23
vəhdətini qoruyub saxlamaqda çox mühüm rol oynayır. Ova hazırlaşmaqla, nikah mərasimləri və s. ilə bağlı birgə
rituallar cəmiyyətin kollektiv ruhunun möhkəmlənməsinə kömək edir.
«İndustrial cəmiyyət» termini hələ O. Kont tərəfindən elmi dövriyyəyə daxil edilmişdi. Belə
cəmiyyətin
əsasını istehsal, sənayenin inkişafı təşkil edir; bunlar əməyin elmi təşkilinə istinad edir. Sənaye istehsalı fəhlələrin
iş yerlərində
[50 - 51]
təmərküzləşməsini nəzərdə tutur. Əmələ gələn işçi kütləsinin sahibkarlarla münaqişəsi
yaranır. Zənginliyin artmasının əsas şərti mənfəət ardınca qaçma və rəqabət olur. Lakin artıq istehsalla bağlı olan
böhranlar da çoxalır; nəticədə bolluq içərisində yoxsulluq güclənir. İndustrial cəmiyyət sosial həyatın təşkilinin elə
tipidir ki, burada fərdlərin azadlığı və maraqları onların birgə fəaliyyətini nizamlayan ümumi prinsiplərlə
əlaqələnir. Belə cəmiyyət üçün çevik sosial strukturlar, sosial mobillik, inkişaf etmiş kommunikasiyalar sistemi
xarakterik cəhətlərdir.
XX əsrin 60-cı illərində postindustrial (informasiya) cəmiyyət konsepsiyaları (D. Bell, A. Turen,
Y. Habermas) meydana gəlir; bu, ən inkişaf etmiş ölkələrin iqtisadiyyatında və mədəniyyətindəki kəskin
dəyişikliklərlə şərtlənmişdi. Cəmiyyətdə bilik və informasiyanın, kompüter və avtomatik qurğuların aparıcı rolu
etiraf olunur. Zəruri
təhsil alan, ən yeni informasiya əldə etmək imkanı qazanan adamlar sosial ierarxiya
pilləkanında irəliləmək üçün üstün şanslar əldə edirlər. İnsanın cəmiyyətdə əsas məqsədi yaradıcı əmək olur.
Postindustrial cəmiyyətin neqativ tərəfi də var: dövlətin, hakim elitanın informasiyaya müyəssərlik, kütləvi
informasiyanın və kommunikasiyanın elektron vasitələri sayəsində insanlar, bütövlükdə cəmiyyət üzərində sosial
nəzarəti gücləndirməsi təhlükəsi qalır. Cəmiyyətin həyat dünyası effektivlik və instrumentalizm məntiqinə daha
çox tabe olur. Mədəniyyətdə, o cümlədən ənənəvi dəyərlərdə inzibati nəzarətin təsiri altında pozulma meylləri
güclənir, çünki belə nə-zarət sosial münasibətlərin, sosial davranışın standartlaşmasına, unifıkasiyasına can atır.
Cəmiyyət iqtisadi həyat və bürokratik təfəkkür məntiqinə daha çox tabe olur. İnsanlar sosial nailiyyətlərdən istifadə
etsələr də, iqtisadiyyatın və dövlətin öz şəxsi həyatlarına müdaxiləsindən müdafiə olunmaq məcburiyyətində
qalırlar. Deməli, müasir cəmiyyətin sosial sferası təhlükəsiz deyildir. Ona görə də modernizasiyaya qarşı
müqavimət və mübarizə zəminində müəyyən sosial
[51 - 52]
hərəkatlar (məsələn, vətəndaşlıq təşəbbüsləri,
«yaşıllar» hərəkatı, antinüvə hərəkatı və s.) meydana çıxır.
Göründüyü kimi, cəmiyyətin bir pillədən digərinə keçməsinin obyektiv göstəriciləri kimi sənayenin inkişafı,
elmi-texniki tərəqqi ön plana çəkilir.
Bir çox tədqiqatçıların (məsələn, D. Bell, A. Kinq, C. Martin, A. Norman, C. Neysbit, İ. Məsud və
başqaları) əsərlərində postindustrial cəmiyyətin fərqləndirici xüsusiyyətlərinə xüsusi diqqət yetirilir.
Həmin
xüsusiyyətlər aşağıdakılardır: əmtəələrin istehsalından xidmətlər iqtisadiyyatına keçilməsi; yüksək təhsilli peşəkar
texniki mütəxəssislərin rolunun artması; cəmiyyətdə kəşflərin və siyasi qərarların mənbəyi kimi nəzəri biliklərin
öncül mövqeyi; texnika üzərində nəzarət və elmi-texniki yeniliklərin nəticələrini qiymətləndirmək imkanı;
intellektual texnologiya yaradılması zəminində, habelə informasiya texnologiyası deyilən texnologiyadan istifadə
etməklə qərarların qəbul olunması.
İnformasiya cəmiyyətinin təşəkkülü təsadüfi deyildir. Bu cəmiyyətdə sosial dinamikanın əsası ənənəvi
maddi ehtiyatlar deyil, informasiya (intellektual) bilikləridir, elmi, təşkilati amillərdir, insanların intellektual
qabiliyyətləri, təşəbbüsləri, yaradıcıhqlarıdır. Formalaşmaqda olan informasiya cəmiyyətinin tələbatları
informasiya texnologiyalarının, necə deyərlər, həyat vəsiqəsi almasını zəruri etmişdir.
İndustrial cəmiyyətdən informasiya cəmiyyətinə keçilməsi zamanı sosial həyatın bütün sahələrində
informasiya ehtiyatlarının toplanması ilə onlardan istifadə olunması arasındakı məhdudiyyətlər aradan qaldırılır;
bu, sosial proseslərin dinamikasının artmasına, ictimai tərəqqinin sürətlənməsinə səbəb olur. Deməli, informasiya
cəmiyyətində informasiya axınları və massivləri sosial inkişafı müəyyən edir, mövcud
ehtiyatlar və amillərlə
müqayisədə prioritet istiqamətlidir; burada əhalinin mütləq əksəriyyəti və ya hamısı informasiya fəaliyyəti ilə
(əlbəttə, fərqli səviyyədə) məşğul olur.
Elmi ədəbiyyatda informasiya cəmiyyətinin gələcəkdə
[52 - 53]
informasiya-ekoloji cəmiyyətə keçəcəyı
fıkri də öz əksini tapmışdır. Mütəxəssislərin fıkrincə, informasiya cəmiyyəti ekoloji sağlamlaşma imkanlarını
artırmalıdır. İnformasiya-ekoloji cəmiyyət ekoloji problemləri effektli həll etməyi bacaran, ekotələbatların,
ekodəyərlərin və imperativlərin tarazlığını təmin edən, yüksək ekoloji mədəniyyətə, əxlaqa, şüura əsaslanan
cəmiyyətdir. Başqa sözlə, o, sosiumun yeni qlobal vəziyyətidir, noosferanın təşəkkülünün növbəti mərhələsidir.
Müasir sosiologiyada cəmiyyətin sistem-struktur və münaqişə konsepsiyaları geniş yayılmışdır. Onları
yığcam şəkildə nəzərdən keçirək.
Sistem-struktur konsepsiyalar cəmiyyəti müəyyən birlik, bütövlük kimi nəzərdən keçirir. Cəmiyyətin
dəyişilməsi konsensusun (cəmiyyət üzvləri arasında qarşılıqlı razılığın), müvazinətin pozulması ilə bağlıdır, onu
bərpa etmək üçün cəmiyyətin sosial təşkilini dəyişdirmək zəruridir. A. Malinovskinin fıkrincə, sosial sistem olan
cəmiyyətin ünsürləri insanların əsas tələbatları ilə bağlıdır. İnsanlar öz tələbatlarını ödəmək üçün birləşməyə
məcburdur. Buna əlaqələndirmə, idarəetmə institutları kömək edir. Deməli, cəmiyyət bir sistem olmaq etibarilə
insanın öz təbiəti ilə şərtlənmişdir. K. Erikson cəmiyyəti özü inkişaf edən sosial sistem kimi nəzərdən keçirirdi;
24
onun hüdudları və birliyi sosial nəzarət metodları ilə təmin edilməlidir. O, cinayətkarlıq faktlarını araşdıraraq, bu
qənaətə gəlirdi ki, həmin faktlar cəmiyyətin hüdudlarını dəyişdirmək cəhdləridir. Bu kənaraçıxmalar cəmiyyətin
qalan üzvlərinə cəmiyyətin birliyini qoruyub saxlamaq üçün davranış normalarına əməl olunmasının zəruriliyini
başa düşməkdə, yəni sosial konsensusun saxlanmasını dərk etməkdə kömək edir.
T. Parsons belə hesab edirdi ki, sosial sistem böyük insan fəaliyyəti sisteminin altsistemlərindən biridir. Öz
növbəsində sosial sistemdə daha dörd altsistemi ayırd etmək olar: mədəniyyət sistemi; siyasi sistem; iqtisadi
sistem; sosietal sistem. Üç əvvəlki sistemlər sonuncu sistemin fəaliyyət mühitini
[53 - 54]
qərarlaşdırır. Cəmiyyətin
özəyini strukturlaşdırılmış normativ nizam təşkil edir; bunun vasitəsilə əhalinin kollektiv həyatı təşkil olunur.
Nizam dəyərləri, normaları və qaydaları ehtiva edir. Məhz nizam sayəsində fərdlərin cəmiyyətə mənsubiyyət
meyarı, məlum ərazidə onların davranışı üzərində nəzarət ölçüsü müəyyənləşir, kollektiv vahid bütövlük kimi
fəaliyyət göstərə bilir. Eyni zamanda məlum normativ nizam sosietal birlik üzvlərinin statuslarının, hüquq və
vəzifələrinin
toplusu kimi səciyyələnir; onlar vahid mədəni oriyentasiya zəminində müxtəlif fərdlər və qruplar üçün
fərqlidir. Sosial səviyyədə cəmiyyət davamlı, qarşılıqlı surətdə əlaqəli, inteqral bütövlük olub, mədəni və sosial-
struktur diferensiasiyaya malikdir. Cəmiyyətdə qeyri-adekvat sosiallaşmaya malik adamlar (deviantlar adlandırılan
şəxslər) mövcuddur; onlar cəmiyyətin dəyər və normalarını yetərincə mənimsəməmişlər. Deviasiya müvazinətdən
kənara çıxmadır, ona görə də sosial nəzarətin müxtəlif vasitələrindən istifadə edilməsi zəruridir.
Mədəni sistem cəmiyyətdə normativ nizamın legitimləşdirilməsi (qanuniləşdirilməsi) funksiyasını yerinə
yetirir: sosial icazələr və qadağanlar üçün əsaslar formalaşır.
Orqanizmlər və fiziki əhatə cəmiyyətin mühiti kimi çıxış edir; onlar sosial sistemin mövcudluğu üçün zəruri
şərtləri təmin edir. Bütün fiziki kompleksin özəyi iqtisadi sistemdir. İqtisadiyyat təkcə texniki-texnoloji
prosedurların sosial cəhətdən nizamlanması üçün yox, həm də onların sosial sistemə qoşulması üçün, onlar
üzərində fərdlərin, qrupların mənafeləri naminə nəzarətin həyata keçirilməsi üçün fəaliyyət göstərir. İqtisadiyyatın
başlıca funksiyası cəmiyyətdə mövcud olan rəngarəng tələbatların ödənilməsi üçün ehtiyatların səfərbər
edilməsidir. Cəmiyyətlə onu əhatə edən mühitin tarazlı qarşılıqlı təsiri onun sabit fəaliyyətinin, birliyinin,
bütövlüyünün mühüm şərtidir. T. Parsonsun fikrincə, istənilən sosial sistem, ən əvvəl cəmiyyət kifayət səviyyədə
daxili nizamlılığa malik olmalıdır.
[54 - 55]
Adətən cəmiyyətin dörd böyük sferasını ayırd edirlər:
iqtisadi, siyasi, sosial, mənəvi. Bu sferalar və onların
ayrı-ayrı elementləri bir-birinə fasiləsiz surətdə qarşılıqlı təsir göstərir, dəyişilir, yeniləşir. Bu sferalardan hər hansı
birinin mütləqləşdirilməsi və ya onun əhəmiyyətinə laqeydlik göstərilməsi bütün cəmiyyətin taleyində fəlakətli iz
buraxa bilər.
Sosial münaqişələr nəzəriyyəsinin tərəfdarları cəmiyyətdə mübarizəyə, daxili qarşıdurmaya, böhranlara
xüsusi diqqət yetirirlər. Bu halda onların mülahizələrinin çıxış məqamı kimi qeyd olunur ki, cəmiyyətdə müxtəlif
sosial qrupların mənafelərində uyğunsuzluq, ziddiyyət, əkslik mövcuddur; həmin qruplar öz tələbatlarını ödəmək,
öz maraqlarını reallaşdırmaq üçün səy göstərdiklərindən onların bir-biri ilə toqquşması, mübarizə aparması labüd
olur. Sosial münaqişələr cəmiyyətin simasını, onun əsas sosial təsisatlarını və ya ünsürlərini dəyişdirir. Cəmiyyətin
dəyişilməsi mexanizmini fəaliyyətə gətirən başlıca amil sosial mənafe olur; o, sosial sistemin qarşılıqlı təsirinin,
fəaliyyətinin bazası kimi çıxış edir.
Münaqişələrin sosioloji nəzəriyyəsini işləyib hazırlamaqda məşhur olan Amerika sosioloqu L. Kozer
funksional təhlili təkmilləşdirməyə səy göstərərək, sübut edirdi ki, münaqişə cəmiyyətin daxili həyatının
məhsuludur. Mövcud sosial sistemin sabitliyi probleminin həlli sosial toqquşmaları, münaqişələri, mənafelərin
mübarizəsini
nəinki rədd etmir, əksinə, tamamilə etiraf edir; bu, sosial münasibətlərin ayrılmaz atributlarındandır.
İstənilən sosial sistem fərdlər və sosial qruplar arasında hakimiyyətin, sərvətin, status mövqelərinin müəyyən
bölgüsünü nəzərdə tutur. Heç zaman ayrıca şəxsin və ya qrupun mövcud bölgü sistemi nəticəsində faktiki nail
olduğu ilə arzusunda olduğu, daha ədalətli hesab etdiyi pay arasında tam uyğunluq olmur; onların öz xüsusi
paylarını artırmaq cəhdləri münaqişəni şərtləndirir.
Münaqişələr cəmiyyətdə bir sıra pozitiv funksiyalar da yerinə yetirirlər. Belə ki, onlar qarşılıqlı
etimadsızlığın, düşmənçiliyin araşdırılmasına, gərginliyin zəiflədilməsinə səbəb
[55 - 56]
olur ki, bu da gələcəkdə
tərəflərin qarşılıqlı münasibətlərinin yeniləşməsinə imkan verir. Bundan əlavə, münaqişələr ümumi mənafelərin
təzahürü zəminində daxili düşmənlərə qarşı mübarizədə insanları birləşdirərək, cəmiyyətdə inteqrasiyaedici rol
yerinə yetirirlər. Münaqişələr müəyyən çağırışlara cavab olaraq, həqiqi mübarizənin mənbəyi kimi sosial
dəyişikliklərin stimullaşdırılması və sürətləndirilməsi funksiyasını da həyata keçirirlər.
Məşhur alman sosioloqu R. Darendorf sosial münaqişənin mahiyyətini
hakimiyyətlə ona müqavimət
göstərilməsi arasındakı antaqonizmdə görürdü. Çünki hakimiyyət həmişə hakimiyyətsizliyi, deməli, hakimiyyətə
müqavimət göstərilməsini nəzərdə tutur. Hakimiyyətə müqavimətin dinamikası tarixin hərəkətverici qüvvəsidir,
cəmiyyətdəki dəyişikliklərin sürət və istiqamətlərini müəyyən edir. Sivilizasiyalı, yüksək dərəcədə mobil
cəmiyyətdə «sosial sarsıntıları qabaqlamaq» vasitəsi kimi münaqişələrin nizamlanması praktikası mövcuddur.
Cəmiyyətin münaqişə modeli «ən ümumi bərabərlik, sosial nizam, sabitlik» modelindən daha üstündür.