Əvvəlcə bir-birinə çox yaxın olan iki anlayışın mənasına diqqət yetirilməlidir: menecment və idarəetmə.
Bəzən həmin anlayışları ümumiyyətlə eyniləşdirirlər. Belə eyniyyəti texniki mənada qəbul etmək olar, çünki
menecment hərfən idarəetmə deməkdir. Başqa sözlə, «menecment» və «idarəetmə» anlayışlarını texniki mənada
sinonim sözlər kimi işlətmək olar. Qərbdə menecment anlayışının işlədilməsində kifayət qədər sərbəstlik vardır.
Lakin bəzi sosioloqlar sosial-mədəni hadisə kimi həmin anlayışların fərqləndirilməsini zəruri hesab edirlər. Onların
fikrincə, menecment hər şeydən əvvəl kommersiya idarəetməsinin instrumentidir. İdarəetmə isə insanların qarşılıqlı
fəaliyyətini nizamlayan mexanizmdir.
«İdarəetmə» və «sosial idarəetmə» anlayışlarını da müqayisə etmək və fərqləndirmək məqsədəuyğundur. Bu
halda qeyd etmək olar ki, idarəetmə daha geniş anlayışdır; o, müxtəlif təbiətə malik orqanizmlərin, sistemlərin
(bioloji, sosial, texniki) funksiyası olub, onların müəyyən strukturunu saxlamağı, fəaliyyət rejimini nizamlamağı,
fəaliyyət məqsədlərini reallaşdırmağı təmin edir. Sosial idarəetmə isə geniş və dar mənada işlədilir. Geniş mənada
sosial idarəetmə dedikdə bioloji və texniki sistemləri idarəetmədən fərqli olaraq, bütün və hər cür ictimai prosesləri
idarəetmə başa düşülür. Dar mənada isə sosial idarəetmə cəmiyyət həyatının sosial sferasına xas olan hadisə və
proseslərin idarə olunmasını nəzərdə tutur, sosial siyasətin reallaşdırılması vasitəsi kimi çıxış edir.
İdarəetmə həmişə hakimiyyətin və səlahiyyətlərin prezumpsiyasına, aşağıların yuxarılara tabeliyinə, iqtisadi,
sosial və mədəni nemətlərə yiyələnməkdə bərabərsizliyə əsaslanır. Rolların və statusların üfüqi və şaquli
diferensiasiyası müxtəlif cür təsbit olunur. İdarəetmə fərdlərin, qrupların, kollektivlərin fəaliyyətinin müəyyən
rejimidir, nizamıdır, nəzərdə tutulan norma və qaydaların hüdudlarında həmin fəaliyyətin məhdudlaşdırılmasıdır.
İdarəetmə piramidası mürəkkəb struktura malikdir. O, elə qurulmuşdur ki, onun konusunda ən imtiyazlı,
səlahiyyətli vəzifələr yerləşir. Bu vəzifələr aşağı qatlardakı imtiyazsız, yaxud az imtiyazlı mövqelərlə müqayisədə
çox azdır. Deməli, mövcud yerlərə nisbətdə irəliləmək, yüksəlmək iddiasında olanlar daha çoxdur. Yüksəlmək səyi
idarəetmə karyerasının əsas motividir.
«İdarəetmənin strukturu» anlayışını idarəetmə problemlərinə həsr olunmuş ədəbiyyatda tez - tez rast
gəldiyimiz «təşkilatın strukturu» anlayışı ilə müqayisə edək. Təşkilatın strukturu daha geniş anlayış olub, həm
formal, həm də qeyri - formal təşkilatı əhatə edir. İdarəetmənin strukturu isə təşkilatın strukturunun mühüm ünsürü
olub, ancaq formal təşkilatı əhatə edir.
İdarəetmənin strukturu əslində idarəetmə səviyyələrinin aşağıdan yuxarıya doğru nizamlı yerləşməsidir.
Burada adətən üç səviyyəni ayırd edirlər: aşağı səviyyə (məsələn, sex rəhbərləri, baş ustalar); orta səviyyə
(məsələn, şöbə, bölmə rəhbərləri); yüksək səviyyə (məsələn, baş idarəedici, böyük idarəedicilər). Bu, tipik struktur
hesab oluna bilər. İri kompaniyalarda bu səviyyələr arta bilər (məsələn, aşağı, kiçik, orta, böyük, yüksək
səviyyələr). Silahlı qüvvələrdə, sahə və regional idarəetmə orqanlarında idarəetmənin daha çox səviyyəsi
mövcuddur. İcraçılarla (fəhlə və qulluqçularla) yüksək səviyyə rəhbərləri arasında daha çox səviyyələr
mövcuddursa, belə idarəetmə strukturunu şaquli idarəetmə strukturu adlandırırlar. Rəhbərlik səviyyələri az olduqda
isə onu üfüqi idarəetmə strukturu adlandırırlar.
[230 - 231]
Bir neçə minilliklər ərzində mövcud olan, funksional xidmətləri istisna edən ənənəvi idarəetmə strukturu
xətti struktur adlanır. XX əsrin əvvəllərində meydana gələn, funksional xidmətlərin bütöv şəbəkəsini əhatə edən
(kadrlar şöbəsi, reklam şöbəsi, təchizat şöbəsi, marketinq şöbəsi, mühasibat və s.) yeni idarəetmə strukturu xətti -
qərargah strukturu adlanır.
Yüksək səviyyə rəhbərləri özlərini inzibatçılar hesab edirlər. Onlar firmanın, kompaniyanın və s. fəaliyyətini
istiqamətləndirirlər. Lakin onların işində inzibatçılıq və idarəetmə birləşir: inzibatçılıq yüksək rəhbərin simasında
təşkilatın başlıca məqsədlərini və siyasətini müəyyən edir, bütün digər rəhbərlərin məşğul olduğu idarəetmə isə
həmin məqsədlərin və siyasətin reallaşması üçün zəruri olan əməliyyatların yerinə yetirilməsini təmin edir.
Təbiidir ki, inzibatçılıq və idarəetmə funksiyaları qarşılıqlı surətdə kəsişirlər. Həmin funksiyaların yerinə
yetirilməsi ilə eyni adamların məşğul olması məcburi deyildir. Lakin istənilən səviyyədə eyni bir şəxs öz iş vaxtının
bir hissəsini inzibatçılığa, digər hissəsini isə idarəetməyə sərf edə bilər. İdarəetmə səviyyəsi yüksək olduqca
inzibatçılığa daha çox vaxt, idarəetməyə isə daha az vaxt ayrılır və əksinə. İdarə-etmədən tam kənarda qalmaq isə
əslində mümkün deyildir.