V FƏSİL SOSİAL STRUKTURUN SOSİOLOGİYASI 1. Sosial struktur anlayışı Müasir şəraitdə sosial strukturun sosioloji baxımdan öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Sosial struktur
hər şeydən əvvəl, ictimai münasibətlərin inkişafının, onun yetkinlik dərəcəsinin ən mühüm göstəricisidir. O, bir
tərəfdən cəmiyyətin iqtisadi, siyasi və mənəvi inkişafının yekunu kimi çıxış edir, digər tərəfdən isə həmin
proseslərin inkişafına fəal təsir göstərir. Buna görə də yerli və dünya təcrübəsinin qəbul etdiyi kimi, cəmiyyətin
sosial strukturunda baş verən dəyişiklikləri öyrənmədən, ictimai fəaliyyət sahəsində uğur qazanmaq və sosial
proseslərə şüurlu tənzimedici təsir göstərmək qeyri-mümkündür.
Struktur (latınca structura - quruluş, yerləşmə, qayda) tamı təşkil edən hissələrin həmin tamın daxilində
yerləşməsi, əlaqələri və daxili quruluşu deməkdir.