F. Q. Vahidov, T. B. Ağayev


Cəmiyyətin sosial sistem kimi inkişafı



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə20/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   131
sosiologiya

3. Cəmiyyətin sosial sistem kimi inkişafı 
 
Sosial sistem olan cəmiyyətdə baş verən mürəkkəb proseslər onun dəyişilməsinə, təkamülünə  səbəb olur. 
Bəzi cəmiyyətlər dəyişərək yeni tipli sosial struktura, mədəni təşəkküllərə, təkamül yolu ilə inkişaf meyllərinə 
malik olur. Bəzi cəmiyyətlər isə daxili münaqişələrə  və ya digər neqativ sapmalara elə  cəlb olunur ki, təkamül 
qabiliyyətini itirir, öz mövcudluğunu çətinliklə qoruyub saxlayır, yaxud dağılma meyllərinə  məruz qalır. 
Sosiologiyada cəmiyyətin dəyişilməsinin və inkişafının birmənalı izahı yoxdur. Başqa sözlə, bu məsələyə 
münasibətdə müxtəlif mövqelər özünü göstərir. 
Təkamülçülük sosial inkişafın obyektiv xarakterini ön plana çəkir. Təkamülçülükdə  əsas problem bütün 
cəmiyyətin simasını dəyişdirməyə imkan verən müəyyənedici amilin aşkar edilməsidir. Burada xatırlamaq yerinə 
düşər ki, təkamülçülük müxtəlif naturalist məktəblərin, cərəyanların (məsələn, mexanist, coğrafi, irqi-antropoloji, 
sosial-darvinist və s.) əsasını təşkil etmişdir. 
Sosiologiyanın banisi sayılan O. Kont biliyin inkişafını cəmiyyətin tərəqqisində həlledici amil sayırdı. Onun 
fikrincə, biliyin teoloji, mistik formadan pozitiv formaya doğru inkişafı insanların industrial cəmiyyətə keçməsinə 
səbəb olacaqdır.  İnsan zəkası sayəsində baş verən bu keçid istehsalın və  tələbatların ödənilməsinin keyfıyyətcə 
yeni, başqa səviyyəsi demək olacaqdır. 
[43 - 44]
 
H. Spenser  cəmiyyətin təkamülünün mahiyyətini onun diferensiasiyasının güclənməsində görür və qeyd 
edirdi ki, bu, getdikcə artan inteqrasiya prosesləri ilə müşayiət olunur; həmin proseslər sosial orqanizmin hər bir 
yeni mərhələsində onun vəhdətini bərpa edir. Sosial tərəqqi cəmiyyətin mürəkkəbləşməsinə, fərdlərin 
müstəqilliyinin və azadlığının artmasına, onların maraqlarının cəmiyyət tərəfındən getdikcə daha dolğun 
ödənilməsinə səbəb olur. 
E. Dürkheym  təkamülü mexaniki həmrəylikdən (bu halda fərdlər və onların ictimai funksiyaları qeyri-
yetkindir, oxşardır) üzvi həmrəyliyə (bu halda əmək bölgüsü və sosial diferensiasiya inkişaf etmişdir) keçid kimi 
nəzərdən keçirir. Üzvi həmrəylik, onun fikrincə, insanların vahid sosial orqanizmdə inteqrasiyasına doğru aparır və 
cəmiyyətin ali əxlaqi prinsipi kimi çıxış edir. 
K. Marks sosial inkişafda müəyyənedici amil kimi cəmiyyətin məhsuldar qüvvələrini ön plana çəkirdi. Onun 
fıkrincə, məhsuldar qüvvələrin inkişafı sosial inqilaba və istehsal üsulunun dəyişilməsinə  gətirib çıxarır.  İstehsal 
üsulunun dəyişilməsi isə öz növbəsində bütün cəmiyyətin dəyişilməsinin, yeni ictimai-iqtisadi formasiyanın 
qərarlaşmasının əsasıdır. Cəmiyyətin tərəqqisi ancaq istehsal üsulunun köklü, əsaslı surətdə yeniləşməsi sayəsində 
mümkündür; yeni iqtisadi və siyasi strukturlar ancaq sosial inqilab nəticəsində təzahür edə bilər. Ona görə də sosial 
inqilablar «tarixin lokomotivləridir»; onlar cəmiyyəti yeniləşdirir, onun inkişafını sürətləndirir. 
Təkamülçülük konsepsiyası  cəmiyyət inkişafının səbəblərini və gedişini başa düşməkdə  əhəmiyyətli rol 
oynamışdır. Belə ki, ictimai inkişafın obyektiv xarakteri etiraf olunmuş, cəmiyyətdəki proseslər geniş kontekstdə, 
böyük tarixi perspektivdə  nəzərdən keçirilmişdir. Lakin təkamülçülük böhranların, geriyə qayıtmaların, bəzi 
cəmiyyətlərin dağılmasının və sivilizasiyaların məhvinin səbəblərini izah edə bilmədi.  Əslində sosial prosesin 
obyektivliyi ideyası da müəyyən 
[44 - 45]
  qədər  şübhə altına alınırdı: onun əsas parametrləri (bilik, şəxsiyyətin 
azadlığı, həmrəylik, texniki tərəqqi, məhsuldar qüvvələr) həm də neqativ meyllərin mənbəyi ola bilər. Məlum 
olmuşdur ki, tərəqqinin bu amilləri fəal dağıdıcı qüvvəyə də çevrilə bilər: bütün dünyanı məhv etməyə qadir olan 


21 
 
silahların yaradılması, ekoloji fəlakətlər doğuran risqlərin artması və s. bu qəbildəndir. Təkamülçülük tarix etibarilə 
qısa zaman kəsiyində baş verən sosial hadisə və proseslərin də (məsələn, hökumətlərin dəyişilməsi, cinayətkarlığın, 
fərdlərin davranışında kənaraçıxma hallarının artması və s.) əsaslı izahını verə bilmədi. 
Təkamülçülük qeyd olunan məhdudluq təzahürlərini cəmiyyətə münasibətdə yeni yanaşmalarla mümkün 
qədər aradan qaldırmağa səy göstərmişdir. Bu baxımdan tsiklik
 
inkişaf nəzəriyyəsi (O. Şpenqler, A. Toynbi) və 
sosial inkişaf nəzəriyyəsi (T. Parsons) diqqəti cəlb edir. 
Tsiklik inkişaf nəzəriyyəsi cəmiyyətin təkamülünə onun daha mükəmməl vəziyyətinə doğru düzxətli hərəkət 
kimi yanaşmır. Bu nəzəriyyəyə görə, təkamül yüksəliş, çiçəklənmə və enmənin spesifik qapalı tsikli, başa çatdıqda 
yenidən təkrarlanan tsikli kimi təsəvvür olunmalıdır. Cəmiyyətin dəyişilməsi mayaka bənzəyir: müəyyən amillərin 
fəaliyyəti və  təsiri ilə bir nöqtədən başqa nöqtəyə mütərəddid hərəkətlər edən cəmiyyət ortada «soyuyur» və 
bununla da öz sabitliyini bərpa edir. 
T. Parsonsun sosial dəyişikliklər nəzəriyyəsi sistem nəzəriyyəsinə  və kibernetikaya əsaslanır. Struktur və 
onun dəyişilməsi modelinin əsasında müxtəlif sistemlərin (orqanizm, şəxsiyyət, sosial sistem və  mədəni sistem) 
«kibernetik iyerarxiyası» ideyası dayanır. Həmin sistemlər artan mürəkkəblik dərəcəsinin pillələri kimi nəzərdən 
keçirilir. O dəyişikliklər daha dərin dəyişikliklərdir ki, onlar T. Parsonsun «etimad sistemi» adlandırdığı  mədəni 
sistemə toxunurlar. İqtisadi və siyasi çevrilişlər cəmiyyətdə mədəniyyətin səviyyəsinə toxunmursa, o, cəmiyyətin 
öz əsasını da dəyişdirmir. Cəmiyyət 
[45 - 46]
 sosial sistem olmaq etibarilə davamlılığa, özünü təkraristeh-sal etmək 
qabiliyyətinə malik olur ki, bu da onun əsas struktur ünsürlərinin sabitliyinin təzahüründə (adaptasiyasında) öz 
əksini tapır. Müvazinəti qoruyub saxlayan qüvvələrin, elementlərin nisbəti pozularsa, bütövlükdə ictimai sistem, 
onun  əsas struktur ünsürləri dəyişilməz qalır və itirilmiş müvazinət sürətlə  bərpa olunur. Dəyişikliklər daxili 
dəyişikliklər olaraq qalır, sistem isə özündə yeni təşəkkülləri inteqrasiya edərək, bütövlükdə  dəyişilməz qalır. 
Sosial dəyişikliyin bu növü «müvazinətin dəyişilməsi» adlanır. 
Sosial dəyişikliyin ikinci növü - «strukturun dəyişilməsi» isə  nəzərdə tutur ki, daxilən və  kənardan olan 
güclü təzyiq sayəsində sistem öz müvazinətini bərpa edə bilmir. Sosial sistemin bütövlüyünü saxlamaq üçün sosial 
altsistemlərin və onların struktur ünsürlərinin (sosial rolların, institutların, təşkilatların) modifikasiyası baş verir. 
Cəmiyyətin təkamülü sistemin keyfiyyətcə yeni vəziyyətinin meydana çıxması ilə bağlıdır. Parsons onu «təkamül 
universaliləri» adlandırırdı. Sosial sistemdə  əvvəlcə dörd universali təşəkkül tapır: kommunikasiyalar sistemi
qohumluq sistemi, din və texnologiya. Sonra isə həmin sistemdə struktur yenidən-qurması gedir: bürokratiya, pul, 
bazar kompleksi, normativ tənzimləmə və demokratik birliklər. 
T. Parsonsun fikrincə, cəmiyyətin tarixi inkişafı müəyyən mərhələlərdən keçir: bəsit, aralıq və müasir. Bəsit 
mərhələdən aralıq mərhələyə keçid yazının icad olunması sayəsində mümkün olur. Müasir mərhələyə keçid isə 
qanunvericiliyin inkişafı ilə bağlıdır. Daha ümumiləşmiş  şəkildə  cəmiyyətin inkişafını  aşağıdakı «təkamül 
mexanizmlərinə» aid etmək olar: 
1. Diferensiasiya - bu, cəmiyyətin quruluşunun mürəkkəbləşməsi ilə bağlıdır; 
2. Adaptasiya («adaptiv yüksəlmə») - bu, ətraf mühitlə yeni nisbət yaradılması (məsələn, yeni texnika, yeni 
kommunikasiya vasitələri) deməkdir; 
[46 - 47]
 
3. Cəmiyyətdə üzvlüyün həcmcə artması («inklyuziya»); cəmiyyətdə üzvlüyün əvvəlki meyarları (sinif, 
etnik mənsubiyyət, cins) təkamül şəraitində öz əhəmiyyətini itirir; 
4. Dəyərlərin ümumiləşdirilməsi; dəyişilən cəmiyyətdə dəyərlər və normalar müxtəlif qruplar üçün getdikcə 
daha az dərəcədə  məqbul ola bilir, universal, sosial sistemin tipindən asılı olmayan insan hüquqları  və idealları 
(məsələn, insan hüquqları haqqında BMT-nin Bəyannaməsi) barəsində təsəvvürlər daha geniş yayılmağa başlayır. 
T. Parsons belə hesab edir ki, cəmiyyətin təkamül mexanizmləri sosial sistemlərdə spesifik funksiyalarla və 
altsistemlərlə bağlıdır. Cəmiyyətin  ən mühüm altsistemlərinin  əlaqələndirilməsi vasitələri pul və hakimiyyətdir. 
Təsadüfi deyildir ki, müasir sosial sistemlərdə  həmin vasitələr sosial münasibətlərə  fəal təsir göstərir (məsələn, 
sosial münasibətlərin siyasiləşməsi). Cəmiyyətin təkamülünə T. Parsonsun sistem yanaşması  həm onun struktur 
yenidənqurmasına səbəb olan, həm də ikinci dərəcəli olan hadisə və prosesləri aydın görməyə imkan verir. Lakin 
cəmiyyətin inkişafı anlayışı ictimai sistemin normal vəziyyətindən kənara çıxması kimi şərh olunur, yəni həmin 
anlayışın hüdudları xeyli məhdudlaşdırılır, sistemin təbii vəziyyəti yetərincə nəzərə alınmır. 
Beləliklə, cəmiyyət sosial sistem olmaq etibarilə ən mürəkkəb və mübahisəli tədqiqat obyekti olaraq qalır. 
Ona görə  də  cəmiyyətin inkişafı, təkamülü barəsində. son dərəcə müxtəlif rəylərin, mövqelərin olması  təbii 
sayılmalıdır. 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin