F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə85/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   131
sosiologiya

 
 
XI FƏSİL 
 
SOSİAL NƏZARƏT 
 
1. Sosial nəzarətin məzmunu və funksiyaları 
 
Sosial nəzarət mürəkkəb, birmənalı izah edilməyən ictimai hadisədir. Təsadüfi deyildir ki, fəlsəfi-sosioloji 
fikir tarixində bu problemə müxtəlif cür yanaşılmışdır. Bütün görkəmli sosioloqlar bu problemin araşdırılmasına öz 
töhfəsini verməyə  səy göstərmiş, maraqlı mülahizələr söyləmişlər. Sosial nəzarət cəmiyyətin fəaliyyətində, 
inkişafında mühüm əhəmiyyət kəsb edir, insanın, sosial qrupların davranışı, həyat tərzi ilə  əlaqədar  ən müxtəlif 
prosesləri əhatə edir. 
Sosial nəzarət termini elmi dövriyyəyə fransız sosioloqu və  kriminoloqu Qabriel Tard (1843-1904) 
tərəfindən daxil edilmişdir. O, əvvəlcə sosial nəzarəti cinayətkarın ictimai fəaliyyətə qayıtması vasitəsi kimi 
nəzərdən keçirmişdir. Sonralar o, həmin anlayışın məzmununu genişləndirərək, onu şəxsiyyətin sosiallaşmasının 
mühüm amillərindən biri kimi izah etmişdir. 
Q. Tardın təsiri altında sosial nəzarət nəzəriyyəsinin işlənib hazırlanmasında iki Amerika sosioloqunun 
xüsusi xidmətləri qeyd olunmalıdır: 
Birincisi, Amerika sosiologiyasının və sosial psixologiyasının banilərindən biri sayılan Edvard Rossdur 
(1866-1951). E. Ross belə hesab edirdi ki, sosial nəzarət «sağlam» sosial qayda yaratmaq məqsədilə  fərdin 
davranışına cəmiyyətin məqsədyönlü təsiridir. Onun fikrincə, belə sağlam qayda məlum cəmiyyətdə fərdlərin hansı 
tipinin ən geniş yayılmasından asılıdır. Məsələn, E. Ross Qərbi Avropa, Amerika, Slavyan, indus və s. tipləri ayırd 
edir və üstünlüyü əvvəlkilərə verir. O, qeyd edir ki, sosial nəzarət uzunmüddətli 
[192 - 193] 
tarixi inkişafın 
məhsuludur, yalnız xüsusi mülkiyyət zəminində mümkün ola bilir. 
İkincisi, Çikaqo məktəbinin bünövrəsini qoyanlardan biri Robert Parkdır (1864-1944). Məlum olduğu kimi, 
Çikaqo məktəbi sosial elmlərdə ilk məktəblərdən biridir. O, 1915-1935-ci illərdə Amerika sosiologiyasında üstün 
mövqeyə malik olmuş, ümumiyyətlə sosiologiyanın inkişafına  əhəmiyyətli təsir göstərə bilmişdir. Bu məktəb 
dünyada ilk sosiologiya fakültəsinin bazasında formalaşmış,  ən müxtəlif sosial problemlərin, o cümlədən sosial 
nəzarət probleminin işlənməsində  dərin iz buraxmışdır. Həmin məktəbin liderlərindən olan R. Park belə hesab 
edirdi ki, sosial nəzarət sosial qüvvələrlə insan təbiəti arasında müəyyən nisbəti təmin edən vasitədir. O, sosial 
nəzarətin üç formasını ayırd edir: 1. elementar (əsasən məcburi) sanksiyalar; 2. ictimai rəy; 3. sosial institutlar. 
R. Laper sosial nəzarət nəzəriyyəsini maraqlı  tədqiqatları ilə  zənginləşdirmişdir. Laperin fıkrincə, sosial 
nəzarət elə bir vasitədir ki, onun köməyi ilə fərd mədəniyyəti mənimsəyərək, nəsildən-nəslə ötürür. Fərdi səviyyədə 
sosial nəzarət fərdlə konkret situasiya arasında vasitəçi rolunu yerinə yetirir. R. Laper belə bir nəticəyə  gəlir ki, 
sosial nəzarətin müxtəlif tipli cəmiyyətlərdə fəaliyyət göstərən üç universal mexanizmi vardır: 1. Fiziki sanksiyalar 
(qrup normalarını pozmağa görə  fərdin cəzalandırılması); 2. İqtisadi sanksiyalar (cərimə, qorxutma və s.); 3. 
İnzibati sanksiyalar. 
Cəmiyyətdəki institutların möhkəmləndirilməsində sosial nəzarət mexanizmi mühüm rol oynayır. Eyni 
ünsürlər -insanların davranış qaydaları və normaları həm sosial institutlara, həm də sosial nəzarət sisteminə daxil 
olur. Bu qaydalar və normalar fərdlərin davranışını  təsbit edir və standartlaşdırır. Görkəmli Amerika sosioloqu 
T. Parsons (1902-1979) qeyd edirdi ki, «sosial nəzarət ayn-ayrı  şəxslərin, sosial qrupların davranışında və 
fəaliyyətində ola biləcək... kənarlaşma meyllərinin qarşısını alır». Sosial nəzarət sayəsində 
[193 - 194] 
cəmiyyətdəki 
mövcud mədəniyyətin ayrı-ayn fərdlər, sosial qruplar və təbəqələr tərəfindən mənimsənilməsi prosesi intensivləşir; 
insanların qarşılıqlı əlaqələri uzlaşdırılır, ictimai sistemin sahmanlı, nizamlı fəaliyyəti təmin olunur. Nəticə etibarilə 
insanların mütləq  əksəriyyəti etdiyi hərəkətlərin müqabilində onu nə gözlədiyini irəlicədən bilir, fəaliyyətinin 
mümkün nəticələrini dərk edir. 
Faktlar göstərir ki, cəmiyyətdə hər bir şəxs, hər bir sosial qrup, onların fəaliyyəti sosial nəzarətin bu və ya 
digər formaları, növləri, nümunələri ilə  əhatə olunmuşdur.  Şəxsin, qrupun özünün daxilindən, yaxın  əhatəsindən 
başlayaraq onları müxtəlif nəzarət sistemləri əhatə edir. Siyasi-hüquqi sistem, ictimai əxlaq, adət və ənənələr, peşə-
vəzifə sistemi, ailə və s. bu qəbildəndir. Bu sistemlər qarşılıqlı surətdə bir-biri ilə bağlıdır: cəmiyyətin inkişafının 
müxtəlif pillələrində və məqamlarında həmin sistemlərin rolu dəyişilə bilər. Lakin bütün hallarda (istər az-çox sabit 
dövrlər, istərsə də kəskin təzadların, sarsıntıların gücləndiyi dövrlər olsun) sosial nəzarət sistemi mövcud olmalı, 
insanların davranışına və fəaliyyətinə öz təsirini göstərməlidir. 
Sosial nəzarət sistemin özünütənzimləməsinin elə üsuludur ki, həmin sistemi təşkil edən ünsürlərin sahmanlı 
qarşılıqlı  təsirini normativ (o cümlədən hüquqi) baxımdan nizamlamaq vasitəsilə  təmin edir. Sosial nəzarətin 


79 
 
istiqaməti və məzmunu məlum sosial sistemin tarixən şərtlənmiş sosial-iqtisadi, siyasi, mənəvi-ideoloji, əxlaqi və 
digər sosial-mədəni xarakteristikalarından asılıdır. 
Sosial nəzarət fərdlərin davranışına cəmiyyət tərəfindən nizamlayıcı  təsirlərin daha ümumi sisteminin bir 
ünsürüdür. Bu təsir formasının fərqləndirici xüsusiyyəti nizamlılıq, formallaşdırılma, fərdə verilən tələbələrin 
qətiliyi, normativliyi, sanksiyalarla təminatıdır. Sosial nəzarət sistemi sosial normalardan istifadə edir; həmin 
normalar ideologiyada, fəlsəfi-etik baxışlarda, bədii yaradıcılıqda və s. öz əksini tapır. 
[194 - 195]
 
Sosial nəzarət sistemi bir sıra Qərb sosioloqlarının əsərlərində aqressiv davranış üzərində nəzarət vəzifəsi ilə 
əlaqədar nəzərdən keçirilir. Bu cür nəzarət fərdin sosiallaşması kimi ümumi prosesin bir hissəsi olaraq araşdırılır. 
Aqressiv davranış problemi isə öz növbəsində daha geniş problemə - kənaraçıxan (deviant) davranış probleminə 
daxil edilir. Belə yanaşma sosial nəzarətin yaranmasının sosial-mədəni dinamikasını aşkara çıxarmaq cəhdləri ilə 
bağlıdır.  Əslində sosial nəzarət problemi daha çox yığnaq psixologiyasına dair əsərlərdə, kortəbii qrup davranışı 
üzərində nəzarət metodlarının işlənib hazırlanması ilə əlaqədar olaraq öyrənilir. Bu halda ustanovkaların tədqiqinə, 
qeyri-formal qrupların nəzarətedici roluna və s. xüsusi diqqət yetirilir. Bu qəbildən olan tədqiqatlarda fərdə sosial 
nəzarətin obyekti, sosial struktur təşəkküllərinə isə nəzarətedici və məcburedici qüvvə rolu ayrılır. Sosial nəzarət 
mexanizmi barəsində belə  təsəvvür birtərəflidir.  Əslində sosial nəzarət prosesində  fərdlə  cəmiyyət öz arasında 
toqquşur. Lakin onların qarşılıqlı təsiri olduqca mürəkkəb xarakter daşıyır; fərdi keyfiyyətlərin sosial standartlara 
sadəcə «bənd edilməsi» məsələyə dərindən nüfuz edilməməsini sübut edir. 
Ölkədə hər bir şeyin öz axarı ilə getməsi üçün insanlar müəyyən qaydalara əməl etməlidirlər. Sosial nizam 
ən azı adamların  əksəriyyəti tərəfindən ümumi normalara əməl olunmasını  tələb edir. Sosial nizam olmasa, 
insanların qarşılıqlı  fəaliyyəti  əsil problemə çevrilər, onların gözləmələri isə  mənasızlaşardı. Cəmiyyət öz 
üzvlərinin fəaliyyətinin uyğunluğuna əsaslı sosial normalarla sosial nəzarətin köməyi ilə təminat verməyə çalışır. 
Bəs sosial nəzarət necə başa düşülməlidir? Sosial nəzarət «cəmiyyət hüdudlarında insanların davranışını müəyyən 
edən metodlar və strategiyalardır.

Nəzərə almaq lazımdır ki, sosial nəzarətin mahiyyəti və rolu müxtəlif tədqiqatçılar tərəfindən birmənalı 
qiymətləndirilmir. 
[195 - 196]
  Məsələn, funksionalistlər sosial nəzarətin hər  şeydən  əvvəl yuridik aktlarda ifadə 
olunduğunu vurğulayır, onu labüd tələb kimi nəzərdən keçirirlər; sosial nəzarət olmazsa, cəmiyyətin salamat 
qalması  və yaşaması mümkün deyildir. Əgər  əhali ictimai davranış standartlarına  əməl etməkdən imtina etsə, 
institusional sistemin fəaliyyəti pozular, dağılıb gedər. Bu səbəbdən funksionalistlər xaosu səmərəli sosial nəzarətin 
alternativi hesab edirlər. Konflikt nəzəriyyəsinin tərəfdarları isə qeyd edirlər ki, sosial nəzarət hakimiyyətdə təmsil 
olunan sosial qrupların mənafeləri naminə cəmiyyətdəki bütün digər qrupların ziyanına olaraq həyata keçirilir; həm 
də bu zaman heç bir sosial struktur neytral mövqedə qala bilməz. Ona görə də vəzifə mühafizə üçün sosial nəzarət 
metodlarından və instrumentlərindən istifadə etməklə institusional strukturlara sosial həyatın nemətlərini və 
imkanlarını  ədalətsiz bölüşdürməyə  şərait yaradan mexanizmləri aşkar etməkdən, optimal addımlar atmaqdan 
ibarətdir. 
Sosial həyatda sosial nəzarət proseslərinin üç əsas tipi fəaliyyət göstərir: 
1. Fərdləri öz cəmiyyətinin normativ gözləmələrini internalizasiya etməyə sövq edən proseslər; 
2. Fərdlərin sosial təcrübəsini təşkil edən proseslər; 
3. Müxtəlif formal və qeyri-formal sosial sanksiyalar tətbiq edən proseslər. 
Məlum olduğu kimi, cəmiyyət üzvləri fasiləsiz surətdə sosiallaşma prosesini keçirirlər. Onlar bu proses 
sayəsində  təfəkkürün, hiss və davranışın elə sistemlərini mənimsəyirlər ki, onlar məlum cəmiyyətin mədəniyyəti 
üçün xarakterikdir. Uşaq yaşlarında digər adamların gözləmələrinə uyğunluq hər  şeydən  əvvəl xarici nəzarət 
proseslərinin məhsuludur. Yaşa dolduqca insanın davranışı getdikcə daha artıq dərəcədə daxili tənzimləyicilərlə 
idarə olunur. Bu tənzimləyicilər çox funksiyalar yerinə yetirirlər, halbuki onlar əvvəllər-uşaq yaşlarında xarici 
nəzarət mexanizmləri vasitəsilə yerinə 
[196 - 197]
 yetirilirdi. İnternalizasiya prosesi belə baş verir: fərdlər 
cəmiyyətdə üstün olan davranış standartlarını öz şəxsiyyətinə «hopdururlar». İnsan bu standartları çox zaman 
düşünmədən, müəyyən suallar vermədən, qeyd-şərtsiz özünün «ikinci naturası» kimi qəbul edir. İnsan qrupun 
həyatına daha dərindən nüfuz etdikcə, qrupun qayğıları ilə «yükləndikcə» özü haqqında müəyyən təsəvvürlər 
işləyib hazırlayır; bu təsəvvürlər onu davranışını qrupun normalarına müvafıq surətdə nizamlayır. Qrup üzvlərinin 
etdiyini etməklə o, öz identikliyini əldə edir. Qrup onun öz qrupuna çevrilir; o, qrupun normalarını öz normaları 
kimi qəbul edir. Beləliklə, sosial nəzarət özünənəzarətə çevrilir. 
Fərdi təcrübənin formalaşmasında və  təkamülüdə sosial institutların özünəməxsus yeri vardır. Bir qayda 
olaraq insan mövcud reallıq haqqında öz təsəvvürünü sosial problemlərin təsiri altında işləyib hazırlayır. Bu 
təsəvvürün alternativləri ilə  cəmiyyət tərəfindən formula edildiyi tərzdə  qərarlaşır.  İnsan demək olar ki, xeyli 
məhdud bir aləmdə yaşayır və  fəaliyyət göstərir. Başqa sözlə, o, özünün məlum mədəniyyətlə  şərtlənmiş sosial 
                                                 
1
 Волаков Ю. Г.  Добренаков В. И.  Нечипуренко В. Н.  Попов А. В.  Социология. M., 2005, c. 196. 


80 
 
əhatəsi hüdudları ilə bir növ məhdudlaşır. Ona görə  də çox zaman insan alternativ standartların mövcudluğu 
imkanını ağlına belə gətirmir. 
Nəzərə almaq lazımdır ki, əhalinin əksər hissəsi adətən yaşadığı cəmiyyətin normalarına riayət edir, çünki 
bilir ki, əks halda onu cəza gözləyir.  Ətrafdakılar qaydaları pozan adamlara rəğbət göstərmir, bəzən çox kəskin, 
hətta düşməncəsinə yanaşırlar. Normalardan çıxma hallarının nəticələri həbs, hətta ölüm ola bilər. Normalara riayət 
olunması isə bəyənilir, populyarlıq, nüfuz və s. kəsb edir. Elmi ədəbiyyatda birinci halı nonkorformizm, ikinci hah 
isə konformizm adlandırırlar. Bu halda qeyd olunur ki, insanlar nonkorformizmin xeyirsizliyini və konformizmin 
üstünlüklərini olduqca tez dərk edirlər. 
Bəs sosial nəzarət cəmiyyətdə hansı funksiyaları yerinə yetirir? 
[197 - 198]
 
Bəzi mənbələrdə sosial nəzarətin sabitləşdirici və məqsədli funksiyalarından bəhs edilir. Zənnimizcə, ikinci 
funksiya dəqiq ifadə olunmamışdır. Əslində məqsədlilik sosial nəzarətin bütün təzahürlərinə, növlərinə xas olmaqla 
onun istiqamətini səciyyələndirir. Bundan əlavə, məqsədlilik sabitləşdirici funksiyanın məzmununu da əhəmiyyətli 
dərəcədə ifadə edir. 
Bəzi mənbələrdə isə sosial nəzarətin mühafizəedici və sabitləşdirici funksiyaları göstərilir. Zənnimizcə, 
məsələnin belə qoyuluşu daha məntiqlidir. Ona görə də bu funksiyaları bir qədər müfəssəl nəzərdən keçirək. 
Sosial nəzarətin mühafızəedici funksiyası  məlum sistemin tarixən  şərtlənmiş sosial-iqtisadi, sosial-siyasi, 
sosial-hüquqi xarakteristikalarından, onun tarixi inkişaf prosesində yerindən asılıdır. Sosial nəzarətin sabitləşdirici 
funksiyası isə hökmran sosial münasibətlərin, sosial strukturların (qrup, sinif, dövlət) təkrar istehsalında təzahür 
edir. 
Sosial nəzarətin hər iki funksiyası bir-biri ilə sıx bağlıdır, bir-birini qarşılıqlı surətdə tamamlayır. Bu əlaqəni 
aydın təsəvvür etmək üçün belə bir sadə misala müraciət edək. Cəmiyyətdə sosial nəzarət sistemi vətəndaşların 
hüquqlarının reallaşmasını təmin edirsə, deməli, onların hüquqları qorunur, mühafizə edilir. Hüquqların qorunması 
isə  cəmiyyətin sabitliyini təmin edən çox mühüm amillərdən biridir. Sabitlik möhkəmləndikcə hüquqlar daha da 
dolğunlaşmaq, real məzmun kəsb etmək imkanı qazanır. 
Məlum olduğu kimi, hüquqlar müvafıq vəzifələrdən ayrılmazdır. Hüquqlar insanın nə edə biləcəyini 
müəyyənləşdirirsə, vəzifələr onun nə etməli olduğunu ifadə edir. Həm hüquqlar, həm də  vəzifələr insanın 
davranışını müəyyən hüdudlarla məhdudlaşdırır. Hüquq vəzifəni, vəzifə isə hüququ nəzərdə tutur. Onlar bir-
birindən ayrı düşəndə sosial struktur deformasiyaya uğrayır. Məsələn, qədim dünyada qulun statusu ancaq 
vəzifələri nəzərdə tuturdu; onun demək olar ki, heç bir hüququ yox idi. Totaliar cəmiyyətlərdə hüquqlarla 
[198 - 
199]
 vəzifələr qeyri-simmetrikdir: belə ki, hökmdarın və yüksək vəzifəli şəxslərin hüquqları maksimum həddədir, 
vəzifələri isə minimum həddədir. Demokratik cəmiyyətlərdə isə hüquq və  vəzifələr daha çoz simmetrikdir. 
Araşdırmalara əsasən demək olar ki, sosial strukturda hüquq və vəzifələrin nisbəti cəmiyyətin inkişaf səviyyəsinə 
fəal təsir göstərən amildir. Hüquqlar əslində «bəşəriyyətin sivilizasiya yolu ilə uzunmüddətli və mürəkkəb 
hərəkətinin nəticəsidir».
1
 Bu prosesdə vəzifələr də dəyişilmiş, yeni məzmun kəsb etmişdir. 
Sosial nəzarət elə xüsusi mexanizmdir ki, o, hakimiyyət səlahiyyətlərindən istifadə etməklə ictimai nizamı 
təmin edir. Bu, çox mürəkkəb, çoxşaxəli bir prosesdir. Həmin prosesin normal cərəyanı hakimiyyətlə yanaşı, sosial 
normalara, sanksiyalara möhtacdır. 
Sosial nəzarətin mühafizəedici və sabitləşdirici funksiyaların reallaşması sayəsində adi vətəndaşların həyat 
fəaliyyəti təmin olunur. Sosial nəzarət instrumentləri, metodları son dərəcə rəngarəngdir: münasibətlərin təkbətək 
aydınlaşdırılması, psixoloji təzyiq, fıziki zorakılıq, iqtisadi məcburiyyət və s. Nəzarət metodları  sərt, yumşaq, 
birbaşa (bilavasitə) və vasitəli ola bilər. Bu metodların kəsişməsi də mümkündür: bir-başa sərt, birbaşa yumşaq, 
vasitəli sərt, vasitəli yumşaq. 
Sosial nəzarətin müxtəlif növlərinin, tiplərinin və formalarının insana təsiri bir-birindən fərqlidir. Bu 
baxımdan görkəmli sosioloq P. Bergerin sosial nəzarət konsepsiyası diqqəti cəlb edir. P. Bergerin fikrincə, insan 
müxtəlif konsentrik dairələrin mərkəzində dayanır. Həmin dairələrin hər biri sosial nəzarətin yeni sistemidir, onun 
müəyyən növünü, tipini və formasını təmsil edir. P. Berger 5 dairə - 5 sistem müəyyənləşdirir: 
1-ci dairə - ən xarici və ən böyük dairə siyasi-hüquqi sistemdir. Bu sistem qüdrətli dövlət aparatı ilə təmsil 
olunmuşdur. Onun qarşısında, demək olar ki, hamı gücsüzdür. Dövlət vergilər toplayır, vətəndaşları hərbi xidmətə 
çağırır, onları özünün sonsuz qaydalarına tabe olmağa məcbur edir, zəruri hesab etdikdə azadlıqdan, hətta həyatdan 
məhrum edir. 
[199 - 200]
 
Mərkəzə - insana doğru irəlilədikdə 2-ci dairə - insana maksimum təzyiq göstərən ictimai əxlaqdır, adət və 
ənənələrdir. Bizim mənəviyyatımıza əslində hamı nəzarət edir: polis, valideynlər, qohumlar, tanışlar, dostlar və s. 
Onlardan hər biri öz manerasına uyğun olaraq, öz səlahiyyətləri dairəsində sosial nəzarət instrumenti tətbiq edir. 
Yuxarıdakı iki dairəni böyük məcburiyyət dairələri adlandırmaq olar. Bu dairələrdə fərd cəmiyyətin digər 
üzvləri ilə birlikdə olur. 
                                                 
1
 Кравченко А. И.  Социология. M., 2005, c. 223. 


81 
 
Lakin nəzarətin kiçik dairələri ilə mövcuddur (3-5-ci dairələr). 3-cü dairə - peşə sistemidir. İnsan iş yerində 
çox-saylı təlimatlarla, peşə vəzifələri ilə, məhdudiyyətlərlə və s. ilə üzləşməli olur. Onlar insana nəzarətedici (çox 
zaman olduqca sərt) təsir imkanlarına malikdir. Məsələn, biznesmenlərə lizensiya verən təşkilatlar, işçi-peşə 
birlikləri, həmkarlar təşkilatları nəzarət edirlər. Kolleqa və əməkdaşlar tərəfindən qeyri-formal nəzarətin müxtəlif 
üsullarını da buraya əlavə etməliyik. Peşə sistemi (peşə və vəzifə) əslində fərdin qeyri-istehsal həyatında nəyi edib-
etməməsini də əhəmiyyətli dərəcədə həll edir. 
4-cü dairə - sosial nəzarətin müstəqil sistemi olan ictimai mühitdir. Bu mühit uzaq və yaxın, tanış olmayan 
və tanış olan adamları əhatə edir. Ətraf mühit insana öz tələblərini verir: bunlar hadisələrin geniş dairəsini əhatə 
edən yazılmamış qanunlardır, qeyri-formal tələblərdir. Bu tələblər geyinmək və danışmaq manerasını, estetik 
zövqləri, siyasi və dini əqidələri, hətta özünü stol arxasında aparmaq manerasını da əhatə edə bilər. 
5-ci, sonuncu dairə - ailə və şəxsi dostlar dairəsidir. Bu dairə fərdin xüsusi həyatının cərəyan etdiyi sahədir. 
Burada fərdə sosial, daha dəqiq desək, normativ təzyiq azalmır,  əksinə, artır. Məhz bu dairədə  fərd  ən mühüm 
sosial  əlaqələr qurur. Bu dairənin psixoloji yükü daha böyükdür. P. Berger qeyd edir ki, rəis sizi işdən çıxarıb, 
mövcudluq vasitələrindən 
[200 - 201]
  məhrum edərsə, bu, xalis iqtisadi fəaliyyətdir. Lakin işdən çıxarılma evin 
qadınının, uşaqların hissiyyatına təsir göstərərsə, həmin iqtisadi fəaliyyətin psixoloji nəticələri sarsıdıcı ola bilər. 
Nəzarətin digər sistemlərindən fərqli olaraq, yaxınların, ailənin təzyiqi elə  məqamda üzə  çıxa bilər ki, fərd ona 
hazırlıqlı deyildir. İşdə, nəqliyyatda, ictimai yerlərdə insan bir qayda olaraq, daha ehtiyatlılıdır və  təhlükəni 
qarşılaşmağa potensial surətdə hazırdır. Qeyd etdiyimiz sonuncu dairənin daxili hissəsini, özəyini qadınla kişi 
arasındakı intim münasibətlər təşkil edir. İnsan məhz intim münasibətlərdə özünün çox mühüm hisslərinə kömək 
axtarır. Bu əlaqələri qiymətləndirməmək özünü itirməklə risk etmək deməkdir. 
Konsentrik dairələrin mərkəzində olan insan öz vəziyyətini nəzərə alaraq, kimə güzəştə getməyi, kimə tabe 
olmağı, kimi yola gətirməyi və s. götür-qoy edir və nəhayət, bu qənaətə gəlir ki, cəmiyyət özünün bütün əzəməti, 
qüdrəti ilə onu sıxır. Bu qənaət onun sonrakı fəaliyyətinin daha nizamlı, daha tarazlı olmasına kömək edir. 
Sosial nəzarətin məzmununun və funksiyalarının nəzərdən keçirilməsi nəzəri-metodoloji baxımdan 
əhəmiyyətli olan başqa bir problemi-sosial nəzarətin strukturunu araşdırmağı zəruri edir. 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin