9.3. MÜƏSSİSƏNİN XƏRCLƏRİNİN MAHIYYƏTI VƏ TƏSNIFATI
Müəssisə istehsal-təsərrüfat və maliyyə fəaliyyətinin həyata keçirilməsi prosesində
müəyyən xərclər həyata keçirir. Müəssisənin xərcləri dedikdə, pul vəsaitlərinin və digər
95
əmlakın istifadəsi, kapitalın azalmasına səbəb olan amillərin yaranması nəticəsində gəlirlərin
azalması başa düşülür. Xərclərin tərkibi və quruluşu təsərrüfatçılığın təşkilati - hüquqi
formasından, sahə mənsubiyyətindən, təsərrüfat subyektinin bazarında tutduğu mövqedən,
investisiya, maliyyə və uçot siyasətindən, asılıdır. İqtisadi məzmunundan asılı olaraq
müəssisənin bütün pul xərcləri üç əlamətə görə qruplaşdırılır:
a) mənfəət əldə edilməsi ilə əlaqədar olan xərclər;
b) mənfəət əldə edilməsi ilə əlaqədar olmayan xərclər;
c) məcburi (icbari) xərclər.
Mənfəət əldə edilməsi ilə əlaqədar xərclərə istehsal prosesinə, işlərin görülməsi və
xidmətlərin göstərilməsinə, məhsul satışının təşkil edilməsinə məsrəflər və investisiyalar
daxil edilir.
İnvestisiyalar-müəssisənin istehsal həcminin genişləndirilməsi, maliyyə və fond
birjalarında gəlir götürülməsi məqsədi daşıyan kapital qoyuluşlarıdır.
Mənfəət əldə edilməsi ilə əlaqədar olmayan xərclərə isə xeyriyyəçilik, sosial ehtiyacla-
rın ödənilməsinə yönəldilən vəsaitlər aid edilir:
1) müəssisə işçilərinə verilən həvəsləndirici ödəmələr;
2) qeyri - dövlət sığorta və pensiya fondlarına ayırmalar;
3) müəssisənin sosial - mədəni sahəsinin inkişafına çəkilən xərclər. Bu növ xərclər
müəssisənin gəlirli işləməsinə müsbət təsir edə bilər. Yaxşı təşkil edilmiş reklam və
marketinq xidməti alıcıları, investorları və işçi qüvvəsini cəlb etmək üçün müəssisənin
etibarlı mövqeyindən yararlana bilər.
Üçüncü qrup-məcburi xərcləri vergilər və vergi ödəmələri, dövlət büdcədənkənar
fondlara ayırmalar, məcburi sığorta ödənişləri, cərimə və sanksiyalar və s. təşkil edir. Bu
ödəmələrin dərəcələri müvafiq qanunvericilik aktları və Məcəllələrlə müəyyən edilir.
Mənfəətin əldə edilməsi ilə bağlı və məhsulun (işin, xidmətin) maya dəyərini müəyyən
edən xərclər maddi məsrəflərin dəyərindən, əmək haqqı məsrəflərindən, sosial ehtiyaclara
ayırmalardan, əsas vəsaitlərin amortizasiyasından və sair məsrəflərdən ibarətdir. Maddi
məsrəflərə birbaşa istehsala sərf edilmiş xammal, material, bütün növ yanacaqlar və
enerjinin, ehtiyat hissələri, azqiymətli və tez köhnələn inventarların dəyəri, istehsal xarakterli
xidmətlərə görə ödənilən vəsaitlər aid edilir. Bu xərclər müəssisənin ümumi məsrəflərinin
tərkibində daha yüksək xüsusi çəkiyə malikdir. Məsələn, sənaye və tikintinin maddi istehsal
sahələrində əsas xərc xammal və materiallar alınmasına, nəqliyyatda isə yanacaq və ehtiyat
hissələrinin alınmasına istifadə edilir. Bu xərclərin formalaşması mənfəətin kəmiyyəti ilə bir
başa əlaqədardır, müəssisənin bazardakı vəziyyəti (mövqeyi), onun buraxdığı məhsulun
rəqabət qabiliyyətliliyi bu məsrəflərin səviyyəsindən çox asılı olur. Möəssisə çəkdiyi xərcləri
ödəmək üçün iki şərtə daim əməl etməlidir:
- istehsal olunan məhsul mütləq satılmalıdır;
-məhsul satışından əldə olunan pul vəsaiti müəssisənin bankdakı hesablaşma hesabına
vaxtında daxil olmalıdır.
İşçi qüvvəsinin təkrar istehsalını təmin etmək üçün müəssisə öz işçilərinə onların sərf
96
etdikləri əməyin müqabilində pul və natural ödənişlər həyata keçirir ki, bunlar da əməyin
ödənilməsi xərcləri adlanır. Natural ödənişlər müvafiq cari qiymətlərlə pul formasında nəzərə
alınır və işçinin illik məcmu gəlirlərinə daxil edilir. Ona qüvvədə olan qanunvericiliyə uyğun
olaraq əməyin ödənilməsi fondunun formalaşdırdığı bütün ödənişlər daxilidir. Əməyin
ödənilməsi məsrəflərinə işçilərə verilən maddi yardımlar, əlavə məzuniyyət haqları,
mükafatlar, birdəfəlik müavinət və pensiyalara əlavələr, müəssisənin sərəncamında qalan
mənfəət hesabına edilən digər ödənişlər aiddir.
Müəssisənin əlavə (üstəlik) xərclərinə inzibati-idarəetmə xərcləri, icarə haqqı, qeyri-
material aktivlərin amortizasiyası, yardımçı təsərrüfat xərcləri və istehsalatla birbaşa bağlı
olmayan digər məsrəflər aiddir. İnvestisiyalar istehsal həcmini
genişləndirmək, eləcə də maliyyə və fond bazarlarında mənfəət götürmək məqsədilə
yatırılan kapital qoyuluşlarıdır. Onların xarakteri və tərkibi müəssisənin kapital qoyuluşu
sahəsində yeritdiyi siyasətdən asılıdır. Buna uyğun olaraq investisiyanın maliyyələşmə
mənbələri də müxtəlif olur. İnvestisiyanın iki əsas mənbəyi mövcuddur:
- müəssisənin xüsusi vəsaiti (mənfəət, amortizasiya ayırmaları, qiymətli kağızların
yerləşdirilməsindən qazanc, nizamnamə fondu);
- borc alınmış vəsait (bank krediti, bank olmayan təşkilatların məqsədli kreditləri,
müxtəlif maliyyə yardımları, büdcə vəsaiti).
Bu məsrəflərin müəssisə tərəfindən geri qaytarılması istehsala yönəldilmiş kapital
qoyuluşunun səmərəliliyi ilə şərlənir ki, bu da investisiyanın risk dərəcəsində, onların texniki
- iqtisadi əsaslandırılmasında və bərpa müddətində ifadə olunur.
Müəssisənin məsrəfləri iqtisadi məzmununa görə üç əsas əlamətə - uçot prinsipinə,
istehsalın həcmindəki tutumuna və məhsul vahidinin maya dəyərinə aid etmə üsuluna - görə
qruplaşdırılırlar.
1). Uçot prinsiplərinə görə məsrəflər fəaliyyətin adi xərclərə, əməliyyat xərclərinə,
satışdankənar və fövqaladə xərclərə bölünürlər. Məhsulun hazırlanması və satışı, əmtəələrin
alqı - satqısı, habelə işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə bağlı məsrəflər
müəssisənin adi xərclərinə aiddirlər. İdarəetmə və kommersiya xərcləri də buraya daxildir.
Əməliyyat xərclərinə aşağıdakılar aiddir: haqqı ödənilmək şərtilə müəssisənin aktivlərinin
müvəqqəti istifadəyə verilməsi ilə bağlı xərclər; haqqı ödənilmək şərtilə ixtiralara, sənaye
nümunələri və intelektual mülkiyyətə görə patent hüquqlarının başqalarına verilməsi ilə bağlı
xərclər; başqa müəssisələrin nizamnamə kapitalında iştiraka görə; müəssisənin əsas
vəsaitlərinin və digər aktivlərinin satışı, özgəninkiləşdirilməsi və silinməsi ilə əlaqədar
xərclər; aldığı kredit və borc vəsaitlərindən istifadəyə görə ödənilən faizlər; kredit
təşkilatlarının göstərdikləri xidmətlərə görə; sair əməliyyat xərcləri.
Satışdankənar xərclərə aiddir: müqavilə şərtlərinin pozulmasına görə cərimə və
peniyalar; müəssisənin vurduğu ziyanın ödənilməsi; hesabat ilində aşkar edilən keçmiş illərin
ziyanları; vaxtı keçmiş debitor borcları məbləğləri, digər ümidsiz borclar; valyutaların
məzənnə fərqləri; aktivlərin qiymətlərinin aşağı salınması məbləği; sair satışdankənar
xərclər. Fövqəladə xərclərin tərkibində təsərrüfat fəaliyyəti dövründə təbii fəlakət, yanğın,
97
qəza, əmlakın milliləşdirilməsi və bu kimi baş verən fövqəladə hallar nəticəsindən baş verən
xərclər əks olunur.
2.
İstehsal edilən məhsulun həcminə nisbətdə məsrəflər sabit və dəyişkən xarakterli
olur. İstehsalın həcmindən asılı olmayan məsrəflər sabit xərclər adlanır. Dəyişkən xərclər
məhsul buraxılışından asılıdır: məhsul istehsalı çoxaldıqca artır, məhsul buraxılışı aşağı
düşdükcə azalır. Xammal-materiallara, yarımfabrikatlara, texnoloji məqsədlər üçün yanacaq
və enerjiyə, istehsalatda çalışan fəhlələrin əmək haqqına, avadanlığın təmiri və xidmətinə
çəkilən xərclər dəyişkən məsrəfləri təşkil edirlər. Bu məsrəfləri eyni zamanda “məhsula
çəkilən məsrəflər” adlandırırlar, o mənada ki, onlar yeni məhsul növlərinin istehsalı, işlərin
və xidmətlərin görülməsi ilə bilavasitə bağlıdırlar.
3.
Məhsul vahidinin (obyektin) maya dəyərinə aid edilmə üsuluna görə xərclər
Dostları ilə paylaş: |