14.1. EV TƏSƏRRÜFATLARININ MALİYYƏSİ İQTİSADİ KATEQORİYA KİMİ
İqtisadi nəzəriyyədə ev təsərrüfatı dedikdə, birgə yaşayan və iqtisadi qərar qəbul edən,
ümumi büdcəsi olan bir və yaxud bir neçə şəxslər qrupu tərəfindən aparılan təsərrüfat başa
düşülür. Ev təsərrüfatı ictimai təsərrüfatda məşğul olan və məşğul olmayan bütün muzdlu
işçiləri, iri və kiçik kapital, torpaq, qiymətli kağızlar sahiblərini birləşdirir. İqtisadi
ədəbiyyatlarda tez-tez "ev təsərrüfatı" anlayışı ilə "ailə" anlayışı oxşar kimi istifadə edilir.
Lakin ailədən fərqli olaraq ev təsərrüfatı nəinki qohumları özünə daxil edir və habelə bir, iki
və daha çox üzvdən ibarət ola bilər.
Ev təsərrüfatının rolu aşağıdakılardan ibarətdir:
a) bazarda firmaların istehsal etdikləri əmtəələrin və xidmətlərin alıcısı kimi çıxış edir;
b)həmin firmalara istehsal amillərini təqdim edir;
c)real və maliyyə aktivləri almaqla iqtisadiyyatda formalaşan ümumi gəlirin bir
hissəsini yığır.
Bazar iqtisadiyyatı şəraitində ev təsərrüfatı maliyyə münasibətlərindən kənarda qala
bilməz. Çünki o daim istər ev təsərrüfatının daxilində yaranan və istərsə də ev təsərrüfatına
nisbətən kənarda olan bazar subyektləri ilə münasibətlərdə olur.