1. Mənafe-münasibət (müəyyən obyektə marağın şifahi şəkildə bəyan edilməsi);
2. Mənafe-fəaliyyət (müəyyən fəaliyyət növündə iştirak etməklə mənafeyin praktik təzahürü);
3. Mənafe-ustanovka (uzunmüddətli qarşılıqlı fəaliyyət prosesində təşəkkül tapır, müxtəlif vəziyyətlərdə öz
istiqamətini saxlayır);
4. Mənafe-yönüm (müxtəlif mənafelər arasında birinin başlıca mənafe kimi ayırd edilməsi).
Bu bir həqiqətdir ki, sosial vəziyyət dəyişir, yeniləşir. Yeniləşən vəziyyətdə insan öz mənafelərini,
maraqlarını dəyişdirə bilmirsə, onda adaptasiya mexanizmləri fəaliyyətə başlayır, yəni insanı öz davranışını
dəyişdirməyə məcbur edir.
Tələbatların, sərvət yönümlərinin və mənafelərin qarşılıqlı təsiri sosial fəaliyyətin motivləşdirilməsi
mexanizmi kimi başa düşülə bilər. Fəaliyyətin motivləri fəaliyyətə konkret daxili sövqedicilərdir, insanların
şüurunda obyektiv tələbatların və mənafelərin əks olunmasıdır.
Sosial davranışda fəaliyyətin zahiri təzahürü kimi insanın konkret mövqeyi, onun ustanovkası üzə çıxır.
Konkret vəziyyətdə şəxsiyyətin, yaxud sosial qrupun müəyyən fəaliyyətə sosial cəhətdən şərtlənmiş meylliliyini
ustanovka adlandırmaq olar. Elmi ədəbiyyatda şəxsiyyətin ustanovkalarının müxtəlif səviyyələrindən bəhs edirlər.
Dörd səviyyəni səciyyələndirmək məqsədəuyğundur:
Birinci səviyyə - elementar qeydəalma ustanovkaları. Bunlar fəaliyyətə hazırlığı ifadə edir.
İkinci səviyyə-sosial obyektlərin və vəziyyətlərin qiymətləndirilməsi zəminində meydana gələn sosial
ustanovkalar. Bunları çox vaxt «vəziyyət ustanovkaları» adlandırırlar.
Üçüncü səviyyə - sosial fəaliyyət sferalarında şəxsiyyətin fəaliyyətinin ümumi istiqamətini müəyyən edən
ustanovkalar. Bunları adətən «sərvət yönümləri ustanovkaları» adlandırırlar.
[63 - 64]
Dördüncü səviyyə - həyat fəaliyyətinin məqsədləri və onların reallaşdırılması üçün müəyyən vasitələrdən
istifadə olunması baxımından şəxsiyyətin fəaliyyətinin istiqamətini müəyyən edən ustanovkalar. Bunları çox vaxt
«mənafe ustanovkaları» adlandırırlar.
Ustanovkaların qeyd edilən dörd səviyyəsinə uyğun olaraq, şəxsiyyətin sosial davranışının dörd
səviyyəsindən bəhs etmək olar: