93
2. Sosial idarəetmənin xarakter xüsusiyyətləri və
struktur ünsürləri
Yuxarıda qeyd etdiyimiz kimi, idarəetmənin sosiologiyası sosioloji biliyin spesifik sahəsidir; o,
idarəetmənin sosial əsaslarını, dinamik sistemini, proseslərini, onların sosial funksiyalarını və prinsiplərini,
idarəetmə qərarlarının xüsusiyyətlərini, idarəetmə fəaliyyətinin sosial tərəflərini, onların təşkilatlarda və
cəmiyyətdə effektivlik dərəcəsini, idarəetmə sahəsindəki münasibətləri öyrənir.
Sosiologiya başlıca diqqəti sosial sistemlərin idarə olunması, başqa sözlə, sosial idarəetmə üzərində
cəmləşdirir.
Sözün geniş mənasında sosial idarəetmə birliklərin, habelə müəyyən çərçivədə sosial hadisə və proseslərin
idarə olunması deməkdir. Sözün məhdud mənasında isə o, idarəetmə subyektinin müəyyən
fəaliyyət prinsiplərinə
əsaslanmaqla idarəetmə obyektinin qarşısında məqsəd və vəzifələrin qoyulmasına, həmin obyektə təsirin rəngarəng
vasitə, üsul və metodlarından istifadə etməklə onların həllini təşkil etməyə istiqamətləndirmək deməkdir.
Bioloji və texniki sistemlərin idarə olunmasından fərqli olaraq, sosial idarəetmə ən əvvəl qarşıya şüurlu
surətdə məqsədlər qoyulması ilə səciyyələnir; həmin məqsədlər idarəetmə obyektinin səviyyə və miqyaslarından
asılı olaraq diferensiallaşır. Məsələn, cəmiyyəti idarəetmə onun keyfiyyət spesifikasını saxlamaqla, onun sabit
fəaliyyət göstərməsini,
təkmilləşməsini, inkişafını təmin etməklə əlaqədardır. Təşkilatları idarəetmənin məqsədi ən
əvvəl struktur bölmələrin ümumi vəzifələrin həllinə yönəlmiş səylərini əlaqələndirməkdən, onların fəaliyyətinin
səmərəsini yüksəltməkdən ibarətdir. Fərdi səviyyədə isə idarəetmənin məqsədi işçilərin öz funksional vəzifələrini
daha yaxşı həyata keçirməsinə şərait yaratmaqdır.
İdarəetmə cəmiyyətə onun istənilən inkişaf pilləsində daxilən
xas olan xassədir; o, ən ümumi xarakter
daşıyır, cəmiyyətin sistemli təbiəti, insan əməyinin ictimai kollektiv xarakteri, əməkdə və həyatın
digər sahələrində
qarşılıqlı təsirdə, ünsiyyətdə olmaq, öz fəaliyyət məhsullarını mübadilə etmək zərurəti ilə şərtlənir.
Adətən kortəbii və şüurlu idarəetmə mexanizmlərini fərqləndirirlər. Kortəbii idarəetmə bir-biri ilə kəsişən
müxtəlif qüvvələrin, təsadüfi faktların, amillərin sistemə təsirinin nəticəsidir. Şüurlu
idarəetmə isə idarəetmə
subyektləri (ictimai institutlar, təşkilatlar - ayrı-ayrı rəhbərlər) tərəfindən həyata keçirilir.
[232 - 233]
Sosial idarəetmə öz obyektinin spesifıkası ilə şərtlənən bir sıra xüsusiyyətlərlə səciyyələnir:
1. Sosial idarəetmə insanların birgə fəaliyyətinin müxtəlif variantı mövcud olduğu şəraitdə meydana gəlir,
bu fəaliyyətin normal axarını təmin edir, adamların davranışına nizamlayıcı təsir göstərir.
2. Sosial idarəetmə idarəetmənin həm obyektini, həm də subyektini, ictimai münasibətlərin
xüsusi növünü -
idarəetmə münasibətlərini nəzərdə tutur. Bu münasibətlər inteqral xarakter daşıyır; onlara obyektiv - subyektiv
xüsusiyyətlər xasdır;
Dostları ilə paylaş: