XVIII əsrin ortalarında iki bir-birinə qarşı duran koalisiyanın yaradılması ilə başa 
çatdı.  
Şimali Amerikadakı koloniyalar uğrunda mübarizə 1756-cı ilin mayında İngiltərənin Fransaya müharibə 
elan etməsi ilə  nəticələndi.  İngiltərə (Hannoverlə birlikdə) və Prussiyanın ittifaqına alman knyazlıqlarından 
Hessen-Kassel, Braunşveyiq, Şaomburq-Litqe və Saksen-Qota daxil idilər. Digər koalisiyada Avstriya, Fransa, 
İsveç və Saksoniya birləşmişdilər. Rusiya bu koalisiyaya 1757-ci il yanvarın 11-də Avstriya ilə imzalanmış 
müqaviləyə  əsasən qoşulmuşdu. Az sonra Müqəddəs Roma imperiyasına daxil olan alman knyazlıqlarının 
əksəriyyəti Avstriya-Fransa ittifaqına qoşuldular. Mövcud tədqiqatlarda yaranmış vəziyyət «diplomatik inqilab» 
adlandırılır, çünki əslində bir-birinə qarşı düşmən mövqedə olan dövlətləri «dövlət maraqları» müxtəlif 
koalisiyalarda birləşməyə vadar etmişdi.  
Yeddiillik müharibə Avropada qüvvələr tarazlığının yeni nisbətini müəyyənləşdirdi, Avropada 
müharibəyə  qədər mövcud olan tarazlıq  İngiltərə  və Prussiyanın xeyrinə  dəyişdi.  İngiltərə dünyanın  ən iri 
müstəmləkə  və  dəniz dövlətinə çevrildi (lakin məhz bu ingilis koloniyalarının 1775-1783-cü illər istiqlaliyyət 
mübarizəsi dövründə  İngiltərənin beynəlxalq aləmdən tam şəkildə  təcrid edilməsinə  gətirib çıxardı). Fransa 
müstəmləkə mülklərinin əksəriyyətini itirdi və İngiltərənin dənizlərdə hegemonluğunu qəbul etmək məcburiyyə-
tində qaldı.  
XVIII yüzilliyin ikinci yarısından etibarən dünyanın siyasi xəritəsi bir sıra hadisə və proseslərin təsiri ilə 
ciddi dəyişikliklərə  məruz qaldı ki, bunlara müstəmləkələr uğrunda mübarizənin, Böyük Fransa burjua 
inqilabını, ingilis koloniyalarının istiqlaliyyət müharibəsini, Polşanın bölüşdürülməsini,  şərq məsələsinin 
kəskinləşməsini, Napoleon müharibələri nəticəsində Avropada yaranmış beynəlxalq  şəraiti, antifransız 
koalisiyalarının yaradılması  və  fəaliyyətini, Vyana konqresi və  qərarlarını, Müqəddəs  İttifaqın və Vyana 
sisteminin yaradılmasını göstərmək olar. 
Vyana konqresindən sonra yaradılmış «pentarxiya» - «beşlər ittifaqı» - dünyanın yeni geosiyasi 
mənzərəsi idi. Bu dövrdən etibarən Avropa dövlətləri arasında bir növ «nisbi sükunət» vəziyyəti yaranır ki, belə 
vəziyyət XIX yüzilliyin 50-ci illərinə qədər davam edir. 
Beynəlxalq münasibətlərin qədim, orta əsrlər və XIX yüzilliyin 70-ci illərinə  qədərki yeni dövrünün 
hadisə və proseslərini əhatə edən «Beynəlxalq münasibətlər tarixi» dərsliyi müəlliflərin uzun illər boyu oxuduğu 
mühazirələr kursuna əsasən hazırlanmış, Bakı Dövlət Universitetinin «Beynəlxalq münasibətlər və beynəlxalq 
hüquq» fakültəsinin hər iki ixtisasının tələbə  və magistrləri üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı, 
dərslikdən respublikamızın ali məktəblərinin müvafiq profilli ixtisaslarının tələbələri və magistrləri, habelə 
elmi-ictimai fikri də istifadə edə bilər. 
 


 
8

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin